525.Az

Ağamir Cavadın yeni yaradıcılıq hesabatı


 

Ağamir Cavadın yeni yaradıcılıq hesabatı<b style="color:red"></b>

Ağamir Cavadı oxucuya təmtəraqlı şəkildə təqdim etməyə ehtiyac yoxdur. Ədəbi mərkəzdən kənarda, Lənkəranda yaşasa da, çağdaş şeirimizin tanınmış nümayəndəsidir. 60 yaşına yeddinci poetik toplusu ilə gəlib. 2002-ci ildə "Çəkdiyi şəkillərin ruhu"na havalanan şair 2007-ci ildə "Eşq işığı"na doldu, 2009-cu ildə "İşıq adam"a çevrildi, 2013-cü ildə "Yanmış budaq üstə oxuyan bülbül"ə döndü. Dayanmadı, tükənmədi, 2018-ci ildə "Ömrün eşq yolu"na çıxdı, 2021-ci ildə "Dəniz adam" kimi coşub çağladı, nəhayət, 2023-cü ildə "Söz eşqi"nə tutuldu.

Şeirinin alt qatında fəlsəfi baxışlarını ifadə edən Ağamir Cavad "sözün ilahi eşqdən qanad almasına" inanır, buna görə də "söz olmasa, düşüncə qanad aça bilməz" deyir. Şair bir iddiasında da haqlıdır: "Sözün bətnində Tanrı hökmü, təbiətin səsi, bəşəriyyətin tarixi, həyatın rəngləri yaşayır". Alın yazısı Tanrının qələmi ilə yazılan şair ömür qismətini göylərin bir vərəq salnaməsi sayır. Yunis İmrə fəlsəfəsi Ağamir Cavad şeirində magik sədləri aşır:

Həsədi atmışam, kini atmışam,

Sevib hər sözümə sevgi qatmışam.

Qəlbimdə ilahi bənd ucaltmışam,

Şeytan keçə bilməz bənddən içəri,

"Bir mən vardır məndə, məndən içəri".

Klassik şeir ənənələrinə sadiq qalan, şeirlərini heca vəznində yazan, qoşma və gəraylı həvəskarı Ağamir Cavad ədəbi cərəyanlara da biganə deyil. Şair üçün özünü hansı formada ifadə etməyin fərqi yoxdur, məqsədi fikrini oxucunun mənimsəyə bildiyi səviyyədə çatdırmaqdır. Əvvəlki poetik toplularından fərqli olaraq, "Söz eşqi"ndə onun fərqli forma və üslubda yaratdığı şeirlər də yer alıb:

Zaman qocalmır,

Allah qocalmır.

Zamanı ehtiva edir Allah.

Allahı sevənlər,

Allahın ətəyindən tutanlar

Dəyişir dünyasını.

Sentimental Ağamir Cavad bir az fərqli düşünür:

Bəşərin çiyinlərində

bu nə yükdür, Allah?

Özüntək əzabın da

böyükdür, Allah.

Yaratdığın sadə insanların

sevgisi qorxu içində...

Sentimental Ağamir Cavada görə, sadə insanların bir inamı var: Məhəbbət xilas edəcək cahanı! Realizmə enən Ağamir Cavadsa həyata magik baxışlardan da xilas ola bilmir:

Şaman baban

ocaq çatardı,

şam yandırardı

dua edəndə,

and içəndə.

Sən də ocaq çatırsan,

şam yandırırsan.

Atəşpərəst baban

tonqal qalayar,

üstündən atılardı.

Şam yandırardı

dua edəndə,

and içəndə.

Sən də yandırırsan.

Xristian baban

şam yandırardı

kilsədə and içəndə,

dua edəndə.

Sən də yandırırsan.

Dinastik adət, insanlığı birləşdirən inanışlar! Əgər bütün dinlər eyni inanca, eyni tapınağa söykənirsə, bəs bu ayrı-seçkilik nə üçündür? Milli, dini fərqlər niyə insanı humanizmdən salır? Kök birdirsə, yaşantı eynidirsə, tapınaq vahiddirsə, insanlıq niyə bir-birinə qənim kəsilir? İnsanın özünə qayıdışı, Allahla əlaqəsi odun, torpağın, havanın, suyun müqəddəsliyinə inam üzərində qurulub. Şair magik realizmi bu əlamətlərdə görür. Realizmin düşüncələrdəki ifadəsi sadə bir həqiqətdən qidalanır: Təbiət ən böyük kitabdır, aləmi dərk etmək üçünsə özünü öyrənməlisən!

Poetik ənənəsinə sadiq qalan Ağamir Cavad, məncə, özünü qəzəl, rübai, qoşma və gəraylılarında daha yaxşı ifadə edir. Bütün hallarda yaşam fərqləri real həyatdan gəlir: İnsanın qalxdığı ucalıq qədər düşdüyü dərinlik də var! Kimsənin qərar tuta bilmədiyi bir ucalıq var: Tanrı ucalığı! Ucalığın kontominativ tərəfi insanın düşdüyü dərinlikdir:

Ayağından çəkən çox,

Qəzəbini, hirsini boğ.

Ölçüsü yox, çəkisi yox

Sən düşdüyün dərinliyin.

A.Cavadın yeni kitabında yer almış "Söz ömrü" poemasının bütün fraqmentləri (başlıqları) Sözə bağlıdır, eyni mətləbə müxtəlif baxış bucaqlarından nəzər yetirməyin təzahürlərini özündə daşıyır.

Bütün bu cəhətlərinə görə kitabı A.Cavadın altmış illik yubileyinə poetik hesabatı kimi qiymətləndirmək olar.

 





06.02.2024    çap et  çap et