525.Az

Sufi fenomenologiya fəlsəfi sisteminə fundamental elmi baxış - Cahangir Məmmədli yazır


 

Sufi fenomenologiya fəlsəfi sisteminə fundamental elmi baxış - <b style="color:red"> Cahangir Məmmədli yazır</b>

Bütovlükdə elmi yaradıcılığı və publisistikası, tarixi keçmişə və müasir problemlərə orijinal yanaşmaları ilə elmi ictimaiyyətin xeyli dərəcədə diqqət mərkəzində olan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadəni mən də yaxından tanıyıram. Könül xanımın əsərlərinin böyük əksəriyyəti elmi-publisistik üslubda olması onu geniş oxucu kütləsi üçün də yaxından tanıtmışdır. Onun istər elmi, istərsə də ictimai-siyasi hadisələrə operativ ziyalı münasibəti ilə bağlı yüzlərcə məqaləsi, neçə-neçə kitabı var. Könül Bünyadzadə bütün yazılarında, ilk növbədə, bir filosof kimi özünü göstərməkdədir. Bu məqalələrin əksəriyyəti xarici ölkələrdə nəşr olunan impact factor tipli jurnallarda beynəlxalq elmi ictimaiyyətə də əlçatan olmuşdur. Geniş şəbəkəli media sistemində tanınan Könül Bünyadzadənin çox ciddi və fundamental tədqiqat əsəri kitab şəklində də işıq üzü görmüşdür. "Sufi fenomenologiya" adlanan iki cildlik bu əsərin mövzusu və dəyəri kitabın anonsunda qısa və dəqiq formatda belə qeyd edilir: "Əsər düşüncə tarixində yeni fəlsəfi sistemin təqdimatıdır. Burada ruhani təcrübə şüur təcrübəsinin vahid strukturu işığında varlıq probleminə və idrak nəzəriyyəsinə yeni bir baxış bucağı açılır. Təməlində sufizm və fenomenologiya dursa da, monoqrafiyada vahid xəttin və başlıca ideyanın əsaslandırılması məqsədi ilə antik yunan dövründən başlayaraq bir çox fəlsəfələrə, fəaliyyət sahələrinə, hətta dəqiq elmlərə, xüsusilə Kvant fizikasına müraciət olunur". Bu qısa təqdimatda monoqrafiyanın əsas xəritəsi özünü göstərir.

Müəllifin 17 ildən artıq bir müddətdə apardığı tədqiqatın nəticəsini göstərən bu iki cildlik monoqrafiya 52 çap vərəqi həcmindədir (Poliqrafiyaya nabələd oxucu üçün qeyd edim ki, bir çap vərəqi 16 səhifə deməkdir. Deməli, bu iki cildlik kitab 832 səhifədən ibarətdir). Bu faktı xüsusi qeyd etməkdə əsas məqsəd odur ki, oxucu mövzu və məzmunca bu əsərin həm də öz çəkisi ilə necə titanik zəhmət tələb etdiyini görsün.

Tədqiqat çox mühüm və elmi mühit üçün aktual bir sahəyə həsr olunub. Elə "fenomenologiya" anlayışından əvvəl formalaşan "fenomen" sözünün lügəti mənasından əsərin orijinallığını

duymaq mümkündür; ciddi lüğətlərdə "fenomen-qeyri-adi, xüsusi diqqət çəkən fakt kimi təqdim olunur və göstərilir ki, fenomen fəlsəfi anlayış olub təcrübədən və hisslərdən dərk olunan hadisə kimi qiymətləndirilir (Sovetskiy enüiklopediçeskiy slovarğ. M. , 1987, səh. 1408). Bu anlayışdan doğan "fenomenologiya" Könül xanımın tədqiqatında ıufi fenomenologiya fəlsəfi sistem kimi araşdırılır.

Qeyd edək ki, bu fundamental tədqiqatın əsas məqsəd və parametrləri monoqrafiyanın ilk səhifələrində təqdim olunan "Müəllifdən" hissəsində aydınlaşdırılır. Və burada sufi fenomenologiyanın yeni bir fəlsəfi sistem kimi araşdırıldığı bildirilir.

Bəs fəlsəfi sistem nədir? Müəllif bu suala konkret olaraq əsərə giriş rolunu oynayan "Ön söz əvəzi"ndə cavab verir: " Fəlsəfi sistem - yaradılışa, onun dərkinə, ona olan aksioloji münasibətə kompleks baxışdır. Əvvəlki sistemlər müasir bilikləri və dəyərləri tam ehtiva etməyəndə, insanlığın düşdüyü mənəviyyat və düşüncə böhranından çıxış yolu göstərə bilməyəndə yeni fəlsəfi sistemə ciddi ehtiyac yaranır". "Sufi fenomenologiya" monoqrafiyasında məhz bu ehtiyacın ödənilməsi kimi ciddi bir vəzifə dayanır. Və burada belə bir aydınlaşdırma var ki, "fəlsəfi sistem nə qədər mürəkkəb olursa olsun, bi1r ana xəttə, tək nüvəyə malikdir. Onu ifadə edən bir, yaxud bir neçə ideya kompleksi olur. Onu ilk dəfə irəli sürən və əsaslandıran filosofdan sonra onun davamçıları həmin ideyanı şaxələndirməyə, əlavə çalarlarını üzə çıxarmağa çalışırlar".

Və müəllifin dəqiq postulatına görə. belə bir "fəlsəfi məktəb ideya - nüvə ətrafında yaranır".

Bu yerdə yeni və vacib suallar doğur. Bu sual monoqrafiyanın nüvə xəttini ehtiva edir: "Nədir sufi fenomenologiya? Hansı zərurətdən irəli gəlir? Məqsədi, mənbəyi nədir? Neçə əsrlər ərzində var olan fəlsəfi sistemlərdən sonra ona nə ehtiyac vardır?" Bu suallara əsas cavabı ortaya belə bir sətir qoyur: "Sufi fenomenologiya müasir dövrün böhranında boğulan insana yeni düşüncə üfüqü açmaq üçün yazılmış bir fəlsəfədir. Bu sözlər fenomenologiyanı xarakterizə edən ilk dəqiq ifadədir". Bir də məhz bu sətirlərdən doğan bir mənanı da qeyd edək ki, müəllif bu fenomenologiyanı klassika və müasirliyin sintezində açmağı vəd edir və əsərin əsas əhəmiyyəti də bu yol xəritəsində ifadə olunur. Ən əsası da ona görə ki, əsərdə sufi fenomenologiya klassik və müasir nəzəriyyənin vəhdətində tədqiq olunur.

Bu ciddi elmi yanaşma monoqrafiyada əksini tapan və ikicildliyi əhatə edən dörd fəsildə və çoxsaylı bölmələrdə öz əksini tapıb. Müəllif "Sufi fenomenologiyaya giriş" adlı birinci fəsildəki 25 bölmədə materiya-ruh-ideya aləmi, hər şeyin strukturlaşmadan öncə var olduğu və ideya ilə yüklənmiş forması olan eydos anlayışının elmi-praktik mahiyyəti, ruh və onun növləri, həqiqət və yalan, ilahi və bəşəri yaradıcılıq, hökm və iradə, ilahi nur, bilik, informasiya və hikmət, zaman və idrak və s. kimi çoxsaylı fəlsəfi təhlillərlə monoqrafiyanın mahiyyətinə xidmət edən bütöv bir xəritə yaratmışdır. Bundan sonrakı "Sufi fenomenologiyanın əsasları", "Sufi fenomenoloji metodologiya", "Sufi fenomenologiyada ağıl " kimi digər fəsillərdə maraqlı elmi-praktik mahiyyət daşıyan problemləri tədqiq etmişdir.

Monoqrafiyanın bütün bunlarla bağlı əsas mahiyyətinə yekun vursaq deyə bilərik ki, bu əsər sufi fenomenologiya ətrafında "Şərq və Qərb düşüncələri arasında illər ərzində aparılan müqayisələrin nəticəsinin ayrıca fəlsəfi sistem kimi təqdimatıdı" Sufi fenomenologiya insan mərkəzli fəlsəfədir. Onun əsas məqsədi insan haqqında təxəyyülləri və insanın baxış bucağını genişləndirməkdir". Bizə elə gəlir ki, monoqrafiya müəllifi, sözün həqiqi mənasında fenomenal bir elmi hadisə kimi qiymətləndirilə biləcək bu tədqiqatında yuxarıda göstərilən vəzifələri layiqincə yerinə yetirmişdir.

 

 





06.02.2024    çap et  çap et