525.Az

"Köhnə avtomobillərin utilizasiyası ekoloji baxımdan xüsusi əhəmiyyət daşıyır"


 

"Köhnə avtomobillərin utilizasiyası ekoloji baxımdan xüsusi əhəmiyyət daşıyır"<b style="color:red"></b>

Müasir dünyada atmosfer havasının çirklənməsində avtonəqliyyat vasitələrindən atılan zərərli maddələr əsas yer tutur. Dinamik iqtisadi inkişafla bağlı ölkəmizdə də atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi məhz nəqliyyat vasitələridir. Azərbaycanda köhnə avtomobillərin utilizasiyası məsələsi ekoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Utilizasiyanın əsas məqsədi ekoloji baxımdan istismara yararsız avtomobillərin dövriyyədən çıxarılmasını, onların müəyyən hissələrinin təkrar emala yönəldilməsini, ətraf mühit üçün zərərsiz hala gətirilməsini təmin etməkdir.

Məlum olduğu kimi, bu günlərdə Baş nazir Əli Əsədov tərəfindən nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib. "Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği" fevral ayının 1-dən, "Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi" 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir. Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.

Baş nazir Əli Əsədov həmçinin nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydasını da təsdiq edib. Fevralın 1-dən qüvvəyə minəcək qərar "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir. Fondun vəsaitinin idarə olunması "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.

Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Bu Qaydada qeyd olunan utilizasiya haqlarının Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq gömrük və digər müvafiq orqanlar təmin edirlər.

Sözügedən istiqamət üzrə köçürmələr qanunla müəyyən edilən sənədlər əsasında və müddətlər nəzərə alınmaqla həyata keçirilir. Fonda daxil olan aylıq vəsaitin 3 (üç) faiz həcmində hissəsi bu Qayda ilə müəyyən edilən istiqamət üzrə hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür. Operatorun cari hesabına köçürülən vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyir ki, Azərbaycanda qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bu, yol nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir.

M.Ağayev bildirib ki, ötən il ölkədə 1 milyon 774 min 77 yol-nəqliyyat vasitəsi qeydə alınıb: "Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 min 878-ə bərabərdir. İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 min 673-dür ki, bu da 39,3 faiz təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. Yəni respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır. Hazırda ölkədə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir. Onların sayında kifayət qədər artım var".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovun dediyinə görə, sentyabrın 1-dən Azərbaycanda avtomobil sahibləri köhnə maşınlarını utilizasiyaya verə biləcəklər: "Əvəzində vətəndaşlar nəqliyyat vasitələrinin utilizasiyası fondunda formalaşmış vəsait hesabına qaydalarda nəzərdə tutulmuş məbləğdə ödəniş əldə edəcəklər. Kimsə yerli istehsala aid yeni nəqliyyat vasitəsi alarsa ödəniş tam, başqa məqsədlər üçün utilizasiyaya müraciət edərsə, ödəniş 70 faiz həyata keçiriləcək. Bu xarici nəqliyyat vasitəsi alınması daxil olmaqla müxtəlif məqsədlər ola bilər".

Nazirlik rəsmisi qeyd edib ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitləri təkcə ölkəyə idxal olunan maşınların hesabına yox, həm də digər mənbələrdən formalaşa bilər: "Gedişatdan asılı olaraq güzəşt məbləğlərinin artırılmasına baxıla bilər. Fondun formalaşması barədə qanun yeni qəbul edilib. Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata uyğun olaraq məsələyə və rəqəmlərə təkrarən baxıla bilinər. Əgər tələbat çox olarsa, ödənişlər növbəlilik əsasında həyata keçiriləcək".

O bildirib ki, utilizasiya proqramı qısa müddət ərzində həm havanın keyfiyyətinin yaxşılaşdırılmasına, həm də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına kömək edəcək: "Azərbaycanda bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. Ötən il ölkəyə 2021-ci ilə nisbətən 19 dəfə çox elektromobil idxal olunub. Bu, ümumi idxal olunan nəqliyyat vasitələrinin 3,5 faizini təşkil etsə də, iki il ərzində bu qədər kəskin artımı görürük. Bu o deməkdir ki, 2019-cu ildən başlayan stimullaşdırıcı tədbirlər öz bəhrəsini verir".

F.Mütəllimov hazırda ölkənin nəqliyyat parkında 80 faizdən çox nəqliyyat vasitəsinin yaşının 10 ildən çox olduğunu diqqətə çatdırıb: "Onlardan 5 faizi isə 20 ildən yuxarı istehsal-buraxılış ilinə malikdir. Nəqliyyat parkının yaş strukturuna baxanda havaya ən çox mənfi təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək lazımdır. Nəqliyyat vasitəsi köhnəldikcə atmosferə atılmalar da artmaqdadır. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 keçiriləcək. Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfə və bu il çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biridir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənovanın sözlərinə əsasən, bəzi inkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburi xarakterlidir və avtomobil vaxtında təhvil verilmədikdə cərimə tətbiq olunur: "Ölkədə nəqliyyat vasitələrinin utilizasiyası könüllüdür. Vətəndaşlar öz nəqliyyat vasitələrini utilizasiyaya təqdim etməklə yeni avtomobilin alınması zamanı güzəşt məbləği və ya birdəfəlik ödəniş əldə edə biləcəklər. Utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yerli avtomobil bazarının stimullaşdırılması və avtomobil istehsalçısının dəstəklənməsi, habelə, yeni iş yerlərinin yaradılmasına töhfə verəcək".

O vurğulayıb ki, bir çox ölkələrdə nəqliyyat vasitələrinin utilizasiyası tətbiq edilərək uğurlu nəticələr əldə olunub. Azərbaycanda istismar edilən nəqliyyat vasitələrinin əksəriyyətinin xaricdən ixrac edildiyi nəzərə alınsa, bu tendensiyaya uyğun olaraq vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yaranıb: "Bir çox ölkələr və şirkətlər müəyyən bir vaxtdan sonra yalnız elektrik mühərrikli nəqliyyat vasitələri istehsal edəcəklərini bəyan ediblər. Dünyada ənənəvi nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz elektrik və hibrid mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunması tendensiyası sürətlə davam edir. Azərbaycanda da avtomobillərlə bağlı qabaqlayıcı tədbirlərə ehtiyac yaranıb. Digər ölkələrdə istifadəsi qadağan olunan köhnə nəqliyyat vasitələrinin ölkəmizə axınının qarşısını almaq üçün artıq ötən ildən yaşı 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılır. Bu qərarlardan biri də köhnə nəqliyyat parkının yenilənməsi, yeni və ekoloji təmiz nəqliyyat vasitələrinin cəlbediciliyinin artırılması məqsədilə utilizasiyanın tətbiqidir".

Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib: "Prezident İlham Əliyevin 27 yanvar 2024-cü il tarixli Sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə qaydaları təsdiq edilib. Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək".

Sevinc QARAYEVA

 

 

 

 

 

 

 

 





06.02.2024    çap et  çap et