525.Az

Qürbətdə Vətən ünvanı


 

GÖRKƏMLİ ALİM NOVRUZ ALLAHVERDİNİN VƏFATINDAN 1 İL ÖTÜR

Qürbətdə Vətən ünvanı<b style="color:red"></b>

Məsafələrin güc gəlmədiyi yeganə anlayış sevgidir. Bəzən ayrılıq acısının misqalı ağır gələndə, ətrafımızda arzuladıqlarımız əlçatmaz, ünyetməz olanda məhəbbətimizin üfüqləri daha uzaqlarda sezilir, vüsala canatma şövqümüz daha da artır. 30 il Ana Vətəndən uzaqda, qardaş Türkiyədə ömür sürən gerçək bir Azərbaycan sevdalısı Novruz Allahverdi, sözün həqiqi mənasında, həm o sevginin rüşeymlərinə, həm də ayrılığın iztirablarına yaxşı bələd olan, doğulub boya-başa çatdığı məmləkəti sevgisi, həsrəti boyda ürəyinə sığdıran ziyalı idi. Onun cismani olaraq bizdən ayrılıb ruhunun Vətən səmalarında dolaşmasından bir il keçir...

Tanınmış alim, Türkiyənin Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdiri, professor Novruz Allahverdi 1948-ci il mayın 9-u Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlib. 1955-1963-cü illərdə Qaradağlı kənd 8 illik məktəbində təhsil alıb, 1966-cı ildə Ağdam şəhərindəki 1 nömrəli orta məktəbi gümüş medalla bitirib. 1966-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (Kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil alıb, elə həmin institutda əmək fəaliyyətinə başlayıb. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında təhsil alıb, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək 1979-cu ildə texnika elmləri namizədi alimlik dərəcəsi qazanıb. Bundan sonra Azərbaycana qayıdaraq Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1992-ci ildən Türkiyəyə köçən Novruz Allahverdi 1992-2000-ci illər ərzində əvvəlcə Səlcuq Universitetinin dosenti, sonralar professoru olub. KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdiri vəzifəsini yüksək ləyaqətlə, peşəkarlıqla icra edib.

Novruz Allahverdinin aramsız fəaliyyəti, mütərəqqi ideyaları, vicdanlı pedaqoq əməyi həm Azərbaycanın, həm də Türkiyənin elmi ictimaiyyətinə yaxşı məlum idi. Çalışdığı mühitdə, kompüter mühəndisliyi, kibernetika sahəsində böyük istedad və zəhmət sərf edərək böyük nüfuz qazanmış görkəmli alim uzun illər Türkiyədə bacarıqlı gəncliyin yetişməsinə və püxtələşməsinə xidmət edib. Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyaslı elmi jurnallarda (əsasən, SCI sistemində olan) yayımlanmış 90 məqalənin, beynəlxalq konfranslara təqdim olunan 55 məqalənin müəllifidir. Azərbaycanda kompüter texnikası ilə bağlı 2 dərslik, bir neçə dərs vəsaiti ərsəyə gətirib. Kitablarının 4-ü Türkiyədə nəşr edilib. Novruz Allahverdinin 1970-ci illərin sonlarında layihələndirdiyi hiperkub şəklindəki çoxmikropressorlu hesablama sistemi amerikanların diqqətini cəlb edib və 1983-cü ildən ABŞ-da istehsal edilən analoji sistemlerdə alimin bu çalışmasından istifadə olunub. Novruz Allahverdi ABŞ, Fransa, Almanya, İtaliya, Bolqarıstan və digər ölkələrdə öz sahəsi üzrə keçirilmiş elmi konfrans və simpoziumlarda, eləcə də, öz elm sahəsinə aid bir sıra Avropa Birliyi layihələrində iştirak edib. Ömrünün sonuna qədər süni intellektin müxtəlif sahələrində, qeyri-səlis ekspert sistemlərinin layihələndirilməsi və tətbiqi (tip, kontrol və s.) istiqamətində çalışıb. Onun rəhbərliyi ilə 36 magistr və 8 doktorluq dissertasiyası müdafiə edilib. Bundan əlavə, ümumilikdə, kompüter elmləri üzrə ixtisaslaşan 21 alim N.Allahverdinin rəhbərliyi altında təkmilləşib. Bu onu göstərir ki, N.Allahverdi bu sahədə gənc istedadların inkişafına təkcə öz elmi işi ilə deyil, həm də bilik və təcrübəsini gələcək nəslə ötürməklə töhfə verib. Akademik nailiyyətləri, uğurlu pedaqoji fəaliyyəti Novruz Allahverdini kompüter elmləri sahəsində son dərəcə mühüm imza kimi geniş tanıdıb.

Səlcuq Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi Rövşən Ramizoğlu N.Allahverdinin Türkiyədə nüfuzlu alim kimi hörmət qazanmasını və elmi mühitdə sevilən simaya çevrilməsi barədə deyir: "Novruz müəllim Səlcuq Universitetində elmi əsərlərinə ən çox istinad olunan professorlarından biri idi. Təsadüfi deyil ki, təqaüdə çıxandan sonra belə, Konyadakı bir başqa universitet - Karatay Universiteti onun bilik və bacarıqlarından faydalanmaq üçün Novruz müəllimlə müqavilə imzaladı və o, ömrünün son gününə qədər həmin universitetdə dərs dedi".

Qardaşı - tanınmış alim Azər Allahverdiyev deyir ki, Novruz müəllimin riyaziyyata olan marağının beşiyi Ağdamda yerləşən 1 nömrəli məktəb olub. Qaradağlı kəndində təhsil aldığı illərdə əvvəl memar, sonra isə rəssam olmaq fikrinə düşüb. Ağdamın mərkəzinə gələndən sonra isə sinif yoldaşı Elman Həsənovun da təsiri ilə onda bu elmə maraq yaradıb, birlikdə riyaziyyat olimpiadalarında iştirak ediblər.

Vaxtilə Politexnik İnstitutunda oxuyanda da, Moskvada aspirant olanda da Novruz müəllim Türkiyə ilə çox maraqlanır, qardaş ölkəyə, oranın elm-təhsil və mədəniyyət mühitinə güclü meyl göstərirmiş. 90-cı illərin əvvəlində Səlcuq Universiteti ilə sıx əlaqə yaratdıqdan sonra isə Türkiyəyə köçməyə və orada işləməyə qərar verib.

Unudulmaz şair və publisist Tofiq Abdin bir vaxt vətəndən uzaqlardakı tanınmışlarımız barədə silsilə yazılarından birini də məhz Novruz Allahverdiyə həsr etmişdi. "Ədalət" qəzetində dərc edilmiş həmin yazıda T.Abdin N.Allahverdiyə Azərbaycana nə vaxt birdəfəlik qayıda biləcəyi barədə sual verir. Novruz müəllimin cavabı təsirlidir. O, bir alim həyatının çətinliklərindən, yaşam qayğılarının elmi yaradıcılığa mane olmasından bəhs edir və deyir ki, təqaüdə çıxandan sonra Bakıya qayıtmaq, vətəndə yaşamaq istəyir. Lakin qayıtmaq nəsib olmadı və Novruz müəllim ömrünün sonuna qədər Türkiyədə yaşayıb-işlədi.

Düz 30 il qürbətdə yaşasa da, Qarabağ problemi, xüsusən doğma Ağdam həsrəti Novruz Allahverdinin ürəyinin sağalmaz yarasına çevrilmişdi. Rövşən Ramizoğlu deyir ki, Novruz müəllim 1992-ci ildən Türkiyədə, Konya şəhərində yaşasa da, həmişə ürəyi Azərbaycanla döyünürdü: "Azərbaycanla bağlı saytlardan oxuduğu hər sevindirici xəbəri zəng edib mənimlə də bölüşürdü, müzakirə edirdik. O, tariximizdəki 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart kimi faciələrlə bağlı həm Səlcuq, həm də Karatay Universitetində tədbirlər təşkil edir, tanınmış alimləri, istedadlı gəncləri həmin tədbirlərdə bir araya gətirirdi".

N.Allahverdinin Vətənə məhəbbəti Qarabağ zəfərindən sonrakı arzularında bir az da aydın sezilirdi. Qızğın iş mühiti, araşdırmalar, qayğılar, həll olunası neçə vacib məsələ Novruz müəllimin emosional yaddaşına, doğulub boya-başa çatdığı bölgə ilə bağlı xatirələrinə əsla xələl gətirməmişdi. 2020-ci ildə Vətən müharibəsindəki parlaq zəfərimizdən sonra "525-ci qəzet"ə verdiyi müsahibə də onun sonsuz yurd sevgisinin bariz təzahürü idi. O müsahibədə yeni Ağdam barədə təklif və mülahizələrini açıqlayan Novruz müəllim deyirdi ki, şəhəri dağlara, yəni Xankəndiyə, Şuşaya daha yaxın ərazidə salmaq yaxşı olar: "Tikintini Şahbulağa doğru da uzatmaq mümkündür. Hər bir regionun özünəməxsus spesifik xüsusiyyətləri, hər ərazinin də özünəməxsus iqlimi, relyefi var. Bildiyimiz kimi, yay fəsli Ağdamda isti keçir. Rayonun dağlara daha yaxın olması yay aylarının istiliyindən qorunmasına da şərait yaradacaq. Həmçinin şəhərlərarası yol, Şuşaya və Xankəndiyə qədər məsafə daha da qısaldılmış olacaq". Novruz müəllim yenidən qurulacaq Ağdamla əlaqəli məsələləri incəliklərinə qədər analiz edirdi və şəhərin müasir standartlara uyğun qurulması üçün Azərbaycanda kifayət qədər peşəkar mütəxəssislərin mövcudluğuna inanırdı.

Novruz müəllim tarixə bağlı insan olduğundan keçmişdə baş verənlərin nişanəsini saxlamağın vacibliyi dərk edir, gələcək nəsillərə bunun aşılanmasının labüdlüyünü dönə-dönə qeyd edirdi. Bu səbəbdən də Ağdamın düşmən tərəfindən xarabalığa çevrilmiş bir hissəsinin açıq hava muzeyi kimi saxlanılmasını təklif edir, Yaponiyanın Xirosima, Naqasaki şəhərlərində və Bosniya-Hersoqovinadakı açıq hava muzeylərini nümunə göstərirdi.

Görkəmli alimlə yaxın dostluq münasibəti olan yazıçı, millət vəkili Aqil Abbasın fikirləri də Novruz müəllimin təkrarsız şəxsiyyəti, dərin mənəviyyatı barədə dolğun təsəvvür yaradır. Novruz Allahverdini alim və pedaqoq kimi yüksək dəyərləndirən Aqil Abbas, onun insanpərvərliyi, vətənsevərliyi, Qarabağa, Azərbaycana, Türk dünyasına bağlılığı ilə seçildiyini deyir, hər zaman qürurla, ehtiramla anılmağa layiq şəxsiyyət olduğunu vurğulayır.

Böyük Zəfərimiz nəticəsində Qarabağın, o cümlədən, doğma eli Ağdamın işğaldan azad edilməsi Novruz Allahverdinin digər bir istedadını - musiqi təbini də cuşa gətirmişdi. Qardaşı Azər Allahverdiyevdən öyrəndik ki, Novruz müəllim ömrünün sonlarında "Qarabağ dastanı" adlı musiqi əsəri üzərində işləyir, onu bir opera kimi ərsəyə gətirmək istəyirmiş. Təəssüf ki, əcəl aman vermədi, müəllifinin yüksək istedadı sayəsində Zəfərimizlə bağlı dəyərli bir əsər kimi ortaya çıxacağına inandığımız "Qarabağ dastanı"nın tamamlandığını, orkestrləşdirilib səhnəyə qoyulmasını görmək Novruz müəllimə qismət olmadı...

Novruz müəllimin övladları elmi-pedaqoji sahədə onun yolunu uğurla, ləyaqətlə davam etdirirlər. Oğlu Mətin Allahverdi Konya Səlcuq Universitetində iqtisad üzrə dosentdir, qızı Günay Allahverdiyeva isə UNEC-də ingilis dilini tədris edir.

Qeyd etdiyimiz kimi, 1 il bundan əvvəl Novruz Allahverdi bu dünyadan köçdü, fəqət şəxsiyyətinin, elminin və fəaliyyətinin ziyası ona əbədiyaşarlıq qazandırdı. Tanınmış alim, öz vəsiyyətinə uyğun olaraq, uzun zamandan bəri yaşadığı Konya şəhərində torpağa tapşırılıb. Mövlana Ruminin və daha neçə mənəviyyat böyüyümüzün nuru ilə aydınlanmış Konyada, bu şəhərin "Yazır" qəbiristanlığında indi bizə - Novruz Allahverdini tanıyanların hər birinə əziz olan, Azərbaycanı, Qarabağı xatırladan bir məzar var. Novruz müəllimin tələbəsi olmuş Fahrettin Horasan sevimli müəlliminin ölüm xəbərini eşidəndə demişdi: "Xocam, ümid edirəm, siz öz elminizlə, bəşəriyyətə verdiyiniz töhfələrlə hər zaman burada olacaqsınız". Doğru fikirdir: Novruz Allahverdi daima Türkiyədədir, Azərbaycandadır, zəkasının işığı düşən hər yerdədir. Ruhu şad olsun!

 





07.02.2024    çap et  çap et