525.Az

Pensiya və müavinətlərin davamlı artımı


 

"BU ARTIMLAR TƏBİİ İNFLYASİYANIN VƏTƏNDAŞLARA TƏSİRLƏRİNİ MİNİMUMA ENDİRİR, SOSİAL RİFAHIN YAXŞILAŞMASINA XİDMƏT EDİR"

Pensiya və müavinətlərin davamlı artımı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, fevralın 5-də Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

- orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam növbəti dəfə Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşların rifahının yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dayandığını göstərir. Bu istiqamətdə mütəmadi olaraq qərarlar qəbul edilir, sərəncamlar və fərmanlar imzalanır, böyük sosial islahatlar, tədbirlər həyata keçirilir, layihələr icra olunur. Eyni zamanda, əhalinin məşğulluğunun təmini üçün yeni iş yerləri açılır.

Bütün bunlar onu göstərir ki, dövlət başçısının bəyan etdiyi kimi, "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə deyil, əməlimizlə təsdiq edirik".

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində də öz əksini tapıb. Hər il dövlət büdcəsində sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə və mövcud vəziyyətə uyğun artırılır.

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu sərəncam əhalinin mühüm bir hissəsini əhatə edən - 1,1 milyon nəfər pensiyaçının sosial müdafiəsinin gücləndirilməsinə, bu istiqamətdə əldə olunan nailiyyətlərin davam etdirilməsinə xidmət edir.

Ümumiyyətlə, son beş ildə - 2018-2023-cü illərdə Prezidentin imzaladığı fərman və sərəncamlar ilə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. Dörd milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə əlavə olaraq ayrılan illik vəsaitin məbləği yeddi milyard manata yaxındır. Qeyd olunan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə (130 manat - 345 manat), orta aylıq əməkhaqqı 71,3 faiz (545 manat - 933,8 manat), median əməkhaqqı 2,2 dəfə (486 manata çatıb), əməkhaqqı fondu 2,7 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın (illik 400 mln. manat -1,9 mlrd. manat), ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb (175 manat / 487 manat), ehtiyac meyarı 2,3 dəfə (116 manat / 270 manat) artıb, yaşayış minimumuna bərabərdir. 10 yeni sosial ödəniş növü təsis edilib.

Aparılan sosial islahatların mühüm bir istiqaməti pensiya təminatını əhatə edib və pensiyaçılarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son beş ildə mühüm addımlar atılıb.

Dörd sosial islahat paketinin hər birində pensiyaların artırılması da təmin edilib. Nəticədə 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə artıb (110 manat / 280 manat); orta aylıq pensiya 2,1 dəfə artıb (208 manat / 436 manat); yaşa görə orta aylıq pensiya 2 dəfə artıb (234 manat / 467 manat);

O cümlədən, 2023-cü ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub. Təkcə son bir ildə, yəni 2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib. Son beş ildə pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib.

2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələr sırasına yeni 59 vəzifə, peşə əlavə edilib.

Prezident İlham Əliyevin imzaladığı yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam da qeyd edildiyi kimi, pensiyalarda növbəti artımları təmin edir.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır.

Artımlar bu ilin 1 yanvar tarixindən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə pensiyaçılara ödənəcək.

Məsələn, şəxsin pensiyası bu il yanvarın 1-nə 500 manat təşkil edirsə, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.  Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 630 milyon manat xərclənəcək.

Məlumat üçün qeyd edək ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" Qanunla  6,5 milyard manat vəsait nəzərdə tutulub.

Ötən ilin əvvəlindən pensiyaların hər il indeksləşdirilərək artırılmasında bütün pensiyaçılar üzrə vahid yanaşmanın tətbiqinə başlanıb. Yəni pensiyaların hər il indeksləşdirilərək artırılması artıq qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da şamil olunur.

Bu da onların pensiyalarının hər il mütəmadi artımına imkan yaradıb. Hazırkı indeksasiya əsaslı pensiya artımı da qulluq stajına görə əlavələr təyin edilmiş pensiyalara da aiddir.

Həmçinin, 2022-ci ildə pensiyaçılara, o cümlədən, qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaçılara ödənilən maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilərək, bundan sonra yaranan pensiya məbləğləri 14,7 faiz indeksləşdirilərək artırılıb. Yeni sərəncamla bu praktika davam edir.

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faizi) üstələyir. Yeni sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.

Prezidentin sərəncamı ilə hər il pensiyaların indeksləşdirilməklə artırılması eyni zamanda istehlak qiymətləri indeksinin əvvəlki il üzrə illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunur. Yeni sərəncam bu istiqamətdə növbəti artımı təmin edir. Yəni bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. 

Məsələn, şəxsin fərdi hesabında 45 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 3960 manat artırılmaqla 48960 manata çatdırılır.

Bu da işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitallarının yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırıldığını göstərir və sığortaolunanların sosial müdafiəsinə xidmət edir.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı "525"ə bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən 1 yanvar 2024-cü ildən başlayaraq əmək pensiyalarının həcmi artırılacaqdır. Fevral ayında pensiya alacaq vətəndaşlar pensiyaları yanvar ayının artımları ilə alacaqlar. İndeksləşmə bütün növ pensiyalara şamil olunur. Orta nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyaları 11,2 faiz artırıldı:

"Məsələn, 500 manat pensiyanın  həcmi 1 yanvar 2024-cü il tarixindən 11,2 faiz artırılaraq 556 manat olacaqdır. O cümlədən, indeksləşmə nətisəsində ölkədə orta aylıq pensiya məbləği 485 manata çatacaq. Yaşa görə orta aylıq pensiya məbləği isə 519 manata çatacaq. Müvafiq sərəncama əsasən artımlardan 1,1 milyon pensiyaçı yararlanacaq və bu artımlara 630 milyon manat əlavə vəsaitin xərclənməsi proqnozlaşdırılır. Ölkəmizdə pensiya və müavinətlərin artırılması davamlı şəkildə aparılır. Biz bilirik ki, ölkədə müəyyən qədər inflyasiya baş veririr. Bu artımlar isə təbii inflyasiyanın vətəndaşlara təsirlərinin minimuma endirilməsinə və əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Bu, bir daha Azərbaycanın sosial dövlət olduğunu və dövlət siyasətinin təməlində insanların rifahının yüksəlməsinin dayandığını təsdiqləyir".

 

 





07.02.2024    çap et  çap et