525.Az

Onlayn bazarda nələr olur...


 

KİBERDƏLƏDUZLARLA BAĞLI XƏBƏRDARLIQLAR CİDDİYƏ ALINIRMI?

Onlayn bazarda nələr olur...<b style="color:red"></b>

Elektron ticarətin daha asan və praktik yönümlü olması bir reallıqdır. Həyatımıza 90-cı illərin ortalarından daxil olan, qısaca adı "e-ticarət" kimi qeyd edilən elektron ticarət anlayışı ənənəvi ödəniş, alış-veriş, bazarlıq anlayışları ilə, demək olar ki, eyniləşib.

Yəni proses artıq o qədər də innovativ sayılmır. 

Onlayn alış-verişin iqtisadi səmərəlilik üçün yeni imkanlar yaratdığını deyən ekspertlər dünya üzrə pərakəndə elektron satışların növbəti ildə 8 trilyon dolları ötəcəyini proqnozlaşdırırlar. Ölkəmizdə də elektron ticarətin dövriyyəsi son illərdə xeyli böyüyüb. Bir il öncə Azərbaycanda elektron ticarət dövriyyəsi 20 milyard manat civarındaydı.

Gəl ki, "e-ticarət"də, xüsusən onlayn alqı-satqı prosesində ciddi təhlükəsizlik qayğıları var.

Risk daha ağırlıqlı olaraq internet üzərində ödənişlərin kibercinayətkarlığa açıq sahə olmasından qaynaqlanır. Bu bazarın qlobal miqyası, nəhəngliyi onu kiberhücumların böyük hədəfinə çevirib. İndi ucqar kənddəki alıcı belə qloballaşmanın təsiri ilə coğrafi sərhədləri bir klikləmə ilə aşa bilir. Ancaq alıcı ilə satıcı arasında mübadiləni təmin edən bu onlayn prosedurda kiberdələduzların toruna düşmə ehtimalı olduqca yüksəkdir. Çünki kibercinayətkarlar, xüsusən, kiberdələduzlar dəyəri milyard dollarla ölçülən bazardan öz "paylarını" qoparmaq üçün yeni metodlar, yeni qurbanlar axtarıb tapırlar. Onların əsas ticarət "partyoru" isə məlumatsız, diqqətsiz və risklərlə bağlı edilən xəbərdarlıqlara laqeyd olan alıcıdır. Bu günlərdə keçirilən "Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə toplantı"sında da vətəndaşların informasiya təhlükəsizliyi ilə bağlı məlumatlılıq səviyyəsinin narhatlıq doğuracaq dərəcədə aşağı olduğu ifadə edilib.

Uzun sözü qısası, müxtəlif mal və xidmətlərə görə internet üzərindən ödəniş edərkən aldadılmış, bank kartları oğurlanmış alıcı sonunda zərərçəkmiş kimi polis idarəsinin yolunu tutmalı olur.

Rəqəmsal ticarətdə alıcının əlinə saxta əskinas dürtüşdürən, köhnəni təzə adı ilə sırıyan satıcı ilə qarşılaşmaq kimi ənənəvi bazar fırıldaqları yoxdur, əlbəttə. Əvəzində isə onun onlayn pulqabısını boşaltmağı gözləyən saxta kontentlər, feyk saytlar, formal mağazalar və daha nələr, nələr gözləyir. İnternetdə bu cür fırıldaqçılıq, dələduzluq hallarına rast gəlinməsi, hardasa sistemin doğurduğu obyektiv səbəblər sırasında sayılmalıdır. Üstəlik, burada cəmiyyət varsa, cinayət də olacaq aksiomu öz aktuallığını yada salır. Virtual alqı-satqı prosesində müəyyən tapşırıqları yerinə yetirmək üçün insan davranışını təqlid edən elektron botlar iştirak etmir axı. Məkan virtual olsa da, ticari münasibətlər real alıcı və satıcılar, adamlar arasında cərəyan edir. İnsan olan yerdə isə, nə bəşəri hikmətdirsə, hüquqpozuntusu, qanunsuzluq mütləq baş verir.

Bizi daha çox hadisənin əvvəlində könüllü şəkildə iştirak edib cinayətə viktimoloji əsas yaradan zərərçəkənin sayıqlığı maraqlandırmalı, daha doğrusu, qayğılandırmalıdır. Görünür, elə bu qayğılanmanın, narahatlığın nəticəsidir ki, müvafiq dövlət qurumları, xüsusən də Daxili İşlər Nazirliyi ard-arda kiberdələduzluqla bağlı əhaliyə xəbərdarlıqlar edir, maarifləndirici video-çarxlar çəkib yayır. Geniş profilaktik tədbirləri kibercinayətkarlıqla məşğul olanların əməliyyat yolu ilə tutulmasının müşayiət etməsi kibercinayətkarların ələkeçməzlik mifini dağıdır. Ancaq qeyd etdiyimiz kimi, kiber məkan bir ölkənin daxili ilə məhdudlaşmadığı üçün xaricdən gələn təhdidlərə qarşı mübarizənin kəsəri bu cür profilaktik tədbirlərdən xeyli dərəcədə asılıdır. Bir şərtlə ki, alıcı da maariflənsin, özü üçün nəticə çıxarsın. 

Məsələn, belə xəbərdarlıqlarda kiberdələduzların son vaxtlarda hansı üsullardan istifadə edib istifadəçiləri qurbana çevirmələrinin və yaxud insanların hansı ehtiyatsızlıqları ucbatından kiberdələduzların toruna düşdükləri ilə bağlı izlər var. Əslində, polis öz təcrübəsindən, cinayətlərin baş verməsinə aparıb çıxaran halların təhqiqatından sonra gəldiyi qənaəti, əlində olan faktları paylaşır. Yəni "bunu etməkdən çəkinin", "yalandır", "hiylədir", "saxtakarlıqdır" deyilən hallar artıq kiminsə başına gəlib və bu kəlmələr də barəsində araşdırma aparılan kiberdələduzluq faktlarının, bir növ, prembulasıdır.

Son dəfə, hədiyyə qazandınız kimi anidən gələn mesajlara inanıb şəxsi və bank kartı ilə bağlı informasiyanı qarşı tərəfə ötürməmək, açıq mənbələrdə şəxsi məlumatları yaymamaqla bağlı xəbərdarlıq edildi, məsələn. Bəli, bu, kiber dünyanın risklərini nəzərə almağa yönəlik bir çağırışdır. Ancaq həm də artıq belə səhvlərə yol vermiş zərərçəkmişlərin "mən etdim, siz etməyin" səsidir.

Ona görə getdikcə genişlənən onlayn alqı-satqı prosesində sonradan başının ağrımasını istəməyən alıcının xəbərdarlıqları qulaqardına vurmaması məsləhətdir. 

S.QARAYEVA

 





07.02.2024    çap et  çap et