525.Az

"Maratın ölümü" - "Bir rəsmin dedikləri"


 

"Maratın ölümü" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəfiqə Mustafayevadır. Onunla məşhur fransız rəssamı Jak Lui Davidin "Maratın ölümü" əsərindən danışmışıq.

Fransız rəngkar, neoklassizm cərəyanının nümayəndəsi, həmçinin inqilabi klassizm istiqamətinin banisi Jak Lui David yaradıcılığının ilk dövründə rokoko üslubunda əsərlər işləyirdi. Amma Romada təhsil aldıqdan sonra Qədim Roma ənənələri ilə tanışlıq nəticəsində rəssamın yaradıcılığında özünəməxsus epik manera yaranır. Vətənə qayıtdıqdan sonra David təsviri incəsənətdə rokokoya qarşı etiraz və qəhrəmanlıq mövzularının antik obrazlar vasitəsi ilə ifadə olunduğunu görür. Bu hal o vaxt Fransada olan ictimai vəziyyətlə səsləşirdi. Bu dövrdə Jak Lui David vətən borcu, qəhrəmanlıq, yüksək ideallar uğrunda özünü qurban vermə kimi mövzularda əsərlər işləyirdi. David Fransa burjua inqilabının ideyalarını dəstəkləyir və siyasi həyatda aktiv iştirak edirdi. O, fəal inqilabi xadim, kütləvi xalq hərəkatlarının təşkilatçısı idi. 1804-cü ildə Napaleon onu "sarayın birinci rəssamı" adlandırır. Həmin dövrdə David öz əsərlərində Napoleonun şöhrətini tərənnüm edirdi. Məhz bu əsərlərində Davidin klassizmdən romantizmə keçdiyini görürük. Davidin yaradıcılığı Avropa incəsənətinin inkişafına böyük təsir göstərib.

 

- Şəfiqə xanım, kim idi Marat?

- "Maratın ölümü" (La Morte de Marat) Jak Lui Davidin Fransa İnqilabına həsr olunmuş əsəridir. Əsər Jan Pol Maratın ölüm hekayəsindən bəhs edir. O, yakobinçilərin lideri, radikal "Xalq dostu" jurnalının əməkdaşı, yakobin terrorunun parlaq tərəfdarlarından idi. Dəri xəstəliyindən əziyyət çəkən Marat evdən çıxmır, ağrılarını yüngülləşdirmək üçün vannalar qəbul edirdi. 13 iyul 1793-cü ildə öz evində Şarlotta Korde tərəfindən bıçaqlanmışdı. Taxta tumba üzərində "Marata Daviddən" sözləri yazılıb. Maratın əlində Kordeninin ona gətirdiyi yazı var. Bu yazıda deyilir: "13 iyul 1793-cü il Mari Anna Şarlotta Korde - vətəndaş Marata - Mən bədbəxtəm ona görə sizin müdafiənizə haqqım var". Əslində, Marat bu yazını oxuyub çatdıra bilməmişdi. Şarlotta onu daha əvvəl bıçaqlamışdı. Bir çox tədqiqatçılar isə düşünür ki, məktub tamamilə Jak Lui Davidin uydurmasıdır və əsərin dramatizmini artırmaq üçün istifadə olunub. Maratın ölü bədəni İsanın çarmıxdan çıxarılması səhnəsi ilə oxşarlıq təşkil edir. Qətl səhnəsini David əsl əzab və şəhidlik zirvəsinə çatdırır. Maratın sağ əli Karavaconun məhşur "İsanın dəfni" və ya "Qəbrə qoyulma" əsəri ilə analogiya təşkil edir. David əsəri Konventə təqdim edərkən belə bir nitqlə çıxış etmişdi: "Xalq öz dostunun cizgilərini yenidən görmək üçün mənim əsərimə müraciət edir. Mən xalqın səsini eşidib ona tabe oldum, hamınız tələsin. Ana, dul qadın, yetim, yorğun əsgər - Maratın müdafiə etdiyi hər kəs yaxınlaşın. Öz dostunuza baxın. Sizin keşiyinizdə dayanan artıq yoxdur. Onun qələmi əlindən düşüb. Sizin dostunuz ölüb".

Bu əsər böyük məşhurluq qazanır. Onun bir neçə varianti işlənib. David Maratı şəxsən tanıyırdı. Onlar dost idilər. Hətta 1793-cü ildə Maratı həbs etmək istəyəndə David onun müdafiəsinə qalxmışdı. "Maratın ölümü" əsərini rəssam baş qəhrəmanın ölümündən bir neçə saat sonra işləyib.

- Kompozisiya haqqında nə deyə bilərsiniz?

- Bu təsvirdə Jak Lui David yaralanmış bədən, qanla bulanmış bıçaq və məktub kimi ən vacib detalları işləyib.

Rəssam burada güclü monument yaradıb. Marat vanna qəbul edən anda qətlə yetirilmişdi. Vanna, parçanın drapirovkası antik sarkofaq kimi qəbul edilir. Ölənin üz cizgiləri portret xarakteri daşıyır. Əsərin dramatikliyi lakonik şəkildə ifadə olunub. J.L.David əsərlərində antik dövrün xüsusiyyətlərindən istifadə edib. Bu əsərdə də Maratin bədən quruluşu antik dövr heykəllərini xatırladır.

- Əsərin rəng həlli necədir?

- Əsərin rəng həlli bir qədər tutqundur. Fonda divar hissə tünd rəngdə verilib. Güclü işıq kölgə effektindən istifadə edilib. Maratın ölü bədəninin üzərinə düşən kölgə onun daha da ifadəli nəzərə çarpmasına səbəb olur. Əsas işıq Maratın bədəninin üzərinə düşür. Qəhrəmanın simasında da işıq-kölgə oyununu görürük. Əsərdə faciəvi süjet təsvir edilib. Tutqun tünd rəng qamması tamaşaçıya faciəni və ağrını ötürür. İşıq-kölgə oyunu Maratın ölümqabağı əzablarını ifadə edir.

- Əsərdə klassizmə dair xeyli məqamlar var.

- Jak Lui David klassizm üslubunun nümayəndəsi idi. Klassizmin əsas xüsusiyyəti ciddilik, proporsiyaların dəqiqliyi, rasionallıq idi. Jak Lui David həmçinin inqilabi klassizm istiqamətinin banisi hesab olunur. O, əsərlərində Fransa burjua inqilabına həsr olunmuş mövzular işləyirdi. Antik mövzuya həsr olunmuş mövzular da Jak Lui David yaradıcılığının ayrılmaz hissəsini təşkil edir. Ümumiyyətlə, klassizm özlüyündə antik ənənələrdən bəhrələnib. Jak Lui Davidin "Maratın ölümü" əsəri klassizm ənələrində işlənib. Maratın bədən quruluşu sırf olaraq yunan heykəllərini xatırladır. Antik ənənəyə görə, insan bədəni ideal proporsiyalarda təsvir olunurdu. Bu xüsusiyyətdən David öz əsərində istifadə edir, Maratı sanki antik qəhrəmanlara bənzədir. Əsərdə hadisələr müasir dövrdə baş verir, amma baş qəhrəman antik qəhrəmanları xatırladır. Maratın sallanan sağ qolu Karavaconun "Qəbrə qoyulma" əsərində İsanin qəbrdən sallanan qolu ilə eynilik təşkil edir. Bu elementdən istifadə edərək Jak Lui David Maratın da İsa kimi əzablı ölümə məhkum olduğunu vurğulamağa çalışıb.

- Əsər harada saxlanılır?

- Tablo hazırda Brüsseldə Kral İncəsənəti Muzeyində saxlanılır.

- Sizcə, bu əsər bizə nə deyir?

- Əsər Fransa Burjua inqilabı zamanı yaradılıb. Fransa burjua inqilabı tarixdə mühüm əhəmiyyət kəsb edən bir hadisədir. İnqilab həyatın müxtəlif sahələrinə təsir göstərdiyi kimi təsviri incəsənətdən də yan keçməmişdi. Bilirik ki, Marat Davidin dostu idi. Ona görə də bu obrazı işləyərkən o, sanki öz dostunun itkisindən hiss etdiyi acıları təsvir etməyə çalışıb. Burada biz sadəcə ümumi tarixi faktın təsvirini deyil, rəssamın bu hadisəyə olan münasibətini və narahatlığını görürük. Əsər böyük məşhurluq qazanır və bu mövzuya digər rəssamlar da müraciət edirlər. "Maratın ölümü" tarixi janrda yaradılmış əsərdir. Burada biz portret xüsusiyyətlərini və faciəvi bir qətlin baş verdiyini görürük. Jak Lui David emosional vəziyyəti tamaşaçılara çatdırmağı bacarıb.

Aytac SAHƏD

 





07.02.2024    çap et  çap et