525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

Mənə xörək xoş gəldi, italyanların pastasının dadı mətbəxdəki şef-aşpazın ustalığı hesabına tam başqa cür idi. Şərabdan isə dostumun təkidi ilə bir qədəh içdim və bu, mənim utancaqlığımın yox olmasına və dilimin açılmasına imkan verdi.

Söhbət əsnasında o, mənə bir gözəl qız kimi vurulduğunu etiraf etdi. Birinci dəfə idi ki, belə açıq bəyan edilən sözlərlə qarşılaşırdım. O, mənim zərif bədən və sifət cizgilərimin pərəstişkarı olduğunu, zövqünə tam uyğun gəldiyimi bildirdi. Bu, bir qadın kimi gözəlliyim barədə əvvəllər deyilmiş boğazdan yuxarı sözlərdən tam fərqli idi, onun səmimiyyət folqasına bükülmüş ifadələri ağlıma hakim kəsilmişdi. Cavab söz kimi mən də özümdən asılı olmayaraq, bildirdim ki, o da ilk görüşdən mənim xoşuma gəlmişdir və həmin andan bunun dostluğa çevriləcəyinə şübhə etmirdim. Deyəsən, mən yanılmamışdım və heç də özümü aldatmamışdım, biz yalnız səhnədə "maskada" gəzirik. Rola girməklə, obrazı təcəssüm edib, canlandırmaqla tamaşaçını aldatmağa çalışırıq. Buna nə qədər nail olduğumuzu da deyə bilmərəm, ancaq tamaşaçı yenidən həmin tamaşaya baxmağa gəlirsə, oynadığımız əsərləri buraxmırsa, deməli, onları ovsunlaya, özümüzü onlara sevdirə bilmişik. Həyatda isə səhnədən fərqli olaraq "maska" gəzdirmək qeyri-səmimiyyətdən xəbər verdiyinə görə, tez açılır və əslində adam ifşa olunur. Ona görə də mən real həyatla səhnə arasındakı fərqi yaxşı dərk etdiyimdən, tanış olduğum səmimi adamlara eyni tərzdə cavab verməyə çalışıram. Kiməsə səmimiyyətdən kənar münasibət bəsləməyimi, özümün yolverilməz qəbahətim hesab edərdim. Axı yunan teatrlarında da artistlər üzü də müdafiə edən böyük dəbilqəyə bənzər maska gəzdirirdilər, həyatda isə yunanların üzü, sifəti açıq olurdu. Biz sonra pirojna yedik və kappuçino kofesi içdik, yaxşı şam etmişdik.

 

Fərhadın mənə bəslədiyi ümidlər və müvafiq məruzələri

 

Sonra təmiz hava almaq üçün dəniz kənarına getdik. Yaxın tanışlığımızın əlaməti kimi o, mənim əlimi öpdü. Mənimlə olduqca nəzakətli, mən deyərdim ki, ehtiyatla davranırdı, elə bil ki, mən büllur vaza kimi, azacıq ehtiyatsızlıqdan sınıb dağıla bilərəm. Bulvara gəldik, dediyinə görə, o, burada gəzməyi çox xoşlayırmış. Bulvarda o, mənim gələcəyimə səyahət edib, restorandakı söhbətini davam etdirərək dedi ki, xörəyin adında  olan karbon elementinin kimyadan, yəqin ki, sənə məlum olduğu kimi, üç allotropiyası vardır və onlar da bir növ kimi bir-birindən möhkəmliyinə və dəyərinə görə kəskin sürətdə fərqlənirlər. Hiss edirdim ki, o, mənim intellektimi, orta məktəbdə necə oxumağımı da yoxlayır. Söhbətinə davam edərək dedi ki, onlardan biri yumşaq qrafitdir, kövrək olduğuna görə xırda ayrılan hissələri ilə kağız üzərində qara iz qoyur, buna görə də karandaş kimi istifadə olunur. İkincisi daş kömürdür, eyni tərkibli ağac kömüründən bərkliyinə və daşa bənzədiyinə görə fərqlənir. Buxar maşını icad edildikdə, daş kömür əvəzolunmaz yanacaq rolunu oynayırdı, suyu qaynatmağa xidmət etməklə mühərriki hərəkətə gətirən buxar yaradırdı. Digəri isə ən möhkəm və qiymətli hesab edilən mineral olan almazdır. Almaz cilalandıqda onun kənarlarında meydana gələn iti bucaqlar, çıxıntılar ağ işığı sındırmaq xüsusiyyətinə yiyələnir və onlar parlaq işıq mənbəyinə çevrilir. Beləliklə, almaz bundan sonra qiymətli daş-qaş olan brilyant adlanır. Brilyant isə xüsusən qadınlar üçün ən qiymətli bəzək əşyası sayılır. Almaz həm də sənayedə, cihazlarda geniş işlənir.

Almaz torpağın altında olduqda, onun dəyəri və qiyməti bilinmir, oradakı digər minerallardan, məsələn, qonşuluqda yerləşən kimberlitdən fərqlənmir. Onu üzə çıxarmaq, sənaye üçün və bəzək materialı kimi istifadə etmək lazımdır. Bu vaxt almaz öz ilkin dəyərinə yiyələnir. Mən səni belə almaza bənzədirəm, sənin istedadın yalnız səhnəyə qədəm basdıqdan sonra meydana çıxdı, özü də, başqaları da hiss etdi ki, səndə özünə də məlum olmayan böyük potensial gizlənir. Və onun ilk işartıları üzə çıxmağa başladı və sənin uğurlar seriyan start götürdü. Sən məşhurlaşdığını və sevildiyini çox keçməmiş hiss etdin. Lakin sən hələ cilalanmamısan, daha böyük ustalığa nail olmaq üçün həmin ağır, əzablı prosesdən keçməmisən. Sənin istedad imkanın daha gur parlamaq üçün hökmən bu  prosesdən keçməyi tələb edir. Əgər yaxşı rejissor əlində cilalansan, çünki almazı da əsl ustalar cilalayırlar, sən gələcəkdə bizim səhnənin ulduzuna çevrilə bilərsən.  Bununla da öyünməməlisən, ölkəmizin sərhədlərindən kənara çıxmağı bacaran ilk aktrisa olmalısan, Avropa, mümkün olsa, Hollivud filmlərində çəkilməlisən. Bunun üçün ingilis dilini də yaxşı bilməlisən, Hollivud yad dialektlərdə danışanları çəkiliş meydanına yaxın buraxmır. Rus aktyorları bu səbəbdən nadir hallarda amerikan kinostudiyalarında çəkilirlər və elə də bir uğurla öyünə bilmirlər. Bəzi azərbaycanlı gözəl qızlar isə pul qazanmaq üçün Bollivuda düşməyə can atırlar. Ona görə də sən indiki şöhrətinlə kifayətlənsən, inkişafın dayanacaqdır və sən əvvəlki məşhur aktrisalar kimi ciddi bir zirvəyə nail olmadan qocalacaqsan. Təcrübəsiz yolçu kimi terminala çatmadan qatarı tərk edəcəksən.

Mən çox götür-qoy etdikdən sonra bunları sənə deməyi lazım bildim. Axı mənim həm də ciddi niyyətlərim vardır. Biz gələcəkdə səninlə ailə quracağıq, tələsməyə ehtiyac yoxdur. Almaz cilalandıqdan və öz həqiqi dəyərinə yiyələndikdən sonra bu, baş verəcəkdir. Çünki hər ikimiz ehtiyac içərisində yaşayırıq, bəs uşaqları nə ilə qidalandıracağıq?  O vaxt sənin parlaq işığın mənim taleyimdə də əks olunacaqdır. Biz varlı yaşayacağıq. Buna nail olmaq sənin iradəndən, zəhmətsevərliyindən asılı olacaqdır, mən isə sənin üçün dayaq və mühafizəçi rolunu oynayacağam. Sənin zirvəyə yüksəlməyinlə, mən də arzuladıqlarıma nail olacağam, ekran kraliçasının konsortu rolunu oynacağam. İngilis kraliçaların əri belə adlanır.

Fərhadın mühazirələri uzun çəkdi və hiss edirdim ki, məni yorur. Gənc bir qız artıq arzularına nail olmuşdur, qazanır, özünü və ailəsini təmin edir və bu qızın düşüncə üfüqləri də o qədər geniş deyildir, əldə etdikləri ilə də kifayətlənmək olardı. Onun üçün indiki vaxtda ən vacib vəzifə ərə getmək, uşaqlarını böyütməkdir.  O, heç vaxt öz zəhməti ilə ərini də dolandıracağını fikirləşməmişdi. Fərhad isə özünə əziyyət vermədən, arvadının şərəfini və qazancını yarı böləcək, eyş-işrətə qurşanmaqdan da çəkinməyəcəkdi. Axı onların ittifaqı ərinə əlavə səlahiyyətlər verəcəkdi.

Bu oğlan guya sevdiyi qıza yüngül deyil, əzablı yollarla addımlamağı, çətin sınaqlardan keçməyi məsləhət görürdü. Mənim bunları etməyə gücüm çatacaqdımı, özümə o qədər də əmin deyildim. Axı belə zirvə barədə heç düşünməmişdim də. Mənim özümə kumir saydığım böyük aktrisalar da ölkəmizin sərhədlərindən uzağa getməyə cəsarət etməmişdilər.

Bizim görüşlərimiz fasilələrlə bir il davam etdi. O, özünü müəyyən çərçivə daxilində aparırdı. Anam üçün də mənim şəxsi həyatımdakı dəyişiklik daha sirr deyildi. Onu narazı salan bizim izdivacımızın rəsmiləşməməsi idi. Lakin bu məsələdə mən Fərhadı tələsdirməmək qərarına gəlmişdim.

Bir dəfə onun zəngini çox gözlədikdən sonra, özüm zəng etdim. Lakin cavab verən olmadı. Mən öyrəndim ki, o, Bakını tərk etmiş, əvvəlcə Rusiyaya, sonra isə Türkiyəyə yollanmışdı. Şayiə gəzirdi ki, Mədəniyyət naziri ilə hay-küylü mübahisədən sonra o, belə qərara gəlibmiş. Xəbər verməməsi, qəflətən qeybə çəkilməsi mənə olduqca ağır gəldi və mən depressiya keçirməyə başladım.

 

Teatrımız və milli kinomuz barədə düşüncələrə dalıram

 

Teatrımızın bugünü  və gələcəyi barədə çox fikirləşirdim. Axı bu həm də mənim taleyimdir, ömrümün ayrılmaz hissəsidir. Fərhadın yoxluğu da düşüncələrimin miqyasını genişləndirirdi.

Mən kinomuzun inkişafdan, əslində, geridə qalması ilə də heç cür razılaşa bilmirəm, onun da dərdini çəkirəm. Dünyada kino sənətinin inkişaf etməsinə baxmayaraq, hətta Cənubi Koreya və İran qüdrətli kinoindustriyaya malikdir, biz hamının uğurla istifadə etdiyi magistral yola əhəmiyyət verməyib, əvvəlki tozlu kənd yolu ilə hərəkət etməyə üstünlük veririk. Kino sənətinə biznes sahəsi kimi yanaşıb, ondan böyük gəlir götürən bəzi həvəskar menecerlər öz səviyyələrinə uyğun olan filmləri çəkilməsi ilə məşğul olur, mənəvi dəyərə və bədii səviyyəyə məhəl qoymurlar. Kinomuz gerilikdən çıxmalıdır. Çünki bu həm də mənim eqoistik istəyimə aiddir, mən şöhrət qazana bilən filmlərdə çəkilmək istəyirəm. Axı biz qədəm qoyduğumuz XXI əsrin inkişaf xəttindən geridə qalırıq. Biz okeanlarda, dənizlərdə üzmək və qiymətli balıqlar ovlamaq həvəsi əvəzinə, hovuzda satışa yaxşı getməyən kiçik karp balıqları yetişdirməklə öyünürük, saysız-hesabsız kiçik formatlı filmləri, acı bağırsaq kimi uzanan məzmunsuz, təsiri sabahısı günü yaddan çıxan kino serialları, əlbəttə ki, mən yerli tamaşaçılara sırındırılan ucuz ekran məhsullarını nəzərdə tuturam.

Axı başqa sahələrdə nailiyyətlərimiz olduqca çoxdur. Biz 2020-ci ildə mənfur düşmən üzərində böyük qələbə çalıb, torpaqlarımızı işğalçılardan azad etdik. 2023-cü ildə terrorizmlə öyünən ekstremistlər Qarabağdan qovuldu, 30 ildən sonra doğma Qarabağ da daxil olmaqla bütün suveren ərazimizdə Azərbaycanın dövlət bayrağı dalğalandı. Müharibədəki Zəfər xalqa böyük başucalığı gətirdi. Biz ölkəmizin digər iri nailiyyətləri ilə də öyünə bilərik. Son 20 ildə paytaxtımız xeyli böyümüş, abadlaşmış, gözəlləşmişdir. Onu müasir göydələnlər bəzəyir. Rəmzlər sırasına, iftixar mənbəyimiz olan Qız qalasıyla yanaşı, müasir Alov qüllələri də əlavə olunmuşdur. Dənizkənarı bulvar yeniləşib gözəlləşərək, ikinci cavanlığını yaşayır, ərə getməyə hazırlaşan qızın cazibədarlığına yiyələnmişdir. Belə bir sürətli təkamül şəraitində kino sənətimizin bataqlıqdan çıxıb, magistral inkişaf yoluna qədəm qoymaması, ona can yandıranlarda həqiqi narazılıq hissi yaradır.

Vaxtilə şit, kobud zarafatları ilə tamaşaçıları cəlb edən Şaban ənənəsindən qardaş Türkiyə kinostudiyaları yaxasını qurtarmışdır. Bir vaxtlar "Arım, balım, pətəyim" vodevili kimisə sevindirirdisə, indi yalnız acı gülüş doğurur. Türklər tarixi və mafiya barədəki filmlərə keçməklə, öz sərhədlərində qapanıb qalmalarını dayandırdılar, Avropada, Rusiyada, ərəb ölkələrində geniş tamaşaçı diqqətini qazandılar və milyard dollarla gəlir əldə etdilər. Həmin filmlərin vasitəsilə çoxları Osmanlı tarixini, Sultan Süleymanı, Hürrəm-Roksalananı daha yaxından tanımağa başladı.

(Ardı var)

 





07.02.2024    çap et  çap et