525.Az

Enerji içkiləri orqanizmdə hansı fəsadlara yol aça bilər?


 

Enerji içkiləri orqanizmdə hansı fəsadlara yol aça bilər?<b style="color:red"></b>

Enerji içkiləri bu gün dünyada ən çox satılan içkilər qrupuna daxil olsa da, mütəxəssislər satışı kifayət qədər geniş miqyas alan, hər yerdə sərbəst satılan bu içkilərin insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olduğu qənaətindədir.

Artıq neçə illərdir Azərbaycan bazarına da yol tapan enerji içkiləri uşaqdan böyüyə qədər heç bir məhdudiyyət qoyulmadan hər kəsə satılır. Halbuki mütəxəssislərin sözlərinə görə, ishehsal zamanı orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunduğundan bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də normal maddələr mübadiləsinə mənfi təsir göstərir. Enerji içkilərdən müntəzəm istifadə nəticəsində baş verən qəfil ölüm hadisələrinə də məhz gənclər və yeniyetmələr arasında rast gəlinir. Mütəxəssislər onu da xüsusi olaraq vurğulayırlar ki, mağazalarda satılan bir banka enerji içkisinin tərkibində 0,5 litr su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və digər qatqılar var. Əksər televiziya kanallarının, cəlbedici reklam stendlərinin "qanadlandırıcı" kimi təbliğ və təqdim etdiyi "XL", "Pitbull", "Rox", "Red Bull", "Hell", "Jaquar", "Blue", "Reo Line", "Monster" kimi içkilər əslində insan orqanizmində ciddi fəasdlara yol açır. Onların insana əlavə enerji verməsilə bağlı iddialar isə tamamilə yanlışdır. Araşdırmalar göstərir ki, enerji içkiləri insana enerji vermir, əksinə, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Belə içkilərin tərkibindəki kofein əsəb sistemini oyatmaqdan əlavə, insanda asılılıq yaradır. Dozanın aşılması hallarında isə insanın taxikardiya, əsəb, psixoloji gərginlik və depressiya kimi hallarla üzləşməsinə gətirib çıxarır.

Daha çox gənclərin, xüsusən də, 17-24 yaş arası kişilərin istifadə etdikləri belə içkilər bəzi Avropa ölkələrində ümumiyyətlə, qadağan olunub, Fransa, Danimarka, Norveç kimi ölkələrdə isə yalnız apteklərdə satılır.

Enerji içkilərindən ilk dəfə Vyetnam müharibəsi zamanı amerikalı hərbçilər istifadə ediblər. Əsgərlərə daha aktiv olmaları üçün döyüşdən əvvəl enerji içkiləri verilirmiş.

Qida üzrə mütəxəssis Məhsəti Musayevanın "525"ə bildirdiyinə görə, enerji içkilərinə müxtəlif kimyəvi maddələr qatılır ki, bu da insana orqanizminin 24 saatda sərf edəcəyi enerjini 10-15 dəqiqədə süni şəkildə sərf elətdirir: "Ümumiyyətlə, enerji içkilərinin tərkibində enerji verən bitkilər qatıldığı bildirilsə də, bir çox hallarda onların kimyəvi dadlandırıcılarından istifadə olunur. İçkinin təsiri bitdikdən sonra insanlarda yorğunluq, diqqət əskikliyi yaranır ki, bu da həmin içkisinin süni şəkildə asılılıq yaratdığını və orqanizmin funksiyasını pozduğunu sübut edir. Sirr deyil ki, bu içkilərin hamısı biznes maraqları çərçivəsində hazırlanır".

Həkimlər qeyd edirlər ki, 18 yaşına qədər insanlara enerji içkilərindən istifadə qadağa olunub. Bu, ondan irəli gəlir ki, 18 yaşa kimi insanlarda orqanizm inkişaf prosesindədir.

Bu içkilərin tərkibindəki kimyəvi maddələr isə insanlarda cinsi yetişkənliyin və əqli inkişafın qarşısını alır, gələcəkdə yaddaşsızlıq, sonsuzluq kimi problemlərin yaranmasına səbəb olur. Bir faktı qeyd edək ki, 2007-ci ildən enerji içkilərindən daha geniş istifadə olunmağa başlanılmasından sonra Amerikada xüsusi ölüm halları yaranmağa başlayıb. Azərbaycanda da bununla bağlı bir neçə ölüm hadisəsi baş verib.

Dietoloq Ceyhunə Yusifovanın sözlərinə görə, enerji içkiləri yüksək təzyiq, ürək döyüntüsü, başağrısı, ürəkbulanma, yuxusuzluq, əsəb, titrəmə, ishal, sidiktutma, böyrək daşları və hətta ürək ritminin pozulması kimi problemlər yaradır: "Enerji içkiləri tərkibindəki kofein, şəkər, taurin və digər maddələr sayəsində insan orqanizmini stimullaşdırır. Kofein süni enerji və ayıqlıq hissi yaradır, şəkər isə sürətli enerji mənbəyidir. Taurin və digər stimulyatorlar ürək dərəcəsini artıra bilər. Bundan əlavə, enerji içkiləri həddindən artıq miqdarda istehlak edildikdə ölümcül ola biləcək kofein zəhərlənməsi riskini də artıra bilər. Bu içkilərdən uşaqlar və yeniyetmələr, hamilə və ya süd verən qadınların istifadə etmələri məsləhət görülmür. Çünki içkilərinin tərkibindəki maddələr ana südündən keçərək körpəyə zərər verə bilər. Yüksək qan təzyiqi, ürək xəstəliyi və ya digər ürək-damar problemi olanlar da enerji içkilərinin stimullaşdırıcı təsiri səbəbindən risk altında olanlar sırasındadır".

Havar ŞƏFİYEVA

 





08.02.2024    çap et  çap et