525.Az

Can Laçın... - Günel Mehri yazır


 

Can Laçın... - <b style="color:red"> Günel Mehri yazır</b>

Onun səsiylə soyuq qış günündə otağıma lalə təravəti doldu:

- Komandanızı da götür gəl. Buralar bir gözəldir, gəl görəsən.

- Bəs soyuq deyil?

- Soyuqdur. Amma qızınmağa yerin varsa, üşümək də gözəldir, deyilmi?

- Onda gəlirik!

Bir qış sabahı idi. Mən, prodüser  Rüfət, rejissor Səbinə, operatorlarımız Orxan, Fərid, texnik Ramin, səs rejissoru Əlibaba, işıqçı Onur Rauf dayının idarə etdiyi maşına doluşduq. Beləcə, "ayazlı-şaxtalı bir qış günündə doqquz yoldaş olub yola düzəldik". Eynən nağıl qəhrəmanları kimi az getdik, üz getdik, dərə-təpə düz getdik, qarlı dağlar aşdıq, çox ellər dolaşdıq, axır ki, gəlib çatdıq mənzil başına - Laçın dağlarının qoynuna. Laçın dağlarının qoynuna deyirəm, özümə də qəribə gəlir. Dünənə kimi "Ay Laçın" mahnısını eşidəndə içim necə sızıldayırdı. İndi isə Laçın dağlarının arasında dayanıb bu möhtəşəm tabloya heyran-heyran tamaşa edirəm və ruhumun dərinliklərindən tamam başqa ab-havalı bir nida qopur: "Ay Laçın, can Laçın, mən sənə qurban Laçın..."

...Bu gözəlliklərə baxıram, xatirimə o günlər gəlir - rayonlarımızın işğaldan azad olunduğu xəbərini aldığımız həyəcanlı dönəmlər...  Yadımdadır, onda bir dostum yazmışdı ki, "mən Laçını gözləyirəm". Laçının xoş xəbəri gəldiyi gün gözaydınlığı vermişdim: "Ay Laçın" yazaraq... Məsələ ondadır ki, o vaxtlar mən niyə sevindiyimi bilirdim, amma nəyə sevindiyimi bilmirdim. Bilmirdim bu yerlərin əsrarəngiz təbiətini, şəffaf havasını, buz bulaqlarını, bulaq kimi təmiz insanlarını. Haradan biləydim? Və indi açıqca rəsmi kimi görünən Laçın tablosu ilə üz-üzə, göz-gözə, nəfəs-nəfəsə idim. Fikirləşirdim ki, buranı dünyanın hansı gözəl mənzərəsi ilə müqayisə edim görəsən? İsveçrəyəmi bənzədim, Norveçəmi bənzədim? Hayıl-mayıl olmuşdum. İçimdə isə bir səs pıçıldayırdı: hələ bu nədir, qarşıda səni maraqlı əhvalatlar gözləyir...

Nə sirri-xuda idisə, qışın oğlan çağı olsa da, heç birimiz üşümürdük. Bakıdan dağ rayonuna gedəsən, əlcəksiz, papaqsız, paltosuz gəzəsən. Möcüzə kimidir, amma həqiqətdir. Məncə, insan getdiyi yerlərə, olduğu məkana öz istisini, enerjisini ötürür.

Elə bu məqamda Laləm doğma təbəssümü ilə bizi salamladı:

- Laçınımıza xoş gəlmisiz. Üşümürsünüz ki?

Uzun illərin sevimli dostu Lalə Əliyeva idi - Bakı Abadlıq Xidmətinin qarışqa kimi çalışqan əməkdaşı. Bu yerlərdə də məni elə o səsləmişdi. Lalənin öz statuslarında tez-tez "Laçınım" yazması xoşuma gəlirdi. O, əslən Bakıdan olsa da, Laçını xalis laçınlı kimi sevir, içdən-içə duyur, təbliğ edirdi. Mənə elə gəlir, bu vərdiş işinin tələbatından başqa, buraları gəzdikcə, gördükcə bir könüldən min könülə aşiq olmasıyla bağlı idi. Görüşəndə onun bir az qayğılı, bir az da sevgi dolu gözlərində qışda belə soyumayan istilik sezdim:

- Xoş gördük, əzizim. Yox e, hara üşüyürük? Gəlmişik qışın oğlan çağında lalə dövrü yaşamağa.

- Kaş yayda gələrdiniz. Buralar güllük-gülüstanlıq olur onda.

- Narahat olma. Bizim bütün fəsillərdə təravətli olan Laləmiz var.

Gülüşdük.

- Zarafat bir yana. Bəxtinizdən bu aralar hava da möhtəşəmdir. Bayaq bir Günəş çıxmışdı, elə bil yaz havasıdır.

- Nə gözəl düzəldiblər buraları, Laləcan. Adam baxdıqca baxmaq istəyir. Hələ şər qarışan vaxtdır. Gör gün işığında nə cür görüntülər olacaq.

- Hə... Mən heç nə deməyəcəm. Özünüz gəzərsiz, görərsiz. Həm təbiəti, həm buraların camaatını, həm də quruculuq işlərini. Bir də unutma, sabah axşam tədbir var. Yazıçı dostumuz İlqar Kamilin laçınlılarla görüşü olacaq. Muğamlı-şeirli bir gecə keçirmək istəyirik. Siz də dəvətlisiniz.

Beləcə Laçında ilk gecə keçdi. Lalə haqlı idi. O ki Günəş dağların arasından boy verdi, Laçın bütün hüsnü-camalı ilə gəlib durdu pəncərəmin önündə, gəl məni gör, dərdimdən öl. Elə bil, uşaq vaxtı oxuduğum nağıllar aləminə düşmüşdüm: dörd bir tərəf başı qarlı dağlar, dağların arasından ilan kimi qıvrılan asfalt yollar, yol kənarından göbələk kimi boylanan artırmalı, bacası tüstülü, taxta qapılı, yamyaşıl həyət evləri, həyətlərdə qışın oğlan çağında bitən orqanik tərəvəzlər, çiçəklər və bütün bu gözəlliyə şirinlik qatan laçınlılar. Hələ körpələri demirəm... Məsələ ondadır ki, Laçında az qala hər döngədən laçınlı balaların gülümsər simaları baxır. Özü də böyük-böyük foto-tablolardan. Bu fotolar dünya şöhrətli fotoqraf Rza Deqqatinin obyektivindən çıxıb. Laçınlılar mənə danışdılar ki, Deqqati hər gəlişində ancaq uşaqları çəkir. Xeyli düşündüm. Axı niyə məhz uşaqları? Yəqin ona görə ki, Qarabağın gələcəyini burada kök atıb böyüyən uşaqlara bağlayır...

Bütün günü Laçını ev-ev, həyət-həyət gəzib dolaşdıq. Laçınlıların süfrələrində oturub samovar çayından içdik, dərdləşdik, doğmalaşdıq. Qəhrəmanlarım bir-birindən hal-xasiyyətləri, iş-gücləri, yaş qruplarına görə seçilsələr də, elə deyilən kimi var imiş buranın camaatı: qonaqpərvər, yanımcıl, mehriban. Əvvəlcə Bakir dayının qonağı olduq. Yaşlı adam idi Bakir dayı. Üzügülər xanımını da götürüb qayıtmışdı ev-eşiyinə. Özü də həyətindəki bağı bərpa etmək üçün gecə-gündüz çalışırdı. Deyirdi, qoy barı olsun bu ərik, şaftalı ağaclarının, gələn hər kəsi qonaq edəcəm, yeyib görsünlər ki, Laçın meyvələrinin dadından heç yerdə yoxdur. Söhbətinin axırında da dönə-dönə vurğuladı ki, gənclərə nəsihətim də budur, boş dayanmasınlar, hər fürsətdə əkib-becərsinlər öz həyət-bacalarını. Buraların dillərə dastan gözəlliyini, yaşıllığını yenə qaytarsınlar.

Növbəti qəhrəmanım Çimnaz xala isə Laçın işğal olunanda özü ilə apardığı sandığı bizə göstərdi. Dedi ki, bu sandıq rəhmətlik qayınanasının yadigarıdır, onda o vaxtkı günlərin neçə xatirəsi yatır. Sonra elə o sandıqdan bir yun corab çıxarıb mənə bağışladı ki, bizlərdə adətdir, əziz qonağı pay-pürüşlə yola salarlar. Hələ üzünü kameraya tutub onu da əlavə etdi ki, adətlərimizi unutmayın, ay laçın gəncləri.

Hələ görün, el ağsaqqalı Yusif dayı nələr danışdı. Hər kəliməsində bir nəsihət, hər sözündə bir hikmət vardı Yusif dayının. Özü də "Bir qalanın sirri" kinofilmindəki Elşən obrazı kimi otların, çiçəklərin dilinə-sirrinə vaqif adam idi. Gözümüzün qabağında əliylə bircə-bircə topladığı şəfalı bitkilərin bütün xüsusiyyətlərini sadaladı, Laçın ərazisindən axan mineral suların xeyrindən, faydalı qazıntılardan danışdı. Sözünün canı da o idi ki, Laçın artıq tək laçınlıların deyil, bütün Azərbaycan xalqınındır. Ona görə də gəlsinlər, sahib çıxsınlar bu sərvətlərə, gözəlliklərə...

Yusif dayının məsləhəti ilə birlikdə bir az kəklikotu yığdıq, bir az da itburnu. Sonra da tənbəllik etməyib səhərdən nəql etdiklərini gözümüzlə görmək üçün düşdük yolun izinə. Gəlib çıxdıq gözəllər gözəli Minkəndə. Altından, üstündən, böyründən, başından mineral sular, bulaqlar qaynayan bu kənd hələ qış fəslində bu görkəmdə idisə, görəsən, buranın yazı, yayı necə olarmış, İlahi, yaratdıqlarına şükür... Yol yoldaşlarımdan olan prodüser Rüfətin dədə-baba yurdu idi Minkənd. Danışırdı ki, o gördüynüz daş oyuqlar ayıların məkanıdır. Lap soyuqlar düşəndə gəlib oralarda gecələyirlər. Ən maraqlısı da odur ki, həmin ayı mağaralarından birində qurulmuş süfrədə qonaq olduq biz. Qəribə səslənsə də, bir növ, ayının çağırılmamış qonaqları idik. Elə o süfrədə də laçınlı aktyor Rauf Şahsuvarovun qiraətində "Aman Allah, Laçınıma qayıtdım" şeirini dinləmək qismət oldu. Nə deyim... Azad Laçında ayının mağarasında bu torpaqlardan çıxan İstisuyu dada-dada qayıdış sevinci ilə yazılmış misraları bir laçınlının dilindən dinləmək təsirli idi. Şeiri bitirincə Rauf Şahsuvarov dedi ki, buralara gələn gündən Allahdan bir diləyim var, mənə möhlət versin, gözəl Laçınımda yaşayım... Bu sözləri eşidəndə bir neçə saat qabaq evində çəkdiyimiz 95 yaşlı Gülbahar nənənin dilindən səslənən bayatı yadıma düşdü:

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə Vətən yaxşı.

Sazla, sözlə qarşıladı Laçın bizi. Sübh tezdən məktəb avtobusunda xorla nəğmə oxuyan balacaları da dinlədik. Bir küçədə aşıqla rastlaşdıq, o biri həyətdə xanəndə ilə. Hamısı da musiqinin dalğasına köklənib 30 il ürəklərində qubar bağlamış Vətən həsrətindən söhbət açırdılar. Axşam da ruhumuzu dincə vermək üçün dəvət olunduğumuz tədbirə yollandıq. Bir Laçın axşamı düşünün. Laçın ziyalılarının cəm olduğu məclis. Bir az musiqi, bir az şeiriyyət... Nə isə ki, yazıçı dostumuz İlqar Kamilin laçınlılarla görüşü maraqlı tarixçəyə çevrildi.

Növbəti gün tanış olduğum qəhrəmanlar da bir-birindən maraqlı idi. Laçının məşhur Sultanovlar şəcərəsinin xələfi, qədim-qayım zamanlarda bu yerlərin müdafiəsində igidliklər göstərmiş xalq qəhrəmanı Sultan bəy Sultanovun nəvəsi Validə İsmayılova ilk dəfə idi Laçına ayaq basırdı. İlk dəfə idi, əmisi Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun adını daşıyan küçə ilə addımlayırdı və sələflərinin sevgi ilə bəhs etdikləri torpaqlara ayaq basdığı üçün necə qürur duymasından danışırdı. Bir gün bu yerlərdə babalarının şərəfinə ev-muzeyi açılmasını xəyal edirdi. Laçına birlikdə gəldiyi rəfiqəsi Solmaz Məhərrəmova isə Laçın Tarix-Diyarşünaslıq Muzeyinin sabiq direktoru idi. Sən demə, Solmaz xanım o vaxt Laçını ən son tərk etmiş iki qadından biri imiş. Dediyinə görə, muzeydə olan eksponatları başsız qoyub getməyə ürək etmirmiş. Solmaz xanım minlərlə eksponatın qorunduğu muzeydən əsər-əlamət qalmamasından ürək yanğısı ilə danışırdı. Deyirdi ki, o vaxtlar bizim muzey turistlərin Laçında ən çox ziyarət etdikləri məkan idi. İndi o eksponatlardan təkcə Laçının simvolu sayılan daş at, qoç heykəllər durur.

Laçında diqqətimi çəkən maraqlı məkanlardan biri də Həkəri çayının üstü ilə salınmış körpü və insanların asudə vaxtını keçirməsi üçün qurulan bulvar idi. Bu quruculuq işlərinin memarı Elnur Abdullayevlə qarşılaşmağımız lap yerinə düşmüşdü. Elnur bəy danışırdı ki, Laçın işğal edildikdə onun 15 yaşı vardı. Və illər sonra o, memar kimi öz torpağına qayıdıb ki, Laçının quruculuğunda yaxından iştirak etsin: "Uşaq vaxtı həmişə çimməyə rahat yer axtarırdıq. Mən də bura qayıdanda uşaqlıq arzularımı xatırladım. Düşündüm ki, bu çayın qırağında balacaların əylənə bilmələri üçün şərait yaradaq, bir növ mənim uşaqlıqda yarım qalan arzularım çin olsun. Bilirsinizmi, maraqlı bir fakt eştmişəm. Sən demə, dəniz tısbağaları öz balalarını sudan kənarda, torpaqda dünyaya gətirirmiş. Amma yeni doğulmuş tısbağalar özləri suya can atırmış. Çünki onların fitrətində su sevgisi vardı. Bütün canlılar öz kökünə bağlıdır. Yəni Laçın mənim üçün də son dayanacaqdır..."

Hə, unutmadan onu da deyim ki, Laçında artıq filmlər çəkilir. Özü də Qarabağda açılmış ilk kinostudiyada - "Hoçazfilm" yaradıcılıq studiyasında. Maraqlı məqam bilirsiniz nədir? Həmin studiyanın rəhbəri gənc rejissor Amil Amal illər öncə çəkdiyi "Qara bağ" filmində köçkünlərin evlərinə geri qayıtması epizodunu çəkibmiş, indi isə xəyal etdiklərini reallıqda yaşayır... Kino demişkən, Laçında yerli və xarici filmləri izləmək üçün yenicə təmirdən çıxmış kinoteatr da var.

Yüz eşitməkdənsə, gözümüzlə şahid olmaq üçün ora da getdik. Qarşıma çıxan xanım tamaşaçı danışdı ki, əvvəllər bura klub idi və laçınlılar burada hind filmlərini izləməyə gəlirdilər. İndi 31 il sonra bura ayaq basanda həmin gənclik illəri yada düşür.

Axşam azanı verilirdi. Eşitdim ki, "Qarabağ" futbol klubunun budəfəki oyunu gecəyarısı Laçın camaatı üçün kinoteatrda canlı yayımlanacaq. Bu fürsəti əldən qaçırmaq olmazdı. Deyilən vaxtda yığışıb gəldik. Kinoteatrın zalı dolu idi. Biz də yerlərimizi tutduq. Canlı yayım başladı. Birdən futbol şərhçisi dedi ki, ilk dəfə Laçın kinoteatrında "Qarabağ"ın oyunu canlı yayımla nümayiş etdirilir. Zaldan bir alqış sədası yüksəldi ki, gəl görəsən. Sonra da ilk qol həyəcanını yaşadıq - Laçında laçınlılarla birgə... Möhtəşəm anlar idi, yaşayan anlayar...

Laçında keçirdiyimiz son gecə. Bütün günü əlləşib-vuruşub axırıncı çəkilişləri də nöqtələmişdik. Yorğun halda maşından düşüb gecələdiyimiz koteclərə qayıdırdıq. Yol yoldaşlarımdan biri sükutu qəfil pozdu:

- Bir baxın, Ay nə böyük görünür.

Başımı qaldırdım. Əsrarəngiz idi. Laçında keçirdiyim 7 günün ən unudulmaz dəqiqələrini yaşayırdım o məqamda. Durduğum yüksəklikdən Laçının gecə panoraması ovcumun içi kimi görünürdü. Sakitcə işıqları seyr edirdim. Hər tərəf işıl-işıl idi. Həm göy, həm də yer. Elə bil göydəki ulduzlar yerə köçmüşdü. Şair yaxşı deyib: "Göydə yox, yerdədir bizim ulduzlar..." Vücuduma qəribə bir yüngüllük çökdü. Bu qədər işıq bir o qədər insan nəfəsi idi, isti ocaq idi, dədə-baba torpağında kök atmağa gəlmiş ailə idi. Dərindən köks ötürdüm: "Can Laçın..." Amma bu köks ötürmə öncəki illərdəkinə bənzəmirdi. Bu, içimdən çıxmış tikanın yerini tutan rahatlıq və hüzurdolu bir nida idi. Artıq öz gözlərimlə görmüşdüm, qarış-qarış gəzmişdim və əmin idim: "31 il sonra Laçına həyat qayıtmışdı... Şükürlər olsun, Sən ey başımın üstündəki qübbədə sayrışan işıqların sahibi, min dəfə şükürlər olsun Sənə... Bu torpaqlar üçün can qoymuş şəhidlərimiz rahat uyusunlar... Laçın Azərbaycandır!"

 





08.02.2024    çap et  çap et