525.Az

"Düşmən geri çəkilərkən cığırlara, yollara və digər ərazilərə minaları kortəbii şəkildə səpələyib"


 

"Düşmən geri çəkilərkən cığırlara, yollara və digər ərazilərə minaları kortəbii şəkildə səpələyib"<b style="color:red"></b>

Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir. Təkcə son bir neçə gün ərzində iki dinc sakin minaya düşərək ağır bədən xəsarətləri alıblar.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi başa çatandan bu yana 344 vətəndaşımız minaların qurbanı olub. Görünən odur ki, müharibə bitsə də, Ermənistanın basdırdığı minalar insanlarımızın təhlükəsizliyi, həyatları üçün əsas problemlərdən biri olaraq qalır. 

Hazırda Azərbaycan dünyada ərazisi minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Ermənistan 30 ilə yaxın davam edən işğalı müddətində torpaqlarımızı kütləvi şəkildə minalarla çirkləndirib. Eyni zamanda, Qarabağda mövcud olmuş separatçı xunta rejimi də İkinci Qarabağ müharibəsindən sonra Laçın yolundan və digər qanunsuz yollardan istifadə edərək Ermənistandan ərazilərmizə silah-sursat, minalar daşıyıb.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərimizdə təxminən 1,5 milyon ədəd mina basdırılıb. Amma bu da son məlumat deyil. Yəni minaların sayı bundan da çox ola bilər.

Ermənilər çox geniş şəkildə minalanma cinayəti həyata keçirmələrində məqsəd daha çox Azərbaycan vətəndaşına zərər vurmaq, həyatlarına son qoymaq, onların öz yurdlarına qayıdışı prosesinin qarşısını almaq və onu ləngitməkdir. Bu gün azad olunmuş ərazilərin minalardan təmizlənməsi dövlətimizin qarşısında duran bir nömrəli vəzifədir. Çünki həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, eyni zamanda təhlükəsiz qayıdış üçün ilk növbədə minalar təmizlənməlidir. Azərbaycan dövləti demək olar ki, öz gücü hesabına azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görür. Amma bu prosesin çox mürəkkəb və uzun müddət tələb etdiyi məlumdur. Prosesi çətinləşdirən bir məqam da Ermənistan tərəfinin dəqiq mina xəritələrini verməkdən imtina etməsidir.

Azərbaycan dəqiq mina xəritələrinin təhvil verilməsi məsələsini dəfələrlə qaldırıb. İndiyədək İrəvandan Bakıya bir neçə dəfə mina xəritələri təqdim edilib ki, onların da dəqiqlik faizi olduqca aşağı olub.

Ermənistan tərəfi dəqiq xəritələri verməkdən boyun qaçırır və bu məsələdə manipulyasiya etməklə məşğuldur. Məsələn, bir müddət əvvəl bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib ki, minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilərlər və  Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. Əlavə edib ki, əgər etimad mühiti yaranarsa, beynəlxalq ictimaiyyətin də iştirakı ilə Ermənistan Qarabağdakı mina sahələrinin yeni xəritələrini Azərbaycana verə bilər. Görünən odur ki, Ermənistan tərəfi sülh üçün addım atmaq istəmir, ancaq manipulyasiya ilə məşğuldur.

Xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə mövzu ilə bağlı bildirib ki, Ermənistan mina xəritələrini verməmişdən öncə reklam kampaniyalarına başlayıb: "Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil. Ekspertlər yaxşı bilirlər ki, proses belə olmur. Təxminən 1000 kvadrat kilometr ərazi son 3 ildə minalanıb. Bu, son illərdə baş vermiş prosesdir. Bunların xəritəsi mövcud deyil?! Bu təzyiqlər sayəsində Ermənistan özünü təmizə çıxarmaq üçün mina xəritələrini verməmişdən öncə reklam kampaniyalarına başlayıb".

Onu da vurğulayaq ki, lokal antiterror tədbirlərindən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən Azərbaycan ərazisinə azı yarım milyon əlavə minalar yerləşdirildiyi məlum olub. Təəssüf ki, ermənilərin bu vəhşi, insanlıqdan uzaq davranışlarına beynəlxalq birlik göz yummaqdadır və lazımi reaksiyalar verilmir. 

Azərbaycan Prezidenti dəfələrlə işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri çox sayda vətəndaşımızın mina qurbanı olduğunu beynəlxalq birliyin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev deyib ki, 2020-ci ildən 2023-cü ilin əvvəlinədək - Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda, oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər.

Qeyd edək ki, həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub.

Azərbaycan XİN-in son mina hadisələri ilə bağlı yaydığı açıqlamada vurğulanıb ki, Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır: "Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur".

Təəssüf ki, XİN-in açıqlamasında da vurğulandığı kimi, vasitəçi adı altında prosesdə yer almaq istəyən bəzi qüvvələr, o cümlədən, ABŞ, Fransa, Avropa İttifaqı və digərləri bütün bu cinayətlərə, dinc insanlarımızın həyatlarını itirmələrinə göz yumurlar. Bu, bir daha onların riyakarlığını göstərir.

Hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev hesab edir ki, işğaldan azad olunmuş ərazilərimiz üç əsas mərhələdə planlı və plansız minalanıb və xəritələr qərargahlarda hazırlanıb. Onun sözlərinə görə, birinci mərhələdə - 1994-cü ildə atəşkəs elan edildikdən sonra 2020-ci il sentyabrın 27-dək olan müddətdə Ohanyan səddi adlanan keçmiş təmas xəttində minalanma fəaliyyətləri həyata keçirib. Bu mərhələdəki xəritələr planlı şəkildə hazırlanıb. Planlanmış mina sahələrini hərbçilər tanıyırlar. Amma hərbi strukturlarda, xüsusilə də birinci eşalon bölmələrində belə qayda var ki, əgər minalanma işləri icra olunursa, onun formulyarları tərtib edilir, sonra əraziyə görə xəritəyə köçürülür. Bu fəaliyyət həm onların özlərinin, həm də gələcəkdə irəliyə doğru gedəcəklərsə, minaları təmizləmələri üçün yerlərini bilmələri baxımından mütləqdir.

İkinci mərhələdə 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Vətən müharibəsi dövründə düşmən geri çəkilərkən cığırlara, yollara və digər ərazilərə minaları kortəbii şəkildə səpələdi.

Başqa sözlə, erməni silahlıları minaların digər hissəsini plansız şəkildə döyüş sahələrinə atıb gediblər. Bunların xəritəsi isə ola bilməz. Çünki kortəbii sürətdə qaçış zamanı xəritələri tərtibləməyə onların vaxtları yox idi və fərarilik edirdilər.

Ekspertə görə, üçüncü mərhələ 2020-ci il noyabrın 9-dan 2023-cü il sentyabrın 19-dək olan dövrü əhatə edir. Qarabağdakı 15 min nəfərə yaxın qanunsuz erməni hərbi birləşməsi keçmiş təmas xəttində mina zolağı yaratdı. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan təxminən 500 mindən çox mina basdırıldığı məlumdur. Onun sözlərinə görə, Ermənistanda 2020-ci il noyabrın 9-dan indiyədək olan mərhələdə həmin keçmiş təmas vəziyyətindəki ərazilərin mina xəritələri mütləq mövcuddur: "Düşünürəm ki, düşmən ordusu Qarabağdan geri çəkildikdən sonra hərbi qərargahlar xəritələrin hamısını Ermənistana apardılar. Belə ki, həmin müddətədək onların ordularının bölmələri minalama əməliyyatları icra ediblər. Əvvəllər ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın sonradan beynəlxalq təzyiq nəticəsində verdiyi kiçik hissə mina xəritələrinin etibarlılığının yalnız 25 faiz olduğu məlumdur. Mina sahəsində xəritələrin böyük həcminin istifadəyə yararlı olacağını inanmıram".

 

 





09.02.2024    çap et  çap et