525.Az

İlham Əliyevin Xankəndidə səs verməsi erməniləri niyə yandırdı?.. - Sosial şəbəkədə yazılanlar


 

İlham Əliyevin Xankəndidə səs verməsi erməniləri niyə yandırdı?.. - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Aydın Quliyev, jurnalist:

- İlham Əliyevin Xankəndidə səs verməsi erməniləri niyə yandırdı?..

Apardığımız media araşdırmalarına görə, 2024-cü ilin 7 fevral günündə Ermənistana ən dərin təsir göstərən hadisə Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səs verməsi oldu. İlham Əliyevin seçkinin favoriti olduğunu onlar da çox yaxşı bilirlər. Xüsusilə Azərbaycanın tam suverenliyinin bərpasından sonra Əliyevin daha da populyarlaşdığını diqqətlə izləyirlər. Heç şübhə etmirlər ki, Əliyevin qələbəsi qəti olacaq. Seçkinin nəticəsindən qat-qat çox onları yandıran Əliyevin Bakıda yox, məhz Xankəndidə səs verməsidir. Hiss olunur ki, rəsmən yanıb- yaxılıblar. Xankəndi ifadəsini dillərinə gətirmirlər. Yana-yana "Arsaxın paytaxtı Stepanakert" yazırlar. Guya belə yazmaqla Xankəndi bir anda dönüb separatçılar yuvasının "paytaxtı" olacaqmış.

Dövlət başçısının Xankəndidə səs verməsi erməniləri niyə yandırır?...

Çünki...

1. Dünyaya mesaj verilir ki, "bizim olanı geri aldıq".

2. Mesaj verilir ki, Şuşa mədəniyyət paytaxtımız, Xankəndi isə Azərbaycanın "tam süverenlik paytaxtı" olacaq...

3. Mesaj verilir ki, Azərbaycan Prezidenti Xankəndinin də, bütün Qarabağ və Şərqi Zəngəzur əhalisinin də prezidenti olacaq...

 

Elxan Şahinoğlu, politoloq:

- İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, Tehran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir və guya Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi isə bundan təxminən iki il əvvəl həmkarından fərqli açıqlama verərək demişdi ki, Hindistan, İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşməsi üçün gərəkən çalışmalar həyata keçirilir. İndi İranın iki səfirindən hansı düzünü deyib? İranın Ermənistandakı səfirinin "Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır" fikri onun beyin məhsulu deyil, Tehrandan ötürülüb. Demək, İranın istəyinin hansı istiqamətlə bağlı olduğu aşkardır. Ancaq məsələ burasındadır ki, Ermənistan Azərbaycandan fərqli olaraq nəqliyyat dəhlizi üçün gərəkən infrastruktur formalaşdırmayıb, heç bu işə başlamayıb, maliyyəsi yoxdur. Bunu Ermənistanı tərifləyən İranın bu ölkədəki səfiri də etiraf etmək məcburiyyətində qalıb.

 

Fuad Muradov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri:

- Berlin şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində "Xarıbülbül" Azərbaycan Mədəniyyət Evinin 2 illik fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Xarıbülbül" Azərbaycan Mədəniyyət Evinin və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımızla yanaşı, ölkəmizə dost icmaların nümayəndələri iştirak ediblər. Azərbaycan evlərinin açılması və inkişaf etdirilməsi prioritet məsələ olaraq davam etdirilir.

 

Asif Nərimanlı, jurnalist:

- Seçki prosesinin mükəmməl olmadığı sirr deyil, lakin İlham Əliyevin mütləq səslə qələbəsi təbiidir. Çünki seçkinin nəticələrini post-müharibə dövrünün reallıqları öncədən müəyyən edirdi. Bu, təkcə seçicinin seçimində yox, aktivliyində də özünü göstərdi. Hətta ən radikal opponentlər belə seçkidə iştirak etsəydi, yenə nəticə dəyişməyəcəkdi. Bəzən intellektual elita kimi təqdim olunan kəsim sadə insanların istəklərini, seçimlərini anlamır. Biz qələbəyə ac xalqıq və onu əldə edəndə qiymətləndirməyi də bilirik.

İlham Əliyev qələbə elektoratının seçimidir və mütləq əksəriyyət onu 2020-ci il və sonrakı dövrün lideri kimi qəbul edir. Bu situasiya seçkinin legitimliyini şübhə altına almaq istəyənlərin işini çətinləşdirir, çünki onların qarşısında bu dəfə Əliyev yox, qələbə elektoratı var.

lll

ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib. Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox "Azərbaycanın Ermənistana hücumu" kontekstində təqdim edilir.

CFR-nin proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür.

Birinci ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir: Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır, hərçənd, Azərbycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq: Bakı rəsmi İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyanın yaradılması məqsədilə Zəngəzur dəhlizi layihəsində alternativ marşrutların işə salınması, Ermənistanın "dalan ölkə" olaraq saxlanılması planı üzrə hərəkət edir;

İkinci ssenari Qazaxın 4 kəndinin azad edilməsidir: Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməlidir; rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri - qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir, lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır; seçkilərdən sonra 4 kəndə nəzarətin bərpası istiqamətdə hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir.

Üçüncü ssenari Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır: bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox, siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir; rəsmi İrəvan Moskvanın "müttəfiqliyindən" imtina etmək və Qərbin "təhlükəsizlik çətiri" altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır; qarşıdakı dövrdə bu senarinin tətbiqi istisna edilməməlidir;

Daha öncə də yazmışdıq: Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələni xüsusilə "Azərbaycanın Ermənistana hücum hazırlığı" kontekstində təqdim edilməsi mümkün erməni təxribatına hazırlıq məqsədi daşıyır; eyni zamanda, Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıqların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar.

 

Vüqar Bayramov, millət vəkili:

- Əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə bağlı sərəncam imzalandı. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2023-cü il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu göstəriciyə uyğun olaraq 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların artırılması həyata keçiriləcək. Pensiya kapitalı isə 2023-cü il üçün inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

Pensiyalar neçə faiz artırıldı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Yanvar ayının artımları nə zaman ödəniləcək?

Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Qeyd edək ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

 

Etibar Əliyev, millət vəkili:

- İki seçki - bir mədəniyyət!

Qardaş Türkiyədə keçirilən prezident seçkisindən sonra ölkəmizdə keçirilən prezident seçkisi oxşar seçki mədəniyyətinin təcəssümüdür. Seçkilərin yüksək səviyyədə təşkil olunması, iki qardaş xalqın öz liderlərinə münasibəti bütün dünya üçün örnək oldu. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dünyanın çox mürəkkəb bir dönəmində xalqlarını təhdidlərdən qorumaq üçün bütün güclərini ortaya qoydular. Seçkilərdə iki qardaş xalqın iradəsinin qətiyyəti iki böyük şəxsiyyətin fəaliyyətinə verilən yüksək qiymətdir. Bu qətiyyət hələ uzun illər davam edəcək. Ölkəmizdə keçirilən prezident seçkiləri barədə hər bir seçici öz təəssüratlarını bölüşür. İnsanların sevinc hissi, emosiyası heç zaman yaddaşlardan silinməyəcək. Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Xankəndində səs verməsi seçkiyə xüsusi məzmun verdi.

Çox hörmətli İlham Əliyevin "Biz birlikdə güclüyük!" paradiqması döyüş meydanında, arxa cəbhədə, keçirilən seçkidə öz identikliyini göstərdi. Biz təhsil, iqtisadiyyat, elm, mədəniyyət, səhiyyə sahələrində daha böyük inkişafa nail olacağıq. Xalq olaraq ağır imtahanlardan şərəflə çıxdığımızdan qazanılan hər bir uğur Zəfərimizin və Seçimimizin fəlsəfəsini zənginləşdirəcək.

Biz yaşadığımız əsrin qalib xalqı olmaqla yanaşı, həm də əsrimizin sivil xalqıyıq.

Prezident seçkiləri bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməz və iradəli xalqdır.

 

Mir Səməd, bloger:

- Rusiya imperatorlarının əksəriyyətinin arvadları alman olduğundan, onlara böyük güzəştlər var idi.

İkinci Yekaterinanın vaxtında almanlar Rusiya torpaqlarına köçürülməyə başladılar. Bu proses, nəvəsi I Aleksandrın vaxtında da davam etmişdi.

Ruslar yeni işğal etdikləri Azərbaycan torpaqlarında da alman koloniyaları yaradırlar. İndi Göygöl adlanan Yelenendorfun əsası belə qoyulur. Əvvəl onun yerində Xanaxlar adlı Azərbaycan kəndi olub.

Hər alman ailəsinə 2000 rubl kredit verilirdi, onlar müəyyən müddət hərbidən və vergidən azad olunurdular. Bağışlanan torpaqları öz varislərinə vəsiyyət edə bilirdilər.

Bütün bu güzəştlər onlara verilən kağızda qeyd olunurdu. Kağız alman dilində blatt adlandığından, onlara blatnoy deyirdilər. Daha sonra bu söz Odessa yəhudilərinin vasitəsilə kriminal aləmdə lotu, imtiyazı olan şəxs kimi məna verməyə başladı.

Adam heyran olur, yaşadığın torpağın maraqlı keşməkeşli tarixinə, kimlər gəlmiş, kimlər getmiş burdan.

Alman arxitekturası, lüteran kilsəsi bu bölgədə çox qeyri-adi görünür.

Almanlar 1941-ci ilə qədər burda yaşamışlar.

Onların tikdikləri evlər dövlət tərəfindən təmir olunub, mənə dedilər ki, bu evlərə sakinlərin  hansısa dəyişiklik etməsinə qadağa var.

İlk dəfədir bura gəldim, havalar yaxşı olanda, bu kiçik alman kəndini görməyənlərə tövsiyə edirəm gəlməyi.

 





09.02.2024    çap et  çap et