Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi sazişinə əsasən, 100 əsgər dəyişdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ilə əsir mübadiləsinin aparıldığı bildirilib.
Danışıqlar prosesi nəticəsində Kiyev rəhbərliyinin nəzarətində olan torpaqlardan 100 rus əsgərinin geri alındığı bildirilən açıqlamada: "Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 100 əsgəri təhvil verilib. Rusiya əsgərləri nazirliyin tabeliyində olan səhiyyə ocaqlarında müalicə almaq üçün təyyarələrlə Moskvaya aparılacaq. Əsirlikdən çıxan əsgərlərə tibbi və psixoloji dəstək göstərilir. Birləşmiş Ərəb Əmirlikləri rus əsgərlərinin azad edilməsi prosesində humanitar vasitəçilik rolunu oynayıb”, - vurğulanıb.
Ukrayna Prezidenti Vladimir Zelenski də sosial şəbəkədə əsir mübadiləsinə münasibət bildirib: "100 əsgərimiz evə qayıdıb. Bu günə kimi 3 min 135 ukraynalı rus əsirliyindən xilas edilib".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi yanvarın 31-də baş tutmuş və 195 rus və 195 ukraynalı əsgər dəyişdirilmişdi.
Malik Atilay
çap et