525.Az
Gəmiqaya zirvəsinə gedən “Yolçu”
Əjdər Əliş oğlu Fərzəliyev 1937-ci il martın 23-də Ağcabədi şəhərində sadə kəndli ailəsində anadan olub. Babası çox zəngin olsa da, Sovet hakimiyyəti dövründə müflisləşib, oğlu Əliş və digər övladları ilə birlikdə Ağcabədinin kiçik məhəllələrinin birində yaşayıb. Uzun illər sonra Əjdər Fərzəli öz dəyərli monoqrafiyalarından birini – “Dədə Qorqud sözü” kitabını babaları Məşədi Fərzəlinin və Məşədi Behbudun, “Hamı yenidən doğulmalıdır” şeirlər kitabını isə atası Əlişin unudulmaz xatirəsinə ithaf edir. Əjdər Fərzəli atası Əlişi çox kiçik yaşlarında itirir, bacı və qardaşı ilə anası Mədinə xanımın himayəsində qalır. Bütün bunlara baxmayaraq, dərslərindən əla qiymətlər alır. Aclıq, ehtiyac, müharibənin ağır sınaqları onun oxumaq həvəsini öldürə bilmir. Əjdər Fərzəli 1955-ci ildə orta məktəbi bitirir və sənədlərini Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə təqdim edir və qəbul olur.
Əjdər Fərzəli yaradıcılığa Universitetdə oxuduğu ilk günlərdən başlayır. Onun ilk şeiri 1956-cı il iyun ayında “Pioner” jurnalında dərc olunur. Daha sonra maraqlı məqalələrlə mətbuat orqanlarında çıxış edir.
Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra müxtəlif mətbuat orqanlarında – “Azərbaycan gəncləri”, “Abşeron” qəzetlərində, “Dialoq” və “Müxbir” jurnallarında və o cümlədən 1966-1967-ci illərdə Ağcabədidə nəşr olunan “Sürət” qəzetində müxtəlif vəzifələrdə – xüsusi müxbir, şöbə müdiri olur. Həmin illərdə Əjdər Fərzəli namizədlik dissertasiyası üzərində işləyir, lakin müəyyən səbəblərə görə onun elmi işi təxirə salınır.
Mətbuat orqanlarında çalışdığı dövrdə ictimaiyyətə səs salan 200-ə qədər elmi məqalə ilə silsilə çıxışlar edən Əjdər Fərzəli, eyni zamanda dəyərli etimoloji araşdırmalar aparıb, müxtəlif elmi nəticələrə gəlib ki, bu da sonralar onun elmi fəaliyyətinə təkan verib.
Əjdər Fərzəli həyatındakı nailiyyətlərlə yanaşı, həm də onun daxili zənginliyini üzə çıxaran şeirlərin müəllifidir. Onun şeirləri rus, ukrayna, fars, fransız dillərinə tərcümə olunub. Onun ilk şeirlər kitabı 1970-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunan “Körpü” şeirlər toplusudur. Sonrakı illərdə 1979-cu ildə həmin nəşriyyat tərəfindən çap olunan “Yolçu, yolun uzaqdır”, 1982-ci ildə “Torpaqdan səs gəlir”, 1984-cü ildə “Könülün nəğmələri”, 1997-ci ildə “Ozan” nəşriyyatı tərəfindən çap olunan “Hamı yenidən doğulmalıdır” və nəhayət, 2010-cu ildə “Yazıçı” və “Azərnəşr” nəşriyyatı tərəfindən çap olunan “Yanır bütün pərvanələr” və “Durnalar” şeirlər kitabı oxucular arasında xüsusi rəğbət qazanıb. Şeir və poemalarının əsas mövzusu zamanın ağrı-acıları ilə çarpışan insanın daxili yaşantıları, bəşəri sevgi, vətənpərvərlik duyğularıdır.
Təsadüfi deyil ki, 1976-cı ildə Azərbaycanın Xalq şairi Rəsul Rza ona böyük dəstək göstərib. Sonralar Əjdər Fərzəli “Hamı yenidən doğulmalıdır” və “Yanır bütün pərvanələr” şeirlər kitabında bunu xüsusi minnətdarlıqla vurğulayaraq, ona sonsuz təşəkkürünü bildirib.
Şair-tədqiqatçı, Azərbaycanşünas Əjdər Fərzəlinin ümumilikdə 19 kitabı işıq üzü görüb. Onlardan 4-ü “Əbədi yol”, “Alın yazısı tarixdir...”, “Azadlıq dilində danışaq” və “Salam, Layisqi dağları” sənədli –etnoqrafik povest, 7-si yuxarıda qeyd etdiyimiz şeir kitabları, 8-i isə monoqrafiyalardır.
“Dədə Qorqud” silsiləsindən olan əsərlərində alim dilçiliyin mühüm sahəsi olan etimologiyanın əsas prinsiplərini işləyib hazırlayıb, onu elmi dəqiqliklə aşkar edib, Azərbaycan dilinin tarixi inkişaf yoluna nəzər yetirərək, ulu dilin sirrini açmağa çalışıb, eyni zamanda Azərbaycan mifologiyasının izi ilə gedərək, bir sıra yeni elmi nəticələrə gəlib. Əjdər Fərzəli “Dədə Qorqud kitabı” nda birinci boyun sirrini açmış, “Dədə Qorqud Kitabı” nın, dilinin, sözünün kifayət dərəcədə açılmamış bir çox sirrindən də soraq vermişdir. O cümlədən Azərbaycanın bir sıra yer və insan adlarının söz açımını şərh edərək, od və su inamı, xalqların və dillərin ulu qohumluğu konsepsiyasını daha geniş təqdim edərək, müxtəlif izahlar verib.
Əjdər Fərzəli 1976-cı ildən başlayaraq ömrünün son günlərinədək əsas gücünü “Gəmiqaya-Qobustan” abidələrinin tədqiqinə, araşdırmasına sərf edib. Alimin əsas məqsədi Azərbaycan ərazisində qədim mədəniyyətin-unudulmuş sivilizasiyanın izlərini aşkara çıxarmaqdan və sistemli monoqrafik təhlil etməkdən ibarət olub
Alim Gəmiqaya-Qobustan rəsmlərini ilk dəfə elmi-tarixi, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edərək, bu qənaətə gəlib ki, Gəmiqaya-Qobustan bu günədək elmə az məlum olan bir sivilizasiyanı təmsil edir. O, qədim Yunan, Hind, Misir, Şumer və başqa sivilizasiyalardan daha əvvəl yaranmış və özündən sonra gələn bütün mədəniyyətlərə-sivilizasiyalara çox güclü təsir göstərmişdir. Gəmiqaya-Qobustan mədəniyyəti bilavasitə Azərbaycan-Türk (Oğuz) xalqına məxsusdur. Gəmiqaya-Qobustan abidələrinə istinadən Böyük daşqın və Nuhun gəmisi haqqında əfsanələr məhz Azərbaycanda yaranmış və buradan bütün dünyaya yayılmışdır. Əjdər Fərzəlinin misilsiz kəşflərindən biri çoxşəkilli-çoxişarəli qədim Azərbaycan əlifbasını kəşf etməsi, Gəmiqaya-Qobustan abidələrinə istinadən 440-dan çox söz oxumasıdır. Bundan əlavə, alim ilk milli xəritəni kəşf edib. O, sübut edib ki, Azərbaycan qədim və mükəmməl fonoqrafik əlifbanın vətənidir və dünya əlifbalarının çoxu qədim Azərbaycan əlifbasından iqtibasla yaradılıb. O cümlədən: Finikiya, Yunan-Latın, Hind, Slavyan-Kiril, Anqlo-saks, Alman, Etrusk-İber, Ərəb, Erməni, Mayya (Amerika) və başqa əlifbalar qədim Azərbaycan Gəmiqaya-Qobustan mənşəlidir. Alim sübut edib ki, ilk Azərbaycan (türk-oğuz) əlifbası-Ana əlifbamız 32 hərfdən ( 9 sait və 23 samit) səsdən ibarət olub. Məhz kəşf etdiyi bu əlifba sayəsində 440 sözü oxuyub.
Əjdər Fərzəlinin yuxarıda qeyd etdiyimiz misilsiz kəşflərindən biri də ilk milli xəritəmizdir. O, bu xəritəyə, əsasən, Aşina xaqanlığı haqqında geniş təsəvvür yaradır və ilk milli xəritə ilə müasir xəritənin müqayisəli təhlilini verir. Bundan əlavə, Əjdər Fərzəli “Pirəbədil” xalçasının şifrələrini ilk dəfə üzə çıxarmış 5 rəqəminin möcüzələrini vermiş və dünya xalqlarının folklorunda və bir sıra başqa abidələrdə təsvir olunan Buraq at-şimşək at hekayəsinin mənbəyini məhz Gəmiqaya – Qobustan abidələrindən götürüldüyünü sübut etmişdir.
Əjdər Fərzəli qeyd edir ki, Gəmiqaya–Qobustan mədəniyyəti Azərbaycanındır və bilavasitə Azərbaycan–Türk (oğuz) xalqına məxsusdur. Onun yaradılmasında və yaşadılmasında Azərbaycanın bugünkü sakinlərinin, ulu babalarının xidməti olub. Bundan əlavə, Gəmiqaya-Qobustan rəsmləri qədim Azərbaycan, qədim insan cəmiyyəti, o cəmiyyətin həyat-məişət əxlaq normaları, inam və adətləri, yaradıcılıq düşüncələri, elmi-mifik baxışları, insana və ətraf aləmə qayğılı münasibəti və s. haqqında geniş informasiya və bilik vermək imkanındadır.
Alim qayaüstü təsvirlərə əsasən musiqi alətlərini aşkara çıxarmış, beləliklə, musiqinin, muğamın beşiyinin məhz Azərbaycan olduğunu bir daha sübut etmişdir.
Elm faktlara əsaslanır. Əjdər Fərzəlinin silsilə “Gəmiqaya-Qobustan” monoqrafiyalarında irəli sürülən fikirləri, aparılan təhlillər, çıxardığı nəticələr bilavasitə faktlarla, qaya təsvirləri ilə təsdiq olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” 11 iyun 2007-ci il tarixli sərəncamında Qobustanı xalqımızın milli sərvəti, dünyada bu tipli abidələrin ən zəngini adlandırıb, bu abidələri qorumaq və daha dərindən tədqiq etmək üçün konkret tapşırıqlar verib.
Əjdər Fərzəli 2010-cu ildə nəşr olunan “Gəmiqaya-Qobustan mədəniyyətinin işığında” monoqrafiyasında bir ziyalı və Gəmiqaya-Qobustan rəsmlərinin tədqiqatçısı kimi, bu sərəncamdan irəli gələn tapşırıqların – vəzifələrin yerinə yetirilməsinin və Prezident Sərəncamının icrasının ləngiməsinin əsas səbəblərindən biri Gəmiqaya-Qobustan rəsmlərinin oxunması və elmi sirrinin açılması məsələsinin hələ də gündəmə gətirilməməsindən çox narahatlıq hissi keçirdiyini bildirir. Əjdər Fərzəli həmin monoqrafiyasında çox faydalı təkliflər irəli sürür və qeyd edir ki, son 200 ildə Qobustan dəfələrlə fəlakətlə üz-üzə , köməksiz qalıb. Yalnız 1969-cu ildə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Qobustan məhvdən xilas edilib.
2009-cu il aprelin 24-də Naxçıvan şəhərində “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan” beynəlxalq simpoziumu keçirilir. Simpoziumda Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın min illər ərzində keçmiş olduğu tarixi inkişaf mərhələləri geniş müzakirə olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, hörmətli Vasif Talıbov tədbiri giriş sözü ilə açaraq nəzərə çatdırır ki, Naxçıvanın tarixi bilavasitə Azərbaycanın tarixidir. Bu tarixi öyrənməyə, araşdırmağa, tarixi həqiqətləri aşkara çıxarmağa və dünyaya çatdırmağa bu gün daha böyük ehtiyac var.
Akademik İsa Həbibbəyli simpoziumda oxuduğu məruzəsində Əjdər Fərzəlinin tədqiqatlarına yüksək qiymət verərək, demişdi: “Əjdər Fərzəli çağdaş mərhələdə Gəmiqaya-Qobustan mədəniyyətinin əsas tədqiqatçısıdır”.
Əjdər Fərzəli bütün ömrünü elmi axtarışlara həsr edib. Uca Tanrı alimi xoş saatda yaradaraq, ona parlaq istedad , fenomenal yaddaş, bitib-tükənməyən səbir, iradə, yüksək daxili mədəniyyət, abır-həya və ən nəhayət bir körpə saflığı bəxş edib.
Bütün bu keyfiyyətlər bir şəxsiyyət bütövlüyünün göstəriciləridir. Əjdər Fərzəli, həm də çox gözəl ailə başçısı idi. O , sadiq həyat yoldaşı , nümunəvi valideyn, çox gözəl baba idi. Alimin bir qız övladı və iki oğlan nəvəsi var. Əjdər Fərzəli nəvələrini – Xaqan və Cavidanı hədsiz sevir , sanki onlarla nəfəs alırdı.
Əjdər Fərzəli 2011-ci il yanvarın 21-i soyuq qış gecəsində qəfil ölümün hədəfinə tuş gəldi. Alim doğulduğu Ağcabədi şəhərində torpağa tapşırıldı. O, əbədiyyətə qovuşdu. Həmin gün qəmli buludların donmuş göz yaşları bir anda alimin məzarını ağappaq, hələ yazılmamış dəftər kimi örtdü. Əjdər Fərzəlinin uzun illər öncə yazdığı şeir parçası indi onun məzar daşını bəzəyir :
Qış gələr, şairlərin
Məzarına qar yağar,
Yağar ağ-ağ zər kimi,
Ağ-ağ sətirlər kimi,
Ağ qafiyələr kimi...
Qış gələr, şairlərin
Məzarına qar yağar,
Yağar qəmli şeir tək,
Hey ahəstə-ahəstə....
Düşəndə məzar üstə
Özündən misralanar,
Özündən rədiflənər,
Özündən hecalanar....
Yağar yağdıqca o qar....
Həzin dastana dönər....
Şairlərin qəbri də
Qışda bir ağ cildli,
Kitab kimi görünər.
Ömrünü şərəf və namusla əsl şəxsiyyət kimi başa vuran Əjdər Fərzəlinin adı tarixdə, onu sevənlərin qəlbində əbədi yaşayacaq. Allah rəhmət eləsin!
Qeyd: Yazının hazırlanmasında göstərdiyi müstəsna köməyə görə Fətəliyeva Könül Əjdər qızına minnətdarlığımızı bildiririk.
Abbas Seyidov,
tarix elmləri doktoru, professor,
Mirələkbər Seyidov,
müstəqil araşdırıcı
08.11.2012
çap et