525.Az

Nuhçıxandan Naxçıvana - Isa Həbibbəyli yazır


 

Nuhçıxandan Naxçıvana - <b style="color:red"> Isa Həbibbəyli yazır</b>

Naxçıvan diyarı tarixin bütün dövrlərində Azərbaycanın ayrılmaz üzvü tərkib hissəsi olmuşdur. Ən qədim dövrlərdən karvan yollarının, Böyük İpək Yolunun üzərində, Şərqlə Qərbin çarpazlaşdığı bir nöqtədə yerləşməsi Naxçıvanı dünyaya tanıtmaqla bərabər, həm də bu diyarda şəhərsalma və ticarətlə yanaşı, elmin, sənətkarlığın, mədəniyyətin də inkişafına böyük təkan vermişdir. Naxçıvandan Şərqə: Təbriz-Həmədan-Məşhəd-Aşqabad marşrutu bu regiona türk-müsəlman dünyası sivilizasiyasının axınlarını, buradan Qərbə: İrəvan-Tiflis, Batum-Ərzurum Trabzon-İstanbul, yaxud Tiflis-Rostov-Moskva-Peterburq-Varşava yolları isə bura Avropa maarifçiliyini gətirmişdir. Şərqdən gələn türk-müsəlman təfəkkürü ilə Qərbdən daxil olan ticarət-maarifçi düşüncəsinin çarpazlaşması və üzvü sintezi Azərbaycanın bu diyarında millilik və dünyəvilik baxışlarının üstünlük qazanmasını təmin etmişdir. XII-XIII əsrlərdə isə Azərbaycan Atabəyləri dövlətinin paytaxtı kimi fəaliyyət göstərməsi isə bu regionda dövlətçilik təfəkkürünün formalaşdırılmasına ciddi təsir göstərmişdir. Bu, Azərbaycanın qədim karvan yollarının, Böyük İpək yolunun üzərində yerləşmiş digər bölgələri Bakı, Gəncə, Şamaxı və sair şəhərləri üçün də xarakterik idi. Beləliklə, millilik, dünyəvilik, dövlətçilik və maarifçilik üstündə köklənmiş Naxçıvanda Şərq-Qərb sənət ənənələrinin qovşağında yaradılmış böyük mədəniyyət meydana çıxmışdır. Dünya şöhrətli memar Əcəmi Naxçıvaninin XII əsrdə Azərbaycan qadınının şərəfinə Mömünəxatın adlı möhtəşəm abidə ucaltması Naxçıvanda formalaşmış özünəməxsus ictimai-mədəni ənənələrin nəticəsi idi. Eyni zamanda, Mömünəxatın məqbərəsində islam dəyərlərini əks etdirən müqəddəs kəlamların riyaziyyat, həndəsə elmlərinin əsasında müəyyən edilmiş simmetriya vasitəsilə ifadə olunması da dini dəyərlərlə elmi baxışların vəhdəti sayəsində mümkün ola bilmişdi. Yaxud Atabəylər dövründə Naxçıvanda fəaliyyət göstərən ali dini mədrəsədə dəqiq və təbiət elmlərinin də geniş tədris edilməsi buradakı dünyəvi yönlü inkişaf meyllərinin göstəricilərindəndir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqındakı 30 dekabr 2023-cü il tarixli Sərəncamı"nda öz əksini tapmış aşağıdakı fikirlər Naxçıvanın Azərbaycanın tərkib hissəsi olaraq tarixi mövqeyini siyasi cəhətdən qiymətləndirən obyektiv reallıqların ifadəsidir: "Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri-Elgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görüşünə xüsusi rəng qatır".

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamında Naxçıvanın sivilizasiyanın inkişafındakı roluna da diqqət verilmişdir. Həqiqətən də aparılan tədqiqatlar sübut edir ki, Naxçıvan bəşər sivilizasiyasının ilk məskənlərindən biridir. Naxçıvan Dünya tufanı hadisəsinə şahidlik edən coğrafi məkandır. Kiçik Qafqaz dağları silsiləsinin 3906 metrlik ən uca nöqtəsi olan Qapıcıq zirvəsi həzrəti Nuh peyğəmbərin əfsanəvi gəmisinə torpağa enmək üçün açılmış ilk qapıdır. Dünya mifologiyasında Türkiyə ərazisindəki Ağrı dağı, Suriya sərhəddindəki Cüdü dağı kimi, Naxçıvandakı Gəmiqaya da ilkin sivilizasiyanın nişanələrindən biri kimi qəbul olunur. Bu mənada Qapıcıq zirvəsindəki Gəmiqayadan qaynayıb çıxan Baca bulağı sanki insanlığı Dünya tufanından xilas etmiş Nuh peyğəmbərin şərəfinə qaldırılmış həyat piyaləsinə bənzəyir. Gəmiqaya ətəklərdəki Haçadağ-İlandağ isə Nuh peyğəmbərin Dünya tufanının başa çatdığını və bəşəriyyətin yeni həyatının başlandığını elan etdiyi möhtəşəm xitabət kürsüsü - İlan dağı təəssüratı yaradır.

Gəmiqayanın yüksək ətəklərindəki Nəbi yurdu (Nəbi-peyğəmbər deməkdir - İ.H.) - Nuh Nəbi yurdu, Naxçıvan şəhəri ətrafındakı Nuhdaban yaşayış yeri Dünya tufanından sonra artıq burada ilkin məskunlaşmasının başlanmasından xəbər verir. Bu isə Naxçıvanın təkallahlıq dini olan tanrıçılığın da əsas məskənlərindən biri olduğunu göstərir. Sonralar tenqriçilik-tanrıçılıqla islam dininin əsaslandığı təkallahlıq bir-birini tamamladığı üçün Naxçıvandakı Əshabi-Kəf ziyarətgahı müsəlman dünyasının müqəddəs ziyarət yerlərindən biri kimi tanınmışdır. Naxçıvandakı Duzdağ mədənlərindən tapılmış daş baltalar və çapacaqlar da bu regionda daş dövründən başlayan istehsal münasibətlərini nəzərə çatdırır.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi bu qədim diyarın Azərbaycana və dünyaya bəxş etdiyi görkəmli tarixi şəxsiyyətlər haqqında da söz açmaq üçün əsas verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında"kı Sərəncamda da "Naxçıvanın əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verməsi" xüsusi olaraq qeyd edilmişdir. Böyük İpək Yolunun üzərində yerləşdiyi üçün Şərqin və Qərbin təhsil mərkəzlərinə yaxın olması, yerli təhsil sistemində isə dini və dünyəvi elmlərin birgə öyrədilməsinə xüsusi diqqət yetirilməsi Naxçıvandan görkəmli siyasət, elm və mədəniyyət xadimlərinin çıxmasını təmin etmişdir. Qədim dövr və orta əsrlərdə Naxçıvanda yetişib-formalaşmış adlı-sanlı ictimai-siyasi xadimlər, tanınmış elm və ədəbiyyat nümayəndələri Azərbaycanın dünyada nüfuzlu bir ölkə kimi tanınmasına xidmət göstərmişlər. Məlum olduğu kimi, türk-müsəlman dünyası miqyasında geniş yayılmış hərəkata çevrilmiş Fəzlullah Nəimi həyatının böyük bir dövrünü Naxçıvanda yaşamışdır. Elxanilər hakimiyyətinin vəziri olmuş görkəmli elm xadimi, "Darüş-Şəfa" Akademiyasının banisi Nəsirəddin Tusinin də ata nəsli Ordubaddandır. Nəsirəddin Tusi Azərbaycan elm tarixində ən universal zəkadır, Azərbaycanın Aristotelidir. Soyadından göründüyü kimi, I Şah Abbasın baş vəziri kimi tanınmış Hatəm bəy Ordubad isə dövlətçilik və ədəbiyyat sahələrində məsuliyyətlə xidmət etmişdir. Mənbələrdə Hatəm bəy Ordubadinin dövlətçilikdə göstərdiyi sədaqətə və bacarığa görə Şah Abbasın Ordubad bölgəsinin əhalisini vergidən azad etməsinə dair məlumatlar vardır. "Bütün elmlərdə və fənlərdə dalğalı dənizə və yağışlı buluda" bənzədilən Nəcməddin Naxçıvani (XIII əsr), tibb sahəsində məşhur olmuş Kəmaləddin Naxçıvani (XIII əsr), görkəmli ədəbiyyatşünas Fəxrəddin ibn Hinduşah Naxçıvani (XIV əsr), məşhur filosof Baba Nemətullah Naxçıvani (XV əsr), dövrünün məşhur Xəttatı Xacə Ətiq Ordubadi (XVI əsr), tanınmış salnaməçi Məhəmməd İbrahim Nəsiri (XVII əsr), təbabət elmində xüsusi xidmətləri olmuş İbrahim Zeynəddin Naxçıvani (XVII əsr) Azərbaycan elmini və ədəbi-ictimai fikrini yüksək səviyyədə təmsil etmiş, xalqımızın və ölkəmizin adını uca tutmuşlar.

Azərbaycanın görkəmli maarifçi ziyalıları və ədibləri sferalarında da Naxçıvan torpağının yetirmələri olan böyük simalar: Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Məmmədqulu bəy Kəngərli, Mirzə Əbülqasım Sultanov və başqaları yeni məktəb, milli mətbuat, böyük ədəbiyyat uğrunda mübarizə aparmışlar. Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı nəinki Qafqazda məşhur olmuş, Rusiyada və Avropada, İranda və Orta Asiyada, hətta Hindistanda da böyük əks-səda doğurmuşdur. Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuşdur. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından olan Hüseyn Cavidin dram əsərləri ölkəmizdə teatr mədəniyyətinin inkişaf etdirilməsinə mühüm rol oynamışdır. Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Yusif Məmmədəliyev dünyada neft kimyası elminin əsas yaradıcılarından biri kimi qəbul olunur. Azərbaycançılıq vətənə, xalqa və dövlətə sədaqət, ölkə dəyərlərini qorumaq və yaşatmaq bu görkəmli elm və ədəbiyyat xadimlərini səciyyələndirən əsas xüsusiyyətlərdir. Harada doğulub yaşamasından asılı olmayaraq, onlar Azərbaycan adlı müqəddəs Vətənə və azərbaycançılıq idealına xidmət etməyin nümunəsini göstərmişlər. Sovet hakimiyyəti illərində bu diyardan çıxmış İslam Səfərli, Məmməd Araz, Hüseyn İbrahimov, Müzəffər Nəsirli, Əlyar Yusifli, Kəmalə və başqaları kimi tanınmış şair və yazıçılar Azərbaycan ədəbiyyatının daha da zənginləşdirilməsi və inkişaf etdirilməsi yollarında şərəflə xidmət göstərmişlər. Hazırda Naxçıvan Yazıçılar Birliyinin, muxtar respublika Bəstəkarlar və Rəssamlar ittifaqlarının ətrafında birləşmiş tanınmış yaradıcı qüvvələr qədim diyarda klassik sənət və ədəbiyyat ənənələrinu uğurla davam etdirir, yeni tarixi epoxanı vəsf edən əsərlər yaradırlar.

Coğrafi cəhətdən çətin və mürəkkəb bir ərazidə yerləşən Naxçıvan tarixin müxtəlif dövrlərində böyük müharibələrin, köçürmələrin, dağıntıların, təzyiqlərin şahidi olmuşdur. Qədim türk-oğuz yurdu olan bu diyar müxtəlif əsrlərdə haqsız-əsassız ərazi iddiaları ilə üz-üzə qalmışdır. Belə məqamlarda bir neçə xarici ölkənin qonşusu olan Naxçıvan əhalisini birlik, həmrəylik və vətənpərvərlik xilas etmişdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında"kı Sərəncamında da məsələnin bu cəhəti xüsusi olaraq qeyd edilmişdir: "Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvan vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir". Tarixin belə sınaq dərslərindən bir neçəsi xüsusilə ibrətamiz, əhəmiyyətli və taleyüklü olması ilə səciyyələnir. Məsələn, XVIII əsrin II yarısında Naxçıvan xanlığına rəhbərlik edən Kolbalı xan Naxçıvanski mürəkkəb ictimai-siyasi vəziyyətdə İranla Rusiya arasında ortaq bir mövqe tutaraq Azərbaycanın bu bölgəsinin işğal edilməsi təhlükəsini aradan qaldırmışdır. Daha bir ciddi sınaq XX əsrin əvvəllərində meydana çıxmışdır. Məlum olduğu kimi, Sovet bolşevik Rusiyası Naxçıvanı Ermənistana vermək üçün müxtəlif siyasi oyunları həyata keçirmişdir. Qərbi Zəngəzurun işğal edilib Ermənistan ərazisinə qatılması Azərbaycanın Türkiyə ilə əlaqələrinin kəsilməsinə xidmət etməkdən başqa, həm də Naxçıvanı Azərbaycanın əsas ərazisindən aralı salmaqla, tədricən bu regionu Ermənistana vermək məqsədi daşımışdır. Bolşeviklərin Azərbaycanı işğal etdikdən sonra 1920-ci ilin iyul ayında bu diyarın ayrıca, müstəqil dövlət subyekti olaraq Naxçıvan Sovet Sosialist Respublikası kimi elan etmələrinin də arxasında Kremlin Ermənistana yönəlik maraqları dayanırdı. Təəssüf ki, o zaman mərkəzin siyasi konyukturasının, məkrli erməni oyunlarının əsl mahiyyətinə lazımi diqqət yetirməyən bəzi Azərbaycan bolşevikləri də sovet dövlətinin irəli sürdüyü süni, zahiri beynəlmiləlçilik tezislərinə aldanaraq, Naxçıvanın Ermənistan Sovet Respublikasının ərazisinə qatılmasına etinasız yanaşmışlar. Belə çətin məqamda Azərbaycan Sovet Respublikasının ədliyyə naziri vəzifəsində çalışan Behbud ağa Şahtaxtinskinin rəsmi vəzifə daşımasına baxmayaraq, icazə almadan Naxçıvana gələrək, yerli əhali arasında həmin qərarla razılaşmamaq və referendum keçirilməsi təklifi ilə çıxış etmək ideyasının irəli sürülmələrinə nail olması Naxçıvan diyarının real təhlükədən xilas edilməsində həlledici rol oynamışdır. Yerli əhalinin təkidli tələbi ilə 1920-ci ilin yanvar ayında keçirilmiş həmin referendumda Naxçıvanın Azərbaycanın tərkibində qalması müddəası 90 faizlik səs qazanmışdır.

Nəhayət, 13 oktyabr 1921-ci il tarixdə Türkiyənin Qars şəhərində imzalanmış beynəlxalq statusa malik olan Qars Müqaviləsi ilə Naxçıvan Muxtariyyət statusu qazanmış, toxunulmazlıq əldə edə bilmişdir. Naxçıvanın Muxtar Respublikasının 9 fevral 1924-cü il tarixdə tamamlanan 100 illiyi Qars Müqaviləsinin təntənəsidir. Naxçıvan diyarının xilas edilməsinin muxtariyyat statusu qazanmasına siyasi-hüquqi təminat verən və zərurət yaranarsa, hətta Türkiyə tərəfindən hərbi müdaxilənin mümkünlüyünü qanuniləşdirən Kars müqaviləsində Türkiyəni təmsil edərək Kazım Qarabəkir paşa ilə yanaşı, Azərbaycan Sovet Respublikasının təmsilçisi Behbud ağa Şahtaxtlının imzaları vardır. Naxçıvan Muxtar Respublikası üçün növbəti dəfə Ermənistan ərazisinə qatılmaq təhlükəsi XX əsrin əllinci illərinin ikinci yarısında meydana çıxmışdır. Bu zaman Kremldə yüksək mövqe tutan Anastas Mikoyan SSRİ-nin rəhbəri Nikita Xruşovu Naxçıvanı Ermənistan ərazisinə qatmaq barədə razı salmışdı. Həmin dövrdə vətənpərvər ziyalı, Azərbaycan Dövlət Universitetinin müəllimi Abbas Zamanov Bakı şəhərində keçirilən mötəbər iclaslardan birində cəsarətlə bu məsələlərini səsləndirmiş və özünün kəskin etirazını bildirmişdir. Kommunist Partiyası sıralarından çıxarılan və universitetin müəllimi vəzifəsindən azad edilən Abbas Zamanovun etirazı dalğa-dalğa Sovet İttifaqına yayıldığı üçün Kreml rəhbərləri mövqelərindən əl çəkməli olmuşdular. Yeri gəlmişkən deyək ki, görkəmli dövlət xadimi Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Abbas Zamanovu Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinə direktor təyin etmiş, ona Əməkdar elm xadimi fəxri adı vermişdir. Professor Abbas Zamanov da öz növbəsində Ulu öndər Moskvadan Azərbaycana gəldikdə Bakıdan Naxçıvana səfər edərək Azərbaycanın böyük oğlunu ata ocağında ziyarət etmişdir.

Zaman XX əsrin 80-ci illərin sonu və 90-cı illərin əvvəlində Naxçıvan Muxtar Respublikasının yenidən taleyüklü sınağa çəkmişdir. SSRİ-nin dağılmağa doğru getməsi fürsətindən istifadə edən Ermənistan Kremldə ermənilərlə əhatə olunmuş Mixail Qarbaçovla münasibətlərindən istifadə edərək, Qarabağı işğal etməklə bərabər, həm də Naxçıvana qarşı ərazi iddialarını yenidən gündəmə gətirmişlər. Əsas ərazisi üç tərəfdən Ermənistanla sərhəd olan Naxçıvana erməni-rus hərbçilərinin birgə hücumları Naxçıvanı itirilmək təhlükəsi qarşısında qoymuşdur. Azərbaycan hakimiyyətinin barışdırıcı, seyrçi və laqeyd münasibəti Qarabağda olduğu kimi, Naxçıvanda da ağır və mürəkkəb hərbi-siyasi vəziyyət yaratmışdır. Bu zaman SSRİ rəhbərliyindən istefa verməyə məcbur edilmiş, eyni zamanda Azərbaycan rəhbərliyi tərəfindən Bakı şəhərində yaşamasına icazə verilməmiş görkəmli dövlət xadimi Heydər Əliyevin taleyin hökmü ilə Naxçıvana gəlməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etməsi muxtar respublikasının erməni işğalından xilas edilməsində həlledici addım olmuşdur. Bundan əvvəl, 1990-cı ilin yanvar ayında Bakı şəhərində sovet rəhbərliyi tərəfindən törədilmiş qırğınlara və ilk şəhidlərin verilməsi ilə nəticələnən Sədərək ərazisinə silahlı hücumlara etiraz əlaməti olaraq Naxçıvan Muxtar Respublikası Ali Sovetinin SSRİ-nin tərkibindən çıxmaq haqqında qəbul etdiyi sərt tarixi qərardan narazı qalan SSRİ rəhbərliyi Naxçıvanı Azərbaycandan təcrid edərək, blokada vəziyyətinə salmaqla regionda vəziyyəti kəskinləşdirmişdir. Dünya miqyasında böyük nüfuza və zəngin təcrübəyə malik olan görkəmli dövlət xadimi kimi qəbul edilən Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi həyata keçirdiyi qətiyyətli və düşünülmüş tədbirlər Kremlin və Ermənistanın niyyətlərinin qarşısını almışdır. Ümummilli lider Heydər Əliyevin qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə yaratdığı əlaqələr, Beynəlxalq statusa malik Qars Müqaviləsinin müddəalarını beynəlxalq ictimai mühitin gündəminə gətirilməsi, sovet ordusu hissələrinin Naxçıvandan dinc yolla çıxarılması və muxtar respublikada Dövlət Müdafiə Komitəsinin yaradılması, ən başlıcası isə xalqın dahi şəxsiyyətə bəslədiyi sarsılmaz inam Naxçıvanı erməni işğalından xilas etdi. Azərbaycan xalqına şərəflə və yüksək ləyaqətlə xidmət etmiş, respublikamızı bütün sahələr üzrə inkişaf etdirmiş, xalqımızı dünyaya tanıtmış Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı ən böyük tarixi xidmətlərindən biri də XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını Ermənistanın işğalı təhlükəsindən xilas etməsindən ibarətdir. Bununla Ulu öndər Ermənistanın XIX əsrin əvvəllərindən davam edən Naxçıvanı dair iki yüz illik işğalçılıq planlarına son qoymuşdur. Heydər Əliyevin Naxçıvanın erməni işğalı təhlükəsindən xilas etməsi nəticə etibarı ilə həm də Azərbaycan Respublikasının bu regionda ərazi bütövlüyünün qorunub saxlanılması demək idi. Ulu öndər Heydər Əliyev "tarixi nailiyyət" hesab etdiyi Naxçıvanın muxtariyyət statusunu da "buranı qoruyub saxlamaq... və Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılmasına xidmət edən böyük amil" kimi yüksək qiymətləndirmişdir. Azərbaycan rəhbərlərinin yarıtmaz, bacarıqsız, itaətkar fəaliyyətləri sayəsində Qarabağın işğal edilməsi fonunda Heydər Əliyevin həm SSRİ rəhbərliyi, həm də Azərbaycan hakimiyyətinin real təzyiqləri ilə üz-üzə qaldığı çətin və mürəkkəb şəraitdə Kreml tərəfindən hərbi dəstək alan Ermənistanın işğalçılıq planlarını dağıdaraq, Naxçıvan Muxtar Respublikasında nail olduğu Azərbaycanın ərazi bütövlüyü məsələsi əsl dövlətçilik və qəhrəmanlıq hadisəsidir. Sözün əsl mənasında görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının xilaskarıdır. Ümummilli lider xalqın tələbi ilə 1993-cü ildə müstəqil dövlətin rəhbəri seçildikdən sonra daha geniş miqyasda Azərbaycan xalqının və müstəqil dövlətimizin xilaskarı olmaq missiyasını da uğurla həyata keçirmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının  ərazi bütövlüyünün qorunub saxlanılması, Naxçıvana Muxtar Respublikası Ali Sovetinin deputatı kimi 17 noyabr 1990-cı ildə, hələ SSRİ-nin mövcud olduğu dövrdə ali qanunverici orqanın iclasında üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına dərin sədaqətinin əməli ifadəsi olan mühüm tarixi xidmətidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamındakı aşağıdakı sözlərdə də dahi rəhbərin müstəqil dövlətçilik uğrunda apardığı mübarizəsinin ən parlaq hadisələrindən biri olan üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi böyük tarixi hadisə kimi qiymətləndirilir. "Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanın müstəqilliyə sürətlə yaxınlaşdırmışdır".

Müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi də Heydər Əliyev ölkəmizin digər regionları kimi, Naxçıvanın da coğrafi şəraitini nəzərə almaqla, Muxtar Respublikaya daim yüksək diqqət və qayğı göstərmiş, bu ərazidə sosial-iqtisadi, hərbi-siyasi, elmi-mədəni inkişafa xüsusi diqqət yetirmişdir. Naxçıvanda ordu quruculuğunun inkişaf etdirilməsi, sərhədlərin möhkəmləndirilməsi, yeni sənaye sahələrinin yaradılması, iş yerlərinin açılması həmin tarixi dövrün mühüm hadisələridir. Həmin dövrdə regionda ziyalı potensialını gücləndirmək məqsədilə Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasının və kadr imkanlarının gücləndirilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması muxtar respublikanın hərtərəfli dinamik inkişafına xidmət edən xüsusi əhəmiyyətə malik olan tarixi addımlardır.

Bütövlükdə müstəqil Azərbaycan dövlətinin, o cümlədən də, Naxçıvan Muxtar Respublikasının inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni və geniş üfüqlər açmışdır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə hərtərəfli şəkildə inkişaf etmiş bir diyara çevrilmişdir. Hazırda Naxçıvanda sosial-iqtisadi sahədə aparılan geniş miqyaslı islahatlar, uğurla həyata keçirilməkdə olan böyük infrastrukturun layihələri, hərbi quruculuq sahəsində atılan mühüm addımlar muxtar respublikanın müasir dövrdəki inkişafının yeni simasını müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" imzaladığı 5 iyun 2023-cü il tarixli Sərəncam Azərbaycanın bu diyarında da yeni tarixi dövrün başlanılmasına real təminat verir. Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması, Bakı-Tbilisi-Qars Dəmir Yolunun Naxçıvan qovşağının salınması, Muxtar Respublikaya Türkiyə ərazisindən yeni mavi qaz xəttinin çəkilməsi, regionda yaşıl enerji sektorunun formalaşdırılması və genişləndirilməsi muxtar respublikanın yeni tarixi inkişaf mərhələsinin yaxın dövr ərzində gərçəkləşdiriləcək reallıqlarıdır.

Naxçıvan Dövlət Universitetinin bazasında Azərbaycanda ən müasir və geniş ali məktəb kompleksinin yaradılması və inkişaf etdirilməsi regiondakı yeniləşmə hərəkətinin yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasına öz töhfələrini verməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi də öz növbəsində muxtar Respublikada elmi mühitin, ziyalı potensiallarının inkişafına uğurla xidmət etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabr 2023-cü il tarixdə Naxçıvana birgə səfərləri zamanı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan Dəmir Yolu layihəsinə dair niyyət protokolunun imzalanması" isə muxtar respublikanın orta dəhliz nəqliyyat magistralının əsas tranzit qovşaqlarından birinə çevrilməsini təmin edəcəkdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğrunda qətiyyətlə mübarizə apardığı Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanda daha böyük inkişaf üçün geniş üfüqlərin açılacağından xəbər verir. Bununla 20 sentyabr 2023-cü il tarixdə 1 günlük hərbi əməliyyat nəticəsində Azərbaycanın tam ərazi bütövlüyünü təmin etmiş Prezident İlham Əliyev Dəmir Yumruğu ilə Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvan Muxtar Respublikasının çoxillik blokada şəraitindən çıxarıb, dəmir relsərlə ana Vətənə qovuşduracaqdır. Bu mənada İlham Əliyevin dəmir iradəsi ilə ən yaxın dövrdə Azərbaycanın Türkiyə və Avropaya açılan qapısı olan Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı üçün həlledici faktora malik əhəmiyyətli hadisə olacaqdır. İnkişafın indiki mərhələsində Naxçıvan Muxtar Respublikasının yeni rəhbərliyi Azərbaycan dövlətinin Naxçıvan regionunda nəzərdə tutduğu bütün proqramların və layihələrin vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin etməklə yeni inkişafa yüksək səviyyədə nail olur.

Beləliklə, Azərbaycanın ayrılmaz parçası olan bu diyarda Yeni Naxçıvanın qurulması prosesi uğurla davam etdirilir.

Bütün bunlar, təşəkkül və inkişaf prosesləri Naxçıvan Muxtar Respublikasının bir əsrlik keşməkeşli və şərəfli yolunun mühüm hesabatı olmaqla bərabər, həm də regionda böyük bir yeni tarixi dövrün başlanmasına start verilməsi deməkdir. Bütövlükdə Azərbaycan xalqı, o cümlədən, Naxçıvan Muxtar Respublikasının əhalisi 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar seçkilərdə nümayiş etdirdiyi möhtəşəm Birlik və Mütəşəkkillik daha böyük gələcəyə doğru yeni marafonda da özünün qüdrətli lideri Prezident İlham Əliyevlə birlikdə olacağını nümayiş etdirmişdir.

Bir sözlə, "qışı qarlı, yazı barlı" Naxçıvan Muxtar Respublikası 100 illik yubileyini müstəqil Azərbaycan dövlətinin və muxtar diyarın yeni Baharı ilə qarşılayır.

Neçə belə illərə, doğma Naxçıvan!

Bayramımız mübarək olsun!

 





09.02.2024    çap et  çap et