525.Az

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - Telman Orucov yazır


 

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

Oktavian isə öz çadırını tərk etdikdən sonra bir qədər ətrafda gəzişib, hələ qaranlıqda gəmilərinin yanına getdi və yolda eşşəyi qovan adamla qarşılaşdı və ondan adını soruşduqda. bu adam cavab verdi ki, onun adı "Uğurlu"dur, eşşəyin adı isə "Qalib"dir. Sonralar Oktavian qalib gəldiyi yerdə gəmilərinin burnunun rəmzini və onlar arasında bu adamın və onun eşşəyinin tuncdan heykəlini qoydurdu. O, donanmasının qalan hissəsini də yoxladıqdan sonra sağ cinaha yollanmaq üçün qayığına oturub getdi və düşmənin gəmilərinin qarşıda hələ lövbərdə dayandığını gördü. Günorta vaxtı dənizdən meh əsdi və Antoninin adamları düşməni belə uzun müddət gözləməkdən yorulub, özlərinin iri və hündür gəmilərində irəliləməyə başladılar. Oktavian onların hərəkətə gəlməsindən olduqca sevindi və əmr etdi ki, onun öz sağ eskadrası geri çəkilsin, onun planı bundan ibarət idi ki, ətrafda, ancaq ətrafda üzmək lazımdır ki, onun yüngül və yaxşı idarə olunan qaleraları düşmənin nəhəng gəmilərinə hücum edə bilsin. Antoninin gəmilərinin ölçüsü və adamların azlığı gəmilərin ləng hərəkət etməsinə səbəb olurdu və onlar çətin idarə olunurdu. Antoninin gəmiləri onların iri korpusuna görə sürətlə hərəkət edə bilmədiyindən səmərəli zərbə vura bilmirdi, digər tərəfdən Oktavian Antoninin gəmiləri ilə toqquşmağa cəsarət etmirdi, çünki onun gəmiləri möhkəm kütləyə malik idi və mislə örtülmüşdü. Bu gəmilər həm də dəmir boltlarla birləşdirilmiş iri taxtalardan qayrılmışdı və Oktavianın gəmilərinin burnunu asanlıqla dağıda bilərdi. Buna görə də dəniz döyüşü quruda gedən döyüşə bənzəyirdi, hücum və müdafiə, istehkam qurulmuş, möhkəmləndirilmiş yerdə aparılırdı. Ona görə də Oktavianın üç-dörd gəmisi Antoninin bir gəmisinə mızraq, cürbəcür od vasitələrini atmaqla onu sıxışdırırdı. Antoninin adamları isə katapultdan istifadə edirdilər. Oktavianın mahir sərkərdəsi Mark Aqrippa öz komandanlığı altında olan eskadra ilə düşməninin flanqının böyründən ötüb-keçdi, digər sərkərdə onun hərəkətini müşahidə etməli, Aqrippa bunu həyata keçirdikdə və bir həyəcan doğuran hadisə baş versə, flanqla düşmənin orta eskadrasının əlaqəsini kəsməli idi. Xoşbəxtlikdən, bu gün elə bir həlledici hadisə baş vermirdi, döyüş bərabər gedirdi, lakin qəflətən Kleopatra özünün qalan altmış gəmisininin yelkənlərini qaldırtdırıb dənizdə üzərək qaçmağa başladı və bu vaxt o, mövqe tutmuş gəmilərin arasından keçib-gedirdi. Onlar arxada iri gəmiləri yerləşdirmişdilər və bu sıra pozulduqda hər şey qatmaqarışıq düşdü. Düşmən onların üzüb uzaqlaşdığını gördükdə heyrətə gəlmişdi. Arxadan əsən külək isə həmin gəmiləri Peloponnes yarımadasına tərəf qovurdu. Bu vaxt Antoni bütün dünyaya göstərdi ki, öz ağlı və hərəkətləri ilə bundan sonra heç də özünü komandan və ya adi bir adam kimi apara bilməyəcəkdir. Bu vaxt ikinci, daha gözlənilməz və birbaşa bədbəxtliyə aparan hadisə baş verdi. O, bir daha bu həqiqəti təsdiq etdi ki, onun bədənində aşiq ruhu yaşayır, bu ruh hər şeyi, hətta onun ağlını da məhv etməyə, kor qoymağa qadirdir. Onun dünyasının ən böyük ölçüsü bu gözəl qadından, Kleopatradan ibarət olduğuna görə, Antoni onsuz özü üçün həyatın mümkün olmayacağı qənaətinə gəlmişdi. Elə bil ki, bu qadının uzaqlaşması və ya ondan ayrılması həyat günəşinin sönməsi demək idi. Qoca adamın ölümündən daha təbii bir şey olmadığı kimi, bu ad-sanlı sərkərdə üçün isə varlıq yalnız Kleopatra ilə bir yerdə olduqda təbii hal kimi görünürdü və onsuz gecən günləri o, təbiətin ona qarşı ən böyük ədalətsizliyi və cəzası hesab edirdi. Elə bil ki, o, bu qadının bir hissəsi kimi doğulmuşdu, qadın uzaqlaşdıqda hissə onunla bir yerdə deyilsə, məhv olmuş kimi görünürdü. Ona görə də bu aşiq onunla bir yerdə buranı tərk etməli, getməli idi. Bu səbəbdən Antoni Kleopatranın gəmisinin üzüb uzaqlaşmasını görəndə, onun üçün vuruşan və öz həyatını ona həsr edən adamların hamısını taleyin ümidinə ataraq, tərk etdi, bir qaleranın göyərtəsinə oturaraq, Kleopatranın arxasınca yollandı. Beləliklə, onun darmadağın olunması başlandı və bütünlükdə sonunun başlanğıcı qoyuldu. Onun könlündəki aşiqlik hərarəti hər şeyi yandırıb sıradan çıxardı, onun ağlını almaqla böyük bir ordunun düşmənə təslim olmasına və özünün biabırçı məğlubiyyətinə şərait yaratdı. Hər şeyə qalib gələn məhəbbət onun əlindən təkcə dəniz döyüşündəki qələbəni deyil, həm də çox güman ki, böyük bir dünya dövlətinin hökmranlığını çıxardı. Hannibal iradəsizlik göstərib, Romaya hücum etmədi və gecikdi, sonra isə özünün və ölkəsinin məhvinə səbəb oldu, Antoni isə bir andaca ağılsız qərara gələrək döyüş səhnəsini tərk edən məşuqəsinin arxasınca yollandı və beləliklə, onun şərəfli həyat səhnəsinin pərdəsi birdəfəlik salındı. Aktsidə uzaqlaşan Kleopatra ilə onun arxasınca üzən Antoninin gəmisi arasındakı məsafə iki sevgilinin vur-tut birillik ömrünə, Oktavianın isə üç ildən sonra təltif edildiyi və qəbul etdiyi Avqust adı altında Roma imperiyasına 45 il müddətində hökmranlıq etməsinə bərabər oldu.

Fransız filosofu Blez Paskalın yazdığı kimi, Kleopatranın burnunun ucu bir az gödək olsaydı, indi dünyanın sifəti başqa cür görünərdi. 55 yaşlı Antoni isə özünü, eşqə düşmüş yeniyetmə kimi dəlisov, daha doğrusu, səfeh kimi aparmasaydı, dünya, yəqin ki, başqa bir inkişaf yolunu tuta bilərdi, ən azı, Qərblə Şərqin yaxınlığı, təması və bir-birinə nüfuz etməsi daha güclü ola bilərdi. Lakin tarix feilin lazım formasını sevmədiyindən, baş vermiş hadisələri sonradan dəyişmək, onları olduğundan fərqli fərziyyələndirmək və bu əsasda gecikmiş, vaxtı ötmüş fantastik planlar cızmaq sadəlövhlükdür, ağılsızlıqdır. Yüz qırx gəmisi yanan, öz taleyi və ölkəsi üçün qorxu hissi keçirən Kleopatranın, hətta əvvəlcədən də qaçmaq qərarına gəlməsinə haqq qazandırmaq mümkün olmasa da, buna izah tapmaq olar. Ancaq böyük təcrübəyə malik olan sərkərdənin döyüşü atıb, öz məşuqəsinin arxasınca qaçmasını heç nə ilə izah etmək mümkün deyil, əgər bu məşuqə əsir düşsəydi, düşmənin əlinə keçsəydi, yenə məhəbbət naminə Antoninin bu addımına müəyyən rəng vermək olardı. Məşuqəsinin arxasına düşüb, böyük dəniz qüvvələrini, habelə quru qoşunlarını başsız qoymaq, bədbəxtlik girdabına sürükləmək, təkcə biabırçı bir addım olmayıb, onun yolunda həlak olanlara qarşı ən dəhşətli xəyanət, əfv edilməsi mümkün olmayan ağır cinayət idi.

Kleopatra məşuqunun onun arxasınca gəldiyini başa düşdükdə, ona siqnal verdi ki, çariçanın gəmisinin göyərtəsinə keçsin. Gəlib çatan kimi Antoni qadının gəmisinə qalxdı. Lakin məşuqəsini görmədən o, irəli gedib, heç bir söz demədən gəminin burnunda təkcə oturdu və başını əllərinin arasına alıb, düşünməyə başladı. Bu vaxt onu təqib edən Oktavianın bir neçə gəmisi göründü. Antoni gəminin burnundan durub, onların birindən soruşdu ki, onu təqib edən kimdir? Həmin adam cavab verdi ki, "mən Lacarın oğlu Evrikləm və atamın ölümünə görə silahla intiqam almaq istəyirəm". Lacar vaxtilə soyğunçuluq üstündə ittiham edilmiş və Antoninin göstərişi ilə onun boynu vurulmuşdu. Lakin Evrikl Antoniyə hücum edə bilmədi və bütün gücü ilə digər admiral qalerasına həmlə etdi. Evrikl üzüb gedəndən sonra Antoni öz əvvəlki vəziyyətinə qayıtdı və sakitcə oturdu. Üç gün o, Kleopatraya qarşı hirsinə görə, yaxud da onu məzəmmət etmək üçün bu vəziyyətdə qaldı, axırda isə onlar Tenarusa gəlib çıxdılar. Bu vaxt onun bir neçə dostu və yük gəmiləri onun yanına gəlməyə başladı, onlar onun darmadağın edilmiş donanması barədə xəbər gətirdilər. Lakin onların gümanına görə. piyada qoşunları əvvəlki yerlərində möhkəm dayanmışdı. Antoni Kanidiyə xəbər göndərdi ki, ordusu ilə birlikdə sürətlə Makedoniyadan keçib, Asiyaya girsin, özü isə planlaşdırdı ki, Tenarusdan Afrikaya keçsin. Bunun üçün o, özünün böyük məbləğdə pul və böyük dəyərdə olan qızıl və gümüş doldurulmuş qablar olan bir ticarət gəmisini öz dostlarına verdi ki, həm özünün təhlükəsizliyini sübut etsin və həm də onları pay sahibi kimi öz işlərinə cəlb etsin. Bu qızıl və gümüş çar sarayının kolleksiyasına məxsus idi. Dostları onun bu mərhəmətindən göz yaşları ilə imtina etdilər. O, dostları ilə çox mehriban davranırdı və xahiş etdi ki, onu tərk etsinlər.

Lakin döyüş səhnəsində gedən böyük işlərin yanında bunlar əhəmiyyətsiz tədbirlər idi və dağılmış binanın fasadını kosmetik təmir etmək cəhdinə bənzəyirdi. Aktsidə isə Antoninin donanması Oktaviana xeyli müqavimət göstərdikdən və ağır dəniz təlatümünün vurduğu çoxlu ziyandan sonra günorta vaxtı artıq vuruşmaqdan imtina edərək, həmin yerdən uzaqlaşmağa başladı. Donanmanın itkisi öldürülmüş beş min adamdan və Oktavianın özünün dediyi kimi, ələ keçirdikləri üç yüz gəmidən ibarət idi. Ancaq çox az adam Antoninin qaçmağını bilirdi. Bu xəbəri eşidən adamlar da ilk dəfə bunu mümkün olmayan bir şey kimi qəbul edir, heç cür inana bilmirdilər. Axı bu generalın sahildə bütöv on doqquz legionu və on iki min nəfərlik süvari dəstəsi var idi. Axı sərkərdə belə bir qüvvəni atıb qaça bilməzdi. Həm də o, dəfələrlə xeyirli və bəd bəxti sınaqdan çıxarmışdı, keçirdiyi yüzlərlə müharibədə və döyüşdə vəziyyətin dəyişilməsinə öyrənmişdi. Onun əsgərləri isə öz arzularından və gözlədiklərindən imtina etmirdilər və öz aləmlərində güman edirdilər ki, fəaliyyəti ilə o, böyük zəkasını göstərəcək. Bundan başqa, onlar özlərini bütünlüklə əmin etmişdilər ki, o, ciddi bir məsələyə görə qaçmışdır və onlar yeddi gün təxəyyüllə yaşadılar, bu vaxt hətta Oktavianın onlara xəbər göndərməsi barədə də heç bir təsəvvürə malik deyildilər. Lakin nəhayət, onlara komandanlıq edən Kanidinin gecə düşərgədən qaçdığını və bütün zabitlərin onları tərk etdiyini gördükdə, onlar da öz yollarını tapdılar və özlərini qalibə təslim etdilər.

Oktavian təkcə Aktsidəki qələbəsi ilə deyil, bu uğuru müşayiət edən və Antoniyə bədbəxtlik gətirən digər hadisələrə də sevinə bilərdi. Antoni İudeya çarı İrodun bir neçə legion və kaqorta ilə birlikdə Oktavianın tərəfinə keçməsi xəbərini aldı, digər çarlar və şahzadələr də bu qaydada ondan qaçırdılar. İndi Misirdən başqa Antoniyə heç nə qalmamışdı. Lakin bunların hamısı elə bil ki, heç də onu narahat etmirdi. Timoneum adlanan yaşayış yerini tərk edən kimi o, Kleopatra tərəfindən sarayda qəbul edildi və bütün Aleksandriya yenidən qonaqlıqlar, eyş-işrət və hədiyyələr yoluna düşdü. Yuli Sezarla Kleopatranın oğlu olan Sezarion bir gənc kimi qeyd olundu, Antoninin Fulviyadan olan oğlu Antill isə al rəngdə olan xələt aldı. Bunların şərəfinə bütün Aleksandriya şəhəri bayram edirdi və bir neçə günü yeyib içməkdə keçirdi. Onlar özləri "müstəsna qurmanlar" cəmiyyətini dağıdıb, onun yerinə yenisini yaratdılar. Bu dəbdəbəsinin, əhəmiyyətinə görə əvvəlkindən heç də aşağı olmayan cəmiyyət - "Birlikdə ölənlərin" cəmiyyəti adlandı. Bu cəmiyyətin üzvlərinin hamısı Antoni ilə Kleopatraya sədaqət naminə, onlarla birlikdə öləcəklərini söyləyirdilər, hazırkı dövrü isə ancaq şənliklərdə və mütəmadi olaraq davam edən ziyafətlərdə keçirirdilər. Lakin Kleopatra müxtəlif zəhərli maddələr kolleksiyası düzəltməklə də məşğul idi. Buna diqqət yetirirdi ki, istifadə edilən vaxt bu maddələrdən hansı daha ağrısız olacaq. O, bu zəhərləri ölümə məhkum edilmiş adamların üzərində sınaqdan keçirirdi. Lakin tez təsir edən zəhərin daim kəskin ağrı verdiyini və az ağrılı zəhərin ləng təsir etdiyini öyrəndikdən sonra o, zəhərli heyvanları sınaqdan keçirməyə başladı və öz gözləri ilə bir həşəratın digərini necə çaldığını müşahidə edirdi. Bu, onun gündəlik məşğuliyyətinə çevrilmişdi və özünü azacıq onunla qane edirdi ki, heç bir şey çalmaqda asp - gürzə ilanı ilə müqayisə edilə bilməz. Bu ilan vuranda adam konvulsiya və iniltisiz ağır yuxuya dalır, adamın üzündə kiçik tər damcıları əmələ gəlir, hisslər itir, xəstə heç bir ağrı hiss etmir.

 (Ardı var)

 

 





12.02.2024    çap et  çap et