525.Az

Hər şeyin təzəsi


 

AZƏRBAYCANDA BANKLAR KÖHNƏ DOLLARLARI NİYƏ GÖTÜRMÜR?

Hər şeyin təzəsi<b style="color:red"></b>

Məlum olduğu kimi, son günlər bəzi banklar və valyutadəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əsginaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər. Səbəb kimi yeni əsginasların dövriyyədə olması göstərilir. Son vaxtlar vətəndaşlar tərəfindən belə şikayətlərin sayı çoxalıb.

 

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Amerika qanunvericiliyində əsginasların dövriyyəsilə bağlı qadağalar mövcud deyil. Yeni əsginaslar buraxıldıqca, Amerika Mərkəzi Bankı köhnələri dövriyyədən çıxarmadan əvəzləyir. Hətta vətəndaşların əlində 1920-1930-cu illərdə buraxılmış əsginaslar var ki, Amerika Mərkəzi Bankı onları qəbul edir. Yəni əsginasların dövriyyədə olma müddətilə bağlı məhdudiyyət yoxdur. Bu baxımdan, Azərbaycanda da köhnə dollarla bağlı eyni qaydalar tətbiq olunur. Onun sözlərinə görə, köhnə pul vahidləri dövriyyədən çıxarılmayıbsa, onun banklar tərəfindən qəbulunda məhdudiyyət ola bilməz. Bu, istər xarici, istərsə də yerli valyutaya aiddir: "Azərbaycanda yeni nişanlamalarla əsginaar dövriyyəyə buraxılıb. Yeni manatlıqlarla bərabər, köhnə manatlıqlar da dövriyyədədir. Mərkəzi Bank da açıqlama verdi ki, bu pul nişanları məhdudiyyətsiz olaraq dövriyyədədir. O cümlədən, Azərbaycanda fəaliyyət göstərən banklar da, dövriyyəsinə məhdudiyyət qoyulmayan pul əsginaslarının qəbulunda problem yaratmamalıdırlar".

Ekspert qeyd edib ki, bəzi hallarda Amerika bankları dolların qəbulundan imtina edə bilərlər: "1930-cu illərə qədər Amerikada minlik əsginaslar çox populyar olub və bahalı sayılıb. Sonradan o əsginasları buraxmadılar. Hazırda dövriyyədə olan ən böyük əsginaslar yüzlüklərdir. Həmin minlik əsginaslar kimdəsə qalıbsa, Amerika bankları, hətta kolleksionerlər ona nominalından daha artıq pul verməyə hazırdırlar. Əgər nömrə nişanlanmasında problem yaşanıbsa, seriya nömrələri bilinmirsə, yaxud çox ciddi zədələrə məruz qalıbsa, o məhdudiyyətlərlə banklar həmin əsginasın qəbulundan imtina edə bilər. Əsginasın ili ilə bağlı məhdudiyyət mövcud deyil".

İqsadçı alim, millət vəkili Vüqar Bayramov bildirib ki, bəzi banklar  ili köhnə olan dollar əsginaslarını  qəbul etmirlər. Bəzi banklar isə əsginasları vətəndaşlardan aşağı məzənnə ilə götürürlər. Hətta bankların əksər bankomatlarında da "cash in" vasitəsi ilə həmin əsginasları plastik kartlara mədaxil etmək mümkün olmur. Burada əsasən söhbət daha çox 100 dollarlıq əsginaslardan gedir: "Xatırladım ki, 2013-cü il oktyabrın 8-də ABŞ-da yeni 100 dollarlıq əsginaslar dövriyyəyə buraxılıb. Məqsəd dolların saxtalaşdırılmasının qarşısını almaq üçün yeni təhlükəsizlik elemenetlərindən istifadə etmək idi. Mavi rəngin daxil edildiyi yeni əsginasda mis rəngli mürəkkəb qabı da qeyd olunur. Yeni əsginasların dövriyyədə olması heç də nisbətən köhnələrin yararsız olması anlamına gəlmir. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) məhz köhnə əsginasların dövriyyədə istifadəsinin davam etdiyini və edəcəyini bəyan edib. Təəssüf ki, bu tip hallarda bəzi Azərbaycan bankları daha çox gəlir əldə etməyə çalışırlar. Yəni "köhnə dollarlar" əksər banklar üçün yeni və asan gəlir mənbəyinə çevrilib. Xatırladaq ki, bir müddət öncə 500 avroluq əsginasın emissiyası dayandırılanda da oxşar problem müşahidə olundu. Hələ də həmin əsginaslar aşağı məzənnə ilə qəbul olunur. Maraqlıdır ki, köhnə dolları qəbul etməyən banklar çox asanlıqla həmin pulları müştərilərə təqdim edirlər. ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi olmasa belə, bu məsələdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir. Mərkəzi Bankın valyuta bazarında və eləcə də valyuta mübadiləsi ilə bağlı istənilən ictimai əhəmiyyət daşıyan məsələlərə çevik reaksiyası çox önəmlidir. Unutmayaq ki, bu gün banklarda olan depozitlərin 14 milyard 721 milyon manatı xarici valyutadadır və böyük əksəriyyəti də ABŞ dolları ilə saxlanılır. Deməli, söhbət heç də kiçik dövriyyədən getmir".

İqtisadçı ekspert Xalid Kərimlinın dediyinə görə, banklar və mübadilə məntəqələri dolları ucuz alıb, üzərinə müəyyən qədər marja qoyub baha satmağa çalışır: "Ötən ilin sonlarından köhnə dolların banklarda götürülməməsi ilə bağlı şayiələr yayılmağa başladı. Əgər hansısa bank dolları götürməyibsə, bu o demək deyil ki, məsələ qlobaldır. Çünki ABŞ dolların sahibidir. Bu səbəbdən tarixindən asılı olmayaraq, buraxdığı bütün dolları qəbul edir. Azərbaycan banklarından isə bunu mütləq şəkildə tələb etməyin hüquqi əsası yoxdur. Çünki ölkə bankları manatla əməliyyat etməyə borcludurlar. Məhz buna görə də kommersiya banklarını ittiham etmək düzgün deyil. Çünki həmin banklar dolları satmaq üçün alırlar. Əgər həmin dolları sata bilməyəcəksə, almır. Amma köhnə dollar qüvvədən düşmür, yeni dollarla eyni alış gücünə malikdir".

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər: "Əslində bankların bu cür köhnə dolları qəbul etməməyində qanunsuz məqam yoxdur. Bu, spesifik məsələdir. Rəsmi şəkildə 2006-cı ildən öncəki nominalların qəbul edilməsini məhdudlaşdıran və ya əksi olan məqam yoxdur. Yəni kommersiya banklarını bu məsələ ilə bağlı hər hansı məsuliyyət də gözləmir. Açığı, kütləvi şəkildə vətəndaşların belə bir problemlə qarşılaşdıqlarını hesab etmirəm. İstənilən halda, bankların bu cür məqamlarda həmin valyutanı dəyişməyə etiraz etməsi qanun pozuntusu sayılmır".

O əlavə edib ki, bank köhnə dolları qəbul edib, əvəzində yenisini verməkdən imtina edə bilər: "Bu, valyuta mübadiləsi prosesi deyil. Sadəcə, əsginasların köhnə və yenilərinin dəyişdirilməsidir. Bank bundan imtina edə bilər, çünki onun belə bir öhdəliyi yoxdur".

Hüquqşünas Əkrəm Həsənov deyib ki, bir müddətdir, vətəndaşların köhnəlmiş dollarları manata dəyişdirməkdə çətinlik çəkmələri müzakirə olunur. Sosial şəbəkələrdə bu problemlə üzləşən vətəndaşlar bildirirlər ki, banklar köhnə dollarları, xüsusən, 2006-cı ildən öncə tədavülə buraxılan ABŞ dollarını dəyişməkdən imtina edirlər. İddia olunur ki, üzərində möhür olan dollar əsginası da dəyişilmir. Onun sözlərinə əsasən, banklar üçün dolların təzə və köhnə olmasının heç bir önəmi yoxdur: "Əvvəlcə onu qeyd edim ki, təzə və ya köhnə dollar arasında heç bir fərq yoxdur. Dünyanın heç bir ölkəsində bu söhbət yoxdur. Sadəcə, son vaxtlar Azərbaycanda bu məsələ şişirdilir. Tutaq ki, Mərkəzi Bank özəl banklara köhnə dollar verir. Bank mahiyyətinə görə maliyyə vasitəçisidir. Onlar üçün dolların təzə və ya köhnə olmasının heç bir fərqi yoxdur. Vətəndaşlar bu cür şayiələrə inanıb banklardan köhnə dollarları almırlar və təzə dollar tələb edirlər. Bankın iş prinsipi pulu alıb-satmaqdır. Əgər heç kəs bankdan köhnə dollar almırsa, o zaman bankın özü də heç kimdən köhnə dollar qəbul etməyəcək. Bu cür əsassız şayiələrdən bəzi pul mübadiləsi məntəqələri istifadə edir və köhnə dollarları aşağı məzənnə ilə manata çevirir. Bank vətəndaşdan aldığı köhnə dolları daha sonra sata bilmirsə, onda nə etməlidir?"

Əkrəm Həsənov insanları bu cür şayiələrə inanmamağa çağırıb:  "Məsələn, 500 avroluq əsginası banklar qəbul edən zaman əlavə komissiya tutur. Çünki Avropada 500 avroluq əsginası heç yerdə ödəniş vasitəsi kimi istifadə edə bilməzsiniz. Onu yalnız bankda dəyişə bilərsiniz. Amma dollarda belə bir problem yoxdur. Mən əhaliyə səslənirəm ki, köhnə dollarlarla bağlı iddialar tamamilə əsassızdır və sadəcə şayiədir. Əlinizdə olan dollarları dəyər-dəyməzinə mübadilə etməyin. Qorxmağa qətiyyən ehtiyac yoxdur. Bu, sadəcə bəzi işbazların ortalığa atdığı iddiadır".

Qeyd edək ki, bu günlərdə məsələ ilə bağlı açıqlama verən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov hazırda dövriyyədə olan dollarların "köhnəsi və təzəsinin olmadığını" qeyd edib: "Köhnə-təzə dollar bizim bazarımızda dolların kağızının rənginə və istehsal ilinə görə təsnifləşdirilir. Halbuki istehsalı 2006-cı ilədək olan dollarlar və 2006-cı ildən sonra olan dollarlar rahat dövriyyə olunurlar və onların qəbulunda heç bir problem yoxdur. Kimsə bu məsələni qaldırıb deyə, ona görə əhali banklardan bu dollarları almır. Əhali bu dollarları almadığına görə, həmin pullar bankda qalır. Banklarda bu pulları xaricə göndərir və xaricdən yenidən pullar sifariş edir. Bu prosesdə banklar müəyyən komissiya ödəyirlər".

Sevinc QARAYEVA

 





12.02.2024    çap et  çap et