525.Az

Ədəbi köşk: Nə var, nə  yox?


 

Ədəbi köşk: <b style="color:red"> Nə var, nə  yox?</b>

Redaksiyaya ünvanlanan məktublar xəbər verir ki, ədəbi köşkümüzün hər növbəti buraxılışını həvəslə gözləyənlərin sayı az deyil. Bu həvəs bizim üçün stimuldur. Həftə ərzində o qədər hadisə baş verir ki, hamısını bir boxçaya sığdırmaqda çətinlik çəkirik. Sonra dönüb baxırıq ki, yox, kəmiyyət bizi aldada bilər. Ələnəndə keyfiyyətli materialların elə də çox olmadığını görürük...

"525"

***

İllər sonra hansı daşlar yerində oturdu?

Bu yaxınlarda Xalq şairi Sabir Rüstəmxanlı tanınmış qələm adamı Məmməd İsmayılı ziyarət edib. Həmin ziyarət əsnasında bir neçə mətləb barədə həmsöhbət olan şairlərin video-görüntüləri sosial şəbəkələrdə paylaşıldı. Həmin söhbətləri maraqla izləməmək mümkün deyil. Hər iki həmsöhbət olduqca səmimi və rahat idilər. Məmməd İsmayılın bəzi fikirləri xüsusən diqqət cəlb etdi: "...Bəzən gecələr düşünürəm, deyirəm ki, filan şeyi niyə eləməliydim? Qardaş, bax, Yazıçılar Birliyinin qurultayıdır hə... Anarın sənə nə pisliyi keçib? Səni nümayəndə kimi Tükiyədən dəvət edib, gəlmisən. Gəlmisən, burda da poeziya ilə bağlı məruzələrdə geninə-boluna təriflənirsən, salam verirlər, salam alırlar, "orda oturma, burda otur", deyirlər. Sən durub-dururkən Yazıçılar qurultayında Anarı tənqid edirsən..."

Xalq yazıçısı Anarın bu söhbətə münasibəti yubanmadı və Məmməd İsmayılın dediklərini cəsarət nümunəsi kimi təqdir etdi: "Söhbət əsnasında Məmməd bəzi məsələlərdə düz hərəkət etmədiyini etiraf edir. Mənə də, Məmmədə də səmimi münasibət bəsləməyən aravuranlar tapılacaq ki, bu etirafı zəiflik, təslimçilik kimi qələmə verməyə çalışacaqlar. Amma mənim qəti fikrimcə, bu etiraf ilk növbədə böyüklüyün və əsl cəsarətin örnəyidir..."

***

"Tövbə, əttövbə xəta rahinə getdiklərimə,

Bilib etdiklərimə, bilməyib etdiklərimə"

İndi "super qəhrəman" olmaq arzusu ilə çıxışlar edən qələm adamlarının sayı, az qala, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin sayına çatıb. Şair Elşad Barat da bu sırada yerini alıb. Keçən ayın əvvəli feysbukda paylaşmışdı ki, "idarə heyətinin üzvü olduğum Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalı, yeni bir nizamlı, ədalətli qurum yaradılmalıdır".

Amma ötən günlərdə yayılan yazısı E.Baratın da hər zaman açıq bildiyi tövbə qapısına pənah gətirdiyindən xəbər verdi. O, "Ədəbiyyat qəzeti"ndə AYB sədri Anar müəllim barədə "Azərbaycan ədəbiyyatının ağsaqqalı" sərlövhəli yazısı ilə günahlarını yumağa çalışdı. Statusundakı fikirlərin mahiyyəti barədə ətraflı yazmaq əvəzinə, Xalq yazıçısı Anarı tənqid edən gənc qələm adamlarını hədəf seçdi. Maraqlı  manevrdır, ümidvarıq ki, nə vaxtsa tövbə qapısı E.Baratın üzünə biryolluq bağlanmaz...

***

Həmid Herisçinin "o dünyadakı görüşləri"

Bu yaxınlarda qızılcaya yoluxan 63 yaşlı şair, yazıçı Həmid Herisçinin vəziyyəti ilk günlərdə ağır olaraq qiymətləndirildi. Sözsüz ki, əksəriyyətimiz çox narahat olduq. Sevinirik ki, o bu xəstəliyə qalib gəldi. Şairə möhkəm cansağlığı arzu edirik!

Xəstəxanadan çıxandan sonra "Şərq" qəzetinə verdiyi müsahibədə xəstələndiyi ilk dövrlərdə ölümün astanasında olduğunu deyib: "Bizim kimi insanların, böyük insanların, kimin ki, Əzrayılla dialoqu var, deməli, ölümlə dialoqu var. Bu, bir şkaladır. Necə ki ildırım şkalası var, 12 ballıq. Ölüm şkalası da belədir. Hansısa dərəcəyə çatırsan. Rəhmətə getmiş çox adamları gördüm. Elə bil, bir albom idi, qarşımda vərəqlənirdi... Düşünürəm; niyə mən ölümdən qayıtdım?.. Mən ölümə tam hazır idim... İnanın, səmimi deyirəm... Cəhənnəmin qapısı idi ora. Niyə görə qaytardılar?.. Mənə belə gəlir ki ictimaiyyət istəmədi, mən ölüm..."

O dünyadan gəldiyini deyən Həmid Herisçi, görəsən, orada kimlərlə qarşılaşıb?.

***

Şairsən, otur şair yerində!

Ötən gün Pərvin Abdullayev adlı feysbuk istifadəçisinin bir statusunu oxudum. Tamamilə ayrı sahədə çalışan bir şəxsin gözü ilə mənzərəyə tamaşa edin. Ayrı bir şərhə ehtiyac yoxdur. O yazır: "Şairlərin, yazıçıların, ümumiyyətlə, ədəbiyyat və incəsənət adamlarının ailə-məişət mövzularında tok-şoularda ekspert-məsləhətçi qismində çıxış etmələri onların karyeralarına maddi yöndən xeyir gətirsə də, mənəvi yöndən böyük bir zərbə vurur. İllərin sənətçisi gah dizi üstə çökür, kiməsə yalvarır, kimisə barışdırır, şairlər şeiriyyatın, ədəbiyyatın ağır yükünü aqressiv, qərəzli çıxışları ilə, tamamilə etik qaydalardan kənar hərəkətləri ilə, etdikləri bazar söhbətləri ilə yüngülləşdirib puç edirlər... Yəni şeirə, incəsənət hörmətlə yanaşan birinin baxış bucağı, məncə, belə olmalıdır. Pula, reklama görə illərlə əldə olunan hörməti ayaqlar altına atmaq elə öz işinə hörmətsiz yanaşmaq deməkdir. Demək ki, bu işi bir o qədər də sevməyiblər... Çox təəssüf".

Bu işi o qədər də sevməyiblər! Məsələ budur...

***

Əlisəmid - Kürə bənzəyən nəğmə...

Fevralın 8-i tanınmış şair, istedadlı qələm adamı Əlisəmid Kürün 70 yaşı tamam oldu. Onun haqqında çox gözəl sözlər yazıldı, ithaf olunan şeirlər paylaşıldı. Rüstəm Behrudi, Azad Qaradərəli, Etimad Başkeçid, Şərif Ağayar, Qismət Rüstəmov, Rəbiqə Nazimqızı və başqa tanınmış ədəbiyyat nümayəndələri xoş sözlər yazdılar. Əlisəmid Kür bu sevgiyə və diqqətə layiq şairlərdəndir.

Cavanşir Yusiflinin paylaşımı isə xüsusilə təsirli idi: "Əli Kərim "Kür, sənə bənzəyən nəğməm olaydı..." deyirdi, Əlisəmid həmin o nəğmədir. Nəğmə oxuduğumuz şeirlərin ən munis qatındadır, bir gün uşaq əlindən qaçan çərpələng kimi havaya uçacaq. Onda biləcəyik azadlıq nədir. İndi bu sözün qarşısında hamı susur. Hər bir şair söz, sənət dünyasında bir iqlim qurşağıdır, hər bir şair bir fəsildir, ayrıca bir materikdir və sair. Əlisəmid bizim poeziyada məcrasına sığmayan yeganə çaydır. Şairlər var, sularına gül atılan dəniz kimidir - Müşfiq. Şairlər var, oxuyanda misraların arasıyla zirvələrdə ağaran həsrət bəllənir - Məmməd Araz. Şairlər var, özgə dildə yazanda da Təbriz qoxuyur - Şəhriyar. Əlisəmidin şeirlərində rəng, qoxu, ətir... dünyaya gözünü açdığı ilkin formadadır. Onun mətləbini bu rənglər, bu qoxular bəlli edir, nəinki sözlər".

***

Bu qədər Füzuli bizim üçün çox olar...

Yubileyi ərəfəsində Məhəmməd Füzulini məzarda rahat uyumağa imkan vermirlər. Nə işiniz var o kişi ilə? Təzə söz dəb düşüb... Təzə yox, elə əvvəllər də tez-tez deyirlərmiş: "Filankəs dövrümüzün Füzulisidir!" Özü də elə rahatlıqla hökm verirlər ki, tükləri də tərpənmir. O boyda üç dildə yazılmış qızıldan qiymətli divanlar da gedir işinin dalınca.

Növcavan yoldaşlardan İlkin Öz təzə yazarlardandır... Təzə olduğu bu cümlələrindən də bilinir: "...Füzuli poeziyasına məxsus nisgil, ağrı, qəm-kədər motivləri Salamın qələminə də sirayət etdiyini düşünürəm. Vaxtilə Füzuli öz bəxtsizliyindən gileylənirdi: "Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?" Salam Sarvan isə bunu belə ifadə edir: "Üzü dönük baxtın üzü bəridi... yaş yorğun gözlərin axan təridi". Məncə, Salam Sarvan... modernist şeirdə isə öz dövrünün Füzulisidir...”

Bu cümlələr İlkin dostumuzun təsəvvüf ədəbiyyatından, vəhdəti-vücutdan bixəbərliyinin nəticəsidir. Təkcə Füzulinin sitat gətirdiyi qəzəlinin məna qatlarının açılışından xəbəri olsaydı, belə naqis müqayisə aparmazdı. Salam Sarvanın yaxşı şair olmasını qeyd etməkdən ötrü Füzuli ilə müqayisə vacib deyil. Salam elə Salam kimi, öz yerində, öz mərtəbəsində yaxşıdır. Əminəm ki, İlkin Özün bu yazısı Salam Sarvanın da ürəyincə olmayıb.

...Dövrümüzün nə qədər "Füzulisi" olarmış? Bu qədər çox deyilmi?!

***

Platonun dəhşətli "kruqu"

Sağlam qütbləşmə, düzgün rəqabət aparacaq cəbhələrin yaranması həmişə ədəbiyyatın xeyrinə olub. Təəssüf ki, biz bu istiqamətdə uğurlu ola bilmirik. Tural Cəfərli tanış mənzərə ilə bağlı yumoristik paylaşım edib: "Kruq" anlayışı həmişə olub. Hələ qədim yunan filosoflarının da öz "kruqu" olub. Sokratın kruqu, deyilənə görə, içkiyə meyilli olsa da, nümayəndələri istedadlı hesab olunub. Zenonun öz kruqu olub, o, ancaq öz kruqundan olan dostlarının fikirlərini bəyənirmiş. Platonun kruqu isə lap dəhşət olub. Ancaq özlərindən danışır, özlərini tərifləyirlərmiş. Axırda da bir-birini bəyənməyib, bir gedən kimi o biriləri arxasınca danışırlarmış. Bu mənzərə hardansa tanış gəlir, amma heç cür yadıma sala bilmirəm".

***

Təzə nə var?

Yazıçı Səfər Alışarlının povestlərindən ibarət kitabı işıq üzü görüb. Kitab Kəramət Böyükçölün "Kerazon" nəşriyyatı tərəfindən çap olunub. Yeni nəşrin təqdimatı fevralın 17-si, saat 12:00-da "Kerazon" kitab evində keçiriləcək. Müəllifi yeni kitabı münasibəti ilə təbrik edirik!

***

Professor Səlahəddin Xəlilovun Rəvan Cavidlə bağlı paylaşımı maraqla qarşılanıb. O, Rəvan Cavidin "İstanbulu ən gözəl İstanbulun özü danışar" cümləsini qeyd edib və ardınca fikirlərini genişləndirib: "Mən Cavid fəlsəfəsindən 5 kitab yazmışam və Hüseyn Caviddən çox iqtibaslar gətirmişəm. Heç olmasa 5 söz də gənc Caviddən, həmişəyaşar cavidliyimizdən, gələcəyimizin təmsilçilərindən yazmaq istəyirəm. Amma bu 5 söz sənin yazdığındır. Mən sözümü ya şərhdə yazacağam, ya da ayrıca bir məqalədə. Gənclərimiz bizi oxumasa da, biz onları oxumalıyıq, yoxsa, nəsillər arasında rabitə itər".

Bu rabitəni qoruyub saxlamağa çalışanlara böyük təşəkkür düşür...

***

"MİMTA" yayımları dünyada ən çox oxunan kitabların siyahısını paylaşıb. Çarlz Dikkensin "İki şəhərin nağılı", Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə", Aqata Kristinin "On zənci balası", Dan Braunun "Da Vinçi şifrəsi", Napoleon Hillin "Düşün və varlan" adlı əsərləri həmin siyahıda yer alıb.

Hazırladı:

Nadir YALÇIN

 





12.02.2024    çap et  çap et