525.Az

ABŞ-ın dünya siyasətini ifşa edən müsahibə - Sosial şəbəkədə yazılanlar


 

ABŞ-ın dünya siyasətini ifşa edən müsahibə - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Elxan Şükürlü, politoloq:

- Rusiya prezidenti Putinin Türkiyəyə 12 fevralda baş tutacağı deyilən səfəri növbəti dəfə təxirə salınıb. Doğrudur, səfərin məhz 12 fevrala planlaşdırıldığına dair rəsmi təsdiq yox idi, ancaq həm Rusiyanın, həm də Türkiyənin rəsmi çevrələrinə yaxın media bu haqda mötəbər mənbələrinə əsaslanaraq, məlumat yaymışdılar.

Rusiya prezidentinin mətbuat katibi Peskov səfər hazırlığının davam etdiyini bildirib, ancaq yenə də dəqiq tarix açıqlamayıb.

Hazırda Qərbin təbliğat maşını dərhal bu hadisəni Rusiya ilə Türkiyə arasında hansısa razılaşmaların əldə edilə bilmədiyi, Türkiyənin ABŞ-la yenidən sövdələşdiyi və Putinin də bundan narazı qalması tezisləriylə "əsaslandrmağa" çalışsalar da, reallıqlar tam əksini söyləyir.

Görünən odur ki, 2015-cı ildən bu yana Rusiya-Türkiyə yaxınlaşmasının qarşısını almağa çalışan, bu məqsədlə təyyarə vurulmasına, səfir qətlinədək gedən qüvvələrin Türkiyədə növbəti təxribat cəhdlərinin önlənilməsi üçün səfərin vaxtı üzərində informasiya əməliyyatları aparılır və dəqiq tarixin açıqlanması da hələlik məqsədəuyğun sayılmır.

Xatırladaq ki, Putin hələ ötən ilin aprelində - "Akkuyu" AES-in açılışı zamanı Türkiyəyə getməliydi. Ancaq səfərdən bir neçə gün əvvəl Qərb mətbuatında Ukrayna kəşfiyyatının ona sui-qəsd edəcəyi xəbəri yayıldığından, Putin Türkiyəyə getmədi, sentyabrda Ərdoğanla Rusiya ərazisində - Soçidə görüşməli oldu...   

Hazırda Putinin Türkiyəyə nəzərdə tutulan səfərinin gerçəkləşməsinin həm Rusiya, həm Türkiyə, həm də Rusiya-Türkiyə münasibətlərində əsas körpü - bağ rolunu oynayan Azərbaycan üçün əhəmiyyəti hədsiz dərəcədə böyükdür.

Hər şeydən əvvəl, Azərbaycanla Ermənistan arasında bütövlükdə Cənubi Qafqazı əməkdaşlıq və sabitlik məkanına çevirəcək sülh sazişinin tezliklə imzalanıb-imzalanmayacağı da Ərdoğan-Putin-Əliyev məsləhətləşmələrinin yekun qərarından asılı olacaq.

Putinin amerikalı jurnalist Taker Karlsona ABŞ-ın dünya siyasətini ifşa edən 2 saatlıq müsahibəsi bir daha təsdiqlədi ki, qlobal toqquşma nöqtələrində - dəhlizlər və bazarlar uğrunda Rusiyanın Qərblə strateji qarşıdurması hələ uzun müddət sürəcək, Rusiya özünü buna tam hazırlayıb və qətiyyən geri çəkilmək niyyətində də deyil.

Şübhəsiz ki, rəsmi Kremlin bu savaşda yenilməməsi təkcə Çinlə yox, həm də bütövlükdə İslam dünyasıyla yaxınlaşma, onları özünə müttəfiq edə bilmək bacarığından asılı olacaq.

Rusiya-Qərb savaşının Cənubi Qafqaz cəbhəsindəki toqquşmasının ilk raundundan qazancla çıxan Azərbaycan-Türkiyə ittifaqı da, bəzi qərbpərəst siyasətçilərin arzularının və təbliğ etdiklərinin əksinə olaraq, Qərbin şirnikləndirici vədlərinə aldanmamalı və sanksiya təhdidlərindən, "rəngli inqilab" ssenarilərindən çəkinməməli, qonşusu, nüvə və sərvət nəhəngi Rusiyanın dəyişən Cənubi Qafqaz-Mərkəzi Asiya-Yaxın Şərq strategiyasını fürsətə çevirərək, onun İslam dünyasıyla yaxınlaşma siyasətinin əsas məhək daşları olmalıdır.

Çünki gələcəyin daha böyük savaşı sayılan ABŞ (NATO) - Çin qarşıdurmasından biz yalnız bu halda qoruna, salamat çıxa, həm də sürətlə inkişaf edə bilərik.

 

Elnur Nəsibov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri:

- İstər iqtisadi olsun, istər sosial, səhiyyə və ya təhsil mövzusu, fərq etməz - onlayn və ya sosial mediada nəyə görə biz daha çox neqativ xəbərlərin əks olunduğunu, yayıldığını görürük? Nə üçün  media mənsubları, jurnalistlər və eləcə də fərdi şəxslər daha çox neqativ yönümlü məlumatı yaymaqda həvəslidirlər? Bu, hansı zərurət və ya səbəbdən irəli gəlir?

Təbii ki, sensasiya yaymaq, baxış sayını artırmaq, onlayn və ya sosial media mənbəyinin reytinqi qaldırmaq klassik taktikadır. Kommersiya əsasda fəaliyyət göstərən qurumlar neqativ xəbərlərin onlara daha çox dividend və şəxslər isə daha çox oxucu gətirə biləcəyinin fərqindədirlər.

Bununla bağlı daha bir maraqlı səbəbə diqqətinizi cəlb edim. Bu yaxında Rusiya Prezidenti Vladimir Putinlə məşhur müsahibənin müəllifi amerikalı jurnalist Taker Karlsonla söhbətində Space X, Tesla və bir sıra digər iri korporasiyaların qurucusu və rəhbəri olmuş İlon Mask məsələyə öz münasibətini bildirib. Yer kürəsi, insan cəmiyyəti, kosmik fəza, ətraf mühit və gələcək barədə danışan İ.Mask insanların sensasiya və neqativ xəbər yaymaq xüsusiyyətini min illər boyu formalaşmış genetik vərdişlərə bağlayıb.

İlon Mask Karlsonla müsahibəsində deyib ki, insanlar qədim zamanlarda öz qəbilə üzvlərini daha çox vəhşi heyvanların və düşmən qəbilələrin yerləşməsi, onların neqativ fəaliyyəti, təbii fəlakətlər və onların təsiri barədə məlumatlandırmağa və bu məlumatı qəbul etməyə üstünlük veriblər, nəinki məsələn üstü giləmeyvə ilə dolu olan kolların yeri barədə məlumat. Yəqin bu məlumatı özləri üçün saxlayırlarmış..

Neqativ xəbərlər insanların həyatı və təhlükəsizliyinə birbaşa təsir etdiyindən onlar da bu tip məlumatı qəbul etməyə üstünlük veriblər. Eyni zamanda, neqativ xəbərlər daha çox insanlara birbaşa və şəxsən mənəvi təsir də göstərir, onu düşündürməyə, narahat olmağa və xəbəri bölüşməyə vadar edir nəinki, hansısa pozitiv xəbər. Bu məsələdə yeganə sevindirici xəbər isə ondan ibarətdir ki, bu, yalnız bu gün və bizdə deyil, hər zaman və hər yerdə belə olub.

 

Qismət Rüstəmov, şair:

- "Apatiya" filmi haqqında xırda-para qeydlər.

Təəssüf, "Apatiya" filminin təqdimatına gedə bilmədim, ancaq filmə bir neçə ay qabaq dar çevrədə dostlarla birgə baxmışdıq; bu nəcib təklifin müəllifi də Hikmət bəy idi.

"Apatiya" sərt realist üslubda çəkilmiş sosial dramdır. Film kompozisiya baxımından klassik dramaturgiyanın üç vəhdət prinsipinə uyğun çəkilib: bir məkan, bir zaman və əməl/hadisə. "Apatiya" qapalı məkanda keçən "kamerni film"dir, Sidney Lumyetin "On iki qəzəbli kişi"si kimi.

Film paytaxtın ucqarında yaşayan yoxsul bir ailənin arzusuz, ümidsiz, rəngsiz həyatını təsvir edir.

Bu evdə heç kim bir-biriylə ünsiyyətdə deyil, hamının həmsöhbəti açıq televizordan gələn bayağı realiti şoulardır, bu şoulardakı söz-söhbət onlar üçün həyatın soundtrekidir, mantrasıdır.

Bu evdə oksigendən çox siqaret tüstüsü var.

Bu evdə sevgi yoxdur - kişi də, qadın da bir-birinin gözünün içinə baxanda yox, gözlərini yumub başqasını düşünə-düşünə masturbasiya edəndə rahatlıq tapırlar.

Bu evdə ittiham, aşağılama, təhqir ən keçərli valyutadır.

Bu evdə bircə uşağın daxili dünyasında günəş var, o da əhəngli divarlarda ləkə kimidir. Sonra uşağın gözü önündə cinayət baş verir, "Habil-Qabil" motivi təkrarlanır və hər şey ört-basdır edilir...

...Deyəsən, indiki dünyada şərti olaraq sənətə iki yanaşmadan bəhs etmək olar: həmişə sabah üçün, xilas üçün açıq qapı buraxanlar və əksinə, dünyadakı eybəcərlikləri bər-bəzəksiz, qatqısız, olduğu kimi təsvir etməklə insanı şərdən iyrəndirmək istəyənlər. Bu ikinci yol indi ən dəbdə olan yanaşmadır, kinoda da, ədəbiyyatda da. 

"Apatiya"nın reallıqla bağlı təsbit və təsvirlərində, bunu qapalı, məhdud məkanda uğurla həll etməsində, eləcə də aktyor və aktrisa performanslarında problem yoxdur. Buna görə bütün yaradıcı heyətə təbrik və təşəkkür düşür. 

Ancaq ədəbiyyatçı kimi ürəyimə yatmayan bir məsələ var. Fikrimcə, incəsənət həyatın alternatividir, buna görə də onun işi gerçəkliyi ancaq təsvir etmək yox, həm də mənalandırmaq olmalıdır. Sənət mənəvi darısqallıqda bütün qapıları bağlayıb, bütün işıqları söndürməməlidir. Bunu köhnə-külüş didaktika, amerikansayağı zorakı "happy end" mənasında demirəm.

"Apatiya" haqqında düşünərkən içində cinayət olan başqa bir filmi xatırladım, Kurosavanın "Rasyamon"unu. Yadınıza gələr, filmin əvvəlində şiddətli leysan tökür (lap Bob Dilanın nəğməsindəki kimi), bu, balaca Nuh tufanıdır, metaforik qiyamətdir. Sonra məlum olur ki, bir samuray öldürülüb, bu əhvalatı bir neçə adamın dilindən eşidirik, həqiqət perspektivin çoxluğunda it-bat olur. Ancaq həqiqətin qum dənəsi kimi sürüşüb əldən çıxdığı, hər gün irili-xırdalı qiyamətlərin qopduğu, hamının bir-birini ittiham etdiyi bu dünyada kimsəsiz bir körpə tapılır, altı uşaqlı odunçu deyir ki, fərq etməz, qoy bu uşaq da mənim olsun, ona da mən baxaram. Sonra leysan kəsir, günəş öz taxtına qayıdır; Kurosava filmi kimsəsiz körpəyə yiyə duran bir adamla bitirir; birdən ayılırsan ki, yağışı da, günəşi də tanış olan bu film, sən demə, ağ-qara çəkilibmiş.

 

Fərid Pərdəşünas, texnobloger:

- Hikmət Rəhimovun "Apatiya" filminin təqdimatında oldum. Əslində heç vaxt belə tədbirlərdən sonra fikrimi bölüşmürəm, çünki kommersiya marağım olur. Amma düşünürəm ki, bu, çox ciddi mesajları olan və ağır filmdir.

"Apatiya" yəqin ki, izlənməyəcək. Mən belə düşünürəm. Ola bilər bu nümayişdən narazı qalanlar da olacaq və ya sonradan gedib "pulumuzu çölə atdıq" fikrində olanlar da. Amma... Bundan sonrası üçün "spoiler" xəbərdarlığı.

Film çox ağırdır. Stress, gərginlik, qan. Ümumiyyətlə fonda kəsilməyən Elgizin və Xoşqədəmin səsi bir yerdən sonra insanı məcbur edir ki, zaldan çıxasan. Hadisələr də çox dar bir otaqda baş verdiyi üçün ürəyin sıxılır. Uzun xronometrajı olan film deyil və bir yerdə gözlənilmədən bitir. Sonluq qalır izləyicinin özünün çıxardığı nəticəyə və bu nəticə də sənin düşüncənlə meydana gəlir. Mənim çıxardığım nəticələr və aldığım mesajlar çox dəhşətli oldu.

- Xoşqədəm və Elgizi izləyən cəmiyyətdən bundan çoxunu gözləmə;

- Cəmiyyətimizdə formalaşmış kişi modeli. Streotiplər və kişilərin çiyninə qoyulan ağır yük;

- Çox incə yerləşdirilən qadınların erkən nikaha cəlb olunması;

- Masturbasiya səhnələri ilə verilən, eyni evdə yad qalmaq mesajı. Cütlüklərin eyni yataqda yadlığı. Sevgisizlik.

- Şiddət içində böyüyən uşaqlıq, yeniyetmələrin travmaları;

Hikmət, səni təbrik edirəm. Çox sağ ol ki, bu mesajları yaradıcı şəkildə yerləşdirmisən. Əminəm ki, bu işdən ciddi pul qazanmamısan. Film izlənməsə də, qazandırmasa da, qətiyyən peşman olma. Lazımi insanlar mesajını anladı və aldı.

 





13.02.2024    çap et  çap et