525.Az

"Qarabağ Universiteti bölgənin inkişafına böyük təkan verəcək"


 

"Qarabağ Universiteti bölgənin inkişafına böyük təkan verəcək"<b style="color:red"></b>

Ötən həftə "Qarabağ Universitetinin Nizamnaməsi" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Nazirlər Kabinetinin təsdiqlədiyi "Qarabağ Universitetinin Nizamnaməsi"nə əsasən, Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. Universitetin fəaliyyət istiqamətləri bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli alitəhsilli mütəxəssislərin hazırlanması,  magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsidir. Eyni zamanda, doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi, elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılmasıdır. Nizamnaməyə əsasən, Universitet aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, "Təhsil haqqında", "Elm haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq idarə edilir. Nizamnaməyə əsasən, universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə ilə müəyyən olunur. Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Nazirliyin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur. Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

Universitetin cari fəaliyyətinə Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir. Rektor universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Universitetin 5 (beş) prorektoru var. Universitetin prorektorlarının sayı nazirliklə razılaşdırılmaqla dəyişdirilə bilər.

Elm və təhsil nazirinin müavini İdris İsayev deyib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. Növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: "Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur".

İ.İsayevin dediyinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur.

Nazir müavini deyib ki, universitet eyni zamanda, orta ixtisas təhsil pilləsi üzrə tədris həyata keçirə biləcək: "Bildiyiniz kimi, əlavə təhsil proqramları da var. Həmin proqramlar üzrə də Universitetdə tədris təşkil olunacaq. Təbii ki, bütün bu fəaliyyətlər mərhələli şəkildə olacaq. İlk mərhələdə Universitetdə bakalavr səviyyəsi üzrə tədrisin həyata keçirilməsi nəzərdə tutulub. 2024-2025-ci tədris ilində Universitetdə təxminən 1000 nəfərə yaxın tələbənin təhsil almasını düşünürük. Bunun böyük hissəsi I kurs tələbələri olacaq. Qəbul planında "Qarabağ" Universitetində müxtəlif ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulub. Birinci mərhələdə bakalavr səviyyəsində 5 istiqamət 20 ixtisas üzrə tədris təşkil ediləcək. Bunlar pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlər, incəsənət, turizmə aid olan ixtisaslardır. Növbəti mərhələlərdə bu ixtisasların sayı artırılacaq. Təxminən universitetdə 10 istiqamət üzrə ixtisasların olacağını nəzərdə tutmuşuq. Növbəti mərhələlərdə tələbələrin sayı da 10 mindən çox olacaq. Tələbələr birinci istiqamətdə dövlət sifarişi əsasında tədris alacaq, yəni ilkin mərhələdə ali təhsil müəssisəsində ödənişli təhsil olmayacaq. Tələbələr isə təqaüd və digər müvafiq proqramlarla əhatə olunacaqlar. Tələbələrin yataqxanada qalmaq imkanları da mövcud olacaq. Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda və dünyada yaşayan tanınmış alimlər Qarabağ Universitetində işləmək üçün artıq müraciət edirlər. Bu müraciətlər istər orada daimi əsasla işləmək üçün, istərsə də kömək məqsədi ilə edilir: "Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq. Ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır. Professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur. 30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar".

E.Əmrullayev vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında I kurs tələbələri, SABAH qruplarında təhsil alan gənclərin orada təhsil alması mümkün olacaq: "Bundan başqa, mübadilə proqramları və ya ikili diplom proqramları da işlək olacaq".

Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, Qarabağ Universiteti əvvəlcə ölkənin, daha sonra regionun əhəmiyyətli universitetlərindən biri olacaq: "Qababağ Universiteti ilə əlaqəli cəmiyyətin gözləntiləri çox yüksəkdir. Bu ali məktəbin Xankəndidə yerləşməsinin simvolik mənası var. Birincisi odur ki, universitet seperatçıların paytaxt seçdiyi ərazidə fəaliyyət göstərir. İkinci olaraq isə Xankəndi infrastruktur baxımdan demək olar ki, kifayət qədər əlverişlidir. Nizamnaməyə baxdığımız zaman Qarabağ Universitetinin yenidən qurulması ilə bağlı kifayət qədər nüansların yer aldığını aydın şəkildə görürük. Universitet müasir tələblərə uyğun şəkildə təsis olunur".

Professor bildirib ki, yaxın zamanlarda universitet rəhbərliyi təyin olunacaq: "Bakalavr təhsili üzrə artıq ixtisaslar müəyyənləşib. Universitetin formalaşması ilə əlaqəli proses başlayıb. Bu mərhələyə başlamaq üçün nizamnamə təsdiq olunmalıydı. Çox güman ki, yaxın zamanlarda universitet rəhbərliyi təyin olunacaq. Artıq ixtisaslarla əlaqəli professor-müəllim heyətinin, universitetin maddi-texniki bazasının formalaşması istiqamətində işlərə start verilməlidir. Düşünürəm ki, Qarabağ Universiteti regionun təhsil ulduzlarında biri olacaq. Çünki ölkəmizin iqtisadi gücü, kadr potensialı bunu deməyə əsas verir. Universitetin inkişafında Azərbaycanın xaricdəki elm adamlarının təcrübələrindən istifadə olunması son dərəcədə əhəmiyyətlidir. Yaxşı müəllim yaxşı tələbəni yetişdirir, eyni zamanda o, lazımlı tədqiqatda ortaya qoyur. Bu da öz növbəsində universitetin beynəlxalq reytinqinə təsir göstərir. Qarabağ Universitetinin həm tədrislə əlaqəli boşluğu dolduracağına, eyni zamanda regionun təhsil ulduzlarından biri olacağına əminəm".

Millət vəkili Fatma Yıldırım bildirib ki, Azərbaycan dövləti və xalqı olaraq bizim missiyamız işğaldan azad olunmuş ərazilərimizə həyatın qaytarılmasıdır: "Qarabağ Universitetinin yaradılması bu baxımdan çox mühüm addımdır. Qarabağ bölgəsində ali təhsil ənənəsi tarixən mövcud olub. Xankəndidə ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Dövlət başçısının sərəncamı ilə Qarabağımızın təhsil ənənələrinin bərpası istiqamətində mühüm addım atılmış oldu. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. Ona görə də Prezidentin sərəncamında qeyd olunduğu kimi, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən, qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Bu baxımdan Qarabağ Universitetinin yaradılması çox doğru olaraq həm də işğaldan azad edilmiş ərazilərin bərpasının mühüm istiqamətlərindən biri anlamında qəbul olunur".

Fatma Yıldırım hesab edir ki, yeni yaradılacaq Qarabağ Universiteti bölgənin inkişafına byük təkan verəcək. Orada təhsil alacaq gənclər təhsillərini başa vurduqda sonra bölgədə qalıb işləməklə Qarabağın inkişafında xüsusi rol oynayacaqlar: "Əminəm ki, Qarabağ Universiteti azad edilmiş ərazilərdə bərpa-quruculuqla bağlı yüksək ixtisaslı kadrlar hazırlayacaq. Çünki işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və inkişafı konsepsiyasında ən müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Gələcəkdə Qarabağ Universitetində xarici ölkələrdən tələbələrin təhsil alması üçün şərait yaradıla bilər. Bundan başqa, yaxın gələcəkdə digər müvafiq ali məktəblərin filiallarının da Xankəndi şəhərində açılması çox yaxşı olardı. Qarabağın dirçəlişi naminə belə bir zərurət var. Gələcəkdə Xankəndinin gənclər şəhərinə çevrilməsini arzu edirəm. Bu amil bölgəyə yeni nəfəs, yeni ab-hava gətirəcək".

Sevinc QARAYEVA

 

 





13.02.2024    çap et  çap et