525.Az

Səhv etmək hər kişinin, səhvi etiraf etmək ər kişinin işidir - Qəzənfər Paşayev yazır


 

ŞAİR MƏMMƏD İSMAYILA AÇIQ MƏKTUB

Səhv etmək hər kişinin, səhvi etiraf etmək ər kişinin işidir - <b style="color:red"> Qəzənfər Paşayev yazır</b>

Əzizim Məmməd müəllim,

Bu, mənim sizə ünvanladığım ikinci açıq məktubdur. "Sabir Rüstəmxanlı söhbətləri" silsiləsindən çox maraqlı, ürəkdən gələn, səmimi, açıq söhbətiniz və söhbətinizə istinadən Xalq yazıçısı Anarın "Etiraf - böyüklük və cəsarətdir" məqaləsini oxuyaraq yazmaq qərarına gəldim. Nədənsə göz önünə görkəmli alimimiz Əziz Mirəhmədovun acı və açıq etirafı gəldi. Əziz müəllim akademik Həmid Araslının "Azərbaycan ədəbiyyatı: tarixi və problemləri" kitabına (Bakı, Gənclik, 1998) yazdığı "Müəllifi, onun taleyini düşünərkən" adlı ön sözdə xüsusi vurğulayırdı: "Doğrusu, indi müəllimimi anarkən məni həm ayrılıq dərdi bürüyür, həm də... xəcalət. Ay gidi dünya, sən başımıza nə işlər gətirmədin?! Bilsəydin səndən necə gileyliyik!..

Hərki-hərki, özbaşınalıq, duz-çörək qədri bilməmək, ustadlar üzünə ağ olmaq, ifşaçılıq, dəhşətli təqiblər, hətta terror qurbanları görmək. Daha nələr, nələrin şahidi deyilik?

Məktəb və institut müəllimlərimizin bir çoxu kimi, Həmid müəllim də illər boyu hücumlara giriftar olmuşdu. Nə gizlətmək, vaxtilə onu kosmopolitlər cərgəsinə salmağa məcbur edilənlərdən biri də bu sətirlərin o zamankı "üzüyola" müəllifi idi.

Bu acı sözlər, bu açıq etiraf üçün oxucudan üzr istəyirəm".

Görəsən, Əziz müəllim bilirdimi ki, bu etirafı onu oxucu gözündə ucaldacaq? Görəsən, bu böyük alim bilirdimi ki, səhv etmək hər kişinin, səhvi etiraf ər kişinin işidir?

Mən sizin etirafınıza bu müstəvidən baxır və yüksək qiymətləndirirəm.

Ulu öndərimizlə bağlı etirafınız bir dünyadır. Heydər Əliyevin möhtəşəm obrazına bir naxış da siz əlavə edibsiniz. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev qələm sahiblərini, onların yaradıcılığını necə yüksək qiymətləndirirdi, yazıçı və şairləri dilin qurucuları adlandırırdı. Onu da bilməmiş deyilsiniz ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər yalnız Üzeyir bəyin ev-muzeyi və Səməd Vurğunun heykəli mövcud idi. Bütün sənət adamlarının muzeyləri onun vaxtında yaradıldı, heykəlləri onun vaxtında ucaldıldı. Heydər Əliyev Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza və Mirzə İbrahimovun Sosialist Əməyi Qəhrəmanı kimi çox yüksək ada layiq görülməsinə nail olmuşdu.

Mən hələ qürur mənbəyimiz, musiqi aləminin korifeyləri Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi və Rəşid Behbudovu demirəm.

Məmməd müəllim, məlumdur ki, Mirzə İbrahimov 1954-1958-ci illər arası Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri kimi yüksək vəzifədə işləmiş və həmin dövrdə AKP MK-nın birinci katibi olmuş İmam Mustafayevlə bərabər, "millətçi" damğası ilə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun qərarı ilə işdən çıxarılmışdı.

Mirzə müəllimə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ad verdirmək sözün həqiqi mənasında özü qəhrəmanlığa bərabər idi. Təkcə bu fakt kifayətdir ki, Heydər Əliyevin böyüklüyü barədə təsəvvür yaransın.

Sizin haqqınızda necə böyük fikirdə imiş. Təkcə sizinmi?

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə poeziyada Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Siz və əyalətdə Musa Yaqub dövrü başladı.

O vaxt Sabirin cəmisi 23, Çingiz və Nüsrətin 25, Sizin 30 yaşınız vardı. Gündəlik məişət qayğıları sizi boğsa da, arzuların qanadlarında pərvazlanır, göylərlə əlləşirdiniz. Doğrudur, Nəriman Həsənzadə, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram və Fikrət Qocadan sonra bir az çətin oldu. Lakin bir-birinizin bəhsinə girərək yazıb-yaratdınız, əməlli-başlı tanınmağa başladınız. Siz dostlarınıza nisbətən daha yüksək vəzifələrə layiq görüldünüz. Bir müddət "İşıq" nəşriyyatının direktoru oldunuz. Daha sonra "Gənclik" və "Molodost" jurnallarının baş redaktoru kimi şərəfli vəzifəyə layiq görüldünüz.

Bu vaxt artıq dördümüz də adlı-sanlı, sevilən və etiraf edilən şairlər idiniz.

Sabir Rüstəmxanlı ilə yaxın dost idiniz. Şeirləşirdiniz, biri-birinizə həcvvari misralar ünvanlayırdınız. Əsl poeziya nümunələri olan deyişmələrinizdə incə yumor da, tənqid də, həqiqət də vardı. Misralarınız indi də yaddaşımdadır.

 

Neçə gündü, cavabında "bəli" yox,

Gözəl görsə, onun kimi dəli yox.

Bizə çatsa, yaxşılıqda əli yox

Allah kəssin insafını Sabirin!

 

Sabir müəllimin cavabı özünü çox gözlətmədi:

 

Öz sözümdən yapışıbdı, sözüm yox,

Ürəyində bir günlüyə dözüm yox.

Dilə düşdüm, dil açmağa üzüm yox

Allah kəssin peşəsini Məmmədin.

 

Məmməd müəllim, Siz "Gənclik" dərgisini şöhrətləndirən vaxt Sabir Rüstəmxanlının Sizə həsr etdiyi şeiri və Sizin cavabınız bir dünyadır.

Burada Sabir müəllimin "Ustad dərsi" kimi səslənən iki bəndini verirəm:

 

Heç uymazdı bu dünyanın felinə,

Onu gözə gətirməsəm yaxşıdı.

Qoca vaxtı "Gənclik" keçib əlinə

Yerişini itirməsə yaxşıdı.

 

Özü üçün Koroğlutək döyüşüb,

Mən qardaşam, deyəmmərəm nə işim.

İlhamını şöhrətinə dəyişib

Qələmini yatırmasa yaxşıdı.

 

Siz nə yerişinizi itirdiniz, nə də ilhamı şöhrətə qurban verdiniz. Gənclik həvəsilə yazıb-yaratdınız.

Abbas Mirzə Şərifzadə adına Aktyor evində 80 illik yubileyinizi keçirəndə necə sağlam, necə gümrah idiniz. Məclisi aparan Xalq şairi Rüstəmxanlı şərait yaradırdı ki, özünüz tez-tez çıxış edəsiniz, şeirlər deyəsiniz.

Cavanlıq həvəsi və enerjisi ilə şeirlər deyirdiniz. Mənim də çıxış etdiyim həmin unudulmaz məclisdə əksər yazıçılarımız, şairlərimiz, ziyalılarımız, poeziyasevərlər iştirak edirdi. Zalda boş yer yox idi. Çox adam ayaq üstə qalmışdı.

Bu, sizin yaradıcılığınıza verilən qiymət və məhəbbət idi.

Lakin buna qədər çox sular axmışdı.

Hamımız sovet quruluşunun dağılmağını ürəkdən alqışlayırdıq. Sovet sistemi süquta gedəndə keçid dövrü başladı. Yadımda deyil, ya yəhudilərin, ya da qədim çinlilərin qarğışı var: "Görüm səni keçid dövründə yaşayasan".

Keçid dövründə milli-mənəvi dəyərlərə qədər hər şey qiymətdən düşür, tapdalanır, hərc-mərclik başlayır. İnsanlar çaşbaş qalır. O vaxt bir çox adlı-sanlı alimlərimiz, qələm sahiblərimiz qardaş Türkiyədə rahatlıq tapdılar.

Siz qəhrəman Çanaqqala şəhərindəki Atatürk Universitetini seçdiniz. Bir qərinəyə qədər orada müəllim, sonra isə professor kimi ölkələrimiz arasında ədəbi-mədəni və elmi əlaqələrin möhkəmlənməsinə əmək sərf etdiniz. Bu dövr ərzində mətbuatımızda bəlkə də ən çox çap olunan qələm sahiblərindən biri siz oldunuz.

Siz eyni zamanda Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə təbliği və yayılmasında xidmətlər göstərdiniz. Qürbət, qəriblik həyatı yaşadınız.

Qardaşım, uzun müddət xaricdə işləmiş bir adam kimi, deyə bilərəm ki, ən saf, ən pak hiss Vətən üçün qəribsəyən insanların hissidir. Çap olunan şeirlərinizdən aydınca hiss olunurdu ki, bu ülvi hiss qəlbinizə hakim kəsilib. Sevindirici haldır ki, qardaş Türkiyədə çalışdığınız illərdə bu müqəddəs hiss Sizi heç vaxt tərk etmədi, doğma el-obaya, vətənə möhkəm tellərlə bağladı. Azərbaycan adını həmişə uca tutdunuz, ürəyiniz Azərbaycanla döyündü.

Bu yazım Sizin etirafınızla bağlıdır. Yazıçıların qurultayında görkəmli qələm sahibləri ilə qucaqlaşıb hal-əhval tutduğunuzu, odlu-alovlu çıxışınızı, əzbərdən gözəl şeirlər deməyinizi bugünkü kimi xatırlayıram. Onu da xatırlayıram ki, Yazıçılar Birliyində bəzi əyər-əskiklikdən söz açdınız. Yüksək amallar şairindən bunu eşitmək təəssüf doğurdu. Lakin "sapı özümüzdən olan baltalar", özgə dəyirmanına su tökənlərin sevincinə səbəb oldu.

Məmməd müəllim, Sabir Rüstəmxanlı ilə söhbətiniz və etirafınız anlayanlar üçün həyat dərsidir, örnəkdir.

Bu məqamda 4 iyul 2014-cü il tarixdə "Ədəbiyyat qəzeti" və "525-ci qəzet"də Sizə ünvanladığım "Açıq məktub"u yada salmaq istəyirəm. Yaradıcılığınızdan geniş söhbət açmışdım. Qurultaydakı çıxışınızla bağlı giley-güzarım da olmuşdu.

Son cümləm belə idi: "Məmməd müəllim, inanıram ki, bir gün müsahibələrinizin birində təəssüf doğuran yanlışlığa başqa mövqedən münasibət bildirəcəksiniz. Bunu bir eloğlu kimi çox arzulayıram".

Sevinirəm ki, müdrikliyiniz sayəsində dediklərim yerini aldı.

Məmməd müəllim, Azərbaycanın poeziya hüdudlarını yararaq beynəlxalq aləmə çıxan görkəmli şairimiz kimi, sözü ilə əməli üst-üstə düşən bütöv şəxsiyyət kimi hər cür (Bunu mən Sizə həsr etdiyim "Taleyinə boyun əyməyən şair" məqaləmdə təfsilatı ilə vermişəm) ehtirama layiqsiniz. Sizə qədrini itirəndən sonra bildiyimiz möhkəm cansağlığı və gümrahlıq diləyirəm.

 





14.02.2024    çap et  çap et