525.Az

Səlim Babullaoğlu Bakı Modern Beynəlxalq Məktəbində


 

Səlim Babullaoğlu Bakı Modern Beynəlxalq Məktəbində<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, tanınmış şair, tərcüməçi, esseist Səlim Babullaoğlu Bakı Modern Təhsil Kompleksinin ingilis bölməsi üzrə fəaliyyət göstərən Bakı Modern Beynəlxalq Məktəbində qonaq olub. Tədbir çərçivəsində S.Babullaoğlunun şagirdlərlə görüşü baş tutub.

"Dəyərli ritmlər: Poeziya günündə birgə öyrənək" ("Rhythms of Respect: A Poetry Day for Learning and Integrity") devizi altında keçirilən tədbirdə müxtəlif siniflərdə təhsil alan şagirdlər şeirlər səsləndiriblər. Məşhur ingilis şairlərin yaradıcılığına müraciət edən məktəblilərin - İman Novruzi, Ülkər Nəcəfova, Abbas Şabanzadə,  Füruzə Teymurova, Xədicə Hüseynzadə, Nihad Əsgərli, Fatimə Xudaverdiyeva, Ömər Mustafazadə, Əziz Həsənov, Matvey Şvaçko, Leyla Məmmədova, Nəzakət Hüseynzadə, Gülşən Nəcəfzadə, Aytac Talışinski, Xurşidbanu Abbaslı, Nərgiz Baxşəliyevanın emosional çıxışları maraqla qarşılanıb. Şagirdlər ingilis ədəbiyyatından nümunələrlə yanaşı, S.Babullaoğlunun qələmə aldığı şeirləri də səsləndiriblər. Eyni zamanda, tədbirin koordinatoru, Bakı Modern Beynəlxalq Məktəbinin əməkdaşı Elşanə Həsənova da S.Babullaoğlunun şeirini söyləyib, tədbirin məqsədi barədə fikirlərini bölüşüb.

Bakı Modern Beynəlxalq Məktəbinin direktoru Sevinc Seyidova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. S.Babullaoğlunun Bakı Modern Beynəlxalq Məktəbində qonaq olmasından məmnunluğunu ifadə edən direktor bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. S.Seyidova bildirib ki, şagirdlərin ədəbiyyata maraqlarının artırılması naminə start verilən layihədə ilk qonağın S.Babullaoğlu olması təsadüfi deyil. Direktor qonaq şairin tərcümə sahəsindəki təqdirəlayiq təşəbbüslərindən söhbət açıb, onun dünya ədəbiyyatı ilə Azərbaycan, yerli oxucularla böyük ədəbiyyat nümunələri arasında körpü rolunu oynadığını xüsusi vurğulayıb.

Sonda çıxış edən S.Babullaoğlu məktəblilərlə diskussiya apararaq tədbirin gedişatını daha da rəngarəng edib. Şagirdlərlə dialoqda olan şair ana dilinə yaxşı bələd olmağın vacibliyini auditoriyanın nəzərinə çatdırıb. O bildirib ki, yalnız ana dilini incəliklərinə qədər bilən şəxs digər bir xarici dildə yüksək səviyyədə fikirlərini ifadə edə və uğur qazana bilər. Kitab oxumağın, bədii ədəbiyyatla maraqlanmağın labüdlüyündən söhbət açan S.Babullaoğlu şagirdlərə bir sıra tövsiyələr verib. Şair dəvətə görə kompleksin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonda S.Babullaoğlu kitablarını şagirdlərə hədiyyə edib və xatirə fotosu çəkilib.

Nadir YALÇIN

 





15.02.2024    çap et  çap et