525.Az

İncəsənət mülkünün Süleymanı - Vidadi Xəlilov yazır


 

ƏZİZ ŞUŞAMIZIN YETİRDİYİ GÖRKƏMLİ BƏSTƏKAR SÜLEYMAN ƏLƏSGƏROVUN 100 İLLİYİ TAMAM OLUR

İncəsənət mülkünün Süleymanı - <b style="color:red"> Vidadi Xəlilov yazır</b>

Ləyaqətli ömrü boyu müxtəlif nəsillərdən olan insanların xoşbəxt gələcəyi, musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışmış görkəmli bəstəkar Süleyman Əyyub oğlu Ələsgərovun 100 illiyi tamamlanır. 22 fevral 1924-cü ildə hər zaman canından artıq sevdiyi Şuşada anadan olmuş  Süleyman Ələsgərov qadir Allahın xalqımıza bəxş etdiyi qənimət insanlardan idi. Elcanlı, dostcanlı bu insanla ünsiyyətdə, yaradıcılıq əlaqəsində olan hər kəs onu dahi Üzeyir bəyin yadigarı kimi tanıyır, sevir, dəyərləndirir. Bəri başdan deyək ki, dövlətimiz də hər zaman onun nümunəvi əməyini, musiqi sənətimizin, musiqi mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətləri layiqincə qiymətləndirib.

O, 76 illik ömrünün, 50 ildən çoxunu həsr etdiyi yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərində respublikamızın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, Dövlət Mükafatına layiq görülüb. Bir vaxt Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru, konservatoriyanın Şuşa filialının rektoru kimi elmi-ixtisas kadrlarının hazırlanması sahəsində səmərəli fəaliyyət göstərib. Yetirmələri Süleyman müəllimi - nümunəvi şəxsiyyət zənginliyinə malik olan bu böyük insanı məhəbbətlə xatırlayır, yaradıcılıq irsini ləyaqətlə davam etdirirlər.

Yarım əsrdən çox bir müddətdə xalqına xidmət edən bəstəkar və dirijorun, görkəmli musiqi pedaqoqunun ömür yolu haradan başlanıb? Qarabağın dilbər guşəsi, gözəllik tacı, Qafqazın konservatoriyası sayılan Şuşadan! Saray ananın laylaları, əzizləmələri balaca Süleymanın musiqi duyğularını körpəlik yaşından daha da qüvvətləndirib.

Cıdır düzünün tar-qavallı məclisləri, Şuşanın nəğməli-şikəstəli gecələri onda elə bir hiss oyadıb ki, artıq 30-cu illərin əvvəllərində musiqiçi olacağını qətiləşdirib. 1935-ci ildə Şuşa Musiqi Texnikumunun tar sinfinə daxil olanda onun 11 yaşı var idi. Gənc Süleyman artıq 1939-cu ildə texnikumda 50 nəfər istedadlı musiqiçini birləşdirən xalq çalğı alətləri orkestri təşkil edir. Çox keçmir ki, bir-birindən təravətli xalq mahnıları və rəqs melodiyaları, Ü.Hacıbəylinin "Koroğlu" operasından parçalar orkestrin ifasında səslənərək tamaşaçıların zövqünü oxşayır.

1940-cı ildə S.Ələsgərov musiqi təhsilini davam etdirmək üçün Bakıya gəlir və Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Üzeyir bəyin diqqəti, qayğısı sayəsində böyük sənət yolunda uğurlu addımlar atır. 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün ilk "Rəqs" əsərini, müharibə mövzusunda "Gözlə məni" mahnısını bəstələyir.

S.Ələsgərovun 1941-45-ci illərdə xalq çalğı alətləri orkestri üçün bəstələdiyi "Qaytağı", "Yallı", "Cəngi", habelə simfonik orkestr üçün "Süita"sı hərbi-vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb edir. O dövrdə gənc bəstəkarın iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun böyük rəşadətini tərənnüm edən simfonik poeması yüksək qiymətləndirildi. "Naməlum əsgər haqqında ballada" da bəstəkarın müharibə mövzusunda qələmə aldığı ən dəyərli əsərlərindəndir.

Tarix təkrar olunur. Aradan düz 50 il keçəndən sonra S.Ələsgərov digər sənət dostları kimi müharibə mövzusuna yenidən müraciət edir. Nəfəsli orkestr üçün "Yürüş marşı", solist, xor və orkestr üçün "Birliyə çağırış" əsəri Vətən oğullarını, igid əsgərlərimizi qələbəyə səsləyir.

Bəstəkarın yaradıcılıq diapazonu çox geniş idi. O, demək olar ki, musiqinin bütün janrlarında qələmini sınamış və hər yeni əsəri ilə sənətsevərlərin rəğbətini qazanmışdı. Yüzdən çox mahnı bəstələmişdi. Bu mahnılarda doğma Azərbaycanımızın bənzərsiz təbiəti, gözəl guşələri, xalqın həyatı, qurub-yaradan adamlarımızın fədakar əməyi tərənnüm olunub. Bəstəkarın "Göy göl", "Şuşa", "Mingəçevir", "Naftalandadır" mahnıları Azərbaycan təbiətinin bənzərsiz gözəlliyini, ülviliyini tərənnüm edən çox qiymətli vokal əsərlərindəndir. O, professional musiqimizdə mahnı-romans janrını yaradıcılıqla inkişaf etdirən sənətkarlarımızdandır. "Yada düşdü", "Vətənimdir", "Sərvi-xuramanım mənim", "Qafqaz", "Ata", "Küsmərəm", "Bilmirəm", "Neylərəm" romansları forma əlvanlığına, ifadə vasitələrinə görə böyük maraq doğurur.

S.Ələsgərov Azərbaycan professional musiqisində "Sözsüz mahnı" janrının əsasını qoyan və bu janrı daha da zənginləşdirən yeganə bəstəkardır. Müxtəlif illərdə bu janrda böyük həvəslə qələmə aldığı 21 əsər bir-birindən dəyərli, əlvan melodiya çalarlarına malikdir.

Xalq musiqi xəzinəsindən bəhrələnən S.Ələsgərov tar ilə xalq çalğı alətləri orkestri üçün 1 və 2 nömrəli konsertləri ilə Azərbaycan tarının necə geniş ifa imkanlarına malik olduğunu nümayiş etdirdi. Onun tar, kamança, qanun, balaban, fortepiano üçün bəstələdiyi pyeslər, sonatalar, sonatinalar, kvartetlər də gənc ifaçılarımızın repertuarında möhkəm yer tutur.

Bəstəkarın irihəcmli vokal-simfonik əsərləri - "Bayram", "Dostluq" süitaları, "Bahar təranələri", "Azərbaycanım mənim" kantataları, Nizaminin 850 illiyinə həsr etdiyi vokal-simfonik poeması, opera və operettaları musiqi mədəniyyətinin ən dəyərli inciləri kimi səciyyələnir. C.Cabbarlının eyniadlı əsəri əsasında yazdığı "Solğun çiçəklər" operası isə bu janrı sevənlərə layiqli töhfədir.

S.Ələsgərov Azərbaycanda operetta janrının inkişafı sahəsində çox məhsuldar fəaliyyət göstərmiş, Ü.Hacıbəyli ənənələrini ləyaqətlə davam etdirmişdi. O, ilk operettasını - "Məhəbbət günü"nü 1945-ci ildə bəstələyib. Müxtəlif illərdə qələmə aldiğı "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır", "Hardasan, ay subaylıq", "Həmişəxanım", "Gurultulu məhəbbət", "Hərənin öz ulduzu", "Subaylarınızdan görəsiniz" operettalarının hər biri uğurlu yaradıcılıq axtarışlarının nəticəsidir.

S.Ələsgərov müxtəlif vaxtlarda Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor, baş dirijor, direktor, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində direktor, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində incəsənət işləri idarəsinin rəisi, Respublika Radio və Televiziya Verilişləri Komitəsində bədii rəhbər, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifələrində çalışarkən  böyük insanlıq, idarəetmə mədəniyyəti, orijinal iş üslubu, yaradıcılıq nümunəsı göstərib.

S.Ələsgərovun həyatı, yaradıcılığı, pedaqoji fəaliyyəti ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, o, günün bir saatını belə hədər keçirməz, xalqına, elinə-obasına daha böyük xidmət üçün yeni yollar, imkanlar axtarar, qarşıya qoyduğu aydın məqsəd yolunda inamla addımlayardı.

Görkəmli bəstəkar, gözəl, xeyirxah insan, alovlu vətənpərvər Süleyman Ələsgərovun haqq dünyasına qovuşduğu vaxtdan 24 il ötür. Şuşa dərdi, Şuşa həsrəti əzizimiz Süleyman müəllimi sıramızdan nisgilli apardı.

O, doğma yurdu Şuşayla fəxr edirdi. Şuşa adına hər an musiqi çələngi hörməyə çalışırdı. Sənət dostu, unudulmaz Şıxəli Qurbanovun sözlərinə özünün və dinləyicilərin ürəyincə olan bir mahnı bəstələmişdi:

 

Səni hər görəndə tanımaq olmur, a Şuşam,

İldə bir qərinə cavanlaşırsan.

Sən cavan hüsnünə qoca dağların,

Mehriban şəhərim, çox yaraşırsan.

 

Şuşa ilə nəfəs alırdı Süleyman müəllim. Nəinki yayda, elə qışın oğlan çağında da Şuşaya baş çəkirdi. Günlərlə orada qalır, yazıb-yaradırdı. Üst-üstə hesablayanda, demək olar ki, ilin 5-6 ayını Şuşada keçirirdi. Şuşa onun ilham mənbəyi idi.

Sən demə, Şuşada keçirdiyi bəxtəvər günlərin də sonu varmış. Aman Allah! Şuşanın işğal olunması xəbərini eşidəndə o nə hala düşdü?! Ürəyi sıxıldı, bir anlığa nəfəsi kəsildi. Ancaq Allah səbir də verdi. Onsuz da 1988-ci ilin fevralından - Qarabağın qara günləri başlanandan bəri dincliyi yox idi. Tez-tez camaat arasında olur, hərbi hissələrə gedir, əsgərlərlə görüşür, hərbi və simfonik orkestr üçün marşlar yazır, yeni mahnılar bəstələyirdi.

Şuşa həsrəti, Şuşa dərdi Süleyman müəllimin həyat tərzini də dəyişmişdi. 70-75 illik yubileylərini geniş şəkildə qeyd etmək istəyənlərə qısaca belə cavab verirdi:

- Qalsın Şuşaya, orada qeyd edərik...

Bir gün, bir saat da yadından çıxmırdı Şuşa. Bu həsrəti, bu möhnəti doğma yurdunun acnacaqlı taleyinə həsr etdiyi əsərlərlə ovudurdu. Sənət dostu, görkəmli şair Zəlimxan Yaqubun "Bu gecə yuxuma girmişdi Şuşa" şeiri yaman təsirləndirmişdi onu:

 

Gözündə yaş gördüm, yanağında qan,

Cıdır düzündəki xarıbülbülün.

Dərdin sinəsində dağlandı sinəm,

Didərgin olmuşdu yarı bülbülün!..

 

Bu ağrılı misralara musiqi qoşduqca için-için yanır, qovrulurdu bəstəkar. 75 illiyinin tamamına bir neçə gün qalmış yenə də kəskin ürək ağrıları, ürək sıxıntıları keçirdi. Hiss edirdik ki, bu sıxıntılar, bu ağrı-acılar Şuşayla bağlıdır. Yubiley günündə qohumlar, dostlar başına yığışmışdıq. Televiziyanın "Xəbərlər" proqramında respublikamızın rəhbəri Prezident Heydər Əliyevin bəstəkara ünvanlanan təbrik məktubu və onun "Şöhrət" ordeni ilə təltif olunması haqqında imzaladığı fərman oxunanda eyni açıldı, məmnun oldu.

Hər gün, hər saat Şuşa deyəndə qəlbi göynəyirdi. Təskinlik verəni ömür-gün yoldaşı Ağgül xanım idi. Ağgül xanımın qəfil vəfatı onun dərdini daha da artırdı. Ürəyi dözmədi bu əvəzsiz itkilərə. 20 yanvar 2000-ci ildə dünyasını dəyişdi.

Ölüm sözünü unudulmaz Süleyman müəllimin adı ilə yanaşı deməyə dilim gəlmir. Ancaq nə edəsən? Dünyanın belə işlərinə nə deyəsən? Nə qədər ağır da olsa, etiraf etməliyik ki, insanlığa yaraşıq, əməlləri, şəxsi həyatı ilə  hamıya nümunə olan o böyük insan aramızda yoxdur. Ancaq ruhu bizimlədir, həmişə də bizimlə olacaq!

 

 





15.02.2024    çap et  çap et