525.Az

Çaparaq notlar - Firuz Mustafa yazır


 

Çaparaq notlar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

3. "Bəyaz rəqs" necə meydana gəldi?

 

Yolum düşən ölkələrdə ilk növbədə kitab dükanlarına baş çəkirəm.

İndi iş otağımdakı rəflərə düzülmüş müxtəlif elmlərə və janrlara aid kitabların az qala hərəsinin öz alınma, "əldə olunma" tarixi var. Bəzi kitabları isə özüm almamışam, mənə poçtla göndəriblər. Vaxtilə Pribaltikada, Orta Asiyada, Rusiyada yaşayan dost və tanışlardan aldığım kitabları bu gün də saxlayıram. Hətta, bəzən üzünü görmədiyim adamlardan aldığım kitablar da var; məktubla müraciət etmişəm, tezliklə lazım olan kitabı ünvanıma göndəriblər.

    Bu yaxınlarda rəfdəki kitabları qaydaya salarkən göy cildli, irihəcmli bir kitab diqqətimi cəlb etdi. Əslində bu, kitab yox, jurnal idi. Sadəcə olaraq iki, ya üç jurnalı üst-üstə tikib kitab halına salmışdılar. "Kitabın" üstünə göy kartondan səliqəli üzlük çəkmişdilər. Cildin üzərinə isə rəngli karandaşlarla bu sözlər yazılmışdı: Viktor Astafğev. "Üarğ-rıba"

Amma üst-üstə tikilmiş bu jurnalların adı, nəşr edildiyi tarix qeyd edilməyib. Çox ehtimal ki, bu qalın dərgi "Roman-qazeta"dır. Adətən, "Roman-qazeta"da səs-küy qoparan, məşhur əsərlər nəşr edilirdi. Bizim yazıçılardan da bir çoxunun (M.İbrahimbəyovun, S.Azərinin) əsərləri müxtəlif illərdə bu dərgidə çap olunmuşdu.

Yadımdadır, 70-ci illərin sonunda rus yazıçısı Viktor Astafyevin romanı oxucular arasında geniş əks-səda vermişdi. Mən əsəri heç cür əldə edə bilmirdim (Bəli, kitabların da belə bəxtəvər günləri vardı).

80-ci illərdə Elmlər Akademiyasında aspirant olarkən dostlarımla Nalçikə istirahətə getmişdim. Dağların başındakı turbazaların birində dincəlirdik. Axşamlar geniş meydançada rəqs təşkil edilirdi. Adətən, buraya daha çox gənclər axışıb gəlirdi.

Mən rəqs etməsəm də, orijinal rəqs nümunələri nümayiş etdirənləri maraqla seyr edirdim.

Xatirimdədir, rəqs edənlər arasında nisbətən yaşlı bir xanımın göstərdiyi "tryuklar" hamının diqqətini cəlb edirdi. Bu xanım həm Qafqaz, həm slavyan, həm hind, həm də Avropa xalqlarının rəqslərini məharətlə ifa edirdi. Çox zaman yaşıl donda olan bu xanımı biz öz aramızda "yaşıl alov" adlandırır və doğrusu, axşamlar çox vaxt elə bu şən qadının göstərdiyi "nömrələri" izləməyə gedirdik.

Növbəti axşamların birində yenə rəqs meydançası gənclərin ixtiyarında idi. Birdən "rəqqas qadın" qəfildən meydançaya çıxdı. O, indi qıpqırmızı don geymişdi və əsl alova oxşayırdı. Bu alov sanki sehrli ilan kimi qıvrılır, yığılıb-açılır, ətrafa od saçırdı.

Arada fasilə oldu. Gecənin aparıcısı növbəti rəqsi elan etdi: "Bəyaz rəqs". Adətən bu rəqs ifa olunanda qadınlar kişiləri oynamağa dəvət edirlər. Heç gözləmədiyim halda "rəqqas qadın" irəli yeriyib əlini mənə sarı uzatdı. Üzrxahlıq edib bildirdim ki, rəqs edə bilmirəm. Qadın gülümsəyib dedi ki, problem yoxdur, öyrənərsən, hələ cavansan. Dostlarım da him-cim etdilər ki, bu cür xanımın təklifini rədd etmək olmaz, irəli çıx...

Xanım rəqs edə-edə mənə ürək-dirək verib bildirirdi ki, məsələ heç də onun təsəvvür etdiyi kimi deyilmiş; yəni mən rəqs etməyi bacarırmışam.

Sən demə, qadın, rəqqas yox, tanınmış bir pedaqoq imiş. Özü də Sibirdəki iri texnikumlardan birində direktor vəzifəsində işləyirmiş. Mən onun rəqsə bu cür marağının səbəbini soruşarkən qadın gülüb dedi: "Axı bizim texnikumda minlərlə tələbə təhsil alır. Orada hər millətin nümayəndələri var. Elə azərbaycanlılar da az deyil. Mən hətta sizin Fərman Salmanovu da tanıyıram. Çalışıram ki, bu tədbirlərdə bütün xalqların mahnı və rəqsləri səslənsin. Özüm də oxumağı, rəqs etməyi çox sevirəm".

O, arada oxuduğu kitablardan sitatlar gətirirdi. Bir dəfə söhbət hərlənib-fırlanıb Viktor Astafyevin yeni əsərinin üstünə gəldi. Mən həmin əsər barədə mətbuatda çox oxumuşdum. Amma əsərin özü ilə tanış deyildim. Qadın söz verdi ki, öz evlərinə qayıdan kimi arzusunda olduğum kitabı göndərəcək...

Hərə öz vətəninə yola düşdü. Bir gün məhəllə poçtalyonu qapını döydü. Əlindəki bağlamanı irəli uzatdı. Baratı açıb baxdım. Xanımın vəd etdiyi kitab idi. Viktor Astafğev "Üarğ-rıba".

Təəssüf ki, indi həmin kitabı göndərən qadının adını unutmuşam. Amma rus yazıçısı Viktor Astafyevin adı nə zaman çəkilirsə, daim qeyri-ixtiyari, assosiativ olaraq həmin qadını xatırlayıram.

P.S. Sonralar mən "Bəyaz rəqs" adlı hekayəmdə öz müşahidələrimdən bəzilərini qələmə almağa çalışdım. Təbii ki, orada baş verən hadisənin məğzi, fabulası və məzmunu tam fərqli bir axarda idi. Axı mən oçerk yox, bədii əsər yazmışdım.

 

4. "Dekret yeri" necə yarandı?

 

Məlum məsələdir ki, bədii əsərin meydana gəlməsində daha çox təxəyyülün rolu olur. Əsərin səviyyəsi isə, təbii ki, istedadla bağlı bir məsələdir. Amma orası da var ki, bəzən yazıçının şəxsi müşahidəsi və ya tərcümeyi-halı ilə bağlı nəsnələr də bu və ya digər əsərin meydana gəlməsinə "təkan" verir.

Mən vaxtilə öz qeydlərimdə "Alın yazısı", "Okean", "Bəyaz rəqs" adlı hekayələrimin qələmə alınmasına səbəb olan başlıca "amillərdən" bəhs etmişdim.

İndi isə "Dekret yeri" adlı müxtəsər bir hekayəmin yaranmasında hansı "həyat faktının" rol oynaması barədə elə müxtəsərcə söz açmaq istəyirəm.

Təyinatımı Saatlı rayonuna vermişdilər. Maarif şöbəsinin (indi Təhsil şöbəsi adlanır) müdiri, təcrübəli pedaqoq Qoçəli Pənahov mənim hələlik Adıgün kəndindəki orta məktəbdə fəaliyyətə başlamağımı tövsiyə etdi. "Hələlik" və "tövsiyə etdi" ifadələrinə müraciət etməyim təsadüfi deyil. Zira müdir vurğulamışdı ki, sən həmin məktəbə dekret yerinə gedirsən. Bir müddət adı çəkilən yerdəki məktəbdə işlədim. Yerli əhali sürgündən qayıtmış Mehseti türkləri idi. Bir gün dekretə çıxmış xanım öz yerinə qayıtdı. Şöbə müdirinin tövsiyəsi ilə rayondakı səkkizillik məktəbə gedəsi oldum. Yenə dekret yerinə. Az sonra məni başqa bir yerə dəyişəsi oldular. Yenə məlum səbəbə görə. Günlərin bir günü xəbər gəldi ki, "dekretçı" öz yerinə qayıdır. Mənim Mollaəzizli məktəbinə dəyişməyim barədə sərəncam verildi. Yenə dekret yerinə. Bir müddətdən sonra təzəcə istifadəyə verilmiş M.Əzizbəyov adına orta məktəbdə fəaliyyətə başladım...

Elə o vaxtdan demoqrafik yüksəlişimizin təbliği ilə məşğulam.

Bax, "Dekret yeri" belə yarandı...

 

Dil mozaikası

 

Lapşa.

Bir sıra türk dillərində, o cümlədən, uyğur dilində işlədilən lapça sözündən götürülüb. Mənası: kiçik hissələrə doğranmış parça, hissə, əriştə, ləpik.

lll

Balbes.

Bu sözün kökünü çoxu bilmir. Ruslar cahil, nadan mənasında işlədir. Düz də edirlər. Amma bu, təmiz türk sözüdür. Mənası azərbaycanca - BİLMƏZ, tatarca BİLMES, qırğızca BİLBES.

Bir sözlə, qanmaz, anlamaz... deməkdir.

Ta qalan sinonimləri özünüz əlavə edə bilərsiz....

***

Eralaş. Bu söz, rus dilçilərinin yazdığına görə, türkcə "aralaş" sözündən götürülüb. Araqarışmış, qatmaqarışıq, hərcmərclik, səliqəsizlik.

"Çto gto u tebə, brateü, v qolove vseqda eralaş takoy?" Qoqolğ.

lll

Birökovatıy. Rus ədəbi dilində işlənən sözlərdəndir. Əsasən qurd, yalquzaq, canavar mənasını verir.  Daha çox tənhalığı sevənlərə, aztəhsilli olanlara, habelə ciddi hərbi xarakteri olan kəslərə belə ayamalar qoşulur.

Əslində isə bu söz, yəni  "birökovatıy"  kökən türkcədir.  BÖRÜ, yəni canavar. Ç.Aytmatovun "Ölüm kötüyü"ndəki Akbarını (və eləcə də Daşçeynəri) xatırlatmaq kifayətdir.

Türk xalqlarında BÖRÜ (AKBARI)  sözünü ad-soyad kimi götürən şəxslər də çox olub.

Mərhum sənətşünas Ənvər bəy özünə "Börüsoy" təxəllüsünü götürmüşdü.

lll

İzcən Mən desəm ki, rus dilindəki İzcən sözü "ziyan" (fars köklü türkizmdir) sözündən, Artelğ "ortaq" sözündəndir", Tarakan sözü türk-çuvaş dilindəki tar-aqan - tez qaçan ("ubeqaöhiy") sözündəndir.... heç kəs rus dilinin halına ağlamaz. Əksinə, bu sözlərlə qonşularımızın dili zənginləşib.

Hələ karıy sözü... Desəm ki, "çёrnıy" sözü elə bu karıydandır, təəccüb etməzsiz. Mənbə də deyə bilərəm. Hələlik yarımmənbə deyirəm: (qramm. 1391-1428 qq.), zaimstv. iz törksk.; sr.: tur. kara, başk. kara, tat. kara, kazaxsk. kara "çёrnıy". Sözün qısası, karıy sözü "qara" sözündən götürülüb.

lll

Xozəin.

İlk baxışdan tərtəmiz rus sözü olduğu təsəvvürü yaradır.

Əslində idə bu söz, yəni "xozyain", "Xoca" (xocam) sözündən götürülüb. Doğrudur, leksemin əsası fars təmayüllüdür, amma türkizm hesab olunur.

lll

Əlanğ, alaçöqa, aş, namus...

 

  Dil metamorfozaları heyrətamiz dərəcədə əsrarəngizdir. Biləsiniz ki,  əlanğ, elanğ, ala ər ala uap(ər)- (boş yer), habelə poləna gedib bir kökə çıxır.

 Və yaxud alaçıq sözü rusların müxtəlif dialektlərində alaçuqa (alaçuqa), alaçyuqa (alaçöqa), olaçuqa (olaçuqa) kimi işlədilir. Ədəbi əsərlərdə daha çox laçuqa (laçuqa) şəklində işlədilir və a səsi ləğv edilir. Türklərsə bu sözü daha çox alaçuk (alaçuk) kimi işlədir. (sm. laçuqa (Sreznevskiy, 1, 15).

   Dal və Radlov qeyd edir ki, kuşat (kuşatğ) sözü tatarlardan (türklərdən) götürülüb. Mənası aşat (aş yemək) anlamına gəlir. İndi biz neyləyək ki, qonşularımız aş yeməyə: aşmak estğ deyiblər?

 Yaxşı, bəs bu "namus" sözünün kökü haraya gedib çıxır? Bu, əlbəttə, mənası hamıya (hər halda çoxuna) məlum olan sözdür.

  Bəs sözün mənşəyi haradan gəlir. Ərəb deyir farsdan, fars da deyir ki, ərəbdən. Ta ermənini deməzlər ki...

  Lap çoxdan əlimə düşən türkcə yazılmış bir kitabda isə bu sözün yunanlardan alındığı qeyd olunurdu. Əslində bu versiyaların hər biri natamamdır.

 Tatarlar demiş: namus, oət, ədəp deməkdir.

P.S. Mən bunları yazmaqla heç də Şimal qonşularımızı plagiat hesab etmirəm. Əksinə, onlar türkizmlərlə dili xeyli zənginləşdiriblər.

  Amma bəziləri elə güman edir ki, mən rus dilinə lağ edir, onun kefinə dəyirəm. Əksinə, az-çox bildiyim dil elə öz türkcəmizdir. Mənə hərdən o da xoş gəlmir ki, məsələn tütk qardaşlarımız dünya mədəniyyətinə ilk dəfə hamam gətirdikləri halda nədənsə "banyo" deyir. Niyə?

 

"POMPADUR"

Mayakovskinin tənqid hədəfində - Ruhulla Axundov

 

Ruhulla Axundov hələ çox gənc ikən, 27 yaşından Azərbaycan Kommunistlərinin rəhbərlərindən biri, S.M.Kirovun dövründə MK katibi olmuşdu. Onun MK katibliyindən azad edilməsinin əsas səbəbi bir nəfər tanımadığı adamla əlbəyaxa davaya qalxması olmuşdu. Məsələ belə olmuşdu: Ruhulla Moskva-Xarkov qatarının vaqon restoranındakı pərdənin endirilməsinə etiraz edən sərnişini əzişdirmişdi. Milliyyətcə rus olan sərnişin hay-küy qaldırmış, vaqona milis çağırılmış, məsələyə aydınlıq gətirilmişdi. Sorğu-sual zamanı Ruhulla Axundov özünün MK katibi olduğunu təsdiq edən sənədi göstərmişdi. Tezliklə bu məsələ o vaxtkı mətbuatın gündəminə gəlmiş, "Pravda" qəzetində kəskin yazı dərc edilmişdi. Hətta, V.V.Mayakovski bu "insidenti" özünün məşhur "Pompadur" şeirində daha da qabartmışdı. Həmin şeirdə vəzifəli şəxsin adi vətəndaşı əzişdirməsi hiddətlə və şiddətlə tənqid edilmişdi.

...Mən Ruhulla Axundovun hazırda Şüvəlanda yaşayan bəzi qohumlarını tanıyıram.

 

 

 

 

 

 

 

 

 

 

 

 





15.02.2024    çap et  çap et