525.Az

"Sən mənim sükutumsan" - Bahəddin Həzi yazır


 

"Sən mənim sükutumsan" - <b style="color:red"> Bahəddin Həzi yazır</b>

Dostum bir lətifə danışmışdı. Cəmi iki cümlə: "Hamı evlənsin. Heç bir kişi cəzasız qalmamalıdır".

Bu, əlbəttə, çox şirin, həm də, doğrusu, bir azca ciddi zarafatdır.

Bəli!

Hər kəs subay keçirdiyi zamana görə bir gün "məhəbbət məhkəməsi" qarşısında cavab verəcək. Çünki Tanrının yuxarıdan baxıb, zərərçəkən kimi tanıdığı üşüyən ürəklərə, boş əllərə, yalqız ruhlara görə "günahkar"lar bir gün bir yerdə bədəl ödəyər artıq!

Hansısa kitabdan oxumuşdum: "Əsl kişilərin xanımları xoşbəxtdir, qalanları isə güclü qadınlardır".

Hərçənd bunun əksi də söylənib; Platonun kişilərə məsləhəti vardı: "Evlən, hər şey yaxşı getsə, xoşbəxt olarsan, yaxşı getməsə, filosof olarsan".

Düzdür, toplumun güclü qadınlara da, filosof kişilərə də ehtiyacı var. Kim güclü, kim filosof olur-olsun, etirazım yox! Ancaq güclü də xoşbəxt olsun, xoşbəxt də güclü olsun. Fəlsəfə isə hər evə lazım! Təbii ki, lazım olduğu qədər...

Daha əvvəl də bu "Valentin" əhvalatından danışmışıq. Məni bu hekayə elə də tərpətmir; sadəcə, birgünlük bu yazı üçün bəhanədir. Günün sevgisi, yaxud sevginin günü yoxdur. O, ya hər gün var, ya da heç vaxt yoxdur.

Ömür bizim düşündüyümüzdən və hətta yaşadığımızdan da qısadır. Gözəl şeyləri ertələmək olmaz.

Dostumun ciddi yumoruna tutunmağa çalış; sevgi yaşına çatmısanzsa, xoşbəxt olmaq üçün heç vaxt tez deyil. Amma bəzən gec ola bilir.

Hərdən dərsə gecikərsən, işə gecikərsən... Bunlar çox da qorxulu deyil, düzələr. Bircə həyata gecikmə!

Hisslərinin dərinliyindən və ruhunun təmizliyindən əminsənsə, yubatmadan və uzatmadan etiraf et! Xoşbəxt etirafın cümləsini qurmadan gələcəyin bəxtəvər ailəsini qurmaq çətindir. Ya da heç mümkün deyil.

Hə, verbal üslub səndə istədiyin kimi alınmır?! Dərd deyil. İnsan min illərlə nitqsiz yaşamışdı...

Ürəkdən gələn sükutun səsi də tez eşidilir.

Yaponlar: "Mən səni sevirəm" demirlər. O mənanı belə ifadə edirlər: "Sən mənim sükutumsan".

Yapon fəlsəfəsi sevgini ruhun səssiz harayı kimi "dinləyir" yəqin. Hissləri qışqırmağın yeri yoxdur. Sevdiyiniz qapını, sadəcə, Frans Şubertin "Serenada"sı ilə döysəniz də, o qapı üzünüzə açılar bəlkə...

Heç deyilsə, birgünlük yaponsayağı deyin: "Sən mənim sükutumsan"... Sonra da elə həmişə.

Yaponlar çox ağıllıymış. Elə yəhudilər də; ata oğluna deyir: "Həyat yoldaşın susursa, çalış, sözünü kəsmə".

Bu da əzizləyici yumordur, əlbət. Amma kəlmələrin arxasındakını oxuya bilsək, orda belə "yazılıb": "Qadının sükutunu da diqqətlə dinlə".

Çünki elə mənalar var ki, sözə sığmır; səssizlikdə "yaşayır"...

 





16.02.2024    çap et  çap et