525.Az

"Nə qədər yaraşır insana gülmək" - "Molla Nəsrəddin XXI əsrdə" silsiləsindən


 

"Nə qədər yaraşır insana gülmək" - <b style="color:red"> "Molla Nəsrəddin XXI əsrdə" silsiləsindən</b>

MOLLANIN ŞAİRLİYİ

            

Molla bir də baxıb görür ki, balam, yerindən duran şeir yazır, roman yazır, hətta qonşusu naxırçı Qulam da cöngə və düyələrin ülvi məhəbbətindən bəhs edən şeirlərini kitab kimi çap etdirib, üstəlik, mükafat da alıb. Molla fikirləşir ki, mənim nəyim əskikdir? Elə şeirlər yazaram, məmə yeyəndən pəpə yeyənə qədər hamının xoşuma gələr.

Xülasə, qələm-kağız götürüb çəkilir bir küncə və hıqqana-hıqqana "Həyat fəlsəfəsi" sərlövhəli belə bir qoşma - sicilləmə (Mollanıın kəşf etdiyi yeni janrdır - Ə.H.) yazır:

Səhər-səhər evdən çölə çıxanda,

İnək təzəyini görüb sevindim.

Arvad tutub saqqalımı yolanda,

Kişi kimi nə danışdım, nə dindim.

 

Bayquş nəğməsinə qurban kəsərəm,

İt hürsə, səsindən qorxub əsərəm,

Eşşək şıllaq atsa, ondan küsərəm,

Qarğa qarıltısı ilham pərimdir.

 

Vətən mənə canımdan da əzizdir,

Bu dünyanın fəlsəfəsi qəlizdir,

Zakaz elə, təzə "Zapı" gətizdir,

Evdə nə var, bil, hamısı mənimdir.

 

Molla deyər, azadlıqdan şad oldum,

Bu vətəndə arvadıma yad oldum,

Hər şeyin üstünə qonan zad oldum,

Mənə şəkk gətirən yurda qənimdir.

 

Arvad səni eşşək kimi döyəndə,

Haça maşa düz kəllənə dəyəndə,

Qonum-qonşu cəmdəyinə söyəndə,

Gileylənmə, de ki, Allah kərimdir.

Son nöqtəni qoyan kimi kağızı götürüb cumur qəzet redaksiyalarından birinə. Redaktor şeirin orasından-burasından oxuyub üzünü turşudur və deyir:

- Ay Molla dayı, adın-sanın, gül kimi blatın var. Bu nə cızmaqaradır? Belə şeir olar? Nə məzmunu var, nə də süjeti. Eşşək, təzək, qarğa, nə bilim, arvad, vətən - hamısını qatmısan bir-birinə. Sözlər, misralar arasında da əlaqə-bağlılıq yoxdur.

Molla cavab verir:

- Sən lap geri qalmışlardansanmış, cənab redaktor. Bu, posmodernist şeirdir də. Yəni hər şeydən bir az. Bir də ki rəhmətliyin oğlu, indi süjet-mujet, əlaqə-məlaqə axtaran var? İndi kim kimin yazısını oxuyur ki? Sən çap elə, əsas odur, desinlər ki, MOLLA DA ŞAİR OLDU.

 

MOLLANIN MƏSLƏHƏTİ

 

Bir gün iki nəfər şair Mollanın yanına gəlir ki, bəs a Molla, yaman yerdə axşamlamışıq, bizə bir yol göstər.

Molla deyir:

- Konkret danışın görüm nə olub.

Şairlərdən biri deyir:

- Ay Molla, biz ikimiz də şairik, ikimizin də kitabları çıxır. Hətta xaricdə də çap olunmuşuq. İkimizin də reytinqi demək olar ki, eyni səviyyədədir. Amma mənim bax, bu dostum deyir ki, reytinqlərimizin göstəriciləri eyni olsa da, onların arasında tarazlıq yoxdur. Guya onun oxucuları əhalinin intellektual, mənimkilər isə tupoy, səviyyəsiz təbəqəsini təmsil etdiyinə görə onun reytinqi çəkidə daha ağırdır. İndi de görək biz neyləyək ki, reytinqlərimiz təkcə ölçüsünə görə yox, çəkilərinə görə də bərabər olsun.

Molla görür ki, məsələ qəlizdir. Xeyli fikirləşəndən sonra qəfildən deyir:

- Tapdım! Sizin reytinqlərinizi bərabərləşdirməyin bircə yolu var - gərək bundan sonra əl-ələ verib əsərlərinizi bir yerdə yazasınız. Onda sizin şeirlərinizi həm intellektual, həm də səviyyəsiz oxucular oxuyacaq. Belədə reytinqlərinizin həm çəkisi artacaq, həm də onlar arasında qızıl tarazlıq yaranacaq.

İkinci şair etiraz edir:

- Ay Molla, iki adam bir şeiri necə yaza bilər?

- Çox sadə - bir misrasını sən yazarsan, bir misrasını da o.

- Yox, ay Molla belə alınmaz.

Molla əsəbləşir:

- Əşi, onda biriniz misraları yazar, digəriniz də nöqtə-vergülləri qoyar.

Şairlər özlərini saxlaya bilməyib gülürlər. Molla deyir:

 - Ay lotular! Gülürsünüz! Deyəsən, işləriniz düzəldi axı!

 

MOLLANIN BAŞ REDAKTORLUĞU

  

İş elə gətirir ki, Mollanı zorla, darta-darta gətirib "Həqiqət" qəzetinin baş redaktoru kürsüsündə əyləşdirirlər ki, bəs amanın günüdür, hamının rəğbət bəslədiyi müdrik ağsaqqal kimi qəzetimizin pis gündə olan reytinqinin yüksəlməsinə kömək elə.

Molla qalır çaş-baş, bilmir nədən başlasın. Müavinini yanına çağırıb soruşur:

- Adından belə anladım ki, qəzetiniz ancaq həqiqəti yazır. Onda gərək sabahkı nömrənin 1-ci səhifəsində lap yuxarıdan böyük hərflərlə yazasınız ki, biz reytinqimizi qaldırmaq xatirinə qəzetin, redaktorun nə olduğunu bilməyən  birisini özümüzə ağsaqqaal seçdik.

Müavin deyir:

- A kişi, nə danışırsan? Onda qəzetimizi kim alar? Bir də ki, rəhmətliyin oğlu, indi həqiqət, düzlük axtaran kimdir? Bilmirsən ki, dünyada insanların ən zəhləsi gedən və qorxduğu şey həqiqətdir?

- Yaxşı, onda siz nədən yazırsınız, camaata nə çatdırırsınız? - deyə Molla təəccüblə soruşur.

Müavin irişə-irişə deyir:

- Biz hamının xoşladığı, hamının həyat tərzinə çevrilmiş yalanı tərənnüm edirik, ay Molla. Yəni yalanı şokalad kağızına büküb həqiqət adı ilə satır, bir sözlə, hap-göp edib başımızı saxlayırıq. Hərdən həqiqət də yazırıq. Məsələn, kim kimin eşşəyini oğurladı, kim vurub qonşusunun başını yardı, canım sənə desin, hansı müğənni nə vaxt boşandı... Bunlar camaatın xoşladığı mövzulardır deyə yan keçə bilmirik.

Molla fikrə gedir, xeyli keçəndən sonra deyir:

- Yox, aşna, bizimki tutmaz. Madam ki, belədir, onda biz qəzetin adını təcili dəyişməliyik. Mənim 1-ci tələbim budur.

Müavin başlayır gözlərini döyməyə:

- Yaxşı, hansı variantın var, Molla dayı?

Molla saqqalını tumarlaya-tumarlaya deyir:

- Sabahdan qəzet bu adla çıxmalıdır: "Gop da olsa, maraqlıdır!" Düzdür, bir az uzundur, amma qəzet bu adla çıxsa, bircə həftədən sonra reytinqiniz də, oxucularınızın sayı da kəlləçarxa çıxmasa, gəl tüpür üzümə.

 

MOLLANIN SƏNƏTŞÜNASLIĞI

  

Bir gün balaca nəvəsi Molladan soruşur:

- Baba, balet nədir?

Molla sadə cümlələrlə, loru dildə baletin nə olduğunu izah etməyə çalışır, amma danışdıqlarından heç özü də bir şey anlamır. Axırda yorulub deyir:

- Bala, indi konkret nümumə əsasında səni başa salaram. Təsəvvür elə ki, nənənlə mən balet oynayırıq. Mən nənəni qısqandığıma görə onunla davaya başlayıram. Nənən əl atıb saqqalımı yolur. Mən də özümü saxlaya bilməyib bıçağı dəstəyinə qədər soxuram onun ürəyinə. Səncə, bunun axırı nə ilə qurtarmalıdır?

Uşaq ağlamsına-ağlamsına deyir:

- İraq-iraq, nənəm o dəqiqə ölməlidir də...

- Ay sağ ol! Amma nənən ölmür...

Uşaq heyrətlə soruşur:

- Bəs neynəyir?

- Nənən ölmək əvəzinə gen tumanının qırçın balağını atıb başına başlayır tullana-tullana ora-bura qaçmağa. Gah sağ ayağını yana açıb fırladır, gah da sol ayağını. Sonra sağ ayağını arxadan yuxarı qaldırıb başı səviyyəsinə çatdırır və dabanı ilə peysərinə bir neçə zərbə endirir ki, kül başua, səni canlara dəyən oğlanlar istəyirdi, amma bu zırramanı seçdin. Bu da axırı!

Uşaq gözlərini bərəldib maraqla soruşur:

- Yaxşı, bəs sonra?

- Sonra nənən saqqalımı təkrar yolmaq üçün gizlincə, səs çıxmasın deyə ayaq barmaqlarının ucunda yeriyə-yeriyə bu dəfə arxadan üstümə atılır. Amma mən cəld tərpənib onu haça-paça götürür, başımın üstünə qaldırır və bu vəziyyətdə 5-6 dəfə fırladıram ki, ay camaat, baxın görün boş şey üstündə mən necə nəcib bir insanı öldürdüm.

Uşaq tələsik soruşur:

- Baba, nənəm bundan əvvəl tumanının ətəyini yəqin ki, aşağı salacaq da.

Molla gülüb deyir:

- Yox, ay bala, onda bunun nəyi balet olar ki?!

 

MOLLANIN HAKİMLİYİ

 

Bir gün Mollanı darta-darta gətirirlər stadiona ki, gərək futbol üzrə şəhər birinciliyinin final oyununa hakimlik edəsən. Molla and-aman eləyir ki, futboldan heç nə qanmır, ondan hakim çıxmaz, əl çəkmirlər, deyirlər, yox, bir vaxtlar şəriət məhkəmələrində qaziləri əvəz etmisən, ad çıxarmısan, ədalətli qərarlar vermək sahəsində böyük təcrübən var.     Molla bir az fikirləşib soruşur:

- Yaxşı, mən oyuna necə hakimlik edim - Molla Nəsrəddin kimi, yoxsa molla və qazilər kimi?

Təşəbbüskarların ağsaqqalı cəld cavab verir:

- Molla, hakimliyində bunların hamısını sintez eləsən, lap super olar.

Əlqərəz, Mollaya hakim paltarı geyindirir, boynundan da bir fit asıb ötürürlər meydançaya. Oyun başlayır. Molla yalandan o tərəfə, bu tərəfə qaçır, amma oyuna müdaxilə etmir. Odur ki, meydançada bir vur-çatlasın başlayır, gəl görəsən - biri badalaq qurub o birinin ayağını əzir, o biri də dirsəyi ilə vurub bu birinin gözünün altını qaraldır, nə bilim, o, buna təpik atır, bu da onun atasını söyür... Mollanın fiti isə susur. Kənardan him-cimlə Mollaya işarə edirlər ki, belə olmaz, işə qarış, fitini çal. Elə bu məqamda komandalardan birinin hücumçusu rəqib müdafiəçilərini keçib qapıçı ilə təkbətək qalır, onu da aldadıb topu boş qapıya vurmaq istəyəndə, nəhayət, Mollanın fiti ucadan səslənir. Tamaşaçılarla birlikdə oyunçular da çaşıb qalırlar. Hirsindən topu meydandan kənara vuran hücumçu təəccüblə Mollaya baxır, yəni nə olub?

Molla soruşur:

- Balam, niyə dayandınız ki?

Hucumçu dişlərini qıcırdıb deyir:

- Fit çaldın, dayandıq da.

Molla meydançanın kənarında sıralanmış təşəbbüskarları süzüb deyir:

- Əşi, işinizdə olun, mənə fikir verməyin. Mən fitimi yoxlayırdım ki, görüm səsi çıxır, yoxsa yox?

 

 





16.02.2024    çap et  çap et