525.Az

Medianın qan-qada hərisliyi - Sosial şəbəkədə yazılanlar


 

Medianın qan-qada hərisliyi - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Əfqan Qafarlı, jurnalist:

- Əvvəllər jurnalistikada qan-qadaya bu qədər hərislik yox idi...

 

Pərviz Sadıqov, jurnalist:

- Dəhşətli qətl hadisəsinin görüntülərini, qurbanların, xüsusilə də körpələrin fotolarını dayanmadan tirajlamaq, üzərində daha emosional cümlələr yazmaqla insanlara təsir etmək OLMAZ! 

Faciəni şouya çevirməyək, dostlar! "Oxunur da" demək bu mövzuda keçmir, cəmiyyəti yaralayırsınız.

 

Elçin Əfəndi, təhsil eksperti:

- Bu nə insanlıqdır? Bu nə şərəf, vicdan yoxulluğudur belə? Bunu mediaya kim sızdırıb? Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, həmin görüntüləri kim yayıbsa və yayırsa, onlar haqqında qanunvericiliyin tələblərinə uyğun davranılsın.

 

Aynur Nəsirova, dosent:

- O videonu çəkəni də həbs eləmək lazımdır, bəlkə, dərs ola... Elə videonu yayan media qurumlarını da.

 

Ərşad Hüseynov, hüquqşünas:

- Dünən törədilən ailə qətliamı təkcə ölkə ictimaiyyətinin yox, dünya mediasının da diqqətini cəlb edən faciələrdəndir...

Qətlə yetirilənlərə Allahdan rəhmət diləyirəm.

Bu faciənin səbəbləri cəmiyyətimizin dərinliklərində, müxtəlif determinantların topladığı aqressiya bombasında axtarılmalıdır. Həmin aqressiya bombasını işə salan qığılcımlar da kifayət qədər çoxdur.

Yayılan məlumatlarda qətldə şübhəli kimi saxlanan (təqsirsizlik prezumpsiyasına hörmət etmək borcumuzdur) şəxsin psixi pozuntuları olması, daha sonra ona avtomobil verilməsi, hətta bu avtomobillə taksi fəaliyyəti ilə məşğul olması vurğulanır...

Bu məlumatlar doğrudursa, yol hərəkəti təhlükəsizliyimizin səviyyəsi, taksi xidmətinin keyfiyyəti barədə də bir daha düşünməyə vadar edir...

Dəyişmək lazımdır. Çox şey dəyişməlidir, ilk növbədə məmurların yanaşmaları. Belə davam edəcəyi təqdirdə betərini də görə bilərik. Belə davam edə bilməz...

 

Aygün Hüseyn, jurnalist:

- Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də ilk dəfə yayımlanıb!

Aktrisa Nəcibə Məlikova "Göstərir Bakı" deyərək tamaşaçıları salamlayıb. Bundan sonra "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb.

 

Aytac Sahəd, jurnalist:

- "Apatiya" filmi xoşuma gəlmədi.

Mən sənətdə qışqırtını yox, pıçıltını sevirəm. Məsələ həyatı olduğu kimi göstərməkdirsə, sənətə nə hacət?

Bu, mənim subyektiv fikrim idi. Ancaq filmə obyektiv yanaşmağa cəhd etsəm, deyə bilərəm ki, pis film deyil. Kifayət qədər uğurlu detallar var. Xüsusilə də, kasıblığın məişətdəki təzahürü yaxşı əks olunub. Masturbasiya səhnəsindən danışmayacam, çünki o səhnənin sənət nöqteyi-nəzərindən filmə bir qatqısı olduğunu düşünmürəm.

Ata obrazında çatışmayan şeylər olsa da, ana obrazı daha dolğun və bitkindir. Ümumiyyətlə, Şəhla Əliqızına alqış düşür, həqiqətən də, rolun haqqını verə bilib. Mənə çatmayan yeganə şey qadının gah ləhcə ilə, gah da təmiz şəkildə danışması oldu. Ümumiyyətlə, yerli-yersiz söyüş, aşırı ləhcəni təbiilik adı altında sırımaq müasir kinomuzun azarıdır.

İstənilən halda, bu işə uğursuz demək günah olar. Baxmağa dəyər.

 

Elnarə Kərimova, jurnalist:

- Metroda bir xanımın halı pisləşdi. Qatarda olan polis əməkdaşı elə canfəşanlıqla kömək etdi ki... Hamı "Çox sağ ol" dedi. Yaxşı olanda yaxşı demək lazımdır.

 

Asif Nərimanlı, jurnalist:

- Ermənistanın sərhəd təxribatında müzakirə edilən əsas detallardan biri də hücumun "Yerkrapa" terror təşkilatının üzvləri tərəfindən edilməsidir. Və bu amil "təxribat rəsmi İrəvanın iradəsindən kənar baş verib" fikirlərinin yaranması ilə nəticələnir. Çünki:

- könüllü batalyon kimi təqdim edilən "Yerkrapa" həmişə Ermənistanın hərbi rəhbərliyinə tabe olmadığı "imici" yaradıb və Rusiyaya yaxın kimi göstərilir;

- rəsmi İrəvan snayper atəşindən sonra məsuliyyətdən yayınmaq mövqeyini sərgilədi və verdiyi açıqlamalarla diqqəti ordu içindəki qruplaşmalara - "Yerkrapa" yönəltməyə çalışdı.

Ermənistan rəhbərliyinin sülh çağırışları da bu məsələdə fikirləri qarışdırır. Hərçənd, təkcə siyasi hədəflər yox, faktlar da snayperin tətiyinin Paşinyan hakimiyyəti tərəfindən "çəkildiyi"ni deməyə əsas verir.

Birincisi, "Yerkrapa" I Qarabağ müharibəsində yaranmış batalyon kimi keçmiş "Qarabağ klanı"na, dolayısı ilə Rusiyaya yaxın qruplaşma kimi görünsə də, həmişə Ermənistan MN tərəfindən "əlavə qüvvə" kimi istifadə edilib: qruplaşmanın hazırda sərhəddə dayanması da 44 günlük müharibədən sonra erməni ordusunda canlı qüvvə çatışmazlığından irəli gəlir.

İkincisi, terror qruplaşmasının hazırkı rəhbəri Sasun Mikaelyan Nikol Paşinyana yaxın adamdır: Sarkisyanın dövründə onun partiyasının üzvü olsa da, 2008-ci ildə Paşinyanın da iştirak etdiyi aksiyaları dəstəklədiyi üçün uzaqlaşdırılıb və həbs olunub; 2018-ci ildə Paşinyanın "küçə inqilabı"na qoşularaq, onun komandasına daxil olub, 44 günlük müharibədən sonra bəzən "tənqidi açıqlamalar" versə də, hakimiyyətə bağlılığı davam edir; Nikol "Yerkrapa"nı "tuşonka generalı" Manvel Qriqoryandan alaraq, Mikaelyana verib, bu baxımdan, qruplaşmanın Ermənistan rəhbərliyinin iradəsindən kənar addım atması versiyası istisnadır.

Əslində təxribatın "Yerkrapa" qruplaşmasına həvalə olunması planın tərkib hissəsi kimi görünür: bu, məsuliyyətdən yayınmaq üçün manevr etmək imkanını saxlamağa hesablanıb.

 

Elxan Şahinoğlu, politoloq:

- Sərhəddəki son insidentlə bağlı müxtəlif suallarla yanaşı, belə bir sualla da üzləşdim: "Erməni hərbçinin snayper atəşinə görə qarşı tərəfə zərbə endirmək vacib idimi, bu danışıqlar prosesinə zərbə vurmadımı?" Sual həm də belə əsaslandılırdı ki, Ermənistan Müdafiə Nazirliyi atəşin erməni hərbçisi tərəfindən açıldığını etiraf etmiş və həmin hərbçini cəzalandıracağını açıqlamışdı. Təxribatçıların zərbə ilə cəzalandırılması qərarı bir neçə səbəbdən doğru idi.

Birincisi, düşmənə heç zaman boşluq buraxılmamalıdır. Snayper atəşi cavabsız qalsaydı, sonrakı günlərdə başqa erməni snayperləri də Azərbaycan ərazisinə atəş açmağa həvəslənəcəkdilər.

İkincisi, Azərbaycan Ordusunun erməni postunu darmadağın etməsi Ermənistanın Baş naziri Nikol Paşinyana mesaj idi ki, o sülh sazişinin imzalanmasını yubatmaqla gərginliyi artmasına şərat yaradacaq, bu isə həm ona, həm də ölkəsinə baha başa gələcək.

Üçüncüsü, Azərbaycan Ordusunun məhv etdikləri "Yerkrapa" terrorçu təşkilatının üzvləri idi. Bu, Paşinyana digər mesajıydı ki, "Yerkrapa"nı sərhəddən uzaqlaşdırıb tərksilah etməsə, Ermənistan üçün ağır nəticələri olacaq insidentlər yenə yaşanacaq. Əslində Nikol Paşinyan son insidenti əlində rəhbər tutaraq ordu üzərindəki nəzarəti gücləndirə bilər. Təsadüfi deyil ki, məlum insidentdən sonra Ermənistan ordusunda müxtəlif təyinatlar həyata keçirilib. Ancaq sərhəddəki olaydan bir gün sonra Ermənistana məxsus pilotsuz uçuş aparatının Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat aparmaq cəhdi onu göstərir ki, qarşı tərəf hələ gərəkən nəticələri çıxarmayıb.

 

 





16.02.2024    çap et  çap et