525.Az

İstiqlal Muzeyində “Yaşayan, yaşadılan irs” adlı tədbir-sərgi keçirilib


 

İstiqlal Muzeyində “Yaşayan, yaşadılan irs” adlı tədbir-sərgi keçirilib<b style="color:red"></b>

Azərbaycan İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı “Yaşayan, yaşadılan irs” adlı tədbir-sərgi keçirilib.

525.az-a muzeydən bildirilib ki, tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rais Rəsulzadə, M.Ə.Rəsulzadə ev-muzeyi ictimai qrupunun sədri, professor Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tanınmış telejurnalist, rejissor Vahid Mustafayev, digər elm xadimləri və ziyalılar çıxış ediblər. Onlar Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində M.Ə.Rəsulzadənin rolu, zəngin həyat yolu, ictimai-siyasi və ədəbi fəaliyyəti haqqında danışıblar.

Qeyd edilib ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından və araşdırmaçı, jurnalist, kolleksiyaçı Dilqəm Əhmədovun şəxsi kolleksiyasından Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə aid fotolar və sənədlərdən ibarət sərgi açılıb.

Bədii hissədə Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına musiqi kollecinin tələbələri klassik musiqi əsərləri ifa ediblər.

Sərgi fevralın 29-dək davam edəcək.

 





17.02.2024    çap et  çap et