525.Az

Bizim ailəmiz Türk dünyasıdır


 

YENİ DÖVRDƏ XARİCİ SİYASƏTİMİZİN ƏSAS PRİORİTETLƏRİNDƏN BİRİ TÜRK DÜNYASINA İNTEQRASİYANIN DƏRİNLƏŞDİRİLMƏSİ OLACAQ

Bizim ailəmiz Türk dünyasıdır<b style="color:red"></b>

Yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın qarşısındakı hədəflər və vəzifələr onun bütün sahələrdə sürətli inkişafına, təhlükəsizliyinin güclü şəkildə qorunmasına, potensial riskləri dəf etməsinə, bir sözlə, müasir, müstəqil dövlətimizin daha da güclənməsinə, qüdrətlənməsinə yönəlib. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdəki andiçmə mərasimində gələcək hədəflərlə bağlı çox mühüm və aydın mesajlar verdi. Dövlət başçısının nitqi onu göstərdi ki, hər bir sahə diqqətdədir. Daxili və xarici siyasət, ordu quruculuğunun davam etdirilməsi, iqtisadi inkişaf, əhalinin sosial rifahının artırılması, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, Böyük Qayıdışın təmini, eyni zamanda sağlam gəncliyin yetişdirilməsi ölkəmizin əsas prioritetləti sırasında yer alıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə bildirib ki, cənab Prezident andiçmə mərasimindəki çıxışında çox önəmli və əhəmiyyətli məsələlərə aydınlıq gətirdi. Hər zaman olduğu kimi, bu dəfə də dövlət başçısı çox dərin, konseptual bir çıxış etdi: "Azərbaycanın Qarabağ zəfəri, bu zəfərə aparan yol, xalqımızın bu dövrdə nailiyyətləri, eyni zamanda xarici siyasətlə bağlı məsələlərə toxundu. Bununla bərabər, gələcək planlar barədə öz fikirlərini açıqladı. Bu gün Azərbaycan cəmiyyətini düşündürən, narahat edən hər bir məsələyə geniş bir formada yanaşdı".

Deputat vurğulayıb ki, Prezident Azərbaycanın 20 ildə əldə etdiyi bütün uğurları xatırlatdı. İqtisadiyyatımızın inkişafından tutmuş, torpaqlarımızın azad olunması və digər məsələlər barədə çox konkret faktlar əsasında fikirlər söylədi: "Biz müqayisə apardıqda 20 il bundan əvvəlki Azərbaycana baxdıqda, Azərbaycan hansı vəziyyətdə idi? 20 faiz torpağı işğal altında olan, 1 milyon vətəndaşı köçkün düşmüş Azərbaycan. O Azərbaycan ki, ona deyilirdi ki, müharibə edə bilməzsən, sən işğalla barışmalısan. Bir neçə dövlət istisna olmaqla, bütün dünya Ermənistanın yanında idi. Bu gün sözün əsl mənasında cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bir möcüzə yaradıb. Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan bu qədər inkişaf edə bilərdi, böyük uğurlara imza atardı. Uğurlarımızdan danışarkən Azərbaycan Ordusunun dünyanın 60 ən güclü ordusu sırasında olmasını böyük fəxrlə qeyd etmək lazımdır. İllər öncə kimlər düşünə bilərdi ki, biz Xankəndini azad edəcəyik? Əslində cənab Prezident bu məsələyə çox geniş şəkildə toxundu. Kimlər güman edə bilərdi ki, həmin o terror yuvasında, Azərbaycan əleyhinə planlar qurulan o yuvada Azərbaycan Prezidenti səs verəcək? Azərbaycan heç bir zaman olmadığı qədər ərazilərinə nəzarət edəcək?"

C.Məmmədov deyib ki, əslində Azərbaycan uzun müddət böyük səbir və təmkinlə Ermənistanın işğal etdiyi torpaqlarımızdan nə vaxt əl çəkəcəyini gözlədi. Ancaq təəssüflər olsun ki, Ermənistan bu çirkin əməlindən imtina etmədi və danışıqlar prosesini uzatmağa çalışdı: "Belə olan halda Azərbaycanın müharibədən başqa çıxış yolu yox idi. Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməli idi. Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi. Heç vaxt xalqımız öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdi. Bu həm də onu göstərir ki, Qərb dövlətləri hər zaman olduğu kimi bu gün də imitasiya ilə məşğuldular. Tarixi saxtalaşdırmaqla məşğuldular və daha çox təxribat törətmək barədə düşünürlər. Burada Ermənistan qədər də Qərb dövlətləri məsuliyyət daşıyırlar. Qətnamələrin icrası üçün heç bir addım atılmadı, heç bir real tədbir görülmədi və Ermənistana sanksiya tətbiq edilmədi. Əlbəttə ki, Ermənistan bundan istifadə edərək yenə də yeni təxribatlar, yeni işğallar barədə düşünməyə davam edir. Onlar düşünürdülər ki, zamanında Xankəndini, Zəngəzuru bizdən aldılar və indi də Qarabağı bizdən alacaqlar, Azərbaycan xalqı bu tarixi unudacaq. Amma proseslər onu göstərdi ki, Azərbaycan bu tarixi unutmayıb və unutmaq niyyətində də deyil. Əlbəttə ki, Ermənistan sülh barəsində düşünsəydi, torpaqları öz xoşları ilə geri qaytarsaydı, Azərbaycana qarşı təxribatlara davam etməsəydi, proses bu qədər uzanmazdı və Ermənistanın bu qədər itkisi olmazdı. Bunu etmədiklərinə görə də bunun əziyyətini çəkməli oldular. Bütün hallarda Azərbaycan üzərinə düşəni edib, edir və edəcək. Bu prosesdə ən çox itirən yenə də Ermənistan özü olacaq".

Deputat əlavə edib ki, cənab Prezidentin nitqində xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərimizə sadiq böyüməsi əsas məsələlər sırasında idi: "Bu gün heç şübhəsiz ki, gənclərin formalaşmasında həm məktəblərimiz, həm də ailələrimiz ciddi rol oynayır. Təəssüf ki, bu gün dünyada çox ciddi proseslər gedir. Ailə dəyərlərinin sarsıldılması, tərbiyə sisteminin pozulmaması üçün müxtəlif qurumlar və müxtəlif təşkilatlar tərəfindən ciddi iş aparılır. Bu gün, xüsusilə də gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşması, öz soyundan, kökündən soyuması istiqamətində də biz səyləri görürük. Eyni zamanda zərərli dini cərəyanların, təriqətlərin təbliği istiqamətində də addımlar çox düşündürücüdür və biz bunu açıq aydın görürük. Hesab edirəm biz ailə dəyərlərinə xüsusi önəm verməliyik.

Bu gün təəssüf ki, Azərbaycan cəmiyyətində boşanmaların sayının sürətlə artmasının şahidi oluruq. Ona görə də biz ailə dəyərlərinin qorunması üçün ciddi çalışmalıyıq. Bu istiqamətdə ciddi təbliğat, maarifləndirmə işləri aparılmalıdır. Bu çox önəmli bir məsələdir və eyni zamanda məktəblərimizin də üzərinə xüsusi vəzifə düşür. Məktəbin işi yalnız əlifba öyrətmək, təhsil vermək deyil. Eyni zamanda məktəbin işi, funksiyası gənclərin sağlam ruhda, sağlam düşüncədə, sağlam təfəkkürdə yetişməsində həm də töhfə verməkdir. Bunun üçün Elm və Təhsil Nazirliyi ciddi addımlar atmalıdır. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də konkret proqram işləyib, həm ailə dəyərlərimizin qorunması, həm də məktəblərdə təlim-tərbiyə işinin ən yüksək səviyyədə qurulması üçün real addımlar atmalıdır. Çünki bu gün dünyada gedən proseslər fonunda milli-mənəvi dəyərlərə bağlılıq, öz kökünə, soyuna bağlılıq xüsusi önəm daşıyan məsələdir. O dövlətlər ki, milli-mənəvi dəyərlərinə malik deyil, onların inkişafı qeyri-mümkündür. Bu mənada bu gün bizim qarşımızda çox mühüm tarixi bir vəzifə durur. Bu tarixi vəzifəni biz yerinə yetirmək üçün ciddi çalışıb, real addımlar atmalıyıq".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası dayanır. Bu tarixi nailiyyətə məhz xalqımızın birliyi və dövlət başçısına sonsuz inam sayəsində nail olundu: "Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Lakin Ermənistan öz havadarlarının təhriki ilə prosesi uzadır. Müəyyən beynəlxalq dairələr bu məsələ ətrafında spekulyasiya etməkdə maraqlıdır. Ona görə də, Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik. Ermənistanın havadarlarının pozuculuq fəaliyyəti isə bundan sonra da fiaskoya uğrayacaq. Prezident İlham Əliyevin "Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi" sözləri Ermənistana və onun havadarlarına konkret mesaj oldu".

Deputat bildirib ki, Azərbaycan müstəqil siyasi kurs həyata keçirir. Ölkəmizin reallaşdırdığı siyasət sırf müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Bununla bağlı Prezident İlham Əliyev çıxışı zamanı deyib: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil: "Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində açıq danışıb. Bildirib ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik. "Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik", -  Prezident vurğulayıb. Beləliklə, qarşıdakı dövrü üçün xarici siyasətimizin yeni hədəfləri var. Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə bu hədəflərə çatacaq".

 

 





19.02.2024    çap et  çap et