525.Az

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - Telman Orucov yazır


 

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

Kleopatra eyş-işrətlə və zəhərləri sınaqdan keçirməklə yanaşı, siyasi vasitələrdən də istifadə etməyə çalışırdı ki, həyatın bu görünməmiş burulğanından özünü və məşuqunu xilas etsin. Bu ağıllı qadın yaxşı başa düşürdü ki, bədbəxt Roma sərkərdəsini bu dərin girdaba əvvəlcə onun gözəlliyi və məhəbbəti, ən nəhayət isə Aktsidəki ağılsız hərəkəti salmışdır. Kleopatra, yəqin ki, əvvəlcədən hiss etməyə bilməzdi ki, hansı tərəfə hərəkət etsə, artıq onun iradəsiz kölgəsinə çevrilmiş Antoni də onu yalnız buraxmayacaq, onun arxasınca lazım gəlsə, hətta sürünəcəkdi.

Ona görə də bu sevgililər düşündükləri bu məhvedici labirintdən çıxmaq üçün Oktaviana müraciət etməyi qərara aldılar. Kleopatra ondan Misirin bir çarlıq kimi öz uşaqlarına verilməsini xahiş edirdi. Antoni isə bildirirdi ki, o, bir özəl şəxs kimi Romanı bütünlüklə tərk edib, Misirdə yaşaya bilər, yaxud da Afinada öz pensiya dövrünü keçirə bilər. O, xəyanət etmiş çoxlu dostlarını itirdiyindən, digər adamları isə tanımadığından bu məktubun aparılmasını oğlunun müəllimi Evfrona tapşırdı və onu elçi kimi Romaya göndərdi. Bir adamı isə İudeyada İrodun yanına göndərdi ki, onu özünə xəyanət etməkdən çəkindirsin. Lakin öz ağasına xəyanət edən bu adam İrodun yanında qalıb, onun sirlərini öyrənirdi ki, Oktaviana çatdırsın. İrod isə onu öz ölkəsinin içərilərinə göndərib, orada öldürtdü. Antoni hələ sağ olanda Aleksas adlı bu adam xəyanətə görə öz mükafatını almışdı.

Onların xahişləri Misirdən Romaya gəlib çatdıqda, Oktavian Antoni barədə heç bir təklifi eşitmək belə istəmədi, Kleopatraya isə cavab göndərdi ki, Antonini öldürməsə və ya onu Misirdən çıxmağa məcbur etməsə, öz xeyrinə olan heç bir şeyi gözləməməlidir. Məktubu geri aparan elçi ilə birlikdə Oktavian öz adamını da göndərdi və bu adam yaxşı başa düşürdü ki, məlahətindən məğrur olan və onun gözəlliyinin necə böyük qüvvəyə malik olduğunu bilən bir qadına gənc sərkərdənin bu cavabını aparmaq o qədər də xoşa gələn bir vəzifə deyildir. Nəhayət, Kleopatra onu qəbul etdi və qonağa xüsusi diqqət göstərdi. Bütün bunlar Antoninin qısqanclığını oyatmağa başladı. O, romalı elçini tutub qamçıladı və geri göndərdi. Oktaviana isə xəbər göndərdi ki, belə həyasız işlərin onu fitnələrə təhrik etmək üçün görüldüyünü o, yaxşı başa düşür və özünə gəldikdə, belə vəziyyətdə çox da səbirli olmayacaqdır. Əlavə olaraq onu da bildirdi ki, əgər bunlar səni təhqir edirsə, mənim adamım sənin yanındadır, onu as və ona nifrətin bizi bərabərləşdirəcəkdir. Bundan sonra isə Kleopatra özünü təmizə çıxarmaq və onun qısqanclığını sakitləşdirmək üçün təsəvvür edilə bilən hər cür diqqəti ona yönəltdi. Qadının ad günü gəlib çatanda. bunu hər ikisinin bədbəxtliyə qərq olmuş taleyinə müvafiq qaydada keçirdilər.

Bütün bunlar müharibənin təxirə salınmasına səbəb oldu və yeni mövsümə qədər yeni müharibəni gözləmək lazım gəldi. Qış keçdikdən sonra Oktavian özü Suriyadan keçməklə, onun digər sərkərdələri isə Afrikadan yürüşə başladılar. Artıq 30-cu il başlamışdı. Kleopatra yeni tikinti başlatmışdı və bu bina İsida məbədinə bitişdirilmişdi, burada bir neçə sərdabə və heykəl düzəldilmişdi. Öz sərvətlərini, xəzinəsini, qızılını, gümüşünü, zümrüdlərini, mirvarilərini, fil sümüklərini çariça burada gizlətmişdi. Oktavian da qorxmağa başlamışdı ki, onun acığına Kleopatra bütün bu ağlasığmaz sərvətləri odda yandıra bilər, çünki məşəl yandırmaq üçün həmin məbədə çoxlu odun və lif də yığılmışdı. Ona görə də öz ordusu ilə Aleksandriyaya tərəf irəlilədikcə, o, yaxşı niyyətlərlə Kleopatranı inandırmaq üçün başqa heç bir hərəkətə yol vermirdi. Bu vaxt Antoni onlara hücum edib, onun süvari dəstəsini qaçmağa məcbur etdi. O, böyük sevinclə saraya döndü və burada Kleopatra ilə görüşdü və ona döyüşdə xüsusilə fərqlənmiş bir əsgərini təqdim etdi. Çariça həmin adama qızıldan döş lövhəsi hədiyyə verdi. Həmin adam bu hədiyyələri aldıqdan sonra həmin gecə düşərgəyə qayıtdı və Oktavianın yanına qaçdı.

Antoni heç bir çıxış yolu tapa bilmirdi. Elə bil ki, tale bütünlüklə ondan üz döndərmişdi. Ona görə də o, Oktavianla əlbəyaxa vuruşmaq barədə ona çağırış göndərməkdən başqa, heç bir yol və vasitə tapa bilmirdi. Oktavian isə ona belə cavab göndərdi ki, öz həyatına son qoymaqdan ötəri onun üçün çoxlu yollar var. Antoni bu yolların içərisində daha şərəfli olanını - döyüşdə həlak olmağı seçməyi qət etdi və ona görə də həm quruda, həm də dənizdə döyüşməyə cəhd etdi. Şam vaxtı şərab içirdi, nökərlərinə ona sərbəst qulluq etməyi məsləhət gördü. Səhərisi gündən etibarən, çox güman ki, onlar bir daha bu xidməti göstərməli olmayacaqdılar, bəlkə, başqa ağanın nökərləri olacaqdılar. Onun özü isə torpağa gömüləcək, ölü cəsədindən başqa, heç nəyi qalmayacaqdır. Ona heyifsilənən dostları da onun belə danışığını eşitmişdilər. O, dostlarına deyirdi ki, sağ qalmaqdan və ya qələbədən daha çox gözlədiyi şərəfli ölümə nail olmaq üçün o, onları döyüşə apara bilməyəcək. Tezliklə işıqlaşdı, o öz piyada qoşunlarını şəhərdən çıxardı və onları ətrafda yerləşdirdi, donanmasının düşmənə tərəf toplandığını gördü. Bu vaxt bir hadisənin baş verəcəyini gözləyirdi, lakin donanmalar bir-birinə yaxınlaşdı, onun adamları Oktavianı öz avarları ilə salamladı və o, salama cavab verdikdə, bütün gəmilər kiçik donanmanı təşkil edərək düz şəhərə tərəf üzməyə başladı.

Antoninin süvari qoşunları da onu tərk etmişdi, düşmənin yanına qaçmışdı, Oktavianın tərəfinə keçmişdi. Onun piyada qoşunları isə məğlub edildiyindən o, şəhərə geri çəkildi və bu vaxt qəzəb içində qışqırırdı ki, Kleopatra onu düşmənlərinə satmışdır, o isə hər şeyi özünün deyil, məhz bu qadının naminə etmişdir. Qadın onun qəzəbindən və nifrətindən qorxurdu ki, Antoni ona bədbəxtlik gətirə bilər, ona görə də öz sərdabəsinin içinə qaçdı və Antoniyə belə xəbər göndərdi ki, ölmüşdür. Antoni bunu eşidən kimi qışqırmağa başladı: "İndi Antoni, niyə ləngiyirsən? Tale onun uğrunda hələ yaşamaq istədiyini deyə bildiyin yeganə bəhanəni də sənin əlindən almışdır". Öz otağına gəlib yaraqlı paltarını soyunduqdan sonra dedi: "Kleopatra, hazırkı vaxt səndən məhrum olmaqla, mən narahat deyiləm, çünki mən tezliklə səninlə olacağam. Lakin bu, mənə əzab verir ki, qadına nisbətən böyük general kimi mən gecikmiş bir cəsarət tapdım". Onun çox sədaqətli Eros adlı bir nökəri var idi. Bu nökər onun nə vaxt lazım olsa, özünü öldürməsi üçün hər şeyi hazırlamışdı və bu vaxt o, öz vədini yerinə yetirdi. Eros onu öldürmək üçün hazırladığı qılıncı çıxarıb, qəflətən geri döndü və özünü öldürdü. Nökər ölü kimi onun ayaqlarına yıxılanda Antoni dedi: "Bunu yaxşı etdin, Eros, sən ağana, özünün ürəyi gəlib etmədiyini necə etmək lazım olduğunu göstərdin". Bundan sonra o, qılıncı qarnına soxdu və divana uzandı. Ancaq yara tez öldürən deyildi və o, aşağı yatanda qanın axması dayandı və özünə gəldikdə, yanında olanlara yalvardı ki, onun ağrılarına son qoysunlar, onu öldürsünlər. Lakin bu adamların hamısı otaqdan qaçıb, qışqıran və ölümlə mübarizə aparan halda onu tərk etdi. Nəhayət, Kleopatranın katibi Diomed onun yanına gəlib, çariçanın onu öz yanına, sərdabənin içinə gətirməyi barədə göstərişini çatdırdı. Antoni başa düşəndə ki, Kleopatra sağdır, o, nökərlərinə tələsik göstəriş verdi ki, onu götürsünlər. Nökərlər qollarının üstündə onu yeni tikilinin qapısına gətirdilər. Qapı açıq deyildi, lakin Kleopatra pəncərə kimi bir yerdən baxıb, aşağı ip və kəndir sallatdı və Antonini bağladıqdan sonra çariça yanında olan iki qadının köməyi ilə onu yuxarı qaldırdı.

On iki il davam edən bu məhəbbət əhvalatı belə faciəli surətdə başa çatırdı. Onlar bir-birini qeyri-adi bir məhəbbətlə sevirdilər. Bu eşq onların ömrünə gur işıq salsa da, onları ağılsız hərəkətlərə də sövq edir, qazandıqları hər şeyi itirməyə vadar edirdi. Ancaq onlar üçün bir təsəlli qalırdı ki, məhəbbət adlı sərvət heç nə ilə müqayisə oluna bilmir, dünyada hər şey qiymətini itirsə də, məhəbbət öz ali dəyərini itirmir. Ona görə də bu iki məhəbbət bəxtəvərindən, axı onlar həm də bədbəxt hökmdarlar idilər, ölməz sevgi barədə nağıllara bərabər bir tarixçə, bir əhvalat yadigar qalmışdır. Ölümlə çarpışan və qana bulanmış bu məhəbbət fədaisini gördükdə çariça bu səhnədən çox qəmgin oldu. Antoni əlini öz məşuqəsinə tərəf uzatdı və gücdən düşmüş əllərinin köməyi ilə qalxdı. Bu mənzərə yanındakı qadınlar üçün o qədər də asan sınaq deyildi. Kleopatra bütün gücü ilə ipdən yapışaraq, çətinliklə onu yuxarı dartırdı, aşağıda dayanananlar isə qışqırıqları ilə onu həvəsləndirirdilər. Antoni yuxarı qaldırıldıqda, qadın onu yatağına uzatdı, öz paltarını cıraraq onun yarasının üstünə tökdü. Kleopatra əlləri ilə sinəsinə vurur, özünə əzab verirdi, onun qanını üzünə sürtüb, sifətini eybəcər hala salırdı, Kleopatra onu özünün ağası, əri, imperatoru adlandırırdı, elə görünürdü ki, bu qadın öz ağılsızlıqlarını unutmuşdur, axı bu hərəkətlər onu əsl bədbəxtliyə gətirib çıxarmışdı. Antoni onun fəryadını bacardığı qədər dayandırıb, içmək üçün şərab verilməsini xahiş etdi. Bu vaxt o, çox qan itirdiyindən susuzluqdan yanırdı, həm də ona elə gəlirdi ki, şərab içməklə onun ağrıları azalacaqdır. O, içdikdən sonra məsləhət gördü ki, məşuqəsi öz işlərini qaydaya salsın, qoy taleyin belə dönüşünə görə ona yazığı gəlməsin, son xoşbəxtliyi yada salıb, ona görə sevinsin, axı bütün adamlardan o, daha məşhur və daha qüvvətli idi və axırda da alçalmadan, məğlub olmadan, bir romalı kimi romalı tərəfindən də məğlub edilmişdi.

Antoni həm də ona məsləhət gördü ki, Oktavianın bütün adamları arasında yalnız Prokleyə inansın. O, son dəfə nəfəsini alıb, canını tapşırdıqdan sonra Oktavianın tapşırığı ilə Prokley gəlib çıxdı. Qılınc yarasından əzab çəkən Antoni məşuqəsinin sərdabəsinin yanına gətirildikdə, onun özünü yaraladığı qılıncı mühafizəçilərdən biri gizlətmişdi. Onun vəziyyətini gördükdən sonra həmin adam oğrun-oğrun Oktavianın yanına qaçdı və Antoninin ölümü barədə ilk xəbəri ona çatdırıb, qanlı qılıncı Roma sərkərdəsinə göstərdi. Bunu eşidən Oktavian öz çadırının içərisinə keçdi və onun ölümünə göz yaşları axıtdı. Axı bu adam nikah yolu ilə ona yaxın qohum olmuşdu, imperiyada onun kolleqası idi, bir çox müharibələrdə və təhlükələrdə isə onun silahdaşı olmuşdu. O, dostlarının yanına gəldi və özü ilə götürdüyü məktubları onlara oxudu. Bu məktublardan onun Antoniyə necə mülayimliklə yanaşdığı görünürdü. Əvəzində isə o, daim təkəbbürlü cavablar alırdı. Sonra o, Prokleyi göndərdi ki, Kleopatranı diri kimi onun tabeliyinə keçməyə hər cür cəhd göstərsin. O qorxurdu ki, böyük xəzinəni itirə bilər, bundan başqa, bu qadın onun zəfərinə heç də az şərəf gətirməyəcəkdi. Kleopatra isə heç də özünü tabe etmək barədə qayğı çəkmirdi və o, sərdabəsinin içərisində olanda başqa bir adamın səsini eşitdikdə, onunla danışıqlara başladı. O tələb edirdi ki, onun səltənəti onun uşaqlarına qalmalıdır, elçi isə əvəzində, qadından xahiş etdi ki, özünü cəsarətli aparsın və hər şeydə Oktavian Sezara inansın. Bu yer haqqında bir sıra qeydləri etdikdən sonra elçi Sezarın yanına qayıtdı və bu dəfə Qall onunla ikinci danışıqlar aparmaq üçün göndərildi. Lakin yeni elçi Kleopatranın xoşuna gəlmədi, qadınlar sərdabənin qapısını bağladılar və çariça bu vaxt dedi; "Yazıq Kleopatra, sən əsir kimi götürüləcəksən" və dönüb Prokleyə baxdıqda özünü öldürmək üçün götürdüyü xəncərini çıxartdı. Prokley onu iki əli ilə tutub: "Ayıbdır, Kleopatra, sən özünə xəsarət yetirməməlisən!" deyib, xəncəri onun əlindən aldı. Bu vaxt elçi onun paltarını da silkələdi ki, görsün qadın üstündə zəhər gizlətməmişdir ki. Bundan sonra Oktavian başqa bir adamı göndərdi və ona göstəriş verdi ki, qabaqcadan elə ciddi tədbirlər görsün ki, bu qadın hökmən salamat qalsın.

 (Ardı var)

 





19.02.2024    çap et  çap et