525.Az

Bir çarmıxda iki İsa - Mənsur Həllac və Qərb - Rəvan Cavid yazır


 

Bir çarmıxda iki İsa - Mənsur Həllac və Qərb - <b style="color:red"> Rəvan Cavid yazır</b>

...Bəyza şəhərində doğulub. Bir çox alimin qənaətinə görə, həllac ailəsində dünyaya gəlib. Bəzi rəvayətlər isə onun bir yun dükanında möcüzə göstərməsiylə Həllac ləqəbini qazandığını göstərir. Bəyzada iki il sufi ocağında yaşayıb, İslamla tanış olub.

On səkkiz yaşında Bəsrədə Amr ibn Osmanın müridləri cərgəsinə qoşulur. Sufiliyi, təsəvvüfü öyrənir. İbadətgahda mürşidlərindən birinin qızına aşiq olur. Sevib evləndiyi Ümmi Hüseyn məşhur sufi Əbu Yusif əl-Aqtanın qızı idi. Bu izdivac sufi ocağında birmənalı qarşılanmır. Həllacı tənqid, təhqir edirlər. Sufilərin ən böyük pirlərindən biri olan Cüneyd əl-Bağdadi Mənsurun Bəsrədən getməməsi üçün əlindən gələni etsə də, o, təhqirlərə dözməyərək Məkkəyə köçür. Bir il inzivaya çəkilir. Məkkədə, Kəbənin yanında oturub gələn zəvvarlarla söhbət edir. Gündə bir dəfə çörəyin dörddə biri və bir bardaq su ilə qidalanır. Məkkədə özünə tərəfdar topladıqdan sonra Bəsrəyə qayıdır. Həllacın tərəfdarlarının sayı nə qədər çox idisə, bir o qədər də düşmənləri var idi. Edam olunub. Amma ölümü haqqında saysız iddialar var.

Mənsur Həllac "Ənəl Həqq" fikrinin banisi kimi sufi tarixinə yazıldı. Ölümündən on bir əsr keçməsinə baxmayaraq, həm qərb, həm də şərq onun həyatı və düşüncələri haqqında hələ də yazır.

Vəhdətül-vücud elminin prinsiplərini konseptual şəkildə ilk dəfə İbn əl-Ərəbidən oxusaq da, bu sufi təliminin banisi, əlbəttə, Mənsur Həllacdır. "Ənəl Həqq" ideologiyasının hürufiliyin mərkəzi prinsipi olduğunu qəbul etsək, o həm də Nəiminin və Nəsiminin də sələfidir.

Həllac dərviş idi. Anarxist idi. Öz təbirincə, peyğəmbərdən sonra Allahla tamlaşan tək insan idi. Müxalif idi. Özündən sonrakı bütün təriqətlərin məramını və məqamını bəlli edən də o idi.

lll

Bəs şərqdə bu qədər statusa malik Həllacı qərb necə tanıyırdı?

Avropada Mənsur Həllac haqqında ən ciddi araşdırmanın müəllifi fransalı təqdiqatçı, filosof Luiz Massiqnondur. Onun 1914-cü ildən 1922-ci ilə qədər yazdığı "Həllacın nəfsi" kitabı 1936-cı ildə tam şəkildə Parisdə yayımlandı. Yüz il keçməsinə baxmayaraq, əsər hələ də Avropada İslam və təsəvvüf tarixi haqqında ən etibarlı qaynaq kimi aktualdır.

Luiz Massiqnon və onun davamçıları Həllacı İsa peyğəmbərlə müqayisə edirlər. Onların fikrincə, Mənsur Həllac səkkiz yüz il sonra dünyaya gəlmiş ikinci İsadır.

Bəs qərblilər, xüsusən də, Massiqnon İsa ilə Həllac arasında hansı oxşarlıqları tapmışdı?

Çarmıxa çəkilmək

Səlibdə öldürülmək həm İsanın, həm də Həllacın qədəri idi. İkisini də xaça mıxladılar. Canını tapşırarkən İsa bağırmışdı:

- Tanrı, məni niyə tərk etdin?

Həllac isə qəhqəhə çəkmişdi. Gülə-gülə qarşılamışdı şəbi-arusunu. Bütün sufilər kimi. Bu, onun cəlladlarını bir az da hiddətləndirmişdi. Bəzi sufi mənbələrində Həllacın parçalanmış nəşinin yandırılaraq külünün Dəclə çayına töküldüyü rəvayət edilir. Həmin küllər son dəfə "Ənəl Həqq" qışqırıb. Əlbəttə, bu bir sufi rəvayəti olsa da, Həllacın mistikliyini bir az da şişirdir.

Mənsur Həllacı çarmıxa çəkmək Abbasilərin onu İslamdan uzaq, İslama və peyğəmbərə şəkk gətirən  biri kimi tanımasını da göstərir. Dövlət onu terrorist adlandırırdı. Quranda göstərilən cəza növlərindən biridir səlb. Mənası asılmaqdır. Xristianların xaça səlib deməsi də bununla əlaqəlidir. Eyni kökdən olan sözlər elə eyni mənanı verir. Xristianlar xaçı İsanın edamından sonra müqəddəsdirmişdilər. Səlibə asılmaq - çarmıxa gərilərək öldürülmək də İsanın qurban edilməsindən sonra dində ortaya çıxmış cəza növü idi. Maraqlısı budur ki, Mənsur Həllac edamını illər qabaq hiss etmişdi:

"Mənim ölümüm səlib dinincə olacaq..."

Bu ifadə çarmıxa çəkilmək mənasına yozulur.

Başqalarının bağışlanması üçün özünü fəda etmək

Xristian inancının qayəsində qurban anlayışı durur. Başqalarının günahlarının bağışlanması üçün İsa özünü qurban etmişdi. İngiliscə "redemption" kimi ifadə olunan bu anlayış dünyanı daha gözəl yerə çevirmək üçün İsanın gördüyü son xeyirxah iş idi. İsa isə "redeemer", yəni qurtarıcı olaraq bilinir. Daha düzgün formada ifadə etsək, o, xilaskardır.

İslam bu anlayışı qəbul etmir. İsa ona görə bu addımı atmışdı ki, Adəmin günahkar olduğunu və bu günahı bütün övladlarının, yəni bizim də daşıdığımızı düşünürdü. Quran isə açıq-aşkar Adəmin bağışlandığını və hər kəsin günahının yalnız özünün tövbəsi ilə bağışlanacağını bəyan edir. İslam əzəli günahın varlığını rədd edir. Adəm tövbə edib və bağışlanıb. Bundan sonra övladları da öz günahlarına görə tövbə etməli və bağışlanmalıdır.

"Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir" (Bəqərə, 37).

Dünyanın qurtuluşunu sadəcə bir nəfər xilaskardan gözləmək də İslam təfəkkürünə yaddır. Bunun üçün hər kəs çalışmalıdır.

Bəs Mənsurun etdiyi nə idi?

İslamda bu anlayış "isar" olaraq keçir. Əvvəlcə başqalarını düşünmək İslamda peyğəmbərlərin xislətinə aid bir məfhumdur. İlk dəfə Məhəmməd peyğəmbərin hicrətindən ortaya çıxan isar anlayışı Mənsur Həllacın həyatı boyu sadiq qaldığı əsas prinsiplərdən biri idi.

İsar həm də sufiliyin ən yüksək mərtəbəsində qərar tutmuş bir mürşidin sahib olduğu xüsusiyyətdir. Təbrizli Şəms sirdaşı Mövlanaya bu barədə deyirdi:

- Başqalarının qəmini çəkmək Allah işidir...

Onu öldürənləri bağışlamaq

İsa onu çarmıxa gərənlər üçün Tanrıya dua edirdi:

"Rəbbim! Bu adamları bağışla! Onlar nə etdiklərini bilmirlər" (Luka, 23/33-34).

Məhəmməd peyğəmbər Taifdə onu daşlayıb qan içində buraxanlar haqqında da eyni duanı oxumuşdu.

Həllacın çarmıxdakı duası isə belə idi:

"Rəbbim! Mən səndən bir parçayam. Varlığım sənin varlığında bütünləşəcək. Məni sənə qovuşduran bu adamlara rəhm elə!"

Həllac edamı vaxtı başqa bir cümlə də işlədir: Mən yenidən gələcəyəm! Bu, İsanın və On İkinci İmamın qayıdışı ilə eyni mənanı vermir. Həllac reinkarnasiyaya inanırdı. Bu barədə növbəti yazıda. Qayıdaq İsaya bənzəyən dördüncü hala.

Sevgini haram-halal qəbul edilənlərdən daha üstün tutmaq

Necə ki İsa peyğəmbər üçün Tanrını sevmək bütün qaydaların, adətlərin daha üstündə idi, Həllac üçün də İslamın haram-halal qəbul etdiyi bütün məziyyətlər Allaha olan sevgiyə mane ola bilməzdi.

Nəfs maddi olanların vəhdətidir. Sevgi mənəviyyatın adıdır. İnam və iman maddi olanlarla mənəvi olanların qırmızı xəttində deyil. Həllac öz şeyxinin qızı ilə izdivaca girəndə də bu fikri müdafiə edirdi. O, Allahı cənnəti qazanmaq üçün sevmirdi. Həyat və axirət nəfsimizin iradəsi ilə bizə bəxş oluna bilməz. Həllaca görə, biz onsuz da Allahın bir parçasıyıq və onun məqamında yer alacağıq. Bizə düşən bu məqamı sevməkdir.

İsa peyğəmbər də cənnət, cəhənnəm və həyat üçün edilən duaları sevgi mərtəbəsində görmürdü. Bu haqda bir sufi rəvayəti də var:

Bir gün İsa peyğəmbər bir bəndə ilə söhbət etmək üçün yola çıxır. Yolda bir nəfərin dua etdiyini görür. Ondan nə üçün dua oxuduğunu soruşur. Şəxs cavab verir:

- Cəhənnəmdən qorxuram!

İsa yoluna davam edir. Dua oxuyan ikinci kəslə qarşılaşır. Səbəbini soruşanda həmin şəxs təbəssümlə cavablandırır:

- Cənnəti istəyirəm!

İsa yenə yoluna davam edir. Bu dəfə də dua oxuyan biri ilə qarşılaşır. Eyni sualı ona da verir.

- Ruzi istəyirəm... - deyir kölə.

İsa orda da durmur. Bir bulağın yanında dua oxuyan qocaya rast gəlir. Niyə dua oxuduğunu soruşur. Qoca gözlərini sudan çəkmədən cavab verir:

- Rəbbim üçün oxuyuram.

İsa qocanın yanında oturub dua oxumağa başlayır.

lll

Qərb üçün Mənsur Həllac İsanın prototipidir. Bu günə qədər Həllac haqqında yüzlərlə məqalə, hekəyə yazılıb. Avropalılar Həllacın bəzi qərb fəlsəfi məktəblərinə yön verdiyinə də inanırlar. Onun faciəvi ölümü, səfərlərdə keçən həyatı, İslama və bütün səmavi dinlərə fərqli baxış bucağı hələ də müzakirələrə, mübahisələrə səbəb olur. Həllacın elmi İslam təlimlərinin ən çox tanınanıdır.

 





19.02.2024    çap et  çap et