525.Az

Aynur Zurufçu: "Bu mahnını kiminləsə paylaşa bilmirəm"


 

Aynur Zurufçu: <b style="color:red"> "Bu mahnını kiminləsə paylaşa bilmirəm"</b>

Son vaxtlar gənc müğənnilər klassik mahnılara tez-tez müraciət edir, üstəlik, ifalarında fərqli tərz yaratmağa çalışırlar. Bu isə dinləyicilər tərəfindən birmənalı qarşılanmır. Birincinin, yoxsa ikincinin yaxşı olmasından asılı olmayaraq, müqayisələr aparılır. Kimi yeni tərzdə təqdimatı təqdir edir, kimi də klassikanı üstün tutur.

Bu günlərdə məsələ yenidən aktuallaşdı. Gənc müğənni Zaur Quluzadə mərhum sənətçi Yaqub Zurufçunun "Dəniz" mahnısını fərqli tərzdə təqdim etdi. Qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşan ifa Yaqub Zurufçunun həyat yoldaşı Aynur xanımın müraciətinə əsasən yutub platformasından silindi.

Aynur Zurufçunun məsələ ilə bağlı "525"ə müsahibəsini təqdim edirik.

 

- Aynur xanım, əvvəlcə mahnının yaranma tarixçəsindən başlayaq. "Dəniz" necə yaranıb?

- "Dəniz" şeirini Xalq şairi Nəbi Xəzri 1978-ci ildə yazıb. 1991-cı ildə isə şəxsən özü Yaqub Zurufçuya təqdim edib. Yaqub bəy şeiri oxuyan kimi çox bəyənir.  Həm də ona görə çox bəyənir ki, bu şeirdə onun övladlarının adı çəkilir.  Mətnə dərhal musiqi bəstələyir. Bir neçə il sonra mahnıya klip çəkilir. Klip o zaman yeganə televiziya kanalı olan Azərbaycan Dövlət Televiziyasının "Səhər" proqramında demək olar ki, hər gün yayımlanır və dövrünün ən sevilən musiqilərindən birinə çevrilir.

- Müğənni Zaur Quluzadə mahnını ifa etmək üçün əvvəlcədən sizə müraciət etmişdimi?

- Mahnını bir neçə şəxs ifa edib və heç biri mənə icazə üçün müraciət etməyib. Təəssüf ki, bir çox ifaçılar bu qaydaları bilmir. Bilsələr, işlərinə məsuliyyətlə yanaşardılar. Amma bilənlər bilir ki, hər hansı bir musiqi əsərinin müəllifi olur və ondan, yaxud varisindən icazəsiz mahnıya toxunmaq olmaz. Bu, yazılmış qanunla da belədir,  yazılmamış qanunla da. Arzu edirəm ki, gənc ifaçılar bu qaydalara əməl etsinlər ki, sonra hansısa problem olmasın. 

Yeri gəlmişkən, qeyd edim ki, Yaqub bəy bütün audio, video materiallarını mənə həvalə edib. Həmin materallar - kliplər, yaxud audio yazılar dinləyicilər üçün daha əlçatan olsun deyə sosial platformalarda yayımlanır. İşi daha da ciddi etmək üçün peşəkar yayım şirkətlərindən biri ilə əməkdaşlıq edirik. Yaqub bəyin ifa etdiyi əsərlərin yutub platformasında yayımı həmin şirkətə həvalə olunub.

- Bəs digər platformalarla bağlı bir tədbir görməyi düşünürsünüzmü?

- Bildiyiniz kimi, sosial şəbəkələrin öz siyasəti var. Xüsusilə yutubda müəllif hüquqlarına ciddi nəzərət olunur. Çox vaxt müəllifin şikayət etməsinə ehtiyac belə olmur. Klip, mahnı yüklənən kimi materialı silir. Aranjiman, ya da başqa bir dəyişiklik edildiyi halda silinməyə bilər. O zaman da müəllif, yaxud müəllifin hüquqlarını qoruyan şirkət  şikayət edərək materialı sildirə bilir.  O ki qaldı digər sosial şəbəkələrə, orada 1 dəqiqəyə qədər istənilən musiqidən istifadə etmək mümkündür. 

- Zaur bəyin sözügedən ifasını necə dəyərləndirirsiniz?

- Mənim üçün "Dəniz"i Yaqub Zurufçudan başqa heç kim yaxşı oxumayıb.

- Əvvəllər də bu kimi hallarla rastlaşmısınızmı? 

- Daha əvvəl belə bir təcrübə yaşamamışıq. Maraqlı olan da budur ki, məhz Yaqub bəydən sonra müğənnilərdə sözügedən mahnını ifa etmək marağı yaranıb. Mənə neçə dəfə müraciət olunub, icazə verməmişəm. Başqa musiqilər ola bilər təbii ki. Yaqub Zurufçunun özünün yazdığı onlarla bəstə var ki, mən bu mahnıları məmnuniyyətlə oxumaq istəyən, doğru ifa edə biləcək gənc müğənnilərə təqdim edə bilərəm. O bəstələr heç də "Dəniz"dən geri qalmır. Onları nota köçürmüşük və gələcəkdə kitabça kimi də nəşr etdirmək istəyirəm. Amma "Dəniz" bir başqadır, ailəmiz üçün özəl anlamı var. Bu mahnını kiminləsə paylaşa bilmirəm. Ona görə də, mən sizin vasitənizlə gənc ifaçılara bildirmək istəyirəm ki, hər hansı bir mahnını ifa etməzdən əvvəl onun müəllifinə müraciət etmək lazımdır. 

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Müğənni Zaur Quluzadə bildirdi ki, mahnı yutubdan silinsə də, sosial şəbəkələrdə, yaxud məclislərdə oxumasına Aynur xanım icazə verib: "Dəniz" mahnısını uşaqlıqdan sevirəm. Məhz bu səbəbdən qərara gəldim ki, mahnını ifa edim. Menecerim Samir bəy icazə almaq məqsədilə Aynur xanıma müraciət etsə də, onlardan bir xəbər ala bilmədik. Sözün açığı, bu cür reaksiya olacağını gözləmirdik. Düşündük ki, sənətkarı yad edirik və Aynur xanım da ifanı bəyənəcək. Amma tam əksi oldu".

Aytac SAHƏD

 

 





19.02.2024    çap et  çap et