525.Az

Ədəbi köşk: Nə var, nə  yox?


 

Ədəbi köşk: <b style="color:red"> Nə var, nə  yox?</b>

Redaksiyaya ünvanlanan məktublar xəbər verir ki, ədəbi köşkümüzün hər növbəti buraxılışını həvəslə gözləyənlərin sayı az deyil. Bu həvəs bizim üçün stimuldur. Həftə ərzində o qədər hadisə baş verir ki, hamısını bir boxçaya sığdırmaqda çətinlik çəkirik. Sonra dönüb baxırıq ki, yox, kəmiyyət bizi aldada bilər. Ələnəndə keyfiyyətli materialların elə də çox olmadığını görürük...

"525"

***

"Apatiya" - ədəbiyyat adamlarının gözündə...

Hikmət Rəhimovun "Adam" və "Çılpaq" filmlərindən sonra ərsəyə gətirdiyi "Apatiya" filmi geniş müzakirələrə səbəb oldu. Filmi bəh-bəhlə tərifləyənlər də oldu, əlinə balta alanlar da. Bu müzakirələrin arasında yazıçı və şairlərin yanaşmaları xüsusilə seçilirdi. Onların yazılarından ən maraqlı məqamlara nəzər salaq.

Şair, tərcüməçi Qismət Rüstəmov yazıb ki, "Apatiya" qapalı məkanda keçən "kamerni film"dir: "Apatiya"nın reallıqla bağlı təsbit və təsvirlərində, bunu qapalı, məhdud məkanda uğurla həll etməsində, eləcə də aktyor və aktrisa performanslarında problem yoxdur... Ancaq ədəbiyyatçı kimi ürəyimə yatmayan bir məsələ var. Fikrimcə, incəsənət həyatın alternatividir, buna görə də onun işi gerçəkliyi ancaq təsvir etmək yox, həm də mənalandırmaq olmalıdır".

Yazıçı İlham Əziz filmi bəyənib, amma düşünür ki, maliyyəsi yaxşı olsaydı, daha böyük iş ərsəyə gələrdi: "Hikmət 15 kvadratmetr içində çox şeyə nail olub. Tamaşaçını atmosferə sala bildi... Axı biz o ailələri, o adamları tanıyırıq. O dərdləri çəkirik, amma gizlədirik, görməzdən gəlirik. Sənət amansızdır... Film məndə ümid işığı yandırdı, Azərbaycan kino sənayesinə inam yaratdı".

Yazıçı İlqar Kamil H.Rəhimovu Azərbaycanın Andrey Zvyagintsevi adlandırıb: "Balaca bir otaq təsəvvür edin... "otaq" deyirəm, çünki bir məkanın ev ola bilməsi üçün, məsələn, sevgi lazımdı, ünsiyyət lazımdı, ailə süfrəsi lazımdı... ən əsası, SÜKUT lazımdı! Bəzən adama elə gəlirdi, ekranın o tayından soxulub sükutuna təcavüz ediblər bu evin, özü də ən beyin aparan səslə, ən təhqiramiz tonla!.."

Şair Cəlil Cavanşir təqdir etdiyi məqamlarla bərabər, çatışmazlıqlardan da yazıb: "Müəllif problemləri yüksək səviyyədə təqdim edir, amma həll yolunu təklif etmir. Sənətin belə bir borcu yoxdur, amma bizim kimi cəmiyyətlərdə sənətin cəmiyyət qarşısında borcu çoxdur. Madam, problemləri veririk, təqdim edirik, gərək uzaqda bir lampanın işığı da közərsin".

Şair Eminquey Akif filmdəki hadisələri ən xırda detalları ilə analiz edib, sonda gəldiyi nəticə isə budur: "...Nədənsə, yeni dövr filmlərdə məişət mövzuları - kasıblıq, bakirəlik, işsizlik kimi mövzular işlənilir. Bunun ən əsas səbəblərindən biri tamaşaçının istəyidir. Azərbaycan oxucusu öz dərdindən danışan qəzet, sayt oxumaq istəyir, Azərbaycan izləyicisi öz dərdini göstərən TV istəyir (ki, sosial verilişlər bu qədər baxımlıdır), Azərbaycan tamaşaçısı özünü göstərən film istəyir. Bu səbəbdən yeni dövr rejissorlar kütləyə xitab edir".

Şair-esseist Rəvan Cavid bir neçə gün öncə Bakıda baş verən tükürpədici hadisə ilə "Apatiya"nı əlaqələndirib. Cinayətdə də "baş obraz" Əhməd idi, filmdə də, hər ikisinin əlində də balta var idi: "Apatiya" mövcud Azərbaycan problemlərinin gətirib çıxardığı faciələrin yetmiş dəqiqəlik xülasəsidir... "Apatiya"nı dünyəvi film, Azərbaycan məişətini isə başqa dərdlərlə məşğul etmək üçün əvvəlcə göstərilən mövcud problemləri aşmaq lazımdır... Bəs bu problemlər hansı nəticələrə yol açır? Filmdə də, xəbərlərdə də gördüyümüz Əhmədlərin yaranmasına".

Şair Ulucay Akif isə bu məişət problemlərinin davamlı ekranlaşdırılmasından narazıdır: "Başa düşürəm, hamımız kasıbıq, amma bizim kasıblığımız heç kimə maraqlı deyil. Başa düşürəm, oxuculara, tamaşaçılara "biz sizin vəziyyətinizi bilirik, sizin dərdinizə şərikik, sizdən yazırıq, sizi çəkirik" demək istəyirsiniz, amma bunun sənətə heç bir dəxli yoxdur. Sənət belə yaranmır... Səd əfsus, "Apatiya" filmində də belə idi: kasıblıq, narkomaniya, erkən nikah... Çevir tatı, vur tatı..."

Yazıçı Orxan Saffarinin filmin qala gecəsindən reportajı da maraqlı detallarla zəngin idi: "Bu filmdə toxuna bilməyəcəyim yeganə məsələ texniki məsələdir. Məsələn, filmin sonunda çöldə dostlardan biri dedi ki, işıq zəif idi. İndi mən bilmirəm, eynəkli dostum "işıq zəif idi" deyəndə nə nəzərdə tutur. Bəlkə də mənim bəsirət gözüm tutulub... Müəllifdən son: Film Fuad Poladovun xatirəsinə, bu reportaj da məhdud imkanlar çərçivəsində böyük iş görən dostlara həsr olunur".

***

Bir əlimdə silah, birində kitab...

Bir əlində qılınc, birində qələm deyiləndə Qazi Bürhanəddini, Şah İsmayıl Xətaini xatırlayıram... Zənnimcə, bir əlində silah, birində kitab olanların bir gülləsi belə haqsız yerə açılmaz, səhv yönə getməz...

Hərbi xidmətdə olanda kitab oxumağa vaxtın az olur, amma mümkündür. Öz təcrübəmdən bilirəm. "İrəli" İctimai Birliyi "Əsgərin kitab rəfi" kitab toplama aksiyasına start verib. Həmin kitablar hərbi hissələrə göndəriləcək. Bu, asudə vaxtında kitab oxumaq istəyən əsgərlər üçün nəzərdə tutulmuş təqdirəlayiq addımdır. Yazıçı Samirə Əşrəf də aksiyaya qoşulub və bununla bağlı qələm dostlarına səslənib: "Dəfələrlə hərbi xidmətdə olan dostlardan, qohumlardan eşitmişəm ki, xidmətdə olarkən bədii ədəbiyyat sarıdan əziyyət çəkiblər. İnsanlar məhz belə məqamlarda, ailədən, evdən, doğmalardan uzaq düşəndə, özü ilə baş-başa qalır, düşünür, daşınır, hərbi xidmətdən sonra həyatının istiqamətini, gələcək planlarını qurur. Belə şəraitdə dincəlmək, ruhu qidalandırmaq üçün kitablar ən böyük dayaq olur adama. Ona görə də Müdafiə Nazirliyi və "İRƏLİ" İctimai Birliyinin birgə təşkilatçılığı ilə başladılan "Əsgərin kitab rəfi" kitab toplama aksiyasına qoşulur, oxuduğum xeyli sayda kitabı əsgərlər üçün bağışlayıram və estafeti dostlarıma ötürürəm".

***

Məktəbliləri ədəbiyyatdan iyrəndirənlər...

Bu gün məktəblərdə tədris olunan ədəbiyyat dərslikləri, bəlkə də, illər əvvəlki dərsliklərdən çox-çox maraqsız tərtib olunmuşdu. Amma onda kitabın içindəkiləri qat-qat maraqlı təqdim edən, sinifdən xaric oxu məsələsini qabardan, əsl ədəbiyyat sevgisi yaradan müəllimlərin sayı indikindən çox idi. Son vaxtlar ünsiyyətdə olduğum məktəblilər bir əsərin məzmununu doğru-dürüst şəkildə ifadə edə bilməyib...

Etimad Başkeçidin təbirincə desək, bəlkə də, ədəbiyyat sevdalısı olmaq heç lazım da deyil. Mətləblərə vardıqca yaşamaq da çətinləşir. Etimad müəllim bu barədə yazır: "Sən inşalar yazırsan, dərsdənkənar məşğələlərə qatılıb müəllifin nə demək istədiyini araşdırırsan, dərnəklərə yazılırsan, hansısa proyektlərdə iştirak edirsən. Bir gün ayılırsan ki, yaş qırxa çatıb, ontoloji məsələlərlə o qədər uğraşmayan tay-tuşların oğul-uşaq sahibidir, öz həyatını qurub, səninsə nə iqtisadiyyatdan, psixologiyadan, nə də siyasətdən başın çıxır. Əvəzində alternativ, evfemer, mövcud olmayan nəsnələr üzrə mütəxəssissən və çox zaman heç nəyin yiyəsisən. Yəni hər şey qədərində yaxşıdır... Ədəbiyyatın bir fənn kimi nə vaxtsa məktəb proqramından çıxarılacağına inanmıram. Çıxarılsa belə, indiki internet və kommunikasiya texnologiyaları dövründə mənasız iş görmüş olacaqlar. Onsuz da, çox zaman orta məktəblərdə insanları ədəbiyyatdan iyrəndirməklə məşğul olurlar".

***

Elxan Elatlı Drayzer səviyyəsində yazıçı ola bilər?

Seymur Baycan dedektiv yazar Elxan Elatlı barədə bir yazı yazıb. Elxan Elatlının yazıçı təxəyyülünü yüksək qiymətləndirib... Detektiv romanlar müəllifinin kitablarını belə meyl salmağından görünür ki, Seymur Baycan qürbətdə darıxmağa başlayıb. Bunun başqa adı yoxdur. Əziz filoloqlar, hətta Elxan Elatlı yaradıcılığı barədə dissertasiya mövzusunun tezislərini Seymur Baycandan götürə bilərsiniz... Bəzi tənqidlərini də nihan etməyən Seymur Baycan obyektivliyini qoruyub saxlayıb və yazının sonunda belə nəticəyə gəlib: "Elxan müəllim güclü təxəyyülünün qədrini, qiymətini bilməlidir. Əsərlərində sosial problemləri göstərə bilsə, dilin bədiilik dərəcəsini artırsa, Elxan Elatlı təxminən Drayzer səviyyəsində bir yazıçı ola bilər. Təxminən Drayzer səviyyəsində bir yazıçı olmaq üçün Elxan Elatlının hər cür potensialı var. Drayzerlə Elxan Elatlı arasında nəhəng uçurum yoxdur. Drayzerlə Elxan Elatlı arasındakı məsafə o qədər də böyük deyil. Əsas təxəyyüldür, o da Elxan müəllimdə kifayət qədər var".

Sizcə, Elxan Elatlı Drayzer ola biləcəkmi?

***

Təzə nə var?

Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib və xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yazıçımızın vəziyyəti stabil-ağır qiymətləndirilir...

Görkəmli şairimiz Məmməd İsmayılın vəziyyəti hər ötən gün bir az da pisləşir. Bununla bağlı şair Ehtiram İlham aidiyyəti qurumlara çağırış edib: "Mən həm öz adımdan, həm də qələm yoldaşlarım adından aidiyyəti qurumlardan xahiş edirəm ki, Məmməd İsmayılın qapısını döyüb vəziyyətinə şahid olsunlar, səhhəti nəzarətə götürülsün. İnanıram ki, səsimizə səs verəcəklər".

Mövlud müəllimə də, Məmməd müəllimə də şəfa diləyirik...

***

İlham Qəhrəmanın iki kitabı çap olunub. "Dəyirmanın su dərdi" kitabında son illərdə qələmə aldığı cinas qafiyəli 275 müəllif bayatısı toplanıb. "Laçın lətifələri" kitabında isə 30 ilə yaxın müddətdə köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı, Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer alıb.

Nadir YALÇIN

 





19.02.2024    çap et  çap et