525.Az

Kiberhücumlarının artmasına səbəb nədir?


 

Kiberhücumlarının artmasına səbəb nədir?<b style="color:red"></b>

İnformasiya təhlükəsizliyi günümüzün ən aktual mövzulardan biridir. Bunu nəzərə alaraq dünyanı ən müxtəlif ölkələrində informasiya mühafizəsi və kibertəhlükəsizlik istiqamətində beynəlxalq dərəcədə genişmiqyaslı fəaliyyətlər aparılmaqdadır. Təsadüfi deyil ki, təxminən son iyirmi ildə ölkəmizdə də milli informasiya siyasəti və təhlükəsizlik sahəsində müəyyən qanunlar, konsepsiyalar, doktrinalar, xüsusi dövlət proqramları və digər sənədlər qəbul edilib, çoxsaylı praktiki addımlar atılıb və işlər görülüb.

Araşdırmalar göstərir ki, informasiya təhlükəsizliyi istiqamətində işlər bir çox hallarda dövlət və özəl qurumlarla birlikdə həyata keçirilir. Heç kəsə sirr deyil ki, insanlar internetdə daha çox vaxt keçirtdikcə sosial şəbəkələrdə qarşılıqlı fəaliyyətin miqyası da genişlənir. Bu da müəyyən qədər zərərli məzmunlu bilgilərin çox yayılmasına, eyni zamanda təhlükəli aktivliyin də artmasına gətirib çıxara bilir. Ona görə də insanlar xəbər əldə edərkən etibarlı mənbələrə üz tutmalı və xəbəri bir neçə mənbədən dəqiqləşdirdikdən sonra müəyyən nəticəyə gəlməlidirlər.

Mütəxəssislərin sözlərinə görə, kiberhücumların mənbələri çox müxtəlifdir. Bu hücumun növündən, məqsədindən və hücum olunan təşkilatın tipindən asılı olaraq dəyişə bilər. Artıq bu hücumlar votsap tətbiqi üzərindən daha geniş miqyas aldığından insanları narahat edən ciddi problemə çevrilib.

Kiber Təhlükəsizlik Platformasında icraçı direktor müavini Aynur Quliyeva "525"ə açıqlamasında bildirib ki, kiberhücumların baş vermə səbəblərindən biri istifadəçilərin internetdən düzgün istifadə etməməsidir: "Buna görə də fərdlərin davamlı şəkildə şəxsi təhlükəsizliyinin qorunması və məlumatlarının mühafizəsi barədə daima məlumatlandırılmasına ehtiyac var. Ölkəmizdə informasiyanın mühafizəsinin təmin olunması ilə bağlı beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə müntəzəm şəkildə maarifləndirmə layihələri və təlimləri keçirilir. Kiberhücumlar sadəcə bədniyyətli xakerlər tərəfindən baş vermir. Xüsusi texniki bacarığı olmayan şəxslər də hansısa məlumatı müxtəlif şəbəkələrdə paylaşa və dolayısı ilə məlumat oğurluğu fəaliyyəti ilə məşğul ola bilirlər. Bu da təbii ki, milli təhlükəsizliyin qorunmasını böyük təhdid altına alır. İnternet geniş anlayış olduğu kimi, həyatımıza ciddi təhlükələrlə üz-üzə də qoya bilir. Kiber hücumlar bunun əsas nümunəsidir. Kiber hücumlardan qorunmaq üçün ilk tövsiyəmiz budur ki, istifadəçilər şifrələrə, e-mail ünvanlarına və ümumi internetdən istifadə təhlükəsizliyinə xüsusi diqqət etməlidir. Əgər sosial şəbəkələrdə elektron eyni şifrələrdən və e-poçt adresindən istifadə olunursa, digər hesaba giriş zamanı həmin məlumatlardan təkrar istifadə məsləhət deyil. Həmçinin, asanlıqla tapıla biləcək şifrələrdən istifadə edilməsi də kiber hücumlar üçün əlverişli situasiya yaradır".

İnformasiyanın mühafizəsi sahəsində dünya təcrübəsinə baxsaq görərik ki, bu, əsasən daima yenilənən qanunlar tərəfindən tənzim olunur. Ölkəmizdə məlumatların mühafizəsi istiqamətində müxtəlif qanunlar var. Lakin hələ də genişmiqyaslı mövzuları əhatə edən və xüsusən kiber təhlükəsizliyin qorunması istiqamətində inkişafa ehtiyac var. Bunun əsas səbəbi isə bu sahənin gün keçdikcə yenilənməsidir.

Elan saytlarında geniş yayılmış dələduzluq növü kimi fişinq hücumlar da xüsusi diqqət çəkir. Saxta linklər və ya saytlar vasitəsi ilə vətəndaşın öz təşəbbüsü nəticəsində bank kartları, şəxsi məlumatlar oğurlanır. Bu cür saxta saytların dizaynı bir-birinə bənzəyir və vətəndaş leqal saytda əməliyyat etdiyini düşünür.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev açıqlamasında bildirir ki, kiber hücumlara daha çox votsap+ və digər rəsmi qeydiyyatdan keçməmiş modifaksiyalardan istifadə edən vətəndaşlar məruz qalırlar: "Votsap+ kimi modifaksiyalar kifayət qədər təhlükəli proqramlar sayılır və yüklənməsi məsləhət görülmür".

Bəzən vətəndaşlar düşünürlər ki onun şəxsi məlumatları başqaları üçün maraqlı olmaz. Ancaq unutmayaq ki, bədniyyətli xakerlər başqası üçün maraqlı olmadığını düşündüyümüz bu məlumatlarla bütün hesablarımızı ələ keçirə və hətta kart məlumatlarımızı əldə edə bilirlər. Ona görə də şəxsi məlumatlarla bağlı daha diqqətli olsaq, belə hadisələrlə qarşılaşma ehtimalı da azalar.

Havar ŞƏFİYEVA

 





19.02.2024    çap et  çap et