525.Az

Startaplar necə qurulur?


 

Startaplar necə qurulur?<b style="color:red"></b>

Startap ingilis dilindən tərcümədə "başlamaq", "işə salmaq" mənalarını verir. Startap dedikdə, mövcüd olmayan bir ideyanın reallaşdırılması, yaxud da mövcud olan bir ideyanın təkmilləşdirilməsi üçün inkişafa meyilli təşəbbüslər başa düşülür. Bəziləri pul qazanmaq üçün startaplar yaradır, bəziləri isə öz ideyası ilə dünyanı dəyişməyi xəyal edir.

Startap fenomeninin ən əhatəli tərifini isə amerikalı professor Stiv Blank verib. Onun sözlərinə görə, startap biznes qurmaq üçün yaradılmış müvəqqəti təşkilatdır.  Startaplar keyfiyyətli biznes modeli axtarırlar, şirkətlər isə artıq bir modelə sahibdirlər və onu uğurla həyata keçirməyə fokuslanırlar. Ekspertlərin sözlərinə görə, hər bir startap bazara girməzdən əvvəl bir neçə mərhələdən keçir. Uğursuzluqla nəticələnən startaplar da olur ki, bunun da səbəbi ideyanın zəif təşkili və ya bazar ehtiyaclarını ödəməməsidir. Ona görə də işə başlamaq üçün əvvəlcə məhsulun hansı sənayedə tətbiq oluna biləcəyini proqnozlaşdırmaq vacib məsələdir.

Startap o zaman uğurlu hesab olunur ki, onun ideyası əvvəllər istifadə edilməsin və həm müştərilər, həm də investorlar üçün sərfəli olsun. Araşdırmalar göstərir ki, startapa kiçik kapitalla da başlamaq mümkündür. Biznes qurmaq üçün üçün müəyyən bir heyət olmalıdır. Startaplar isə kiçik heyətlə də başlaya bilər. Hətta mümkündür ki, startapda tək bir adam olsun. Üstəlik, burada ofis də o qədər vacib sayılmır. Yeni yaradılan kiçik bizneslər kredit və digər mənbələr hesabına maliyyələşirsə, startaplar adətən investorlardan və ya sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki startapların nə qədər uğur gətirəcəyini və ya nə qədər ziyanla işləyəcəyini əvvəlcədən hesablamaq  çətindir.

İnnovativ sahibkar Ramin Ələkbərov "525"ə açıqlamasında bildirir ki, startap bir ideyanın biznesləşməsinə qədərki  mərhələdir: "Startap dövründə sahibkar ideyanı tərtib edir, məhsulun bazara uyğun olub-olmadığını araşdırır. Uyğunluq tam təsdiqini tapdıqdan sonra biznes plana hazırlanır və  ənənəvi biznes strukturu qurulur. Ənənəvi biznesin daha bir fərqi işi haradan başlayıb, harada bitirəcəyinin bəlli olmasıdır. Bunun üçün sadəcə struktur qurulur və investisiya cəlb olunur. Startapda isə bu ideya bir neçə dəfə dəyişə və yaxud da gərçəkləşməyə bilər".

R.Ələkbərovun sözlərinə görə, startapı hər kəs qura bilər. Gündəlik istifadə etdiyimiz votsap, feysbuk, netfliks kimi layihələr də öncə startap üzərində qurulub və biznes  modelini tamamlayandan sonra layihə rəsmi şirkət halına gətirilib: "İstənilən sahə startapa yenilik gətirə bilər. Startap qurarkən komanda produktiv menecer, satış üzrə cavabdeh şəxs və texniki rəhbər heyətindən ibarət olur. Startapı sıfırdan qurmaq istəyən şəxsin bu sahə üzrə mütləq bilik və bacarıqları olmalıdır. Çünki startapda ən son texnologiyalardan yüksək peşəkarlıqla istifadə olunması nəzərdə tutulur".

Mütəxəssislərin sözlərinə görə, startaplarda maliyyələşmə də fərqlidir. Başlanğıcda adətən daxili maliyyələşmədən istifadə olunur ki, bunu da komanda üzvləri öz büdcələri hesabına həyata keçirirlər. 

Onu da qeyd edək ki, ölkəmizdə məktəblərdə startaplarla bağlı məlumatlar çox az verilir. Bu da ali təhsil məsələlərinə qəbul zamanı ixtisas seçimində qaranlıq məqamlara yol açır. Ona görə də, mütəxəssislərin qənaətincə, startapla məşğul olmaq istəyən şəxs   müxtəlif təlim və ya kurslarda bu sahə ilə bağlı dərin məlumat almalıdırlar.

"Bonpara" (kofe.al) şirkətinin təsisçi və direktoru Orxan Əhmədov deyir ki, hazırda Azərbaycanda bir neçə mərkəzdə startap müsabiqələri və təlimlər keçirilir: "Azərbaycan bazarında startaplar üçün ən zəif tərəf innovasiyalara əlçatanlılığının minimum səviyyədə olmasıdır. Bu sahəyə başlamaq üçün təcrübəli mütəxəssislərdən yararlanmaq vacib məsələdir. Heç bir təcrübəsi və məlumatı olmadan startap qurmaq uğursuzluqla nəticələnə bilər. Bunu nəzərə alaraq bir çox mərkəzlər startap üzrə kurslar təşkil edir. Lakin həmin kurslardan yararlananda ilk növbədə  proqramın effektivliyini diqqət yetirmək lazımdır".

Havar ŞƏFİYEVA

 

 





19.02.2024    çap et  çap et