525.Az

Münxen Təhlükəsizlik Konfransında Azərbaycana yüksək maraq 


 

POLİTOLOQ RASİM MUSABƏYOV: "AZƏRBAYCAN GÜCLÜ TƏSİRƏ MALİK DÖVLƏTDİR"

Münxen Təhlükəsizlik Konfransında Azərbaycana yüksək maraq <b style="color:red"></b>

Bu il sayca 60-cı dəfə Münxen Təhlükəsizlik Konfransı keçirildi. Konfransda 180 dövlətin yüksək səlahiyyəti nümayəndəsi, o cümlədən, 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edib. Konfransın gündəliyi də aktual məsələləri əhatə edirdi. Tədbir günlərində Ukrayna və Yaxın Şərq, eləcə də Somali, Sudan və Haitidəki müharibələr, birgəyaşayış üçün əsas kimi beynəlxalq hüququn aliliyi, BMT Təhlükəsizlik Şurasının mümkün islahatı və iqlim dəyişikliyinə dair məsələlər yer almışdı.

Ümumiyyətlə, bu tədbir dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdığı ən mühüm platformalardan biridir.

Azərbaycan müntəzəm şəkildə bu platformaya Prezident İlham Əliyevin şəxsində dəvət alır. Dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələlərində öz dəyərli fikirlərini bölüşür.

Konfrans günlərində Azərbaycan lideri 20-dən çox görüş keçirdi. Dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərin intensivliyini Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir. Özü də həmin görüşlər qarşı tərəflərin müraciətlərinə əsas baş tutdu. Dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi həm də Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah edə bilərik. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan bu il bu tədbirə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, daha da güclənmiş, nüfuzu artmış, Cənubi Qafqazda yeni reallıqlar yaratmış bir dövlət olaraq qatıldı.

COP29, eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər də ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir. Prezident İlham Əliyevin inauqrasiya mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur. Bu nüfuzun formalaşmasının əhəmiyyətli tarixçəsi də var. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi. COP29 dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi dövlətimizin effektiv, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığının və güclü potensialına olan inamın nəticəsidir.

Azərbaycanın bu bacarığı, əzmi dünya ictimaiyyəti tərəfindən təqdir olunur.

Azərbaycan Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələrə malikdir, bu bölgələrin bir çox ölkələri ilə yaxın tərəfdaşlıq əlaqələri qurub və səmərəli qarşılıqlı əməkdaşlığın inkişafına nail olub. Buna görə də ölkəmiz qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb. Məlumdur ki, Azərbaycanın bu potensialını ortaya qoymasına Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu. Artıq dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək üçün Ermənistan və Qarabağ problemi yoxdur.

Azərbaycan sülhsevər ölkədir, qonşu dövlətlərlə, digər regionlarla məhz sülh gündəliyini təşviq edir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “525”ə şərhində bildirib ki, Münxen Təhlükəsizlik Konfransı hər il keçirilir: "Bu artıq sayca 60-cı idi. İqtisadiyyatla bağlı ən mötəbər tədbir hər il keçirilən Davos İqtisadi Forumudur. Təhlükəsizliklə bağlı isə ən mötəbər tədbir Münxen Konfransıdır. Bu tədbirdə iştirak dünyanın nəbzini orda hiss etməyə imkan verir. Bu baxımdan cənab Prezident demək olar ki, həmişə həmin konfranslarda iştirak edir. Bu, həm ümumi müzakirələri seyr etmək, həm də fürsətdən istifadə edib ikitərəfli görüşlər keçirmək imkanı verir. Bir var ki, bu insanları ya Azərbaycana dəvət edəsən, ya da özün ora gedəsən ki, onlarla görüşəsən. Bir də var onlar hamısı bir yerdədir, yəni gün ərzində 5-10 nəfər şəxslə görüşə bilərsən. Ona görə də bu, yaxşı bir fürsətdir və cənab Prezident ondan həmişə istifadə edir. Azərbaycan həm diplomatiya, həm informasiya təsirlərimizin artması üçün bu imkandan faydalanır”.

R.Musabəyov konfransda Prezident İlham Əliyevə, ölkəmizə olan böyük marağa da toxunub: “Bu maraq ondan irəli gəlir ki, bir tərəfdən Azərbaycan özü əhəmiyyətli bir dövlətə çevrilib, ölkəmizin həm energetika sahəsində imkanları artıb, eyni zamanda gücü sözdə deyil, konkret əməliyyatlarla təsdiqlənmiş ordumuz var. Bizim diplomatik fəaliyyətimiz bu gün təkcə regionla məhdudlaşmır, çünki Qoşulmama Hərəkatındakı fəaliyyətimiz, COP29-un Azərbaycanda keçirilməsinə dair qərar beynəlxalq aləmdə nüfuzumuzun artdığını göstərir. Azərbaycanda çox böyük beynəlxalq konfranslar keçirilir və bununla ölkəmizin təsirləri də artır. Qoşulmama Hərəkatında sədrliyimiz və s. addımlar göstərir ki, Azərbaycan daha balaca dövlət deyil, güclü təsirə malik dövlətdir. Təbii ki, Azərbaycan beynəlxalq maliyyə strukturlarından tutmuş, beynəlxalq təşkilatlara qədər ayrı-ayrı dövlətlər tərəfindən özünə marağı cəlb edib. Ona görə də bizim dəstəyimizə ehtiyac duyurlar. Azərbaycanın bütün mənfi təsirləri dəf edərək öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi də təsirlidir. Heç kim bunu bacarmadığı halda, Azərbaycan bacardı. Bu da təbii ki, Azərbaycanın çəkisini artırır. Nəhayət, orda olan insanların çoxu cənab Prezidentlə müqayisədə yeni adamlardır. Onlar Prezident bu forumda iştirak edəndə nəinki siyasətdə idilər, heç siyasət yadlarına da düşmürdü. Ona görə də təcrübəli, uğurlu bir dövlət rəhbəri, güclü siyasətçi olaraq, ən əsası son seçkilərin nəticələri də nəzərə alınaraq insanlar ona yaxınlaşmağı, salamlaşmağı, söhbət etməyi, hansısa məsələləri müzakirə etməyi özləri üçün fəxr bilirdilər. Biz konfransda bunu müşahidə etdik”.

Politoloq hesab edir ki, bu maraq eyni zamanda Azərbaycan əleyhinə bəzi qüvvələrin apardığı kampaniyaları, hətta sanksiya çağırışlarını alt-üst etdi: “Ölkəmizə qarşı hansısa bir sanksiya tətbiq etmək çağırışlarının heç bir əsası yoxdur. Bununla sadəcə havanı silkələyirlər. İşə gələndə isə başqa cür olurlar. Fransa hamıdan çox canfəşanlıq edir, cavabını da alır. Hamı da görür ki, bunun nəticəsi nə olur. O olur ki, Makron heç Azərbaycana yaxınlaşmağa da cəsarət tapmır. Onun Azərbaycana qarşı hər bir addımı müqabilində biz də onu tutarlı cavab veririk. Gedib Yeni Kalendoniya, Korsika ilə məşğul olsun. Heç kim başın ağrıtmaq istəmir. Kim qələt edir, havanı silkələyir, özləri bilərlər. Halbuki bu təbii ki, münasibətlərimizə mənfi təsir göstərir. Amma bir çox ölkələr Azərbaycanla münasibətlərdən fayda axtarırlar. Ona görə də onların boş danışıqlarına diqqət yetirməyin faydası yoxdur”.

Pərvanə

 





19.02.2024    çap et  çap et