525.Az

İldırım - ​​​​​​​Fantasmaqorik novella


 

İldırım - <b style="color:red"> ​​​​​​​Fantasmaqorik novella</b>

Qurban Qurbanova ithaf

(ixtisarla)

 

Artıq futbol cameəsinin çoxdan unutduğu məşqçi Rəsul Mirbabayev qəfil peyda olub AFFA-nın qapısını döyəndə, təbii, heç kimin ağlına da gəlməzdi ki, qarşıda ölkə futbolunu hansı sürprizlər gözləyir.

Onu AFFA-dakı yaşlı mütәxәssislәr müәyyәn qәdәr tanıyırdı. Sovet dövrünün sonlarında “Nefçi”nin ən perspektivli gənc futbolçularından idi, SSRİ dağılandan sonra bir çox idmançılar kimi Avropaya getmiş, bir neçə il orda müxtəlif klublarda oynasa da, ordakılardan özünə qarşı elə aşağılayıcı münasibət görmüşdü ki, dözməyib qayıtmış, Türkiyədə məşqçilik məktəbini bitirib, Şərq ölkәlәrindә ortabab klublarda mәşqçilik fәaliyyәtiylә mәşğul olmuşdu. Әvvәl perspektivli mәşqçi kimi qәbul edilsә dә, elә dә uğur qazana bilmәmiş. Bәzilәri һәtta onun әrәb ölkәlәrinin birindә vәfat elәdiyini düşünürdülәr. Lakin sağ salamat imiş... Yaşı əllini keçsə də, çox qıvraq vә diribaş әһvalını da saxlamışdı.

Onun tәklifi isә sәfeһ adamın sәrsәmlәmәsinә bәnzәyirdi - Siz mәnә çempionatdakı әn geridә qalan klublardan birini verin, mәn öz һeyәtimi bütünlüklə ora gәtirim vә ...nәticәsini özünüz görәcәksiz.

Tәbii ki, onun sözünә AFFA-nın vitse-prezidenti Şakir müəllim әvvәlcә ciddi yanaşmamışdı. Necə yəni öz heyətimi? Bütöv komandanı hardan gətirəcək? 

Vә yalnız bundan sonra Rәsul Mirbabayev mәcbur qalıb özüylә gәtirdiyi flaşkadan bir videomaterialı ona göstәrmәli oldu...

Şakir müəllim uzun illər əvvəl dostluq elədiyi һәmkarına yalnız һörmәt әlamәti olaraq bu videomateriala baxmağa razılıq verdi vә... peşman olmadı. Videoda yeniyetmә futbolçuların iki dəstəyə bölünüb futbol oynamağı çəkilmişdi.

Oyun tərzi isə həqiqətən çox fərqli idi. Hər biri elə bil ki sözün həqiqi mənasında topla doğulmuşdular. Həm fərdi ustalıqları, həm ümumi komanda oyunu... Topla elə bil ki, janqlyorluq edirdilər. Topu ayaqlarıyla, sinələriylə, başlarıyla yox, öz istəkləriylə idarə edirdilər. Top da onların iradələrinə tam tabe olurdu... Şakir müəllim elə bil  sadəcə oyuna yox, ilahi bir idman tamaşasının fraqmentlərinə baxırdı. 

Video bitəndən sonra Şakir müəllim sual dolu baxışlarını görən qəfil qonaq öz hekayətini qısa şəkildə danışmağa başladı. Bir şərtlə ki bu hadisə geniş ictimaiyyətdən gizli qalmalıdı.

Hekayət isə belə idi. Rəsul Mirbabayev müxtəlif ərəb ölkələrində məşqçilik edəndən sonra, doxsanıncı illərin sonlarına yaxın Dubayda məskunlaşmışdı, yerli komandaların birinə məşqçilik edərkən, komandanın prezidenti olan gənc ərəb şeyxi ilə möhkəm dostlaşmışdı. Və bir gün ona, uzun müddət düşündüyü ideyasını bildirmişdi - müharibələr içində od tutub yanan Şərq ölkələrindən 7-8 yaşlı yetim uşaqları seçib yığmaq və onları dünyadan tam təcrid edərək, qapalı şəraitdə uzun illər ərzində hazırlayıb qeyri-adi, peşəkar futbol komandası yaratmaq...

Ərəb şeyxinə bu fantastik ideya maraqlı gəlmişdi. Razılaşmışdı və Rəsulun Bank hesabına on milyon dollar köçürtmüşdü.

Rəsul Mirbabayev də gənc Şeyxin yaxın adamlarının köməyi ilə bir il ərzində müxtəlif Şərq ölkələrindən, qaçqın düşərgələrindən, yetimxanalardan seçilmiş istedadlı yetim oğlan uşaqlarını yığıb gizli yollarla Türkiyəyə gətirmişdilər. Dubaydan fərqli olaraq Türkiyədə gözdən uzaq bölgələr çox idi və qarara almınmışdı ki, gizli təlim məşq bazası məhz belə ucqar yerlərdən birində qurulsun. Rəsul Mirbabayevin ilk baxışdan amansız görünən ideyası bu uşaqları bu düşərgədə tam qapalı saxlamaq (eynən Koroğlunun Qıratı, Dürratı kimi) və on il ərzində yalnız futbol üzərində formalaşdırmaq idi...

Baza tam təchiz edildikdən sonra Rauf Mirbabayev işə başlamışdı. Bakıdakı köhnə dostlarından bir neçəsini də öz yanına çağırmışdı və bir rəhbər heyət formalaşdırmışdı. Hətta texniki heyətin, tibbi personalın da əksəriyyəti onun köhnə dostlarından ibarət idi.

Beləliklə, bu qeyri-adi eksperimentə  start verilmişdi. Şimali-Qafqaz, Azərbaycan, Türkiyə, İraq, Suriya, Əfqanıstan və sair yerlərdən yığılan uşaqlar qapalı şəraitdə yeni həyata başladılar.

Mirbabayevin səyləri nəticəsində bir-iki ildən sonra, onların keçmiş həyatları artıq unudulmaqda olan yuxu kimi görünürdü. Onlarçün reallıq yalnız yaşıl meydançadan ibarət  idi. Yemək içmək və məşq. Yaşıl meydan və top... Daha doğrusu, toplar.

Boş qalan vaxtda isə köhnə futbol oyunlarına baxış və müzakirə... Ara-sıra Rəsulun dostu olan gənc ərəb şeyxi də gəlirdi, uşaqların hazırlıq prosesinə baxırdı.

İlk baxışdan, sıradan bir “uşaq idman klubu”nun fəaliyyətinə bənzəyə bilərdi. Lakin Rəsul Mirbabayevin ideyasının vahiməli tərəfi məhz psixoloji beyin yuyulması prosesi idi. O, uşaqlara sadəcə futbol öyrətmirdi. Beyinlərini bütün dünyəvi fikir və düşüncələrdən təmizləməyi, keçmişlərini unutdurmağı, bütün fiziki və əqli enerjini yalnız və yalnız bir istiqamətə yönəltməyi planlayırdı. Eynən orta əsrlərdəki gizli batini təriqətlərin yetişdirdiyi kimi, onun iradəsinə tam tabe olan böyük bir ailə formalaşdırırdı. Bu ailənin üzvləri rəhbərin iradəsinə tam tabe olub, bu ailədən kənar bütün dünyaya isə nifrət və qəzəblə baxmalı idilər. Yalnız biz - yalnız bizim dəstə, bizim ailə... vəssalam. Bütün gözəlliklər - güc, qüdrət, sədaqət, etibar, inam, qardaşlıq, dostluq, birlik, vəhdət yalnız bu ailənin içindədir. Seçilmiş varlıqlardan təşkil olunmuş bu ailənin... Bu ailədən kənar bütün dünya yırtıcı və vəhşi varlıqlardan ibarətdir. Onlara yaxın getmək olmaz, yaxın buraxmaq olmaz, inanmaq olmaz, etibar eləmək olmaz... Olmaz, olmaz... Onlara yalnız qalib gəlmək lazımdı. Amma həyatda yox, yaşıl meydanlarda...

Uzun illər boyu belə söhbətlərin təsiri altında futbol meydançası uşaqların beynində Xeyir və Şərin müharibə meydanı kimi formalaşmışdı. Onlar da bu müharibədə özlərini Xeyirin yeganə komandasının mücahidləri kimi təsəvvür edirdilər. Rəsul isə onların nəzərində az qala peyğəmbər kimi bir ilahi varlığa bənzəyirdi... Buna görə də bütün çətinliklərə dözürdülər, ən ağır məşq proseslərini həvəslə keçirdilər. Özlərini kainatda Xeyirlə Şərin son döyüşünə hazırlayırdılar. 

Yetim uşaqları 7-8 yaşlarından başlayaraq bu cür robotlaşdırmaq  yaxşı idimi, pis idimi, bu barədə fikirləri Rəsul öz düşüncələrindən uzaq saxlayırdı. Məqsəd vasitəni üstələyir. Məqsəd ideal saat kimi işləyən vahid bir mexanizm yaratmaq və bu ideal mexanizm vasitəsiylə ən yüksəklərə qalxmaq idi. Bu mexanizmin hər detalı, hər hissəsi öz işində mütləq ideala nail olmalı, adi idmançı bacarığını qat-qat üstələməliydi. Hər kəs vahid mexanizmin iradəsini bütün ruhuyla hiss eləməli, bir-birini sözsüz başa düşməli, yalnız bir nöqtəyə vurmalı idilər. Beləcə yaşıl meydanda ideal nizam üzərində qurulan bir qələbə maşını təzahür etməliydi.

Lakin prosesin ən aktiv fazasında qəfildən bəd xəbər gəlmişdi. Rəsulun himayədarı olan Ərəb şeyxi iki dostuyla birlikdə avtomobil qəzasına düşüb, heç biri sağ çıxa bilməyib.

Bu hadisədən sonra Rəsul xeyli düşünmüş və eksperementini təkbaşına davam etdirmək qərarına gəlmişdi... Onun Dubaydakı bank hesabında kifayət qədər vəsait var. Bu vəsaitin aylıq faizləri düşərgəni saxlamağa yetəcək qədərdir. Sonrasını isə düşünmək hələ tezdi.

Beləcə, Rəsul sonrakı illərdə öz fəaliyyətini müstəqil davam etdirmişdi. İstədiyinə də nail olmuşdu.

Və budur, artıq komanda yetişib. Onu gün işığına çıxartmaq vaxtı çatıb.

Vitse-prezident Şakir müəllim bütün bu söhbəti dinlədikdən sonra, bir müddət susdu, Rəsulun gətirdiyi daha bir neçə videomateriala baxdı, özlüyündə analiz elədi, sonda bir neçə sual verdi - yeniyetmələr bu vaxta qədər kənar komanda ilə oynayıblar, ya yox... və niyə bunların işığa çıxmağını elə Türkiyədə təşkil eləməyib?

Rəsul Mirbabayev də bildirdi ki, Türkiyədə son vaxtlarda bir neçə yeniyetmə yarışlarında iştirak ediblər, lakin öz güclərini tam göstərməklərinə icazə verməyib. Türkiyədə bunları ortaya çıxartmaq isə çox tez diqqəti cəlb edə bilər.  Rəsul isə istəyirdi ki, komandanın Avropa meydanlarına çıxmasından öncə çox diqqət çəkməsin. Yoxsa yüksəlişə mane olanlar çox ola bilər.

Vitse-prezident düşünməkçün  Rəsuldan bir neçə gün vaxt istədi, nəhayət qərara gəldi. Artıq bankrot olmaq üzrə olan və yüksək liqada yerini zorla qoruyub saxlaya bilmiş “İldırım” komandasının sahibi ilə danışıldı, razılıq alındı və komandanı yenidən qurmaq məşqçi Rəsul Mirbabayevə həvalə olundu. Yeganə çətinlik isə heç bir sənədi filanı olmayan yeniyetmələri ölkəyə necə gətirmək və onları yerli sənədlərlə təchiz eləmək idi ki, bunu da yol tapıb birtəhər həll eləyə bildilər.

Beləcə yenilənmiş “İldırım”  ölkənin yaşıl meydanlarına çıxdı.

Mövsümün əvvəlində o qədər də inamlı oynamayan komanda bir müddət sonra yavaş-yavaş xal ehtiyatını artırmağa nail oldu, turnir cədvəlinin ortalarına yaxınlaşdı.

Rəsul Mirbabayev isə ara-sıra köhnə dostu olan vitse-prezident Şakir müəllimlə söhbətləşir, fikir və düşüncələrini yalnız onunla bölüşürdü. Düzdü, ilk turlarda Şakir müəllim Rəsulu danlayırdı ki komanda yaxşı oynamır, potensialını göstərə bilmir.

Rəsul isə onu sakitləşdirirdi ki, hələ tezdi... Qoy kənardan elə görünsün ki, bunların ara-sıra qələbə qazanmaqları da yalnız təsadüfdür. Vaxtı çatanda hamı onların gücünü görəcək. Həm də mövsümün ilk yarısı uşaqların müxtəlif fərqli komandalarla oyunlara adaptasiya dövrüdü.

Şakir müəllimin ürəyinə ara-sıra  şübhələr də yol tapırdı. Bəlkə köhnə dostuna inanmaqda düz eləməyib? Bəlkə onun bütün danışıqları uydurmadı? Bəlkə bu nağıl nəsə başqa məqsədlə uydurulub?

Lakin mövsümün sonuna yaxın “İldırım” həqiqətən də bir az sürəti artırdı və Avropa Liqası zonasına düşə bildi. Hərçənd Şakir müəllimə elə gəlirdi ki, “İldırım” istəsəydi, ölkə çempionu olub Çempionlar Liqasına da vəsiqə qazana bilərdi. Lakin Rəsul bunun əleyhinə idi. Ora diqqət mərkəzindədi. Avroliqada isə sürprizlərə öyrəşiblər. Çox diqqət çəkmədən işimizi görəcəyik.

Rəsul öz strategiyasında haqlı çıxmışdı. Komanda avrokuboklara vəsiqə qazansa da, özünü yenə də müəyyən qədər diqqətdən kənarda saxlamağa müvəffəq olmuşdu... Futbolçular media qarşısına demək olar ki çıxmırdı, yalnız baş məşqçi ara-sıra müsahibələr versə də, özünü təsadüfən gəlib avrokuboklara düşən və bundan özünü itirən çaşqın bir adam kimi aparırdı. Hətta bir neçə dəfə bildirmişdi ki, nə komanda, nə də mən belə böyük yarışlara hazıram.

Ölkənin idman cameəsinin diqqətinin əsas hissəsi çempionun və yuxarı yerlərdəki digər komandaların mərhələ keçmək şanslarına yönəlmişdi. “İldırım” barəsində isə ya heç danışmırdılar, ya da adı gələndə, deyirdilər ki, elə birinci mərhələdən uduzub avrokubokları tərk edəcək.    

Növbəti mövsümün əvvəlində komandanın daxili çempionatda göstərdiyi çox zəif oyun bu fikirləri sanki bir daha təsdiq edirdi.

İkinci mövsümdə bu uğursuz startın fonunda, avrokuboklarda birinci və ikinci mərhələni keçməyi də, o qədər maraq oyatmadı. Kənardan elə görünürdü ki, komanda sanki uğurlu təsadüflərə minnətdar olmalıdı... Birində son dəqiqələrdə vurduğu qolun köməyi ilə, ikincidə isə oyunsonrası penalti zərbələri nəticəsində mərhələ adlaya bilmişdi. Ələlxüsus, rəqiblərinin zəif komandalar olduğu nəzərə alınanda, bu uğur o qədər də parlaq görünmürdü. Moldova və Kipr komandalarını udmağa nə var ki?  

Yalnız pley-offda Slovakiya klubunu keçib Avropa Liqasının qrup mərhəsinə düşəndə, “İldırım” barəsində qismən ciddi söhbətlər getməyə başladı. Hərçənd, yenə də diqqətin böyük hissəsi qrup mərhələsində yerini təmin eləmiş ölkə çempionunun üzərində idi, ondan daha böyük uğur gözləyirdilər, proqozlar verirdilər, rəqiblərini analiz edirdilər. “İldırım”ın təsadüfi uğuru isə sadəcə qrup mərhələsinə ölkədən iki klubun düşməsinin futbol tariximiz üçün bir ilk olmağı üzərində idi.

Axı kənardan həqiqətən də belə görünürdü ki, “İldırım”ın yenə də ard-arda bəxti gətirir. Uğurlu təsadüflər və bəxtin köməyi. Vəssalam. 

Şakir müəllimsə “İldırım”ın bütün oyunlarını diqqətlə izləyirdi. Özlüyündə analiz etdikcə görürdü ki, elə bil oyunlar qabaqcadan oxşar strategiya ilə planlaşdırılır.

Əvvəlcə komanda hücumda çox dişsiz sönük oyun nümayiş etdirir, lakin müdafiədə möhkəm dayanırdı. Hansısa məqamda rəqib onun qapısını yol tapsaydı, bir müddət “İldırım” sanki özünü itirmiş kimi görünür, elə təəssürat yaranırdı ki, yenə qollar buraxacaq. Lakin elə olmurdu. Bir müddət xaotik oyun tərzi ilə rəqibin diqqətini keyidəndən sonra, sanki bir anda ideal mexanizm işə düşür, sıxılmış yay açılır, komanda gözlənilməz şəkildə qol vuraraq hesabı bərabərləşdirir, ardınca yenə dəqiq riyazi nizam pozulur, ideal mexanizm qırılıb dağılır, oyun yenə sönük xaotik bir məcraya düşür. Sona yaxın isə lazım olan nəticəni almaq üçün ilk baxışdan təsadüfi görünən bir qol vurulur. Vəssalam. Hamı sevinir, lakin heç kim bu uğuru nəsə qeyri-adi bir şey kimi görmür.

Vitse-prezident Rəsulla söhbətlərini xatırlayarkən, bu strategiyaya haqq qazandırırdı. Bəlkə də düz eləyir. Əgər elə ilk oyunlardan öz ideal mexanizmini, dəqiq nizamını göstərsə, kimlərsə qorxacaq, kimlərsə ehtiyatlanacaq, bu qəfil göbələklərin qabağını kəsməkçün nələrsə edəcək.

Belədə isə, heç kim əhəmiyyət vermir, sən də rahat sakitcə işini davam edirsən.

Şakir müəllim görürdü ki, deyəsən, bu saat qələbə qazanmaq yox, bu qələbənin çox da diqqət cəlb edən olmamağı Rəsulun daha çox enerjisini aparır. Elə bil lazım olan yerə gedib çatana qədər öz ovcundakı qiymətli incini hamıdan bacardıqda gizlətməyə çalışırdı. Qorxurdu ki, əlindən ala bilərlər. Hətta oyunçuların adları da elə idi ki, heç kimin yadında qalmırdı. Əli Quliyev, Məmməd Həsənov, Əli Məmmədov, Həsən Ağayev... Adam əlləşsə də, bunların içindən hansınınsa adını yadında saxlaya bilmirdi.  

Vitse-prezident yalnız bir şeydən narazı idi - “ İldırım” ikinci mövsümdə ölkə çempionatının ilk on turunda bircə qələbə də qazana bilməmişdi. Hiss edirdi ki, Rəsul bunu da qəsdən edir. Özündən soruşanda, cavab alırdı ki, uşaqların bütün diqqətini yalnız avrokubok oyunlarına yönəltmişəm.

Axı düzgün deyil, Rəsulun köhnə dostu deyirdi, bəs gələn il nə olacaq? Avrozonaya düşməsəz, gələn il avrokuboklarda oynaya bilməyəcəksiniz.  Rəsul da əlini yellədib deyirdi ki, bu ildən salamat çıxaq, gələn ili sonra fikirləşərik.

Şakir müəllimin ürəyindən ani şübhələr keçirdi ki, deyəsən, heç gələn il olmayacaq...

“İldırım” qrup mərhələsinin oyunlarına da sönük başladı. Yenə eyni strategiya ilə oynadı. Az qol vurdu, əksəriyyəti də təsadüfi qollar kimi görünürdü. Amma çox qol da buraxmadı. Son tura qədər qrupda vəziyyət eləydi ki, qrup liderliyini təmin eləmiş “Roma”nı çıxmaq şərtiylə, qalan üç klubun da qrup ikincisi olmaq şansı var idi. Həm “Slovan”, həm də “Rapid” eyni xal yığmışdı, son sırada olan “İldırım” onlardan bir xal geridə idi.

Düzdü, “İldırım”ın son tura qədər şansını saxlaması inanılmaz görünsə də, oyun tərzinin sönük və solğun olması, yenə də böyük diqqət cəlb çəkməsinə mane olurdu. Ara-sıra onu sürpriz adlandırsalar da, hətta Avropa mediasında belə, yalnız təsadüflər nəticəsində bu yerə qədər gəlib çıxdığı bəyan edilirdi.     

Son turda adətiycə sönük bir oyunun sonunda cərimə zərbəsindən vurulan bir qolla qrupdan çıxmağa nail olan “İldırım” yenə də müəyyən mənada əsas diqqətdən kənarda qalmağa nail ola bildi. Çünki ölkə çempionu da qrupdan çıxmışdı və medianın diqqəti də daha çox onun üzərində idi.

Əlbəttə, yerli media “İldırım”ın məşqçisini də, oyunçularını da tez-tez kamera qabağına gətirirdi, Rəsul bunun qabağını tam ala bilməyəcəyinə əmin idi... Lakin oyunçular eynən meydançada oynadıqları kimi elə sönük və mənasız şeylər danışırdılar ki, bir dəfə müsahibə alan jurnalist ikinci dəfə yaxın gəlmək istəmirdi.

Təbii ki, icmalçılar, şərhçilər, idman jurnalistləri səthi də olsa, “İldırım”ın oyununu analiz edirdilər. Lakin deyilən əsas fikirlər bu idi ki, komanda öz oyununu hələ tapa bilmir, ara-sıra maraqlı kombinasiyalar, fərdi texnika nümayiş etdirə bilsələr də, çox xaotik oynayırlar, qurulan nizam tez dağılır, oyun tərzi daha çox başıpozuq xarakter daşıyır... Bir sözlə, komanda oyunu yox səviyyəsindədir. Komanda öz gücündən daha ağır bir yükün altına girib və çabalayır.

Yalnız Şakir müəllim hiss edirdi ki bütün bunlar məqsədli şəkildə qurulub. Rəsulun komandası bu saat öz gücünü göstərməkdən daha çox  gizlətməklə məşğuldur.

Qrupdan çıxandan sonra ölkə çempionu elə ilk mərhələdə “Ayaks”a məğlub olub yarışı tərk etdi, “İldırım” isə iki oyunda bir top fərqi ilə “Partizan”ı keçə bildi. 

Yalnız bundan sonra ölkə mediasının diqqəti “İldırım”a yönəldi. Komandanın oyunu daha ciddi şəkildə analiz edilməyə başladı. Ara-sıra Avropa şərhçiləri də onlar barədə qısa da olsa yazılar və reportajlar hazırlamağa başladılar.

İlk öncə komandanın müdafiə xəttinin çox möhkəm olduğu ön plana çıxarıldı. Müdafiəçilərin sanki qapı qarşısında keçilməz dəmir hasar çəkdiyi təqdir olunurdu. Sanki məşqçi bütün diqqət və bacarığını müdafiə xəttinin qurulmasına yönəldib. Lakin yarımmüdafiə və hücum xəttinin çox zəif olduğu deyilir, bunun ardınca yenə də oxşar fikirlər təkrar edilirdi - zəif rəqiblər və təsadüfi qollar. Bəxt, uğur amili... yalnız nadir mütəxəssislər başa düşürdülər ki, bəxt bu qədər uzun müddət bir komandanın üzünə gülə bilməz, burda nəsə hiylə var.

Püşkatma nəticəsində “İldırım”ın səkkizdə bir final mərhələsindəki rəqibinin “Lion” olacağı bilindi. Çempionlar Liqasında “Çelsi”yə uduzub Avroliqaya düşən “Lion” burda ən əsas favoritlərdən biri sayılırdı. Təbii ki ölkə mediası da öncədən “İldırım”ın böyük hesablı məğlubiyyətlə yarışı tərk edəcəyi anonsunu verirdi. Elə Avropada da eyni fikirləri yazırdılar. 

Püşkatmadan sonra, məşq zamanı Rəsulla ikilikdə görüşən Şakir müəllim qəribə də olsa onun üzündə sevinc və fərəh hiss elədi.

Şakir müəllim bunun səbəbini soruşanda, Rəsul bildirdi ki, bu vaxta qədər komandamın gücünü çox göstərmədən, qələbələr qazanmaq çox çətin idi. Şükürlər olsun ki, çətin də olsa, buna nail olduq. Bu vaxta qədər heç kim bizi ciddiyə almadı, əl ayağımıza dolaşmadı, mane olmadı. İndi daha maskaları atmaq vaxtı yetişib. Daha rahat nəfəs almaq, ayaqlarımıza bağlanmış daşları açmaq olar. 

Rəsul Mirbabayevin üzündəki qəribə fərəh və rahatlıq hissini Şakir müəllim, məşq prossesində uşaqların sifətlərində də gördü...  Simaları müxtəlif olsa da, üzlərindəki təbəssüm gözlərindəki ifadə eyni idi. Çöhrələrində qəribə bir işıq parıldayırdı. Elə bil artıq bütün mümkün qələbələri qazanıb bütün kubokları almışdılar. Hər birində eyni ifadə, eyni işıq, eyni parıltı. Elə bil üzlərindəki ifadəni klonlaşdırmışdılar.

Şakir müəllim onların hazırlığına mane olmamaqçün Rəsulun vaxtını çox almadı, ayrılanda yalnız onu soruşdu ki, “Lion”a qarşı hansı taktika ilə oynayacaqsan?

Rəsul Mirbabayev ani düşündü, gülümsünüb dedi ki, üç mərhələdə hamının tanıdığı üç fərqli oyun üslubu quracam, dördüncüdə isə öz oyunumuzu oynayacağıq.

Rəsul heç nə anlamadı. Nə üç, nə dörd? Axı mərhələ yalnız iki oyundan ibarət olur?

Lakin bunun səbəbini soruşmağa vaxtı qalmadı. Rəsul sağollaşıb aralandı, uşaqların јanına getdi.

Şakir “İldırım” oyunçularının üzündə məşqdə gördüyü təbəssümün səbəbini, həm də Rəsulun dediklərinin mənasını  “Lion”la səfərdə ilk oyunda anladı və heyrətə düşdü. Həm də tək o yox. İlk oyundan sonra bütün azarkeşlər eyni əhvaldaydılar.

“İldırım” oyunçuları elə bil həqiqətən də zəncirdən qurtulmuşdular. “Lion”un məşqçisi rəqibinin keçmiş oyunlarını analiz edib, iti bir hücum xətti qurmuşdu ki, “İldırım”ın möhkəm müdafiə xəttini sındıra bilsinlər. Lakin ilk dəqiqələrdən “Lion”un bütün taktiki gedişləri iflasa uğradı. Lion öz qarşısında sanki 80-ci illərin sonlarının Almaniya yığmasını görürdü.

“İldırım” bütün taktika və strategiyası, oyun tərzi ilə, həqiqətən də məşhur alman maşınını təqlid edirdi. Həm də çox yüksək səviyyədə... Fransızların bütün cəhdləri bu alman maşınının ağır təkərləri altında qalıb ovulurdu. “Lion” oyunçuları elə bil İkinci Dünya müharibəsində dəmir tankın qarşısına çıxmış əliyalın fransız əsgərlər idi və atdıqları bütün qumbaralar dəmir zirehə dəyib partlasalar da, heç bir xətər yetirə bilmirdilər.

Birinci hissədə iki, ikinci hissədə isə daha bir qol vuran “İldırım” elə bir komanda oyunu göstərdi ki, çoxlarına elə gəldi ki, istəsəydi, üç yox, otuz qol vurardı. Onlar oynamırdılar, sadəcə dəqiq saat kimi işləyən bir mexanizm göstərirdilər...

Bakıdakı oyun da eyni hesabla başa çatdı. “Lion”u kənarlaşdıran “İldırım” növbəti mərhələdə Dieqo Simeonenin uzun illər rəhbərlik etdiyi “Atletiko” Madridlə üz üzə gəlməli oldu. Simeone işə daha ciddi yanaşdı, “İldırım”ın son oyunlarını dəqiq analiz edərək, uzaq ölkədən qəfil pırtlayıb çıxmış bu yeni alman maşınının qarşısına necə çıxmaq barədə planlar qurdu.

Lakin ilk oyunda Simeonenin də bütün planları iflasa uğradı. Oyun başlayan kimi “Atletiko” oyunçuları qarşılarında klassik alman maşınını yox, 60-70-ci illərin Braziliya yığmasını gördü.

Alman mexanizmi sanki bir anda göyə sovrulmuş, yerində əsl futbol şousu göstərən Braziliya yığması peyda olmuşdu. Sadəcə fərq onda idi ki, burda Pele bir dənə yox, çox idi. Komanda sanki bir estetik futbol şousu nümayiş etdirirdi. Oyunçular futbol yox, rumbo oynayırdılar, ritmik bir rəqs göstərirdilər. Hər oyunçunun fərdi oyun texnikası, qeyri-adi fintləri, topla akrobatik hərəkətləri, daban ötürmələri, baş üstündən zərbələri heyrət doğururdu. Oyunun sürəti də elə bil maksimum aşağı salınmışdı. Heç kim tələsmirdi. Sanki tamaşaçılara bu estetik oyundan yetərincə zövq almağa şərait yaradılırdı. 

Əvvəlki oyunlardakı dəmir müdafiə xətti də qaldırılmışdı. “İldırım” oyunçuları elə bil eynən o vaxtkı  braziliyalılar kimi demәk istәyirdi ki, siz nə qədər bacarırsızsa vurun, biz istədiyimiz qədər vuracağıq...  İlk oyun 3-2, ikinci oyun isə 5:3 hesablı qələbələrlə başa çatdı. “İldırım” hətta hesabda geri düşəndə də, oyun tərzini dəyişmir, sürəti artırmır, eyni cür şən, estetik futbol şousu göstərirdi.

Şərhçiləri ən çox çaşdıran isə komandanın hər iki mərhələdə bir-birindən radikal şəkildə fərqli oyun tərzi nümayiş etdirməsi idi. Axı bu necə ola bilər? Eyni oyunçuların bu qədər fərqli oyun nümayiş etdirməsi ağlasığmaz görünürdü. 

Yarımfinal püşkatmasında “İldırım”ın qarşısına Almaniyanın “Ayntraxt” komandası çıxdı.

Klubun məşqçisi Dino Topmüller “İldırım”ın əvvəlki oyunlarını analiz edərək heyrətlənsə də, əsl alman soyuqqanlılığını qoruyub saxladı. Oyundan əvvəlki müsahibələrində də, qəribə bir kinayə ilə bildirdi ki, onlar nə oynayır oynasın, özləri bilər. İstər futbol oynasınlar, istər tanqo. Biz elə öz oyunumuzu oynayacağıq.

Yalnız peşəkarlar bu kinayənin arxasında qəribə bir acizlik çaları olduğunu da hiss elədilər. Axı onun qarşısında iki müxtəlif oyun tərzi göstərən bir klub vardı. O öz komandasını bunların hansına uyğun hazırlasın? Axı bilmirdi “İldırım” bu dəfə nə göstərəcək? Ona görə də bu fikrin üstündə qətiyyətlə durdu - heç bir taktiki dəyişikliklər etmədən öz oyunlarını oynamaq.

“İldırım” isə üçüncü sürpriz edərək, bu dəfə “Ayntraxt”ın qabağına Yoһan Kroyfun vaxtındakı Niderland komandası kimi çıxdı. Klassik alman maşınına qarşı niderlandlıların total futbolu... Maşın mexanizmində hər detal öz yerini dəqiq bilir, artıq heç nə eləmir və bu da nəticə verir. Burda isə heç kəsin konkret yeri yox idi. Hər kəs hər yerdə idi.

“İldırım” oyunçuları sürətli yerdəyişmələrlə, gözlənilməz improvizasiyalarla “Ayntraxt”ın dəqiq saat mexanizmini elə çaşqın vəziyyətə gətirmişdilər ki, oyunçuların az qala başları da hərlənirdi. Belə bir vəhşi sürəti olan oyuna hazır deyildilər. “İldırım”ın sürətli total futbolu qarşısında alman maşını cırıldayır, fısıldayır, lakin yerindən tərpənə bilmirdi.  İlk oyun iki sıfır, ikinci oyun isə iki bir hesablı qələbə ilə bitdi və “İldırım” Avropa Liqasının finalına çıxdı. 

Əvvəlki oyunlardan sonra mətbuat konfranslarında iki kəlmə danışıb aradan çıxan Rəsul Mirbabayev bu dəfə tamam fərqli bir ampluada çıxdı. Müdrik, ağıllı, ciddi görkəmdə olsa da, eyni zamanda qəribə bir divanəlik çaları ilə sanki Avropa futbol cameəsini heyrətləndirmək məqsədi güdürdü.     

Rəsul jurnalistlərin ilk suallarını kənara qoyub öz fikirlərini danışmağa başladı, bildirdi ki, Dünya şər, rəzalət, zülmət dünyasıdır. Bu zülmət, şər dünyasının ortasında ilahi işıq altında yaşıl meydan var. Futbol  şərə qalib gəlmək üçün yeganə döyüş meydanıdı. Bura ilahi ədalətin zəfər çala biləcəyi yeganə yerdir. Bu meydanda tam qələbə çalan, bütün şeytani rəqiblərini yenən dəstə isə, bütün dünyada ədaləti ilahi bərpa edəcək, şərin kökünü kəsəcək, bütün dünyada işıq və səadət bərpa olunacaq... Tanrı kainatı, təbiəti ideal mexanizm kimi qurub. İnsanlar öz dünyalarında bu ideal düzəni pozublar. Şərə təslim olublar, bir-biriylə yola getmirlər, didişirlər, vuruşurlar. Vəhdət yoxdu. Lakin insanların içində kimsə kiçik də olsa bir ideal mexanizm, ilahi bir struktur yarada bilsə, deməli, bu mexanizmin həm yaradıcısı, həm də hər bir fraqmenti öz özlüyündə Tanrı düzəninin bir hissəsinə çevrilir və dünyanın düzəlməsinə doğru aparan yeni bir cığır açmış olur. İlahi düzənə açılan cığır məhz futbol meydançasından başlamalıydı. Bir şərtlə ki tamah, şöhrətpərəstlik, sərvət, pul, var-dövlət, intriqalar, bir sözlə, insanı rəzilliyə sürükləyən bütün bu şeytani əməllər bu yaşıl meydançadan uzaqlaşdırılmalıdı. Necə ki biz bu vaxta qədər öz komandamızı bu rəzilliklərdən kənar saxlaya bilmişik...

Rəsulun bu qəribə çıxışını dinləyən jurnalistlər təəccüblə baxışırdılar və anlamırdılar ki qarşılarındakı futbol məşqçisidi, ya möizə oxuyan bir keşişdi. Ya da peyğəmbər.

Rəsul Mirbabayev həmin an kameraların qarşısında həqiqətən də, bir Futbol peyğəmbəri kimi dayanmışdı.

Çıxışını bitirib başqa heç bir suala cavab verməyərək ayağa qalxanda Rəsul Mirbabayevə qəfildən nəyisə xatırladı, yenə kameralara çönüb dedi ki, biz sizə ideala yaxın üç klassik oyun tərzi göstərdik. Başqalarının oјunlarını... Finalda isə öz oyunumuzu göstərəcəyik. Və bir də unutmayın. Bir oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər. Amma heç bir futbolçu on dəfə ard-arda qapı dirəyini nişan ala bilməz...

Bunu deyib çıxıb getdi... Heç kim də heç nə anlamadı. Qapı dirəyinin bura nə dəxli? Oyunçu niyə qapını yox, qapı dirəyini nişan almalıdı. Hәtta Şakir müәllim dә bu barәdә soruşanda, Rәsul söһbәti yayındırıb dәqiq cavab vermәdi.  

Final öncəsi ölkədə qəribə bir ajiotaj vardı. Azarkeşlərdə “İldırım”ın bu sürprizi qəribə hiss və duyğular yaratmışdı. Elə bil bu qəfil nağıla həm inanır, həm də inanmırdılar. Çaşqınlığın əsas səbəbi isə məlumatsızlıq idi. Son һәftәlәrdә klub yenə də qapanmışdı və hazırlıqlarını gözdən uzaq bazasında keçirirdi. Heç kim nə məşqçidən, nə oyunçulardan müsahibə ala bilir, nə də məşq prosesindən reportajlar edə bilir, yaxud oyunçuların keçmişi barədə məlumatlar tapa bilmirdilər.

Yalnız Rəsul Mirbabayevin son mətbuat konfransındakı çıxışını müzakirə edir, deyilən fikirlərin qəribəliyinin təsiri altında çaşıb qalırdılar. Kimsə Rəsulu dahi, kimsə divanə adlandırırdı. Hətta belə söhbətlər gəzirdi ki, komandanı tamam başqa bir mütəxəssis hazırlayır, Rəsul Mirbabayev isə saxta bir fiqurdu, camaatın qabağına çıxarılmaqçün saxlanılır.

Beləcə hamı nəfəsini qısıb bu nağıl-simfoniyanın son akkordunu - finalı gözləyirdi. Avropanın qrant klublarının seleksionerləri və məşqçiləri isə əl-ayağa düşərək, burdan hansı oyunçuları transfer edəcəkləri barədə qızğın mübahisələr edirdilər. Hətta belə bir şayiə gəzirdi ki, Madridin “Real” klubunun prezidenti istəyir ki, “İldırım”ın bütün oyunçularını məşqçisiylə birlikdə alsın, “Real-2“ klubunu tam təzələsin, özünü doğruldanları hissə-hissə əsas heyətə qatsın.    

Portuqaliyanın Lissabon şəhərində keçiriləcək bu final oyununda isə “İldırım”ın qarşısına futbolun yaradıcıları olan İngiltərənin təmsilçisi - Londonun “Arsenal” klubu çıxacaqdı.

“Arsenal”ın məşqçisi müsahibələr zamanı “İldırım”la bağlı suallara cavab verərkən, maraqlı bir fikir səsləndirmişdi. Biz topçularıq,  həmişə alovla, ildırımla oynamaq bizim alnımıza yazılıb...

Belәcә, Lissabondakı final oyunu başladı...

İlk hissə bitənə yaxın azarkeşlər Rəsul Mirbabayevin son mətbuat konfransındakı sözləri yada salmağa başladılar. Dirəyə vurulan toplar barədə fikrini...

Həqiqətən də oyunda çox qəribə bir görüntü vardı. “İldırım”ın oyununda heç bir vahid üslub, dəqiq strategiya, taktika hiss olunmurdu. Elə bil ki, bugünkü oyun bütün taktikalardan, strategiyalardan üstün idi. Bu da şou idi, amma başqa bir şou idi. Karusel şousu. Peşəkar idmançılar bunu yəqin ki, voleybol üslubu adlandıra bilərdilər. Qapıçıdan başqa bütün futbolçular eynən voleybolda olduğu kimi, hər iki dəqiqədən bir dairəvi hərəkətlə yerlərini dəyişirdilər. Müdafiəçi on dəqiqədən sonra dövrə vurub hücumun ön xəttində mövqe tutur, sonra yenə geri qayıdırdı. Hücumçü dövrə vurub yarımmüdafiəçi, sonra da müdafiəçi olurdu və yeni mövqeyində öz işini eyni peşəkarlıqla görürdü. Braziliya üslubunda fərdi peşəkarlıq da öz yerində idi. Lakin bu hələ məsələnin əsas tərəfi deyildi. Əsas sürpriz bu idi ki, “Arsenal”ın qapısına vurulan bütün zərbələr qapı tirlәrinә dəyirdi. Nə qapıya girirdi, nə də qapıdan kənara gedirdi. Yalnız qapı tirlәri. “İldırım” oyunçuları elə bil bilyard oynayırdılar. Bəlkə də bütün dünya futbolu tarixində qapı tirləri bu qədər ağır zərbələr almamışdılar.

Fasilə zamanı bu məqamı təsadüfə yozanlar da oldu, burda bir ilahi işarə görənlər də... Uzun müddət ərzində komandanın həmişə bəxti gətirib, indi isə ən məsuliyyətli məqamda bəxt “İldırım”dan əvəz çıxır, verdiyi bütün şansları sanki geri alır, bütün zərbələr qapı tirindən geri dönür.

İkinci hissədə də eyni oyun tərzi davam elədi. “Arsenal” topçularının hücumları “İldırım”ın cərimə meydançasında boğulurdu, əks hücumlar isə mütləq şəkildə “Arsenal”ın qapı tirlәrinin silkələnməsiylə başa çatırdı. İkinci hissənin ortalarında iş o yerə çatmışdı ki, “Arsenal”ın qapıçısı vurulan topların ardınca heç tullanmırdı. Çünki arxayın idi ki, yenə top qapı tirinә çırpılıb qayıdacaq... Elə də olurdu. Azarkeşlər dumanlı şəkildə anlayırdılar ki, absurd görünsə də, bu detal öncədən planlaşdırılıb.  Lakin səbəbini anlaya bilmirdilər. Niyә bir komanda qarşısına belә bir mәqsәd qoya bilәr ki?

Hamı nәfәsini qısıb bu qәribә oyunun nәticәsini gözlәyirdi. 

Düz doxsanıncı dәqiqәdә “İldırım”ın cәrimә meydançasında müdafiәçilәrdәn biri әllә oynadı vә һakim oyunu saxlayıb penalti tәyin elәdi. Yenә һamı һeyrәtә düşdü. Axı elә dә tәһlükәli vәziyyәt deyildi vә topun qarşısına әl uzatmaғa eһtiyac yox idi.

Penalti vurulanda “İldırım”ın qapıçısı elәcә dayanıb gülümsәyәrәk rәqib oyunçusuna baxdı.

Elә bil “İldırım” nümayişkaranә şәkildә “Arsenal”a bir qol һәdiyyә elәmişdi...

Niјә axı? Bәlkә komanda daһa bir möcüzә göstәrmәk istәyir? Әlavә olunmuş 4 dәqiqәdә bir neçә qol vurub, qәlәbә çalmaq istәyir?

Amma Rәsul Mirbabayevin planı deyәsәn, başqa idi. Әlavә olunmuş vaxtın son saniyәlәrindә “İldırım” sәlis vә sürәtli bir һücumla “Arsenal”ın müdafiә xәttini yardı, cәrimә meydançasına daxil olan һücumçu isә topa Roberto Karlosun da qibtә edәcәјi çox qüvvәtli bir zәrbә vurdu vә... Top doqquzluğun üstündә dirәyin küncünә elә möһkәm çırpıldı ki, qapı tirlәri birlәşәn yerindәn qopub bir anda şaqqıltıyla sınıb dağıldılar...

Elə o andaca Rəsul Mirbabayevin dəli qəh-qəhəsi bütün stadiona yayıldı...

Hamı şok içindә idi. Bu nә zәrbә idi? Vә niYә mәһz qapı tirlәrinin birlәşәn yeri nişan alınmışdı? Bu nә mesaj, nә ideya idi?

Bu barədə düşünməyə artıq vaxt qalmamışdı. Hakim heç qapını dəyişməyə də icazə vermədi. Onsuz da oyunun son saniyələri idi. Bir də niyə bu qədər gözləyəydilər ki...

“Arsenal”ın qapıçısı topu oyuna daxil edən kimi, hakim final fitini səsləndirdi və oyun bitdi. Ən maraqlısı bu idi ki, “Arsenal”ın çaşqın oyunçuları qələbə çaldıqlarına hələ də, tam əmin deyildilər.

Nəhayət, tribunaların hay-küyü sanki oyunçuları yuxudan oyatdı, topçular başa düşdülər ki, UEFA kubokunun bu qəribə finalında qalib gəliblər.

Mükafatlandırmadan sonrakı mətbuat konfransında Rəsul Mirbabayev yalnız bir söz dedi - Biz bal arısıyıq. Yalnız bir dəfə sanca bilirik. Həm də biz çərçivədən  qol keçirdən yox, çərçivələri sındıran bir komandayıq... sözünü dedi və çıxıb getdi. 

Oyun haqqında müzakirələr isə hələ bir müddət davam elədi. Ən çox da məhz qapı tirlərinə vurulan zərbələr müzakirə olunurdu. Bir oyunda qapı tirinə 48 zərbə dəymişdi. 49-cu isə qapı üçün ölümcül olmuşdu.

Oyunun ertəsi günü Rəsul Mirbabayev Lissabonda icarə götürdüyü iri katerə komandanı yığıb yüngül bir dəniz səyahətinə çıxdı. Ölkəyə qayıtmazdan əvvəl oyunçuların bir az istirahət eləməyi üçün.

...və gəmi bir gün sonra yoxa çıxdı.

Kimsə dedi Afrikaya gediblər, kimsə dedi Amerikaya, kimsə dedi Şərq ölkələrinə...

Katerin yoxa çıxmağından bir həftə sonra AFFA-nın İcraiyyə Komitəsinə Rəsul Mirbabayevin adından bir mesaj daxil oldu.

- İldırım çaxdı, itdi. Bu rəzil dünya ilahi oyun üçün hələ hazır deyil. Biz dünyaya ilahi oyunun necə olduğunu göstərdik. İndi isə yoxa çıxmaq vaxtıdı... Özünüzü yaxşı aparsaz, yenə qayıda bilərik...  

Bununla da nağıl bitdi.

Azarkeşlər arasında isə uzun müddət Rəsul Mirbabayevin son müsahibəsindəki fikirlər müzakirə olunurdu - Bir oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər. Amma heç bir futbolçu on dəfə ard-arda qapı dirəyini nişan ala bilməz... Həm də biz çərçivədən  qol keçirən yox, çərçivələri sındıran bir komandayıq.

ilqar Fəhmi

 





19.02.2024    çap et  çap et