525.Az

Azərbaycan-ABŞ: anlaşılmazlıqlar artıq keçmişdə qalıb


 

Azərbaycan-ABŞ: anlaşılmazlıqlar artıq keçmişdə qalıb<b style="color:red"></b>

ABŞ ilə Azərbaycan arasındakı münasibətlərdə müəyyən anlaşılmazlıqlar yaradan məsələlərin artıq keçmişdə qaldığını demək olar. Başqa sözlə, iki dövlətin münasibətləri müsbət məcraya qayıdır. Fevralın 17-də Münxendə ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə görüşdə səsləndirdiyi fikirlər bunu deməyə əsas verir. Görünən odur ki, Birləşmiş Ştatlar Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Görüşün məhz ABŞ-ın müraciətinə əsasən baş tutması bunu deməyə imkan verir.

Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcək.

Prezident İlham Əliyev isə Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini söyləyib. Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

Gündəlikdəki məsələlərdən biri də Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Prezident qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması milli maraqlarımıza cavab verir.

Dövlət başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd edib və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.

Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir.

Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Yada salaq ki, bir müddət əvvəl məhz ABŞ-dan verilən iki dövlətin münasibətlərinin ruhuna zidd olan açıqlamalar, bəzi addımlar Vaşinqtonla Bakı arasında soyuqluq yaratmışdı. Bütün bunlar Bakıya qarşı açıq haqsızlıq. Amma proseslərin gedişi onu göstərdi ki, Vaşinqtonda Azərbaycana yönəlik yanaşmanın doğru olmadığını və bunun iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğun gəlmədiyini anladılar. Çünki ABŞ və Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlığın böyük tarixi var. Azərbaycan müstəqillik əldə etdikdən bu yana öz xarici siyasət xəttində ABŞ-la münasibətlərin möhkəmləndirilməsinə və inkişafına xüsusi önəm verib, Birləşmiş Ştatlarla sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, enerji, humanitar və s. sahələri əhatə etməklə genişlənib. Ümumiyyətlə, iki dövlətin hazırda siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivləri mövcuddur. Eyni zamanda, Azərbaycan həm ABŞ, həm də digər dünya dövlətləri üçün etibarlı tərəfdaş olması ilə fərqlənir. Bu gün ölkəmiz dünya miqyasında həm də etibarlı tərəfdaş statusu ilə tanınır. 

Rəsmi Bakı enerji təhlükəsizliyinin təmin edilməsində ABŞ ilə sıx əməkdaşlığı, həyata keçirilən irimiqyaslı transmilli layihələrdə Birləşmiş Ştatların hərtərəfli dəstəyi-ni xüsusilə yüksək qiymətləndirir. Azərbaycan həm də ABŞ-ın təhlükəsizlik və terrorla mübarizədə mühüm tərəfdaşıdır. 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda baş vermiş terror hadisələrindən dərhal sonra məhz Azərbaycan terroru pisləyən, ABŞ-a dəstəyini ifadə edən və yardım təklif edən ilk dövlətlərdən biri olub. Birləşmiş Ştatlarda bunu unutmayıblar. Ölkəmizin beynəlxalq sülhyaratma missiyasında, o cümlədən, İraq, Kosovo, Əfqanıstanda bu missiya tərkibində iştirakı xüsusi vurğulanmalıdır. NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin, təxminən, 40 faizi Bakıdan keçib. Azərbaycan beynəlxalq missiyanın tərkibində Əfqanıstanı sonuncu tərk edən ölkələrdən biri olub.

İki ölkənin əməkdaşlığının tarixi, eyni zamanda qarşıdakı yeni perspektivlər onu göstərir ki, Azərbaycanla münasibətləri pisləşdirmək Vaşinqtona fayda gətirmir. Əməkdaşlığın irəli aparılması, möhkəmləndirilməsi, xüsusilə Qarabağ münaqişəsinin həll olunmasından sonra əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün yaranmış fürsətlər dəyərləndirilməlidir. Birləşmiş Ştatlar Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın təmini üçün regionunun lider dövləti ilə əlaqələrini daha da gücləndirilməsi üçün çalışmalıdır.

Artıq Qarabağ münaqişəsi yoxdur, müharibə başa çatıb. Ermənistan-Azərbaycan normallaşma prosesi öz axarı ilə davam edir. Rəsmi Bakı sülh üçün əlindən gələni edir, bu istiqamətdə səylə çalışır. Əgər Ermənistan siyasi iradə göstərərsə, sülhə aparan yolu asanlıqla və qısa zamanda qət etmək mümkündür. Mövcud vəziyyət həm də Ermənistan-Azərbaycan əlaqələrinin tam potensialının üzə çıxarılması baxımdan əhəmiyyətlidir. Azərbaycan da dəfələrlə bəyan edib ki, başqa niyyəti yoxdur. Rəsmi Bakı regionda sülhün və sabitliyin tərəfdarı olduğunu təkcə sözdə demir, əməldə də nümayiş etdirir. Cənubi Qafqaza sülhün gəlməsində hər kəs maraqlı olmalı və prosesə mane olmaq əvəzinə, öz dəstəyini verməlidir. ABŞ da bu məsələni dəstəkləyirsə, Bakı yalnız bunu alqışlaya bilər.

Nəhayət, bu gün dünya gündəmini təşkil edən məsələlərdən biri də məhz COP29-la bağlıdır. Azərbaycan bu il dünya səviyyəli bu tədbirə ev sahibliyi edəcək. COP29 Azərbaycan-ABŞ əməkdaşlığı üçün daha böyük imkanlar yaradır. Bu məqam Prezidentin Blinkenlə görüşündə də vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, COP29 ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. Dövlət başçısı deyib ki, bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik.

Eyni zamanda, dövlət katibi Entoni Blinken COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir və bu məsələni ciddi dəstəklədiklərini deyib. O, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu deyib.

Ümumiyyətlə, Münxen səfəri çərçivəsində Prezident İlham Əliyevin üç ABŞ rəsmisi ilə görüşü olub. Bu da əlaqələrin inkişaf perspektivlərinin olduğunu bir daha nümayiş etdirir. ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir. ABŞ-Azərbaycan əlaqələrinin ikitərəfli mahiyyəti üzrə inkişaf etdirilməsi də müzakirə olunan əsas mövzulardan olub. Bu əlaqələr Ermənistan ilə Azərbaycan arasında prosesin əsirinə və ya hədəfinə çevrilməməlidir. Bu görüş çərçivəsində qarşlılıqlı şəkildə belə bir niyyət və iradə ifadə olunmuşdur ki, əməkdaşlıq keyfiyyətcə yeni bir səviyyəyə qaldırılsın.

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev mövsu ilə bağlı bildirib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin 3 ABŞ rəsmisi ilə görüşü xüsusi diqqət çəkir. Bu, ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir: "Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər müsbət qiymətləndirilməlidir, çünki Ermənistanla münasibətlərin normallaşması təkrar müsbət bir stimul qazandı. Regionda sülh sazişi istiqamətində addımların atılması gərginləşmənin azalmasına xidmət edəcək, əməkdaşlıq imkanlarını artıracaq. Nəzərə alınmalıdır ki, Qərbdəki müəyyən dairələr Azərbaycanın Avroatlantik məkanla, Avropa və ABŞ-la münasibətlərini pozmaq istəyirlər. ABŞ dövlət katibi Entoni Blinken daxil olmaqla, Münxendə keçirilən görüşlər və verilən mesajlardan aydın olur ki, belə qüvvələri, o cümlədən, Fransanı təcrid etdilər. Almaniya Baş naziri Olaf Şoltsun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli, Olaf Şoltsla Prezident İlham Əliyev arasında ikitərəfli görüşü bu baxımdan qeyd etmək lazımdır. Üçtərəfli görüşdə Fransa iştirak etmədi, rəsmi Paris Avropa ilə Azərbaycanın münasibətlərini korlayaraq prosesi inhisara almaq istəyərkən özü prosesdən kənarlaşmış oldu. Bunu da Azərbaycan xarici siyasətinin uğuru hesab etmək olar. Rəsmi Bakının Avropa Şurası və digər məsələlərlə bağlı mesajları Avropada ciddi qarşılanıb, bu yöndə mühüm nəticələr əldə edilmiş oldu".

C.Vəliyev Azərbaycanın mövqeyinin Ermənistanla ikitərəfli formada sülh danışıqlarının aparılmasından ibarət olduğunu nəzərə çatdırıb: "Daha öncə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə bildirmişdi ki, Brüssel formatının bərpasına Azərbaycan etiraz etmir. Çünki ən azından tərəfsiz davranılsın, Ermənistanın mövqeyi müdafiə olunmasın. Düşünürəm ki, bundan sonra Qərbdə bu istiqamətdə addımlar atılarsa, Ermənistanın tərəfdaşı kimi Azərbaycana qarşı mövqe ortaya qoyulmazsa, obyektiv davranarlarsa, proses müsbət istiqamətdə davam edəcək".

 

 





20.02.2024    çap et  çap et