525.Az

Cahil cəsarəti - Sosial şəbəkədə yazılanlar


 

Cahil cəsarəti - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Həmidə Rüstəmova, Abdulla Şaiq adına Kukla Teatrının ədəbi-dram hissə müdiri:

- Sevda Sultanova ciddi kinotənqidçi, sərrast və zövqlü qələm adamıdır. İllərdir onu tanıdığımdan başqa bir keyfiyyətini də əzbər bilirəm: dünya dağıla, pisə yaxşı, yaxşıya da pis deməz. Yəni öz prinsipləri var və ən əsası da kinoya xidmət edənləri yaxşı tanıyır.

Teleqram kanalında paylaşıb bunu. O gün Xaqani Səfəroğlu və daha bir neçə həmkarımız Sevdanın "Apatiya" rəyini arzulamışdılar deyə paylaşıram.

Sevdamız  deyir ki....

"Bəziləri "Apatiya" filminə baxıb-baxmadığımı soruşurlar.  Filmə baxmamışam. Hanekedən "Avatar" haqda fikrini soruşanda deyir ki, televizorda göstərsələr, bəlkə baxdım. Əlbəttə ki, belə bir qüsurlu müqayisəyə görə Kemerondan üzr istəyirəm. "Avatar" Hanekenin sevdiyi film olmaya bilər, amma o elmi-fəlsəfi konsepsiyaya əsaslanan ciddi işdir. 

"Apatiya"yaya baxmaq fikrim yoxdur. İnternet resurslarında olsa, bəlkə ötürə-ötürə izlədim. Eyforiyaya qapılan tamaşaçıların  rəylərini bir kənara qoyuram. Sənət zövqünə güvəndiyim bir neçə adamın rəyindən belə başa düşdüm ki, "Apatiya" ekspozisiyada ilişib qalan, dramaturgiyanın tələblərinə cavab verməyən və hansısa gerçəkliyin illüstrasiyasıdır.

Sənət o vaxt uduzur ki, o, reallığın bir parçasını sadəcə təsvir etməklə kifayətlənir. Sənət həyatın alternativi olmalı, özünün fərqli və sarsıdıcı reallığını yaratmalı, vəziyyətləri, hadisələri yeni yozumlarda mənalandırmalı, görünməyənləri göstərməli və mütləq şəkildə onun bir katarsis nöqtəsi olmalıdır. Bunlar yoxdursa, sənət yoxdur.

Əgər müəllif şəxsi təcrübəsini - neqativlərini, kirini, qaranlığını     universallaşdırmadan, sənət meyarlarını nəzərə almadan, filtrdən keçirmədən filmə, bədii mətnə tökürsə, bu, sənətin imitasiyası, onun eybəcərləşdirilməsidir. 

Hər hansı filmdə intim səhnələr dramturgiyaya əsaslanmadan, obrazların xarakterində həll edilmədən göstərilirsə, bu, sənət cəsarəti yox, cahil cəsarətidir".

Acizanə bir əlavə də mən edim, söhbət mənim üçün bitsin. Hikmətin bütün tamaşalarına baxmışam, yazmışam. Hikməti Hikmət edən birmənalı olaraq rejissor - yəni  Mehriban Ələkbərzadədir. Vəssalam. Son olaraq "Herastratı unudun"la unuduldu, getdi və bitdi.

 

Elxan Şahinoğlu, politoloq:

- Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münxendə görüş Almaniya kansleri Olaf Şolstun istəyi ilə baş tutub. Hər iki tərəf ev sahibinə "yox" deməmək üçün görüşə razılaşıblar. Ancaq əvvəlcədən də aydın idi ki, mümkün görüşdə irəliləyiş əldə olunmayacaq. Çünki tərəflərin baxışlarındakı fərqlər ortadan qaldırılmayıb. Buna baxmayaraq, Münxen görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderlərinin hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirməsi və yenidən yaxın zamanda görüşmək tapşırığı verməsi ortamın yumşaldılmasına xidmət etməlidir. Liderlər eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq da veriblər.

Almaniyanın vasitəçilik təşəbbüsünə gəldikdə, bunun daimi xarakter daşıyacağını söyləmək çətindir. Əlbəttə, Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır. Ancaq Berlin vasitəçilik təşəbbüsündə Brüsseli əvəz etməyəcək. Digər tərəfdən baş verənlərin fonunda Azərbaycanın vasitəçilərə inamı və ehtiyacı yoxdur. Sadəcə, kansler Olaf Şolts Münxen Təhlükəsizlik Konfransının imkanlarından istifadə edərək İlham Əliyevlə Nikol Paşinyanı görüşdürüb. Şoltsun vasitəçiliyini davam etdirməsi üçün xüsusi planı yoxdur. Şolts görüşü təşkil etməklə özünün və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışıb. Onun sosial hesabında yazdığı "hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır" cümləsi də Şoltsun xanəsinə yazıla bilər. Ancaq Ermənistan yenə sərhəddə təxribata əl atarsa, artıqlamasıyla cavabını alacaq və Şolts bunun qarşısını ala bilməyəcək.

 

Asif Nərimanlı, jurnalist:

- Əliyevlə Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşüb, daha sonra ikitərəfli formatda müzakirə aparıblar.

- Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüş Bakı üçün Fransanın olmaması baxımından əhəmiyyətlidir: İrəvanın maraqlarını müdafiə edən Paris prosesdən bir qədər də uzaqlaşır;

- Bu görüş Avropaya uzun müddət sonra ilk təması qurmaqla vasitəçiliyini yenidən aktuallaşdırmaq imkanı verir, ən azından, irəliyə doğru addım hesab oluna bilər;

Təmasın Münxendə - Şoltsun iştirakı ilə baş tutması Almaniyanın da önə çıxması şəraitini yaradır. Berlinin Parislə müqayisədə daha balansı mövqeyini nəzərə alsaq, bu da müəyyən irəliləyişdir.

Lakin Münxen görüşünün bütün razılaşmalara rəğmən, tərəflərin uzlaşmasında rol oynayacağı ehtimalı hələ də azdır.

Birincisi, sərhəd və kommunikasiya məsələsində mövcud olan ciddi fikir ayrılığı son dövrlər daha da dərinləşib.

İkincisi, üçüncü tərəflərin iştirakı prosesə müdaxiləsi fonunda uzlaşmanı çətinləşdirir.

Bu kontekstdə Bakı və İrəvanın Xarici İşlər nazirliklərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə verdiyi təlimatın necə işləyəcəyi əsasdır. Xarici işlər nazirləri müzakirələri üçüncü ölkələrdə, yoxsa sərhəddə aparacaq? Bu, prosesin inkişafına yön verəcək amildir.

 

Elnur Məcidli, bloger:

- "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın "Braqa" klubuyla oynayağacağını bildikdə, tətilimizi Portuqaliyada keçirmək və öz klubumuza dəstək olmaq qərarına gəldik.

Fransadan ailəli-uşaqlı, 9 nəfərlik qrupla, bayraqlarımızı götürüb, təyyarə biletimizi alıb, maçdan bir gün öncə Portoya uçduq.

Maç günü, günorta saatlarında artıq Braqadaydıq, komandamıza dəstək nümayişi üçün "Qarabağ"ın yerləşdiyi otelə getdik. Braqada hər tərəf azərbaycanlı qaynayırdı. Küçələrdə, alış-veriş mərkəzlərində, kafe-restoranlarda dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlıları görmək olardı. Fransadan, Almaniyadan, İsveçrədən, Böyük Britaniyadan, Niderlanddan, Belçikadan, Azərbaycandan və hətta uzaq ABŞ-dan gələn azərbaycanlılarla söhbətləşmək imkanımız oldu.

Matç saatı yaxınlaşdıqca, şəhərdə "Qarabağ" sədalarını duymaq olurdu. Azərbaycan bayraqlı və "Qarabağ"ın forma və şərflərini üzərində daşıyan azərbaycanlı azarkeşlərə, şəhər əhalisi təbəssümlə baxırdı.

Braqa eyni zamanda futbol şəhəridir. Şəhərin mərkəzində və bir çox rayonunda "Braqa" klubunun böyük mağazaları və fan klubları var.

Hazırda, Avropanın ən güclü 7-ci liqası sayılan Portuqaliya liqasında 4-cü sırada qərarlaşan "Braqa" klubu, davamlı çempionluğa oynayan, dəfələrlə Portuqaliya liqasının kuboku qazanmış, Intertoto kubokunun sahibi, UEFA kubokunun finalçısı olmuş bir komanda olduğunu da unutmamalıyıq.

Oyunçularının ümumi dəyəri 120 milyon avrodan artıqdır, heyətində keçmiş "Barselona"lı Abel Ruiz, Rodrigo Zalazar, 20 milyon avro dəyər biçilən Ricardo Horta kimi oyunçuların varlığı da, bu klubun gücündən xəbər verir.

Qarşılaşdığımız, danışdığımız braqalılar, "Qarabağ"ı zəif rəqib kimi gördüklərini gizlətmirdilər, ancaq biz də ruhdan düşmürdük, pozitiv əhval-ruhiyyə ilə stadiona yollandıq.

Azərbaycanlı azarkeşlərin böyük əksəriyyəti belə, qolsuz bərabərliyi, ən optimal nəticə kimi görürdü.

Tələsik axşam yeməyindən sonra, 30 min azarkeşə ev sahibliyi edəcək Braqa Bələdiyyə Stadionuna yollandıq.

"Braqa" azarkeşlərinə 10-20 avro arasında satılan biletlər, rəqib klubun azarkeşlərinə, yəni bizə, uşaq-böyük fərq etmədən 40 avro təyin edilmişdi.

Biletlərimizi alıb "Qarabağ" azarkeşləri üçün ayrılmış qapıdan içəri daxil olduqdan sonra, sürətli təhlükəsizlik yoxlanışının ardınca, polislərin müşayiəti ilə oyunu izləmək üçün bizim üçün ayrılan sektora doğru yönəldik.

Polislər, bizim üçün ayrılmış tribunaya doğru gedərkən, hər hansı qarşıdurma olmaması üçün bayraqları bağlı şəkildə tutaraq, ancaq oturacağımız tribunada açabiləcəyimizi söylədilər.

Bizim üçün ayrılan tribunada əsl Azərbaycan havası əsirdi.

Bu cür müsabiqələrda iştirak, xaricdə yaşayan azərbaycanlılar və onların övladlarında milli təəssübkeşlik ruhunun formalaşması üçün xüsusi əhəmiyyət daşıyır.

Tribunada, ingilisdilli, rusdilli, alman və fransızdilli gənclərimizlə və uşaqlarımızla qarşılaşmaq mümkün idi, ancaq hamısının əlində üçrəngli bayrağın olmasını görmək, Azərbaycan və Qarabağ sədalarını eşitmək, inanılmaz duyğular idi.

Xaricdə, vətəndən kənarda, hər nə qədər çalışsaq da, böyüyən övladlarımız təhsil aldıqları dili, ana dilindən daha yaxşı mənimsəyirlər, bunun qarşısını almaq mümkün deyil, ancaq milli ruhu formalaşdırmaqla, müəyyən balans qurmaq olar.

Məsələn, Fransadakı ermənilərin böyük əksəriyyəti fransızlaşmış və erməni dilini bilməyənlərdir, onları yeganə birləşdirən amil, erməni kilsəsidir.

Yaxud, biz ərəbin dilini bilməsək də, müsəlman olduğumuz üçün Məkkə bizə müqəddəsdir.

Məhz, xaricdə doğulan və böyüyən övladlarımızı da bənzər ruhda böyütməliyik. Onlar, Azərbaycan dilində zəif danışsalar belə, Azərbaycanı öz Kəbələri kimi görməli, Azərbaycanın milli maraqlarını yaşadıqları və vətəndaşı olduqları ölkədə müdafiə etməlidirlər.

Doğrudan da bu matç, mənim 6 yaşlı oğlum Cəbrayıl və 5 yaşlı qızım Şükufə üçün çox gözəl təcrübə oldu, artıq "Qarabağ"ın Fransada iki balaca azarkeşi daha var.

Matç başlayanda, biz də təzahürata başladıq, matçboyu səsimiz nə qədər eşidildi deyə bilmərəm, ancaq biz demək olar ki, heç susmadıq.

Mənim proqnozum, 2:0 "Qarabağ"ın xeyrinə olacağıyla bağlı idi. Düzdür, 1 oyun əvvəl öz əzəli rəqibi "Sportinq"ə 0:5 hesabıyla ağır məğlubiyyətə uğramışdı və bu maçda qalib gələrək öz azarkeşlərini sevindirmək və bu ağır məğlubiyyəti bir növ kompensasiya etmək istəyirdi.

Matçın ilk dəqiqələrində proqnozumu bildirəndə, yanımdakı azarkeşlərdən biri inamsız şəkildə, bərabərliyin belə bizi qane etdiyini söylədi.

"Qarabağ" isə mənim proqnozumdan 2 dəfə artıq qol vurdu, tarix yazdı və bizə də bu tarixi anlara canlı olaraq şahidlik etmək nəsib oldu.

4:2 hesabıyla əldə edilən bu qali

biyyət, "Qarabağ" klubunu Avropa futbol aləmində manşetlərə çıxardı, 1 nömrəli gündəm mövzusu etdi.

3 və 4-cü qollardan sonra, "Braqa" oyunçularının şok içində olduğunu əyani şəkildə görmək mümkün idi və bu affekt halı, yerli komandanın azarkeşlərinə də sirayət edirdi.

"Qarabağ"ın 4-cü qolundan həmən sonra stadionda Azərbaycan dilində verilən anonsda, "Qarabağ" azarkeşlərinin maçdan sonra stadionda gözləməsi gərəkdiyini və polis nəzarətiylə çıxacağı söyləndi.

Matç bitdikdən sonra, hər hansı qarşıdurma ehtimalına qarşı, təxminən 1 saat polis nəzarətində tribunada gözləyəsi olduq və bu müddətdə də təzahüratlarımıza davam etdik.

Polis nəzarətində stadionu tərk edən azarkeşlərimi bir şey daha çox birləşdirirdi: QÜRUR HİSSİ!

Bizə bu qüruru yaşatdığın üçün bir daha təşəkkürlər, "Qarabağ"!

 





20.02.2024    çap et  çap et