525.Az

Türk-İslam mədəniyyətində birgəyaşayış ənənəsi və Azərbaycan nümunəsi


 

Türk-İslam mədəniyyətində birgəyaşayış ənənəsi və Azərbaycan nümunəsi <b style="color:red"> </b>

Birgəyaşayış insanın fitrətində olan tələbatdır. Çünki sosial varlıq olan insan öz həyatını təkbaşına davam etdirmək qabiliyyətinə malik deyil. Yaşadığı hadisələr, keçirdiyi hisslər onu digər insanlarla ünsiyyət qurmağa məcbur edir. İnsanlar sevinc və kədər, sevgi və nifrət, şiddət və mərhəmət, paylaşma və ayrılıq hisslərini birlikdə yaşayarlar. Buna görə də hər hansı cəmiyyətə daxil olan insan həmin cəmiyyətin qaydalarına əməl etməyə borcludur. Həmin cəmiyyətdə eyni inanclara sahib fərdlərlə yanaşı, cəmiyyətdə fərqli inanclara mənsub insanlar arasındakı münasibətləri tənzimləmək də əsas amillərdən hesab olunur. Əks təqdirdə ictimai asayişi qorumaq mümkün olmaz.

Tarix boyu İslam cəmiyyətlərində fərqli dinlərə, inanclara mənsub olan insanlar - müsəlmanlar və qeyri-müsəlmanlar birlikdə yaşamışlar. Çünki İslam aləmində fərqli düşüncələrə sahib insanların birlikdə yaşaması və aradakı fikir ayrılığına hörmət göstərilməsi mühüm xüsusiyyətlərdən biri hesab olunur. Bunun ən bariz sübutu Quranın "Bəqərə" surəsinin 256-cı ayəsidir: "Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edilmişdir. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir".

Bundan əlavə, "Ənam" surəsinin 107-ci ayəsində dinin təbliğində məcburi metodlardan istifadənin yolverilməzliyi, 108-ci ayəsində başqa dinlərdən olan insanların tapındığı tanrılara hörmətlə yanaşmaq, onları təhqir etməmək kimi fikirlər bu qəbildən olan bariz nümunələridir. Biz bu mötədil yanaşmanı Həzrət Məhəmməd peyğəmbərin həyatında da görə bilərik. Bunun ən parlaq nümunəsi, heç şübhəsiz, "Mədinə sənədi"dir. Həzrət peyğəmbər Mədinədə yaşayan yəhudiləri və müsəlmanları məhz bu razılaşma sənədi ilə bir araya gətirməklə dünya tarixində yeni birgəyaşayış nümunəsini yaratmış, həmçinin aparılan danışıqlar nəticəsində xristianlar və digər dinlərin nümayəndələri ilə müxtəlif sülh müqavilələri bağlanmışdı. Onu da xatırlatmaq yerinə düşər ki, çoxdinli və çoxmədəniyyətli quruluşu olan Əndəlüsdə təxminən səkkiz əsr davam edən müsəlman hökmranlığı dövründə müsəlmanlar, xristianlar və yəhudilər eyni torpaqlarda ciddi problemlərlə qarşılaşmadan birlikdə yaşamış, xristianlar və yəhudilər öz dini inanclarını, adət və ənənələrini qoruyub saxlamışlar.

Türk-İslam mədəniyyətinin, ənənələrinin ən sadiq daşıyıcılarından olan Azərbaycan xalqı da tarixə adını nadir tolerant xalqlardan biri kimi yazdırmışdır. Tarix boyu Zərdüştilik, Yəhudilik, Xristianlıq və İslam kimi dünyanın böyük dinlərinə, onların mənsublarına qucaq açmış Azərbaycan bu gün müxtəlif dinlərin və etnosların birgə yanaşı yaşadığı multikultural ölkəyə çevrilmişdir. Təsadüfi deyil ki, bu gün Bakının mərkəzində 1 kilometrdən də az radiusda müsəlman, xristian və yəhudi dini ibadət yerləri fəaliyyət göstərir. Dini ibadət ocaqlarının bu qədər yaxınlıqda olması Azərbaycan insanının sosial təfəkküründə də oturuşmuşdur. Bu baxımdan Azərbaycanda dostluq və qardaşlıq şəraitində yaşayan müxtəlif din nümayəndələrinin bir-birinin dini mərasimlərində iştirak etməsi yalnız bu mühitə yad olan birisi üçün təəccüblü gələ bilər. Bizim üçün isə bu, sadəcə yaşam tərzidir. Xalqın genetik yaddaşına çevrilmiş bu əlamətdar keyfiyyət Ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir və bu siyasət günümüzdə Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirilir.

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm də beynəlxalq miqyasda əldə etdiyimiz uğurlar hər sahəyə olduğu kimi, ictimai-siyasi və sosial həyatla birbaşa əlaqəsi olan din sahəsinə də müsbət təsirini göstərməkdədir. Bu gün hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın, "Dini etiqad azadlığı haqqında" Qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edərək etiqad azadlığını tam yaşaya bilir. Ölkədə fəaliyyət göstərən konfessiyalar arasında nəinki hər hansı qarşıdurma müşahidə olunur, əksinə, onlar arasındakı münasibətlər artıq birgə əməkdaşlıq mərhələsindən yeni mərhələyə - qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə keçmişdir. Biz bunu hər hansı dini konfessiyanın ibadət evi inşa edərkən digər konfessiyaların ona dəstək verməsi və yardım göstərməsində əyani şəkildə görə bilərik. Məsələn, 2003-cü ildə Bakıda Avropa yəhudiləri üçün sinaqoq tikilərkən ölkədəki digər dini konfessiyalar həm mənəvi, həm də maddi kömək göstərmişdilər. Yaxud Bakıda katolik kilsəsi inşa edilərkən Qafqaz Müsəlmanları İdarəsi, Dağ və Avropa yəhudiləri, eləcə də pravoslav kilsəsi bir araya gələrək vəsait toplamış və inşaat işinə maddi yardım etmişdilər. Bu, həm Azərbaycan xalqının tolerantlığının, həm Milli Liderimizin din siyasətinin nəticəsi, həm də gələcəyə ünvanlanmış böyük bir tərbiyəvi işin göstəricisidir. Müasir dövrdə ölkəmizdə müşahidə olunan birgəyaşayış ənənəsi bu günün neməti deyil, onun qədim dövlərə əsaslanan kökləri var. Bunun təsdiqini bir neçə fakt üzərindən göstərməyə çalışacağam.

1888-ci ildə təməli qoyulan, Zaqafqaziyanın ən böyük ortodoks ibadət ocağı olmuş Aleksandr Nevski kilsəsinin tikintisinə başlayandan az sonra inşaat büdcəsi tükənmişdi. Bu məqamda yerli əhali arasında yardım kampaniyası başladılır və qısa müddətdə Bakı sakinlərindən 200 min manat ianə toplanır. Bu məbləğin 75 faizi müsəlmanlar tərəfindən verilir ki, buraya məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin ayırdığı 10 min manat da daxil idi. Daha 10 min manat isə Bakının yəhudi icmasından yığılmışdı. Hətta müsəlman ruhanilər dindarları kilsənin tikintisinə yardım göstərməyə çağırmış, müsəlman qadınlar öz zinət əşyalarını metal zənglərə əlavə olunması üçün kilsəyə bağışlamışdılar.

Daha bir fakt: 1967-ci ildə Bakıdakı Arxangel Mixail kilsəsində güclü yanğın baş vermiş, məbəd, demək olar ki, darmadağın olmuşdu. Həmin dövrün yazılmamış qanunlarına görə, məbədi bağlanmaq təhlükəsi gözləyirdi. Ancaq həmin vaxt Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Heydər Əliyevin müdaxiləsi və böyük dəstəyi sayəsində Bakıdakı bu xristian məbədi xilas edilmiş və bərpa olunmuşdu. Bakı sakinləri, xüsusilə, müsəlmanlar yanğından zərər görmüş kilsəyə xeyriyyə yardımı göstərməyə başlamışdılar: kimisi öz qiymətli əşyasını, sırğasını, üzüyünü bağışlamış, kimisi də maddi yardım etmişdi. Və keşişlər heyrət içində onlardan soruşurdular: "Sizi buna nə vadar edir? Axı siz müsəlmansınız? Niyə pravoslav məbədinin bərpasına yardım edirsiniz? Bu necə ola bilər? Bizim dini inancımız, dünyagörüşümüz tamamilə fərqlidir axı?" Cavab keşişlər üçün gözlənilməz olsa da, Azərbaycan insanının mədəni kamilliyinin ifadəsi idi: "Tanrının evi yanan şəhərə müsibət üz verər. Vay o şəhərin halına ki, orada Allahın evi yanıb külə dönsün".

Əlbəttə, belə unikal faktlar bu gün dünyanın bir çox ölkəsində müşahidə etdiyimiz vəziyyətin - nəinki fərqli dinlərin mənsublarının, hətta, eyni dinin müxtəlif məzhəblərinin nümayəndələrinin bir-birinə, az qala, düşmən gözü ilə baxması fonunda olduqca ürəkaçan və qürurvericidir. Şübhəsiz, bu gün müasir Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin, başqa sözlə, multikulturallığın ən ideal modelinin formalaşmasında onların ortaq taleyə sahib olmaları da mühüm rol oynamışdır. Tarix boyu bu torpaqlarda məskunlaşmış müxtəlif xalqların və etnik qrupların nümayəndələri qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş, dini-mədəni baxışlarındakı fərqlərə baxmayaraq, mövcud şərait onları bir-birinə daha da yaxınlaşdırmışdır.

Bir sözlə, bu gün Azərbaycan dövləti təkcə ölkədaxili problemlərlə məşğul deyil, o, həm də xarici ölkələrdə mədəni quruculuq işi ilə məşğul olur, yol göstərir, müxtəlif problemlərin həlli üçün yol xəritəsi çəkir. Çünki genetik kodu mərhəmət, humanizm, ədalət kimi bəşəri keyfiyyətlərlə zəngin olan biz azərbaycanlılar hər zaman daha hissiyyatlı, başqalarının acı talelərinə daha həssas yanaşmışıq, bizə ikili standartlarla yanaşan dünyaya açıq olmuşuq, ümumbəşəri ideyaları, dəyərləri doğma qəbul etmişik. Necə ki əsrlər əvvəl dahi Nizami Gəncəvi yazırdı:

Həyat nəyə gərəkdir,

bir həmdəmin olmasa?

İnsan çətin yaşayar

dosta əmin olmasa.

 





20.02.2024    çap et  çap et