525.Az

Ermənistanın davam edən ekoloji terroru – Bölgə üçün ciddi təhlükə


 

Ermənistanın davam edən ekoloji terroru – Bölgə üçün ciddi təhlükə<b style="color:red"></b>

Ermənistan 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində misli görünməyən ekoloji terror həyata keçirib, ətraf mühütə, təbiətə ciddi ziyan vurub. Ərazilərimizi kütləvi şəkildə ekosidə, urbisidə məruz qoyub. Ermənistanın barbar hərəkətləri nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib. Ətraf mühitin mühafizəsinə dair qəbul olunan beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara əməl etməyən Ermənistan təbii sərvətlərimizi talan edib, meşələrimizdə çoxillik qiymətli ağaclar kəsilərək bu ölkəyə daşınıb. Ermənistanın törətdiyi bu terror aktları nəticəsində bölgədə ciddi və uzunmüddətli ekoloji fəsadlar yaranıb. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib. Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər "Bioloji müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır.

Ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. Qarabağ və ətraf ərazilərin 280 min hektardan çox meşə fondu, o cümlədən, Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac-təbiət abidəsi vəhşicəsinə talan edilərək Ermənistana daşınıb və ya yarımfabrikat şəklində xarici ölkələrə satılıb.

Ermənistanda genişlənən qanunsuz dağ-mədən işləri isə bölgəni ekoloji fəlakətə aparır. Ermənistanın dağ-mədən istehsalı olan məhsullarının 87 faizi məhz Qərbi Zəngəzurun payına düşür. Dağ-mədən əməliyyatlarının vurduğu ziyan qonşu ölkələr, region üçün birbaşa təhlükə yaradır.

Məsələ müxtəlif səviyyələrdə, eyni zamanda qeyri-hökumət təşkilatları (QHT) tərəfindən dəfələrlə qaldırılıb. Təəssüf ki, İrəvan qeyd edilən istiqamətdə heç bir addım atmır. Mövzu beynəlxalq miqyasda da gündəmə gətirilib. Dünya ekoloqları, qeyri-hökumət təşkilatları buna öz səslərini qaldırıb. Bu günlərdə  22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. Onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir.

Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur. O da qeyd olunur ki, yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir.

Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən, qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılır. Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını da bəyan edirlər. Son vaxtlar Azərbaycan QHT-lərinin bəyanatlarının xarici ölkələrdə, o cümlədən, Ermənistandan ciddi rezonans doğurması müşahidə edilir.

Xarici QHT-lər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb ediblər: “Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk.

Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir.

BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur.

Yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı - COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), iqlim dəyişmələrinə həsr olunmuş əsas beynəlxalq razılaşmanın, inkişaf etmiş ölkələr üçün məcburi emissiyaların azaldılması hədəflərini müəyyən edən UNFCCC ilə əlaqəli beynəlxalq müqavilə olan Kioto Protokolunun, eləcə də UNFCCC çərçivəsində qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilə - Paris Sazişinin tərəfi kimi, Ermənistan qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyini götürüb.

Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən, qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq.

Biz, həmçinin Amulsar (qeyd: Amuldağ nəzərdə tutulur) qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük”.

Onu da xatırladaq ki, bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin Baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Məktubda Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlıq ifadə olunur, beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edilir. Məktubda qeyd olunur ki, davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. 

Məktub müəllifləri Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi reallaşdıran qərarlar qəbul etməyə çağırıblar.

Göründüyü kimi, Ermənistanın dağ-mədən sənayesində ümumiyyətlə heç bir beynəlxalq standarta əməl edilmir. Bunun da fəsadları çox ağır olacaq. Ona görə də dünya birliyi Azərbaycanla həmrəy olub, Ermənistanın ekoloji terroru davam etdirməsinə imkan verməməlidir.

Pərvanə

 





20.02.2024    çap et  çap et