525.Az

Ustad yadigarları: görüşlər, söhbətlər, xatirələr


 

GÖRKƏMLİ XANƏNDƏ, UNUDULMAZ ŞƏXSİYYƏT ƏLİBABA MƏMMƏDOVUN RUHUNA DƏRİN EHTİRAMLA

Ustad yadigarları: görüşlər, söhbətlər, xatirələr<b style="color:red"></b>

...Tarix: 1973-cü il sentyabr. Məkan: Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbi. Əməkdar artist, xanəndə Əlibaba Məmmədovun sinfi. Tələbələr: Məmmədbağır Bağırzadə, Məhəmmədəli Şahverdiyev, Tamilla Bağırova, Elmira Məmmədova və Əkrəm Məmmədov. İlk tanışlıq...

Əlibaba müəllim:

- Məmmədbağır, səni yaxşı tanıyıram. Neçə illər öncə Nardaran toylarının birində oturduğun kətildən ayağın yerə çatmırdı. Amma "Çahargah" dəstgahını doğru-dürüst, yerli-yataqlı və necə şövqlə oxumağın indidə gözümün qabağındadır. Bir uşağın, daha doğrusu, azyaşlının ağır dəstgah sayılan "Çahargah"ın öhdəsindən gəlib oxumağı möcüzə kimiydi. Çox maraqlıdır, necə deyərlər, məşhuri-cahansan. Populyarlığın bütün ölkəyə bəllidir. Necə ola bilər ki, Nardaranın muğam-qəzəl mühitində boy alasan, yəni muğamın cik-bikini məmə yeyəndən pəpə deyənə kimi anlayıb, başa düşən kənddən bura üz tutasan?

Məmmədbağır:

- Hörmətli Əlibaba müəllim, düz buyurursunuz, mən nardaranlıyam. O Nardaran ki, hər xanəndə o kənddə at çapa bilmir. Bizim toyları aparan xanəndə gərəkdir ki, qəzəliyyatı, əruzu yaxşı bilsin. Yeddi əsas muğam dəstgahını, onların törəmələrini, o cümlədən, guşəxanlığı, xırdalıqları bilməlidir. Ən vacibi isə, özünəxas improvizəsi olmalıdır. Hə, onu da deyim ki, toylarımızın ağsaqqalı muğamın sərrafı olan Hidayət kişinin, qəzəlxanlardan Hacı Mayıl və Ələmdar Mahirin qabağında hər xanəndə cürət edib əlinə dəf alaraq toyxanada oturmaz. Qaldı ki, məni bura gətirən əsas səbəb Azərbaycan mədəniyyəti və incəsənətinə neçə-neçə korifeylər bəxş etmiş müqəddəs ocaqda təhsil almaqdır, bu, mənim çoxdankı arzumdur.

Soldan: tarzən Sidqi Mustafayev, Əkrəm Məmmədov (Qaflanoğlu), Məmmədbağır Bağırzadə və Elmira Məmmədova

 Bu gün sevinirəm ki, xanəndəlik sənətinin mirvarisi, həm də azman xanəndə Mir Mövsüm Ağa Seyid Şuşinskinin tələbəsi Əlibaba Məmmədova ürcah olmuşam. Yəqin ki, taleyim üzümə gülüb.

- Çox sağ ol, Məmmədbağır. "Görsənən dağa bələdçi lazım deyil" deyib atalarımız. İnanıram ki, kamil xanəndə kimi buranı bitirəcəksən. Səni təbrik edirəm.

Sonra üzünü Məhəmmədəliyə tutdu:

- Hə, oğlum, tanışlıq ver, görüm adın, soyadın nədir? Hardan gəlmisən?

- Məhəmmədəli Şahverdiyev... Şamaxılıyam.

- Şamaxılıların dahi şairləri və böyük oxuyanları olub. Xanəndə, bəstəkar və şair Mirzə Məhəmməd Həsəndən hətta Ağa (Seyid Şuşinski - Ə.Q.) özü də sənətlə bağlı məsləhətlər alıb. Mirzə Güllər və başqaları sənətdə özlərini təsdiq edən sənətkarlar olublar. İnanıram ki, sələflərinin xələfi kimi onları layiqincə təmsil edəcəksən. Səni də təbrik edirəm.

- Qızım, sən danış görüm. Geyim-kecimindən şəhərliyə oxşayırsan, - Əlibaba müəllim üzünü növbəti tələbəyə çevirdi.

- Tamilla Bağırova. Bakılıyam. Sənətə olan bağlılığım məni bura gətirib. Muğamlarımızı öyrənmək istəyirəm.

Əlibaba müəllim ani sükut içində əlini sifətinə apararaq sığal çəkdi. Sonra sualedici nəzərlərlə tələbəsinə baxdı:

- Danışığına bayaqdan fikir verirəm, fəhmim mənə deyir ki, sən rusdillisən.

- Düzdür, Əlibaba müəllim. Orta məktəbdə rus sektorunda oxumuşam. Adətən ailədə də rusca danışırıq.

- Qızım, dil bilmək insanın xoşbəxtliyidir. Neçə dil bilirsənsə, o qədər də adamsan. Amma bir iş var ki, muğamatın cövhəri olan əruz vəzninə bələd olmalı, yəni qəzəlləri doğru-düzgün tələffüz etməlisən. Bu, xanəndəliyi şərtləndirən əsas amildir. Güclü səsin ola bilər, lap tarın qəmişinə qədər səsin çatar. Sözü düzgün tələffüz edə bilməsən, zildə də bəmdəki kimi dinləyici səni anlamasa, onda heç, apar qaytar. Yaxşı, baxaq görək də. Təbrik edirəm.

- Səhərdən bizə diqqətlə qulaq asan gələcək tələbəmizlə də tanış olaq, - deyə Əlibaba müəllim məni işarə etdi.

- Əlibaba müəllim, Qubanın dağ kəndlərindən olan Səbətlərdənəm (Əslində Sabata - Ə.Q.). Familiyiamız birdir. Adım Əkrəmdir...

Bu yerdə Əlibaba müəllimin üzünə təbəssüm qonur və şirin Maştağa ləhcəsiylə dedi:

- Nə yaxçi! Alə, bu əla oldu ki! Məmmədbağır, 60-cı illərdə o kənddə tarzən Həbib Bayramovla toy aparmışam. Elə o kənddə gözəl bəstəçi İzolda Babayeva ilə də tanış olmuşam. Hə, onu da deyim ki, yaddaşım məni aldatmırsa, bəyin adı Əbülfəz idi. Sonradan onunla bir-iki dəfə rastlaşmışıq da. Ədəb-ərkanı yerində olan alicənab adamdır. Maraqlısı odur ki, Səbətlər kəndi cənnətməkan yaşayış məskənidir. Kəndin dörd bir yanından şır-şır axan buz kimi bulaqlar, qarşıdakı Böyük Qafqaz sıra dağları, kəndlə qol-boyun olan yaşıl meşələr bu kəndin əsas gözəllik atributlarıdır. Oğlum Seyranın canına and olsun ki, o kəndə xəstə gedib, sağlam qayıtmışam. A kişi, desəm, inanmazsan, arxlarının içi başdan-ayağa yarpızdır... Qubalıların fəxri, eləcə də xanəndəlik mədəniyyətimizin incilərindən biri də Fatma xanım Mehrəliyevadır. Onun oxuduğu "Kəsmə şikəstə" zərb muğamını hələ elə bir ifaçı tanımıram ki, onun kimi ifa etsin. Çox böyük sənətkardır. Bir az xəstədir. Allah ona cansağlığı versin. Qubadan o səviyyədə ikinci bir xanəndə tanımıram. Görək də. Ümidlərimizi doğrulda bilsən, əla olar. Səni də təbrik edirəm.

- Bu vaxt sinfin qapısı döyüldü, içəri, əlində tar, ortaboy və bir az da Əlibaba müəllimə oxşarlığı olan kişi girdi.

- Sidqi müəllim, xoş gördük. Keçin, əyləşin. Uşaqlar, - bu cümləni çox məhrəmanə söylədi Əlibaba müəllim, - bizi çox vaxt bir-birimizə bənzədirlər. Bu, tarzən Sidqi Mustafayevdir. Burada tardan dərs deyir. Eyni zamanda bizim də müşayiətçi müəllimimiz olacaq. Sidqi müəllim, tarı futlyarından çıxart, proqrama əsasən ilk dərsimizə "Bayatı-kürd"lə bismillah deyək.

Bu əsnada sinif qapısı yenidən döyüldü. Əlibaba müəllim: - Gəl görüm! - deyib səsləndi. İçəri gülərüz, ortaboy, dodağının üstündə xalı olan qız daxil oldu.

- Müəllim, bağışlayın, sinfi tapmaqdan ötrü xeyli vaxt itirdim.

- Deməli, sən də məndən dərs alacaqsan... Mənə düşən tələbələrin siyahısı aşağıda, maşında qalıb. Deyirəm axı, bölgüdə mənə beş tələbə veriblər. Söhbətə başımız qarışdığından tamam unutmuşam...

Məlum oldu ki, gecikən tələbə əslən şəkilidir. Adı Elmira, soyadı Məmmədovadır. Onun soyadını eşidən Əlibaba müəllim özünəməxsus tərzdə gülərək dedi:

- Eşidib-bilən deyəcək ki, qohumlarımı yığmışam başıma. Eyib etməz, qoy desinlər.

(Müəllimin fikri düz çıxmışdı. Qulağımıza çatırdı ki, Əlibaba müəllim qohumbazlıq edərək Məmmədovları məktəbə yerləşdirib).

İlk dərsdə müəllimin bizə tapşırığı bu oldu ki, qəti şəkildə dərsə gecikmək olmaz. Dərs davamiyyətinə hər bir tələbə ciddi riayət etməlidir.

...Aradan aylar ötmüşdü. Tamilla Bağırovadan başqa qalan tələbələr "Bayatı-kürd" muğamını öyrənib başa vurmuşduq. Tamillanın səsi heç cür muğama yatmırdı. Üstəlik, muğama xas olan zəngulələri lazımınca vurmaq problemi ilə də üzləşmişdi. Növbəti dərslərin birində Əlibaba müəllim Tamillaya məsləhət bildi ki, direktorun adına diləkçə yazıb vokal sinfinə keçsin. Bu işdə ona kömək edəcəyini də əminliklə dilə gətirdi. Tamilla vokal sinfinə keçdi.

Aylar arxada qalırdı. Dərslərin birində öyrəndik ki, vaxtı ilə Abşeron kəndlərində məşhur xanəndə kimi ad çıxaran Güləhməd Məmmədov Əlibaba müəllimin doğmaca əmisidir. Çox güman ki, əmisinin o dövrdəki məşhur xanəndələrlə oturub-durduğunu görən Əlibaba müəllim elə ovaxtdan xanəndə olmaq sevdasına düşübmüş.

"Cabbar Qaryağdıoğlunu ilk dəfə əmimin evində görmüşəm", - deyirdi. Xanəndəlik sənətində əlçatmaq ifaları olan bu azman sənətkarlar haqqında danışanda o, fəxarət hissi keçirirdi. Dərs vaxtı əsla tələbəni zora salmazdı. Verdiyi tapşırığa əsasən əvvəlcə onu dinləyər, "hər muğamın öz ritmi var" deyib tələbəsini doğru-düzgün ifaya yönəldərdi. Bəzən ifa zamanı adama elə gəlirdi ki, Əlibaba müəllim tələbəni dinləmir. Çox vaxt gətirdiyi kitabı vərəqləyib qəzəlləri nəzərdən keçirirdi. Nizami, Füzuli, Seyid Əzim, Əliağa Vahid və digər klassiklərin qəzəllərindən seçmələr edib, tələbəyə verərək, öyrənməyi tapşırardı. Odur ki, dərs zamanı gözü kitabda ola-ola tələbə ifada sözün vurğusunu yerində işlətməyəndə, şöbələrdəki sonluğu düz bitirməyəndə başını qaldırıb "saxla" deyərdi. Tələbənin səsində yorğunluq hiss edəndə "səsin yerində deyil" deyərək ifanı saxlayardı. "Zökəm olanda, səsin işləməyəndə özünü gücə salıb oxuma, səs tellərinə sədəmə dəyər", - tövsiyəsini verərdi.

Dərslərin birində ona sual verdim:

- Ustad, siz bir yandan kitabı vərəqləyib oxuyur, o biri yandan da tələbənin ifadakı səhvini tutursuz. Bu necə olur?

- Bunu müəllimim Ağadan (Seyid Şuşinski - Ə.Q.) öyrənmişəm. Onun qəribə şakəri vardı. Dərs vaxtı gözünü yumardı. Bəzən onun yatdığını düşünərdik. Amma belə deyildi. Oxuduğu vaxt kiçicik səhvə görə o dəqiqə reaksiya verib ifanı saxlayardı.

Əlibaba Məmmədovun həyatı asan olmamışdı, sənət uğurlarına qədər xeyli çətin yol keçmişdi. Göyərti satıb özünə tar almışdı. Onun istəyini, tələbatını böyük ailəni güclə saxlayan atası Balaəhməd kişi qarşılaya bilmirdi. Təhsil almaq arzusu gecə-gündüz bu istedadlı gənci düşündürürdü. Nəhayət, bu istəyinə nail olur. 1947-ci ildə Neft Texnikumunu 7-ci dərəcəli qazmaçı diplomu ilə bitirib təyinatla Türkmənistanın Nəbitdağdakı neft sənayesinə göndərilir. Məvacibi ilə həm özünü, həm də Bakıda qalan ailəni dolandırır. Aşqabadda baş verən dəhşətli zəlzələ onu vətənə dönməyə məcbur edir. Əvvəlcə toylarda nağara çalır. Dost-tanışı oxumağından xəbərdar idi. Ara-sıra toylarda onu oxudub dinləyərdilər. Bir müddət keçəndən sonra xanəndəlik təhsili almağa can atır. Çünki artıq onu xanəndə kimi toylara dəvət edirdilər. Sənət təcrübəsinin zəifliyini bilirdi. Baxmayaraq ki, toy mağarında onu sevə-sevə qarşılayıb yola salardılar, yenə özündə daxili bir narazılıq vardı. Onda nəyinsə çatışmadığını sövq-təbii duyurdu. Düşündüklərinin cavabını tapdı: dəstgahları tam-dürüst öyrənməkdən ötrü mütləq Bakı orta ixtisas musiqi məktəbinə girməlidir. O, toylardan qazandığı pulla özünə maqnitofon alır. Muğamları lentə yazıb, gecəli-gündüzlü usanmadan qulaq asıb, öyrənirdi. Uca Tanrı hər sənət adamına bəxş etmədiyini ona əta etmişdi. Güclü musiqi qavrama qabiliyyəti vardı, qəzəlləri və muğamları tez bir zamanda öyrənib yadda saxlaya bilirdi.

(Ardı var)

 





20.02.2024    çap et  çap et