525.Az

Ənənəyə sadiq səfər


 

"PREZİDENT İLHAM ƏLİYEVİN SEÇKİLƏRDƏN SONRA İLK RƏSMİ SƏFƏRİNİ TÜRKİYƏYƏ ETMƏSİ İKİ QARDAŞ ÖLKƏNİN MÜNASİBƏTLƏRİNİN ƏN YÜKSƏK SƏVİYYƏSİ OLDUĞUNU BİR DAHA TƏSDİQLƏDİ"

Ənənəyə sadiq səfər<b style="color:red"></b>

Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini hər zaman ən yüksək səviyyədə dəstəkləyən ölkələr yoxdur. İki dövlət arasında unikal münasibətlər mövcuddur. Azərbaycan və Türkiyə demək olar ki, bütün beynəlxalq platformalarda bir-birinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərirlər.

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi də iki qardaş ölkənin münasibətlərinin yüksək səviyyədə olduğunu, bu münasibətlərin hər iki dövlət üçün böyük əhəmiyyət daşıdığını bir daha göstərmiş oldu. Azərbaycan liderinin qeyd etdiyi kimi, bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Dövlət başçılarının görüşündə ikitərəfli və beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən, ticarət, enerji, müdafiə sənayesi sahələrindəki əlaqələr, Ermənistanla münasibətlər başda olmaqla regional proseslər müzakirə edilib.

Bu gün Azərbaycan və Türkiyə bir millət iki dövlət olaraq prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik ölkələrdir. Şübhəsiz ki, dövlət başçılarının şəxsi dostluq və qardaşlıq münasibətləri əlaqələrimizin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdəndir.  Qardaş ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib. İkitərəfli əməkdaşlığın bütün istiqamətlərində, o cümlədən, siyasi, iqtisadi, hərbi, mədəni, humanitar, idman sahələrin mövcud olan yüksək səviyyəli əməkdaşlıq qardaş ölkələrin maraqlarına xidmət edir.

İkinci Qarabağ müharibəsində əldə edilən tarixi qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlər ən üst səviyyəyə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənəd əlaqələrimizin möhkəmlənməsində, regionumuzda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasında vacib əhəmiyyətə malikdir.

Prezident Ərdoğan görüşdə bildirib ki, qarşıdakı dövrdə can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Azərbaycan və Türkiyənin səyləri nəticəsində bu gün türk dünyasının Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx birliyinin yaranmasına, bu təşkilatın önəminin, miqyasının və rolunun dünyada yüksəlməsinə şahidlik edirik. Azərbaycan lideri andiçmə mərasimində bəyan etdi ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır: "Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır". Bu, çox önəmli bir mesaj idi. Məlumdur ki, Türk Dövlətləri Təşkilatının növbəti fövqəladə Zirvə toplantısı Şuşada olacaq. Şimali Kipr Türk Cümhuriyyəti də Zirvə toplantısının tədbirlərinə dəvət alıb. Prezident Ərdoğan buna görə Azərbaycana təşəkkür edib. Bildirib ki, təşkilatımız çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün ortaq səylərimizi davam etdirəcəyimizə inanıram.

İki ölkə arasında əməkdaşlığın mühüm sahələrindən biri də hərbi sahədədir. Bu istiqamətdə də  əməkdaşlıq gücləndirilməkdədr.

Eyni zamanda orta dəhliz layihəsinin iki ölkənin nəqliyyat daşımalarında strateji əhəmiyyəti yüksəlir. Ərdoğan bununla bağlı bəyan edib ki, geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərdi. 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin strateji mərhələsi olub. Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir: "Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yükdaşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyimiz də əhəmiyyətlidir. Bu məsələdə dəstəyinizə güvənirəm".

Əməkdaşlığın başqa bir istiqaməti təhsil sahəsidir ki, bu çərçivədə imzalanan Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzu ilə bağlı "525"ə bildirib ki, Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi iki qardaş ölkənin münasibətlərinin ən yüksək səviyyə olduğunu bir daha təsdiqlədi. Onun sözlərinə görə, münasibətlətimizin möhkəmlənməsində bir sıra amillər, o cümlədən, Şuşa Bəyannaməsi mühüm rol oynayır. General deyib ki, Şuşa Bəyannaməsi dünyada başqa iki ölkə arasında olmayan bir əməkdaşlıq modelidir. Bu sənəd eyni zamanda NATO-nun nizamnaməsinin 5-ci maddəsi kimi təhlükəsizliyə zəmanət verir. Qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu əməkdaşlıq modeli dünyada başqa iki ölkə arasında mövcud deyil. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi həm iki ölkənin təhlükəsizliyini, eləcə də bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin, həm də Türk Dövlətləri Təşkilatının və 300 milyonluq türk ailəsinin təhlükəsizliyinin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir: "Naxçıvan anlaşması ilə 2009-cu ildə yaradılan Türk Şurası daha sonra Türk Dövlətləri Təşkilatı halına gətirildi. Bununla Türkiyə-Azərbaycan nümunəvi əməkdaşlıq modeli digər türk dövlətləri arasında da inkişaf etdirildi. Şuşa Bəyannaməsi bütün dünyanın diqqətindədir. Başqa sözlə, cənab prezidentlərin də ifadə etdiyi kimi, Şuşa Bəyannaməsi sadəcə iki ölkə arasında imzalanmış bir sənəd deyil, həm də bölgə, dünyaya qlobal ölçüdə sülh, sabitlik, dinclik gətirən bir anlaşmadır. Dosta güvən, düşmənə qorxu gətirən, hər kəsin planın, hesabın, hərəkətlərin ona görə nizamlanmasını təmin edən bir sənəddir. Prezident Əliyev andiçmə mərasimində bəyan etdi ki, bizim bir ailəmiz var və bir təşkilatımız var. Ərdoğan da böyük ailəmizdən bəhs etdi. TDT Türk dünyasının birliyi baxımdan Azərbaycan və Türkiyənin dik duruşu, məsələni öz üzərlərinə götürmələri nəticəsində bir millət, iki dövləti bir millət, yeddi dövlət halına gətirdi. Buna səbəb olan təməl faktorlardan biri də Azərbaycanın Qarabağ zəfəridir. Azərbaycanın bu böyük zəfəri, Şuşa Bəyannaməsi, İstanbul anlaşması, ardınca iyulda Şuşada baş tutacaq toplantıya Şimali Kiprin dəvət olunması bu birlik və bərabərliyin nə səviyyədə olmasını ortaya qoyur. Dünya qarışıq bir düzənə girir,  Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq, Afrikadakı hadisələr, Asiyadakı proseslər düşünüləndə risk və təhdidlər artır. Bunlara qarşı yeni dünya düzəninə davam gətirə biləcək eyni soydan, kökdən tarixdən gələn 300 milyonluq türk dünyasının hazır olmasıdır. Türkiyə və Azərbaycanın eyni səs, eyni nəfəs, eyni  baxışları, birlik sərgiləmiş olması TDT-nı daha dinamik bir hala gətirdi", - general deyib.

Y.Karauz əlavə edib ki, Azərbaycan müstəqilliyini elan edəndə ordusu yox dərəcəsində idi: "Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğundakı səyləri, İlham Əliyevin 20 ildir ordu quruculuğunda apardığı işlər, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında 90-cı illərin əvvəlindən başlayan bu sahədəki fəaliyyətlər öz nəticələrini verdi. Ordu quruculuğunda görülən işlər özünü 2016-cı il Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, 24 saatdan az davam edən antiterror tədbirlərində göstərdi. Azərbaycan Ordusu Qafqazda birinci, dünyada isə 50-cidir. Mənim şəxsi dəyərləndirməmə görə, müzəffər və savaşı qazanmış ordu 35-40-cı sırada olmalıdır. Zəfər qazandıqdan sonra sonra da ordunun müasirləşməsi davam etdi, komando birlikləri, Milli Müdafiə Universiteti yaradıldı. Bu gün Azərbaycan Ordusu həm təhsili, həm təchizatı, həm təlimi, həm də qəhrəmanlığı və cəsarəti ilə dünyanın sayılı orduları sırasındadır. Türkiyə və Azərbayan ordularının bu hala gəlməsi başda Özbəkistan və Qazaxıstan olmaqla digər türk dövlətlərini də hərəkətləndirdi. Ordularımız nə qədər güclüdürsə, nə qədər çox koordinasiyalı halda çalışırlarsa, milli birlik və bərabərliyimizi sonsuza qədər davam etdirməkdə özümüzdə güc tapacağıq. Çünki bu gün güclü ordusu, güclü dostları, tək yumruq, dəmir yumruq olmayan ölkələrin bu dünyada özünü qorumaları mümkün deyil. Türkiyə və Azərbaycanın tək ürək, tək nəfəs, tək yumruq olması dosta güvən hissi, düşməndə qorxu yaradır".

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, hər zaman haqq işimizə dəstək olan Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir. Azərbaycanla Türkiyə arasında siyasi və strateji münasibətlər ilə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur: "Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındadır. Türkiyə ilə 2023-cü ildə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30.0 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub. Digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb. İki ölkə arasındakı sərmayə qoyuluşlarında da kəskin artımlar müşahidə edilməkdədir. Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir".

Deputat əlavə edib ki, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək: "Azərbaycan qardaş Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir. Bu, daha güclü Türk dünyası deməkdir".

 





21.02.2024    çap et  çap et