525.Az

Milli ideya üçün möhtəşəm müdafiə düsturları


 

Milli ideya üçün möhtəşəm müdafiə düsturları <b style="color:red"></b>

Prezident İlham Əliyev 14 fevralda Milli Məclisdə keçirilən andiçmə mərasimindəki tarixi çıxışında ölkənin qarşıdakı illərdə tutacağı xətt ilə bağlı çox vacib məqamlara toxundu, Azərbaycanın inkişaf və sabitliyinin hədəf götürüldüyü yol xəritəsinin də müəyyən konturlarını səsləndirdi.

Cənab Prezident ölkənin inkişafının əsas istiqamətləri haqda danışanda "ordu quruculuğu", "hərbi sənayenin inkişafı", "sərhədlərin qorunmasının gücləndirilməsi", "xarici risklərdən qorunmaq", "milli birlik", "azərbaycançılıq", "azad edilmiş ərazilərin bərpası", "məcburi köçkünlərin doğma yurdlarına qaytarılması", "iqtisadi və sosial sahədə inkişaf", "xarici investisiyaların cəlbi", "monopoliyalara qarşı mübarizə", "nəqliyyat infrastrukturu", "tranzit imkanlarından faydalanmaq", "texnoloji və süni intellekt sahələrinin inkişafı" ifadələrindən istifadə edib.

Ölkə başçısının xüsusilə toxunduğu və qarşıya əsas məqsəd kimi qoyduğu məsələlərdən biri də milli birlik, milli ideya və gənclərin təlim-tərbiyəsində bu meyarın vacib faktor olmasıdır:

"Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir".

Cənab Prezidentin səsləndirdiyi bu fikirlər keçmişlə gələcək intervalındakı dövlətçilik sütunu, milli yaddaşın dərin qatları ilə bugün arasındakı düşüncə körpüsü rolunu oynayır.

Gəncliyin milli ideoloji sərhədin, milli yaddaş coğrafiyamızın əraziləri daxilində formalaşması düsturu və bu düsturun milli müdafiə qalxanı rolunu oynaması mexanizmi bu fikirlərin əsas motivini formalaşdırıb.

Tarixən şəxsiyyət məfhumunu hər zaman milli şüur və onun cızdığı ideoloji yol xəritəsi ilə addımlamaq sevdası qidalandırıb və yaşadıb. Şəxsiyyət quruculuğunda milli yaddaşa qayıdış və onun təlqin etdiyi milli birlik ideyasının energetik dalğasında hərəkət vacib faktorlardandır. Məhz bu aurada, bu energetik dalğanın sərhədlərində formalaşan gənclik tariximizi, milli kökənimizi və onun ali dəyərlərini özündə əks etdirən milli ideoloji palitramızı yamaq rənglərdən, onların təhlükəli çalarlarından xilas edə bilər. Cənab Prezidentin də andiçmə mərasimində səsləndirdiyi tarixi çıxışı gələcək üçün milli müdafiə strategiyasının qoruyucu şifrəsi rolunu oynayacaqdır:

"Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.

Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir".

Bir şəxsiyyət üçün milli birlik ideologiyası onun mənəvi diriliyindən doğur. Cəmiyyət üçün isə mənəvi diriliyin davamlılığı, ömrü milli birliyin hesabına qorunur. Beləcə, tarixən milli birlik-mənəvi dirilik ikilisi milli ideoloji reseptin əsas tərkib hissəsi olmuşlar. Cənab Prezidentin də səsləndirdiyi sağlam ailə kultu, milli dəyərlər üzərində qurulan ailə institutu cəmiyyətdəki milli birlik, mənəvi dirilik məfhumlarını ayaqda tutmağı bacarmışdır. Bu səbəbdən də sağlam ailə institutunun milli ideoloji inkişafdakı rolu danılmazdır. Ölkə başçısının tarixi çıxışında bunu genetik kod kimi xatırlatması özündə dərin motivləri əks etdirir.

Ailə institutu və onun milli dəyərlərdən, ənənələrdən formalaşmış sağlam sütunları cəmiyyəti milli şüurun, tarixi yaddaşın diktəsi ilə istiqamətləndirməyi və özünümüdafiə imkanlarını səfərbər etməyi məharətlə bacarıb. Tarixi Qarabağ Zəfərimizin qazanılmasında da bu səfərbərliyin xüsusi rolu olub:

"Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir".

Ölkə başçısının milli birliyi gələcək üçün müdafiə qalxanı kimi görməsi və onun təməlində milli dəyərlərin, sağlam ailə institutunun durması faktını önə çəkməsi milli ideyaya sadiqliyin konturlarını gənclər üçün cızmış olur. 

Cənab İlham Əliyevin andiçmə mərasimində toxunduğu və milli ideoloji inkişafın, onun müdafiəsi üçün konseptual proqram rolunu oynayacaq tezislərdən biri də məktəb tərbiyəsi ilə bağlıdır. Ailə institutunun sağlam dəyərləri fonunda inkişaf edən məktəb bir energetik aura olaraq gənclərdə milli-mənəvi tərbiyə işini ustalıqla həyata keçirə bilib. Bu, təhsil, məktəb amilinin milli ideologiyanın gələcək təhlükəsizliyi üçün nə dərəcədə önəmli olduğunu bir daha üzə çıxarmış olur:

"İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.

Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük".

7 fevral növbədənkənar prezident seçkiləri həm də Qarabağ zəfərinin fərqli variasiyalarını müxtəlif sahə və istiqamətlər üzərindəki transferinin başlanğıc nöqtəsi kimi də hesab edilməlidir.

Məktəb, təhsil azərbaycançılıq ideologiyasının, milli yaddaş konsepsiyamızın qorunmasında, gələcək nəsillərə çatdırılmasında hər zaman ən önəmli faktorlardan olub.

Bu gün isə Azərbaycan məktəbinin, təhsilinin üzərində ikiqat şərəfli və çətin missiya var: o, gəncliyi həm milli yaddaşın sağlam dəyərləri kontekstində formalaşdırmalı, həm də XXI əsrin modern inkişaf mexanizminin fonunda inkişaf etdirməlidir.

Milli şüurla bəşəri dəyərlərin ortaq nöqtəsində hərəkət yeni milli təhsil modelinin formalaşdırılmasını zəruri edir. Milli təhsil modelimiz Zəfərdən sonrakı dönəmdə məktəbyaşlı uşaqlardan başlayaraq, formalaşmaqda olan gənclik üçün milli bələdçi funksiyasını layiqli şəkildə həyata keçirə bilər.

Yeni təhsil standartları və məzmun xətlərini əhatə etməli olan milli təhsil modeli şəxsiyyət texnoloqu, insan mühəndisliyi funksiyasını prioritet hesab etməli, tədris prosesini informasiyanın təkcə qəbulu deyil, onun düzgün emalı, həyati tətbiqi mexanizmi kimi dəyərləndirməlidir.

Şagird üzərində şəxsiyyət mühəndisliyi rolunu oynamalı olan bu model fərdin çağdaş praktiki bilik və bacarıqlarının yalnız milli dövlətçilik meyarları üzərində inkişaf etməsini əsas götürməli, pedaqoji işin təşkilini ancaq bu halda düzgün hesab etməlidir.

Milli təhsil modelinin təhsilimizin bütün pillə və səviyyələrində özünün nəzəri-praktiki tətbiq meylləri ilə düzgün əksi seçkidən sonrakı Azərbaycanın Zəfər brendinin əsas elementi rolunu oynayacaqdır.

Həmçinin, təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması kimi amillər də milli modelin əsas elementləri olmalıdır.

Milli təhsil modeli və onun tədris prosesində tətbiqi mexanizminin hazırlanması, dünya təhsilinin öncül modellərinin uğurlu təcrübələri ilə milli təfəkkür, milli şüur, dövlətçilik ənənələrinin inkişafına xidmət edən örnək elementlərin sintezinə çalışmaq təhsil istiqamətində prioritet çağırışlar kimi qəbul edilə bilər.

Şəxsiyyət mühəndisliyi missiyasının praktiki məkanı sinif otağı yox, insanın şüuru, yaddaşı və psixoloji aurasıdır. Müəllim bu aurada necə qalacaqsa, mühəndislik funksiyasını da o cür yerinə yetirəcək. Amma bir məsələyə xüsusi diqqət edək: elə şəxsiyyət mühəndisliyi missiyasının da alt bazası, bünövrəsi elə sinif otağında formalaşır. Şagirdini şəxsiyyət, cəmiyyət üçün lazımlı kadr gözündə görən müəllim onu yalnız əzbərçi faktlarla yükləmir, situasiyaya görə düzgün qərarvermənin modullarını öyrədir, düşüncə dənizinin sahillərinə çıxarır, üzməyin ilk elementlərini ona başa salır.

Son olaraq...

Ölkə başçısı cənab İlham Əliyevin andiçmə mərasimində toxunduğu bütün mövzu və məsələlərdə olduğu kimi, milli birlik, milli ideologiya və onun təhlükəsizliyinin təminatı ilə bağlı fikirləri də gələcək üçün konseptual fəaliyyət proqramı rolunu oynayacaqdır. Bu fikirlər bir təfəkkür hadisəsi olaraq ustalıqla zaman məfhumunu da qabaqlayaraq gələcək Azərbaycan gəncliyinin milli dəyərlər fonunda inkişafı üçün yol xəritəsi missiyasını məharətlə yerinə yetirəcəkdir. Ailə institutu, məktəb və cəmiyyət üçlüyü bu fikirlərdəki şifrələrin açımı, gələcəyə yönəlik taktiki gedişlərin dərki fonunda milli birlik və milli ideologiyaya daim sadiq qalmağı bacaracaqdır. Ailə-məktəb-cəmiyyət triosu milli dəyərləri özündə nə qədər sıx müdafiə edəcəksə, Azərbaycan gəncinin milli özünüdərki üçün də bir o qədər zəmin yaratmış olacaqdır.

Ailə-məktəb-cəmiyyət milli ideoloji koordinat sistemində öz oxları üzərində daha möhkəm dayanmalı və hər birinin funksiyası modern dövrün tələbləri fonunda daha da inkişaf etdirilməlidir. Cənab Prezidentin tarixi çıxışında bu üçlü koordinat sisteminin dayanıqlılığı və inkişafı üçün zəruri mesajlar, mühüm həll yolları var. Keçmişdən, yaddaşın sağlam dəyərlərindən gələn, bugünə hesablanan, gələcəyə ünvanlanan bu fikirlərin energetik dalğasında üçlü koordinat sisteminin də faydalılığı da artmış olacaq.

Elmin Nuri

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

 





21.02.2024    çap et  çap et