525.Az

ABŞ Çinə qarşı iqtisadi sanksiyaların tətbiqinə hazırlaşır - Xaqani Cəfərli yazır


 

ABŞ Çinə qarşı iqtisadi sanksiyaların tətbiqinə hazırlaşır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ Ukrayna ilə müharibədə Rusiyaya kömək edən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir. Bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Cerald Connoll iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransındakı açıqlamasında bildirib. Bununla bağlı CNBC televiziyası da məlumat yayıb. "Çin başa düşməlidir ki, Rusiyaya tətbiq edilən və Rusiyanın məhsuldarlığına, iqtisadi göstəricilərinə və həyat keyfiyyətinə təsir edən sanksiyaların eynisi Çinə də tətbiq oluna bilər". Konqresmen Connoll bəyan edib ki, Çinin Rusiyadan daha çox itirəcəyi var.

ABŞ-nin gözlənilən sanksiyaları müasir tarixdə ilk dəfə ölkədən kapital çıxışı ilə üzləşən və eyni zamanda 2015-ci ildən qiymətlərin rekord səviyyəyə düşdüyü daşınmaz əmlak bazarında böhran yaşayan Çin iqtisadiyyatına ciddi ziyan vura bilər. Son zamanlar Çin iqtisadiyyatında, xüsusilə ixracatında azalmalar müşahidə olunur. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, Çinin qarşıdakı illərdə iqtisadi artım sürəti 3 faizdən aşağı düşəcək.

Konqresmen Connoll bəyan edib ki, əgər Çinə qarşı geniş sanksiyalar tətbiq edilsə, bu, çox ciddi nəticələr doğurar: "Onların iqtisadi göstəriciləri artıq zəifdir. Ona görə də ümid edirəm ki, Çin Rusiyanı dəstəkləməyin nəticələrinin nə ola biləcəyini diqqətlə nəzərdən keçirəcək".

Nüfuzlu senator Ben Kardin Çinə qarşı mümkün sanksiyalarla bağlı sualı cavablandırarkən deyib ki, Konqres ABŞ prezidenti Co Baydenin administrasiyası ilə mümkün variantları araşdırır.

Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, Çin Qərb texnologiyalarının Rusiyaya ötürülməsi üçün əsas kanala çevrilib. ABŞ kəşfiyyatı da hesab edir ki, Çin Rusiya üçün getdikcə daha vacib hərbi dəstəyə çevrilir və ehtimal ki, Moskvanı ikili təyinatlı mal və avadanlıqla təmin edir. Onlardan bəziləri Ukraynadakı hərbi münaqişə zamanı istifadə olunur.

Pekin Moskva ilə ticarətin iki ölkə arasında normal iqtisadi əməkdaşlıq olduğunu bildirir və bütün ittihamları rədd edir.

ABŞ-la yanaşı, Avropa İttifaqı da Rusiyanı dəstəkləmək ittihamı ilə iyirmiyə yaxın şirkətə, o cümlədən, bir neçə Çin şirkətinə yeni iqtisadi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Bu tədbirlər qəbul olunarsa, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı Çin şirkətlərinə ilk dəfə məhdudiyyətlər tətbiq edəcək. Sanksiyaya məruz qalacaq Çin şirkətlərinə Avropa ilə ticarət etmək qadağan olunacaq. Sanskiyaya məruz qalacaq şirkətlərin siyahısının böyük hissəsini texnologiya və elektronika şirkətləri təşkil edir. Onlar "Rusiyanın hərbi və texnoloji gücünün gücləndirilməsinə və hərbi-sənaye kompleksinin, təhlükəsizlik sektorunun inkişafına kömək etməkdə" ittiham olunurlar.

ABŞ və Avropa İttifaqı Çinə qarşı iqtisadi sanksiyalar tətbiq etsə, bu, bütün dünyada iqtisadi proseslərə mənfi təsir göstərəcək. Vaşinqtonda iqtidar dəyişikliyi baş versə və Tramp Çinə qarşı sərt iqtisadi siyaətini həyata keçirsə, vəziyyət daha ağır olacaq.

 

 

 





21.02.2024    çap et  çap et