525.Az

Dünyanın gələcəyini müəyyən edə biləcək iki hadisə


 

Dünyanın gələcəyini müəyyən edə biləcək iki hadisə<b style="color:red"></b>

Ötən həftə Rusiya və ABŞ-da baş verən iki hadisə dünyanın gələcəyini müyyən edən hadislər kimi tarixə düşə bilər. Bu hadisələrdən birincisi Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada ölümüdür.

Aleksey Navalnının həbsxanada qətlə yetirildiyi qənaətində olan və bunu çox açıq ifadələrlə bəyan edən Qərblə Moskva arasında münasibətlərin normalaşacağı artıq mümkün görünmür. Əksinə, bundan sonra Rusiya ilə Qərb arasında münasibətlərin daha da pisləşəcəyi ehtimalı artır. 

Avropa İttifaqının insan haqlarının pozulmasına görə Rusiyaya qarşı sanksiyası Aleksey Navalnının adını daşıyacaq. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bəyan edib. O, Qərbi Rusiya müxalifətinə dəstək verməyə çağırıb.

ABŞ prezidenti Co Bayden isə deyib ki, onun administrasiyası Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi məsələsini müzakirə edir. Bundan başqa, Bayden administrasiyasının Ukraynanı ATACMS uzaqmənzilli ballistik raketlərlə təmin etməyə çalışdığı haqqında məlumatlar da yayılıb. Bu vaxta qədər ABŞ Kiyevə köhnə tipli orta mənzilli (160 km) taktiki raket sistemləri verib. İndi isə Vaşinqton Ukraynaya müasir uzaqmənzilli raketlər (300 km) göndərməyə hazırlaşır. Bu isə o deməkdir ki, Ukrayna ordusu Krım daxil olmaqla böyük bir ərazini ATACMS-ların zərbə hədəfinə çevirə bilər.

Böyük Britaniya, ABŞ və Fransa müttəfiqləri ilə birlikdə Ukraynanın ciddi artilleriya çatışmazlığını kompensasiya etmək üçün süni intellekt texnologiyasına malik pilotsuz təyyarələrin yaradılması üzərində işləyir. Süni intellekt tərəfindən idarə olunan dronlar bir-biri ilə əlaqəli şəkildə düşmən hədəflərinə operatorun müdaxiləsi olmadan hücum edəcək. Ekspertlər Ukraynanın Rusiya qarşı müharibəsinin texnologiyaların savaşına çevrilə biləcəyini qeyd edirlər. Texnologiyanı inkişaf etdirən Qərb hərbi strateqlərinin qənaətincə, bu, Ukraynaya pilotsuz silahlarla Rusiyanın mövqelərini alt-üst etməyə imkan verəcək. Ekspertlər dronların bir neçə ay ərzində Ukraynaya göndərilə biləcəyini qeyd ediblər. Latviya və Böyük Britaniyanın başçılıq etdiyi "dron kolasiyası" 2025-ci il fevralın 24-dək Ukraynaya bir milyona yaxın pilotsuz uçan aparatı göndərmək üçün hərəkətə keçib. "Dron koalisiyası"na artıq 20-dən artıq ölkə qoşulub.

Ukrayna və Fransanın fevralın 16-da bağladığı təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişinə görə, Paris 2024-cü il ərzində Kiyevə 3 milyard avro hərbi yardım ayıracaq. Aleksey Navalnının ölümündən sonra bu hərbi yardımların artacağı şübhəsizdir. Ukraynanı müasir silah və hərbi texnika ilə təmin etmək üçün Avropa İttifaqının 100 milyard avroluq layihə həyata keçirilməsi ilə bağlı təkliflər var. Artıq ABŞ prezidenti Co Bayden də Ukraynaya 61 milyard dollarlıq hərbi yardıma razılıq verməyən Nümayəndələr Palatasına qarşı təzyiqləri artırıb. A.Navalnının ölümü Qərbdə elə bir vəziyyət yaradıb ki, Ukraynaya yardım göstərməyə mane olanlar Rusiya hakimiyyətinə xidmətdə ittiham edilirlər.

Dünyanın gələcəyini müəyyən edə biləcək ikinci hadisə isə Donald Trapmın Nyu-Yorkdakı məhkəmə prosesini uduzmasıdır. Nyu-Yorkda bir neçə ay davam edən mülki fırıldaqçılıq məhkəməsində əyalət Ali Məhkəməsinin hakimi Donald Trampı 350 milyon dollardan çox cərimə ödəməyə məhkum edib. Bundan başqa, hakim Artur Enqoron keçmiş prezidentin üç il müddətinə Nyu-Yorkdakı hər hansı bir korporasiyada və ya başqa qurumda vəzifə tutmasını qadağan edib. Keçmiş prezidentlə yanaşı, onun iki oğlu - Erik və Donalda da iki il müddətinə Nyu-York şirkətlərində yüksək vəzifə tutmaq qadağan edilib. Onların hər biri 4 milyon dollar cərimələnib.

Bu məhkəmə qərarı Donald Trampın prezidentliyə namizəd olmasına maneə olmasa da, fırıldaqçılıq ittihamı ilə məhkum olunduqdan sonra Trampın qalib gəlmək şansları kəskin azalır. Çünki bitərəf seçicilərin 82 faizi məhkum olunacağı halda Trampa səs verməyəcəklərini bəyan ediblər. Məhkəmə qərarı Trampın maliyyə vəziyyətini də kəskin pisləşdirəcək. Bir neçə milyard sərvəti olduğunu iddia edən Donald Trampın bu cəriməni ödəməkdə çətinliklə üzləşəcəyi və iflas edəcəyi də  gündəmdədir. Üstəlik, bu, Trampın maliyyə cəzasına məhkum edildiyi son məhkəmə davası da deyil. Qarşıda Trampı daha ağır məhkəmə prosesləri gözləyir. Bütün bunlar belə qənaət yaradır ki, Trampın prezidentliyə namizəd olmaq imkanı azalmaqla yanaşı, namizəd olsa belə, qalib gəlməyəcəyi qətiləşir. Bu isə Trampın hakimiyyətə gəlişinə ümid edənlər üçün çox pis prespektivdir. 

Rusiyada Aleksey Navalnının həbsxanada ölümü, ABŞ-da isə prezidentliyə iddialı Donald Trampın məhkəmə davalarını ard-arda uduzması dünyanın yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək hadisələrdir.

 

 

 





22.02.2024    çap et  çap et