Necə də gözəl deyib ustad Şəhriyar:
"Türkün dilitək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan bu əsil dil, əsil olmaz"
Öz dilində televiziyaya baxmaq, kitab oxumaq, dərs öyrənmək... Bunlar necə böyük şeylər bilirsiniz? Bəlkə bizim üçün adiləşsə belə Güneydəki soydaşlarımız bunun üçün əməlli-başlı mübarizə aparırlar. Bizim hər gün etdiyimiz şeylər üçün, hətta belə deyim bizə ən adi gələn şeylər üçün mübarizə aparanlar var.
Bəs biz neynirik?
Hansısa göydələn binada sağımız azərbaycanlı, solumuz azərbaycanlı otururuq, başlayırıq yarı inglis, yarı rus, yarı da Azərbaycan dilində danışmağa. Axı "koneşno" deyəndə əlinizə nə keçir? Bunu "əlbəttə" sözüylə əvəz etsəniz nə olar?
Keçənlərdə bir elektronika mağazasında şahid olduğum səhnəni sizinlə bölüşmək istəyirəm.
Yaşlı bir rus qadın rusca satıcını danlayırdı ki, necə belə bir şey ola bilər, necə ola bilər ki, sən rus dilini bilmirsən?...
Açığı uşağın üzünün qızarması, nəsə səhv bir iş tutubmuş kimi donub qalması beynimdə bir sual yaratdı:
"Tanrım, hələ nə qədər yol getməliyik ki, özümüzün olan, bizim olanlara sahib çıxa bilək?"
Görürsünüz, adamlar illər əvvəl SSRİ işğalından azad etdiyimiz gözəlim ölkəmizdə hələ də öz kiçik çaplı işğal planlarını yürüdürlər... Bizi inandırmağa çalışırlar ki, biz onların dilini mütləq bilməliyik. Bizi inandırmağa çalışırlar ki, türk dili çoban dilidir...
Və buna inanan plaza adamlarımız özünə ayıb bildiyi türkcədə nə özləri, nə də uşaqları danışmasın deyə "ana-ata" deməyi bacarmayan uşaqları aparırlar xarici dilli bağçalara, məktəblərə, hazırlıqlara yazdırırlar. Axı biz rusdan yaxşı rusca, ingilisdən yaxşı ingiliscə danışmağa borcluyuq...
Siz nədən utandığınızın fərqində deyilsinizsə bir neçə faktı diqqətinizə çatdırıb 21 fevral Beynəlxalq Ana dili gününüzə təbrik edərək yazımı yekunlaşdırım.
Ustad Şəhriyar gözəl deyib:
"Fars şairi çox sözləri bizlərdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz".
Malik ATİLAY