525.Az

Ustad yadigarları: görüşlər, söhbətlər, xatirələr


 

GÖRKƏMLİ XANƏNDƏ, UNUDULMAZ ŞƏXSİYYƏT ƏLİBABA MƏMMƏDOVUN RUHUNA DƏRİN EHTİRAMLA

Ustad yadigarları: <b style="color:red"> görüşlər, söhbətlər, xatirələr</b>

(Əvvəli ötən sayımızda)

 

Əlibaba Məmmədov istedadı, zəhmətsevərliyi, yaradıcılıq potensialının zənginliyi sayəsində, xanəndəlikdən əlavə, bir çox sevimli mahnı və təsniflərin müəllifi oldu. Mahnı yazmağının bir səbəbini də belə ifadə edirdi: "Günlərin birində Quludan (xanəndə Qulu Əsgərov - Ə.Q.) bəstələdiyi "Bəyənmir məni" mahnısını istədim. Vermədi. Dedi ki, hələ hazır deyil. Onun mənə qarşı olan hərəkəti müqabilində özümə söz verdim ki, mahnı bəstələyim. Bu işdə vaxtilə göyərti satıb aldığım, çalmağı özüm öyrəndiyim tar mənə kömək oldu. Tarda özümü müşayiət edib mahnılar bəstələməyə başladım. Çox keçmədi ki, xalq mahnısı adı altında öz bəstələrimi ifa etdim. Onda senzura vardı. Bəstəkarlıq təhsilimiz olmadığından adımızı çəkməyə qoymurdular".

Əlibaba müəllim məşhur "Dəşti" muğamının ifasını necə ərsəyə gətirdiyini belə xatırlayırdı:

"Radioda İran musiqisinə qulaq asırdım. Diktor növbəti musiqini - "Dəşti"ni elan etdi. Musiqi məni məndən eləmişdi. Əmim Güləhməd deyərdi ki, Seyid Şuşinskinin toy-düyünlərdə "Dəşti"ni oxumasını dinləmişəm. Artıq Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə daxil olmuşdum, Seyid Şuşinskidən - Ağadan dərs alırdım. Ertəsi gün dərsə gələndə girəvəyə salıb ustaddan xahiş etdim ki, mənə "Dəşti" muğamını öyrətsin. Bu muğam tədris proqramında olmadığından əvvəlcə boyun qaçırdıb, nəm-nüm elədi, "bu hardan ağlına gəlib?" - deyə soruşdu. Cavab verdim ki, dostunuz Güləhməd əmi "Dəşti"ni sizdən eşidib və üstəlik, dünən radioda dinləmişəm. "Yaxşı eləyib eşitmisən. Bu muğamı bizdə oxuyan yoxdur. Farslarda əsas muğam sayıldığından çox gözəl ifa edirlər. Sənlik deyil" - deyən, ustadımdan xahiş elədim ki, çox yox, bircə dəfə onu mənə oxusun. Əl çəkmədiyimi görüb, üzünü müşayiətçi tarzənə tutaraq dedi: "Kamil (Əməkdar mədəniyyət işçisi, tazən Kamil Əhmədov. O, 20 ildən çox tarzən-müşayiətçi kimi A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində Seyid Şuşinski ilə birgə çalışıb - Ə.Q.), o pərdəni tut görüm..."

Uçmağa qanad axtarırdım. Ağa mənə "Dəşti" oxuyurdu. Sizi inandırıram, dərsdən çıxıb evə gələnə qədər yolboyu gah zümzümə edir, gah da fitlə muğamı çalırdım ki, yaddaşımda qalsın. Evə çatan kimi maqnitofonu işə salıb, "Dəşti"ni lentə aldım. Sonradan aylarla onun üzərində işlədim. Muğama "Zəminxarə", "Şah Xətai" və "Bidad" şöbələrini əlavə edib, onu dəstgah şəklinə saldım. Seyid Əzimin "Qəmindən qönçətək dil qanə döndü" mətləli qəzəlini təsnif kimi, iki qəzəlini isə muğam yerində oxudum. Muğamın kadensiyasında oxuduğum təsnif də özümündür. Sonralar bir çox xanəndələrimiz də bu muğamdan bəhrələndilər. Ustadım Ağanın ruhu şad olsun. "Dəşti"ni ona ithaf etmişəm".

Ustad kimdən, nədən danışıb söhbət açırdısa, onun danışdıqlarını, xatirələrini keçdiyi fənn kimi qəbul edərdik. Cəsarətlə deyə bilərəm ki, xalq musiqisini, muğam və qəzəlliyyatı həmyaşıdları və sonra yetişən xanəndələr arasında onun qədər doğru-düzgün bilən çox az sənətkar var. O, əsl muğam ensiklopediyası idi.

Əlibaba müəllim XIX əsrdə yaşamış Səttar, Hacı Hüsüdən yeri gəldikcə söhbət açar, onların muğam məktəblərini, yaratdıqlarını dilə gətirərdi. XX əsrin əvvəllərində də fəaliyyət göstərmiş Cabbar Qaryağdıoğludan, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Məşədi Cəmil Əmirov, Seyid Şuşinskidən dərs vaxtı söz salar, onların oxu tərzlərindən nümunələr səsləndirərdi. Kimin hansı dəstgahı yüksək ustalıqla oxumasını deyərdi. Hətta onlardan sitat gətirib oxuduqları muğamların şöbələrini eynilə onlar kimi, ancaq pəs səslə biz tələbələrə ifa edərdi. Xan əmidən (Xana sənətdaşları yüksək hörmət və sayğı mənasında "Əmi" deyə müraciət edərdilər. Xandan sonra bu titulu Əlibaba Məmmədov qazanmışdı - Ə.Q.) söhbət düşəndə: "Onun "Şahnaz"ı başqa bir aləmdir", - deyərdi. Yaxud "Xan əmi kimi "Mirzə Hüseyn segahı"na birnəfəsə ayaq verən ikinci xanəndəyə hələ rast gəlməmişəm", - deyimi də Əlibaba müəllimə məxsusdur.

Dərsdə musiqi ilə yanaşı, bir çox başqa mətləblərdən də söhbət açardı. Belə anlarda o, xanəndə kimi deyil, siyasətçi təsiri bağışlayardı. Söhbət əsnasında ona dedim ki, siz bir çox siyasətçilərdən siyasəti daha yaxşı bilirsiniz. Gülüb dedi: "Keçmiş əyyamlarda padşahlar sarayda nədim saxlayardılar. Onlardan nücum, fəlsəfə, fiqh, poeziya və digər sahələri bilmək, o cümlədən, hazırcavablıq, yumor tələb olunurdu. Bəzən ovqatları təlx olan, əhvalı pozulan şahı onlar ələ alıb, güldürməli, necə deyərlər, qəm dəryasından uzaqlaşdırıb, sarayda əhvalı yüksəltməliydilər. Bu, nədimdən həm də böyük cəsarət tələb edərdi. Kiçik bir səhvə görə başını itirmək qorxusu vardı. Xanəndə də belədir. İfaçının işi təkcə oxumaqla bitmir. O, ədəb-ərkanlı davranmalı, peşəsini dərindən bilməli, məclislərdə, konsertlərdə ab-havanı tutmalı, artıq-əskik hərəkətlərə yol verməməli, hərtərəfli sənətkar olmalıdır. Dediyim psixoloq sözü sizi çaşdırmasın. Baxın, toyxanalarda, dövlət tədbirlərində müxtəlif xasiyyətli adamlara tuş olursan. Əsasən toy-düyünlərdə bəs qədər içib üstünə gələn sərxoşu ram etməkdən ötrü onun dilini bilməli və onunla özü kimi rəftar etməlisən. Yoxsa bu yerdə ona "Tarixi-Nadir"dən söhbət açıb başına ağıl qoysan, mütləq dava-mərəkə qopmalıdı. Təkcə Abşeron kəndləri deyil, rayonlarımızın əksəriyyətində toy məclisləri aparmışam. Bakı və ətraf kəndlərdə ola bilər ki, verilən sifarişi oxuya bilməyəsən. Onda deyəcəklər ki, bildiyindən oxu. Ya da ifan xoşlarına gəlməsə, üzünə vurmazlar. Sadəcə, o kəndin toylarına qapın bağlanacaqdı. Rayonlarda isə tamam tərsinədir. Gəlib, qabağına beş manat qoyub deyirlər ki, "Ana ürəyi" oxu. Deyəndə ki, ay oğul, mənə elə bir adam göstər ki, sevdiyi qıza görə anasının sinəsini yarıb, ürəyini çıxartsın. Bunu vaxtı ilə ermənilər bizə sırıyıblar. Məkrli siyasətləri bu olub ki, vəhşi, qaniçən xalq kimi bizi dünyaya tanıtdırsınlar. Etirazını bildirib, mən belə məzmunlu uydurmaları oxumuram deyəndə "daha bura nə işə gəlmisən" deyib, qanlı-qanlı üzünə baxacaqlar. Ağsaqqaları işə qarışmasa, adamı vurub şil-küt edərlər".

Kənardan baxanlar bəzən bizə bəxtəvərin bəxtəvəri deyirlər. Heç kimin ağlına gəlmir ki, çörək qazanmaqdan ötrü ağlagəlməz olaylarla rastlaşırıq, bəzən ölümlə əlbəyaxa oluruq.

Nəhayət, xatirələr aləmindən uzaqlaşan ustad:

- Məmmədbağır icazəlidi, toyu var (biz axşam şöbəsində təhsil alırdıq - Ə.Q.) - dedi. - Ona görə, Sidqi müəllim, əvvəlcə Əkrəm "Rast" oxusun.

 Güman edirəm ki, bu dərsdə onu təhvil verəcək. O, "Rast" dəstgahını, dediyi kimi, bura qəbul olmamışdan Bakir Haşımovun dərnəyində öyrənib. Bakir də yaxşı oxuyandı. Zilxandı. Təəssüf ki, hələ ona fəxri ad verməyiblər. Bu kişi opera səhnəsində neçə-neçə obrazlara imza atıb. Xan əmidən sonra özünəməxsus bir "Şahnaz" oxuyub...

Əlibaba müəllim dalğın görünsə də, bilirdim ki, oxuduğum "Rast"a diqqətlə qulaq asır. Arada barmaqlarını masaya döyəcləyirdi. Sanki ritm tuturdu. Dəstgahın "Pəncgah" şöbəsini oxuyub, növbəti şöbəyə -"Rak"a keçdim. Bir-iki ağız oxumuşdum ki, ifamı saxladı.

- Əkrəm, maşallah, səsin rezin kimidir. Hara dartırsan, gedir. Bu səs məndə olsaydı, göydə uçan quşu saxlayardım (bunu Əlibaba müəllim sonralar haqqımda yazdığı xatirəsində də qeyd edəcəkdi - Ə.Q.) Amma oxumağında lənglik var. Ustadım Ağa da ləng oxuyan idi. Amma onun qabağında hər oxuyan cürət edib ağzını açmazdı. Muğamın da özünəxas ritmi var. Yəqin ki, fikir verirdin, barmağımı arada masaya vururdum. "Pəncgah"a qədər əla oxudun. Əhsən! "Rak"da ritmi tuta bilmədin. Bax, oxuduğumu təkrar elə...

Əlibaba müəllimin pəsdən oxuduğunu zildə təkrar elədim.

- Sağ ol! Bu başqa məsələ. İndi də keç kadensiyaya, oxumağını bitir...

Düz beş il ustadı dinləyib ondan dərs aldıq. Qətiyyətlə deyə bilərəm ki, Əlibaba Məmmədov təkcə xanəndə deyildi. Avtobioqrafiyasında oxuyuruq: "Musiqişünas alim, professor, görkəmli mədəniyyət xadimi, ictimai xadim, "Şöhrət","Şərəf" və "İstiqlal" ordenli..." Bunlar onun aldığı mükafatların tam siyahısı deyil. Yazılanların siyahısına bunları da əlavə etməyi özümə borc bilirəm: əruzun, poeziyanın sərrafı, həm də şair!

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı nəticəsində, Azərbaycanın xanəndəlik mədəniyyətinin inciləri sayılan Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Malıbəyli Həmid, Şirin Axundov, Mirseyid Mirbabayev və başqalarının ötən əsrin əvvəllərində Polşada, Riqa və Kiyevdə vala yazılmış ifaları texniki səbəbli xışıltıdan təmizləyib disklərə köçürüldü. Bu, xanəndəlik sənətinə, klassiklərə verilən ən böyük töhfə və qiymət idi. 2015-ci ildə Heydər Əliyev Fondu ustad Əlibaba Məmmədovun 85 illik yubileyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr edilən nəfis musiqi albomu nəşr etdirdi. Bu da Ə.Məmmədova dövlətimizin verdiyi dəyərin daha bir bariz nümunəsi oldu.

(Ardı var)

 

 





21.02.2024    çap et  çap et