|
|
|
|
Son günlər ümumtəhsil məktəblərində və ondan kənarda şagirdlərin iştirakı ilə baş verən bir sıra neqativ hallar həm mediada, həm də sosial şəbəkələrdə geniş müzakirə olunur. Xüsusilə, sosial şəbəkələrdəki paylaşımları, müzakirələri izləyəndə onların böyük əksəriyyətinin zərərli olduğu aydın görünür. Yəni neqativ halların təkrarlanmaması üçün ağıllı fikirlərə, çağırışlara daha az rast gəlinir.
Bu günlərdə sosial şəbəkələrdə Bakıda yeniyetmə qıza qarşı məktəbli tərəfindən törədilmiş zorakı hərəkətləri əks etdirən görüntülərin yayılması ilə bir sıra ciddi problemlər qabarıq özünü göstərdi. Burada yeniyetmələrin aqressiv davranışı, zorakı hərəkətləri əlbəttə ki, ciddi narahatlıq doğurdu. Hazırda məsələ araşdırılır.
Məktəblilər arasında baş verən bu və digər hadisələrə görə bütün məsuliyyətin məktəblərin üzərinə qoyulması əlbəttə ki, çıxış yolu deyil. Bununla da ailə uşağın hərəkətlərinə görə sanki məsuliyyətdən tam azad olunur. Əslində məktəbin vəzifəsi təhsil verməkdir, məktəb islah müəssisəsi deyil. Tərbiyənin təməli ailədə qoyulur. Bununla belə, məktəblər şagirdlərə təhsil verməklə yanaşı, nizam-intizamlı olmağı, özlərini tərbiyəli aparmalarını, bir-birlərinə qarşı hörmət və mədəni davranış göstərmələrini aşılayırlar. Heç kimə sirr deyil ki, indiki dövrün uşaqları ilə bacarmaq da çətindir. Bunun səbəblərindən biri də uşaqların sosial şəbəkələrin təsiri altında olmaları, mobil telefonlara, internetə ifrat aludəçilikləridir. Bu ailələrdə valideyn-övlad münasibətlərinə ciddi zərər vurur. Məsələnin başqa tərəfi də budur ki, müəllim uşağın üstünə azca səsini qaldıran kimi onu ittiham edirlər, sosial şəbəkələrdə təhqiramiz ifadələr yazırlar, bəzən müəllimlərə töhmət verirlər və sair...
Qeyd edilən problemin həlli üçün sosial media maarifçiliyi mühüm əhəmiyyət kəsb edir. Uşaqlara, yeniyetmə və gənclərə sosial medianın zərərli tərəflərini, bunlardan qorunmaq üsullarını mütləq izah etmək lazımdır. Eyni zamanda nəzərə alsaq ki, digər ölkələrdə, Avropada da analoji problemlər mövcuddur, ona görə xarici təcrübəni araşdırmaq da maraqlı olardı.
Qeyd edək ki, Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində təlim-tərbiyə məsələsinə, burada ailənin və məktəbin roluna geniş toxunub.
Dövlət başçısı deyib ki, elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Prezident vurğulayıb ki, ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu var. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.
Filologiya üzrə elmlər doktoru, dosent, Əbədi Turan Kitab Fondunun sədri Esmira Fuad hesab edir ki, cəmiyyətdə qəddarlığa, zorakılığa meylin, mənəvi aşınmanın artması, bundan irəli gələn neqativ təzahürlər, silsilə sarsıdıcı hadisələr hər birimizi dərindən düşündürməlidir. O, feysbuk hesabında yazıb ki, bu, təhsildə, tərbiyədə, maarifləndirmədə, ideoloji təbliğatın təşkilində buraxdığımız boşluqları üzə çıxarır, cəmiyyətin mədəni səviyyəsindəki enişi, öyündüyümüz ailə dəyərlərinin nə dərəcədə ucuzlaşmasını nümayiş etdirir: "Zənnimcə, heç kim yaxasını kənara çəkməməlidir, çünki mövcud problemlər ayrı-ayrı fərdlərin işi olmaqdan çıxıb, bütövlükdə cəmiyyəti narahat edən məsələyə çevrilib. Sözüm ilk növbədə valideynlərədir. Mobil telefonlara, internetə ifrat aludəçilik bu gün ailələrdə valideyn-övlad münasibətlərini zədələyib, ünsiyyəti azaldıb, doğma insanların bir-birinə qarşı etinazlığına, yadlaşmasına, bir-birindən, sözün həqiqi mənasında, xəbərsizliyinə səbəb olub.
Bu gün az qala, hər yerdə hamının gözü mobil telefondadır. Mobil telefon, serial, sosial şəbəkə asılılığından çıxıb, nəzərlərimizi övladlarımıza yönəltmək, onlarla daha yaxından işləmək vaxtıdır. Onları danışdırmaq, dinləmək, problemlərindən daha dərindən agah olmaq, lazım gəldikdə, tədbir görmək vaxtıdır".
Onun sözlərinə görə, sosial media platformalarının bolluğu, onlardan düzgün faydalana bilməmək nəticə etibarilə mənəvi kasadlıq və aşınmaya yol açıb. "Tik-tok" və digər mənəvi dəyərlər baxımından zərərli məlumatlarla yüklü platformalar bir ucdan cəmiyyətimizə yad, əxlaqa zidd anlayışları təlqin edir, aqressivlik, cahillik, mədəniyyətdən, kitabdan uzaqlaşma və mənən yoxsullaşmaya şərait yaradır. Əgər həll yolu "Tik-tok"u qapatmaqdırsa, buna da getməkdən çəkinməməliyik, amma kim zəmanət verir ki, "Tik-tok əhli" özünə yeni platformalar tapmayacaq?! Ona görə də bu gün məhz sosial media maarifçiliyi cəmiyyətin yeni çağırışı olmalıdır".
E.Fuad qeyd edib ki, uşaqlara, yeniyetmə və gənclərə sosial medianın zərərli tərəflərini də göstərmək, bunlardan qorunmaq üsullarını izah etmək zərurətdir: "Uşaq tərbiyə müəssisələrində - bağçalarda, orta məktəblərdə, universitetlərdə də bu təbliğat işi düzgün təşkil olunmalıdırr. Elm və Təhsil Nazirliyinin də bu istiqamətdə konkret proqramlarla çıxış etməsi zəruridir. Media, QHT-lər də bu işdə əl-ələ verməli, eyni mərama yönəldən yolu - "qızıl orta"nı tapmalıdırlar.
Hər birimiz öz əməlimizlə mənəvi yaraları sağaltmağa çalışmalı, cəmiyyətdə qəddarlıq, zorakılıq hallarının artmasına qarşı sipər olmalıyıq. Bunun yolu isə düzgün maariflənmədən keçir. Qorxulu filmlərdəki səhnələrdən də dəhşətli hadisələrlə bağlı xəbərlərin gündəlik həyatımızda adiləşməsi artıq həyəcan siqnalı çalmağa əsas verir.
Bizə xəstə şüurlar, xəstə cəmiyyət lazım deyil. İstiqaməti mənəvi və fiziki sağlamlığa doğru yönəltməyi bacarmasaq, vəziyyət daha da pisləşə bilər. Hanı yüksək səviyyəli yeni cizgi filmlərimiz, yeni yazılmış uşaq musiqilərimiz, yeniyetmələr üçün yeni bədii filmlərimiz, yeni-yeni uşaq ədəbiyyatı örnəkləri?
Yad ideoloji zəhərləmələrdən cəmiyyətimizi xilas etmək, mütərəqqi milli-mənəvi dəyərlərimizi qorumaq və ötürmək missiyası bu gün hər kəsin çiynindədir. Arada vaxt tapıb uşaqların əllərindəki oyuncaqlara nəzər yetirək, lütfən... Biz onları kimlərə oxşatmaq istəyirik? Niyə bizim milli oyuncaq istehsal edən fabriklərimiz yoxdur?
Axı, bizim övladlarımız həm də qəhrəmandır. Şuşanı, Xankəndini, Xocalını, Suqovuşanı, Füzulini, Qubadlını, bütünlükdə Qarabağı azad edən, alnımızdakı ləkəni silən, ana-bacılarının namusunu qoruyan, misilsiz rəşadət, fədakarlıq göstərən, Vətənin üzünü ağ edən əsl cəngavərlərdir. Onların digər potensialını, bacarıqlarını da üzə çıxarmaq, problemlərini həll etmək mənəvi borcumuz, eyni zamanda vəfa borcumuzdur.
Artıq mənəvi səfərbərlik vaxtıdır. Biz övladlarımızı düzgün tərbiyə etməyi, zəruri bacarıqlarla silahlandırmağı, onları cəmiyyətimiz üçün faydalı, bütöv şəxsiyyətlər - əsl İNSAN kimi yetişdirməyi bacarmalıyıq. Bunun yolu intellektə, yüksək milli-mənəvi dəyərlərə, kitaba, mədəniyyətə söykənməkdir. Mədəniyyət zülmətləri yaran işıqdır, mədəniyyət xilasımızdır...
Böyük mütəfəkkir Hüseyn Cavid əfəndi hələ keçən əsrdə cəmiyyətin xilasının yalnız mədəniyyətlə mümkün olacağını yazırdı:
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"