525.Az

O çinar hələ sağdır...


 

O çinar hələ sağdır...<b style="color:red"></b>

Bir neçə gün öncə rastıma bir video çıxdı. Qarabağda çəkilmişdi. Qışın oğlan çağında təbiətin qoynunda yurd eləmiş bir Xan çınarı Vətən həsrətli malıbəylilər öz doğma balaları kimi oxşayıb, sevgi, nəvaziş göstərirdilər. Mənə elə gəldi ki, o boyda çinar bu böyük sevgi qarşısında balacalaşıb-balacalaşıb yumağa dönmüşdü. Bircə himə bənddi ki, ağrısı göyərsin.

Səsini içinə çəkib sakitcə durmuşdu. Böyründəki bulaq sanki onun ürəyini oxuyurmuş kimi səssizliyinə sığınmışdı. Bulağın ürəyi yansa da, öz yanğısını söndürə bilməmişdi ötən illər ərzində. Təşnə həsrətin yanğısını nə söndürə bilərdi ki?

Dözümünə, inadına qibtə elədim. Otuz il çarmıxa çəkilib, otuz il ölümünü gözləyib bu Xan çinar. Üzü qibləyə doğru açılan budaq-budaq, yarpaq-yarpaq əllərini kəsmişdi düşmənlər. Bir zamanlar ildırımın dağladığı bağrının başında ermənilər od qalamışdı. Təkcə kökü dərinlərə işləmiş yaddaşı yerindəydi.

Gövdəsinə söykənən malıbəylilərin qəddi əyilsə də, şah vüqarları sınmamışdı bu Xan çınar kimi. Torpaq sahibinə oxşayar deyiblər. Yaşlansalar da, dərddən qədləri bükülsə də, Vətənə dönmək arzusu inadkar etmişdi onları. Ölümlə ömrü qoşalaşan, ölümə ərk edən kişilər sal qaya kimi dayanmışdılar onun önündə...

Göyçayda da belə bir Xan çınar var. 1918-1920-ci illərdə ermənilərin atdığı top mərmisi onu ikiyə bölmüşdü. Yaralansa da, qanına bələnsə də, acığa ölməmişdi. Bax, bu günlər üçün o da Malıbəylidəki bu Xan çınar kimi dözüb-dözüb durmuşdu.

Qol-budaq atanda, kökümüz dərinə işləyəndə düşmən də, havadarları da həmişə bizi məhv etmək üçün məkrli planlar qurublar. Üç il bundan öncə - Vətən müharibəsi başlayana qədər arzularına çatmışdılar. Elə üç il öncə də səfləri pozulub, pərən-pərən oldular. Bu gün Xankəndidə üçrəngli bayrağımız dalğalanır. Azadlığına qovuşmuş yurdlarımıza bir azdan yaz gələcək. Doğma nəfəsimizlə isinən, şəhid qanı ilə Vətən olan torpaqlarımızda isə Xan çinarlar baş-başa, boy-boya verib sərhədin o üzündəki torpaqlarımızda bitən Xan çinarlara küləklərin dili ilə: "Görüşəcəyik, az qalıb", - deyəcəklər.

 

 





22.02.2024    çap et  çap et